Məhkəmə qərarları › İş №1(009)-330/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-330/2024

25.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-330/2024 25.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1979-cu ildə Ağdərə rayonunun Sırxavənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Ağdam rayonu, Sırxavənd kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən Yaşıllaşdırma idarəsinin yataqxanasında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 25 dekabr 2024-cü il tarixdə saat 11.45-də məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2024-cü ilin aprel ayının əvvəllərində Bərdə “Mal Bazarı” ndan iri buynuzlu mal alaraq Bakı şəhəri, Sabail rayonu, 20-ci sahədə, SOCAR-ın inzibati ərazisində yerləşən tövlədə saxlayıb, 01 kiloqram xalis ətini 12,50 manatdan diri vəziyyətdə satışı işi ilə məşğul olan Zərərçəkmiş şəxs ilə diri vəziyyətdə mal götürüb kəsib satdıqdan sonra hər bir kiloqramına 12,50 manat pulunu ödəyəcəyi barədə razılaşıb, bir neçə dəfə ondan şərtləşdikləri qaydada diri mal alıb kəsib sataraq pulunun bir hissəsini ödəyərək, sonuncunun ona qarşı yaranmış etibarından sui-istifadə edib, 03 baş iribuynuzlu heyvanı ona vercəyi təqdirdə yenidən satıb pulunu qaytaracağına dair yalandan vəd verib inandıraraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə əvvəlki satışdan əldə etdiyi 4392 (dörd min üç yüz doxsan iki) manat dəyərində ətin pulunu, habelə 16 may 2024-cü il tarixdə 3600 (üç min altı yüz) manat dəyərində xalis ətinin çəkisi 288 kq olan bir baş və 17 may 2024-cü il tarixdə 2687,5 manat dəyərində xalis ətinin çəkisi 215 kq və 2475 (iki min dörd yüz yetmiş beş) manat dəyərində xalis ətinin çəkisi 198 kq iki baş malı Bakı şəhəri, Səbail rayonu, 20-ci sahədə, SOCAR-ın ünvansız inzibati ərazisində yerləşən tövlədən alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla satışdan əldə etdiyi hamin pulları şəxsi məsrəflərinə sərf edib, Zərərçəkmiş şəxs ümumilikdə 13154 (on üç min yüz əlli dörd) manat olmaqla xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Nahidlə 2 ay işləmişdir. Mal kəsib rayona göndərirmiş. Həmin vaxtlar ətin qiyməti qalxmış, əvvəllər bir kiloqramı 12,50 manat idisə, sonradan 14 manat olmuşdur. Nahiddən aldığı mallar qara və xarab olmuşdur. Ümumilikdə Nahidə 11000 manat borcu olmuş, dəymiş ziyandan istintaq zamanı 2000 manatını, ümumilikdə 3300 manatı geri qaytarmışdır. Hazırda işsiz və imkanının zəif olduğu, ailəsinə tək baxdığı üçün dəymiş ziyanı ayda 500 manat olmaqla hissələr şəklində ödəyə bilər. Əməlindən səmimi peşman olduğunu nəzərə alaraq barəsində yüngül cəza tətbiq edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Zöhrab da özü kimi ət alqı-satqısı ilə məşğul olmuş, ət alıb həmin əti satırmış. Əvvəlcə Zöhraba etibar etməmiş, lakin tanışı Şəmşir etibarlı adam olduğunu, narahat olmamağını demişdir. Lakin Zöhrab borcu qaytarmamış, görüşərək demişdir ki, başqalarına borcu olduğu üçün pulunu qaytarmayacaq. Satdığı ət xarab vəziyyətdə olmamışdır. Dəymiş ziyan ümumilikdə 13154 manat olmuş, sadəcə 3300 manatını geri qaytarmışdır. Göstərilənləri nəzərə alaraq dəymiş maddi ziyanın ödənilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Şahid2 ifadəsində göstərmişdir ki, həm Zöhrabı, həm Nahidi uzun müddətdir tanıyır. Lakin onlar bir-birilərini əvvəlcədən tanımamışdırlar. Zöhrabla Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində bir yerdə işləmişlər. Zöhrab zəng edərək ucuz mal satan birini tanıyıb-tanımadığını soruşmuş, bir nəfər tanışının olduğunu demişdir. Nahid əvvəl istəməmiş, lazım olmadığını demiş, lakin sonra Bakı şəhəri, Səbail rayonu, 20-ci Sahə adlanan ərazidə Nahidin kafesində 4-5 nəfər görüşmüşlər. Nahidlə Zöhrab qiymətdə, malın aparıb-gətirilməsində razılaşmışlar. Bundan 2 ay sonra saat 4- 5 radələrində Nahid zəng edərək Yasamal rayonu ərazisinə çağırmış, bu zaman Zöhrabın borcu ödəmədiyini demişdir. Bundan başqa özünün də Zöhraba 14700 manat borcu olmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qəssab işləyir. 2024-cü ilin aprel ayının ortalarında malın sahibi olan Nahidin icazəsi və iştirakı ilə tövlədən mal gətirilmiş, həmin malı kəsmiş, çəkisinə baxmış və təhvil vermişdir. Pul haqq-hesabından xəbəri olmamışdır. 31 iyul 2024-cü il tarixli qərarla fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. 03 avqust 2024-cü il tarixli qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi istintaq aparılması üçün icraata qəbul edilmişdir. 09 avqust 2024-cü il tarixli qərarla Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 11 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində tutulma məcburiyyət tədbiri tətbiq edilmişdir. 11 sentyabr 2024-cü il tarixli tutuma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 14:20-dən etibarən şübhəli şəxs qismində tutulmuşdur. 13 sentyabr 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə tövsif edilmişdir. 13 sentyabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. 13 sentyabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək, yəni 31 oktyabr 2024-cü tarixədək “həbs" qətimkan tədbiri seçilməsi üçün Səbail Rayon Məhkəməsinə təqdimat verilməsinə dair Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiq Anar Bağırovun 13 sentyabr 2024-cü il tarixli vəsatəti təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal həbsdən azad edilmişdir. 13 sentyabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 04 iyul 2023-cü il tarixli tapşırıq müqaviləsindən görünür ki, vəkalət alan-X7 vəkalət verən -Təqsirləndirilən şəxs tapşırığına əsasən vəkalət verən - Təqsirləndirilən şəxs ona təqdim etdiyi 5 (beş) baş, 2 (iki) illik erkək dananın (iribuynuzlu heyvanın) kəsilməsini və onun satışının həyata keçirilməsini təmin etməyi öhdəsinə götürür. Vəkalət alan - X7 və Vəkalət verən - Təqsirləndirilən şəxs qarşılıqlı razılığına əsasən bu müqavilə üzrə görülən işə görə vəkalət alan - X7 tərəfindən vəkalət verən Təqsirləndirilən şəxs ödəniləcək umumi məbləğ 14700 (on dörd min yeddi yüz) manat təşkil edir. Vəkalət alan - X7 14700 (on dörd min yeddi yüz) manat məbləğində pulu xx.xx.2023-cü il tarixdən etibarən ayda 300 (üç yüz) manat olmaqla 49 ( qırx doqquz) ay ərzində Vəkalət verən Təqsirləndirilən şəxs ödəməyi öhdəsinə götürür. İş materiallarında olan "xxxx" ASC-nin 02 may 2024-cü il tarixli, № MK/74834/A2 kredit sazişindən görünür ki, Zərərçəkmiş şəxs "xxxx" ASC-dən 50000 (əlli min) manat məbləğində 36 (otuz altı) ay müddətli kredit götürmüşdür. İş materiallarında olan fotoşəkillərdən müəyyən edilir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs nisyə olaraq mallar satmışdır. İş materiallarında olan "xxxx" ASC-nin 02 may 2024-cü il tarixli, № MK/74834/A2 saylı kredit müqaviləsinə əlavə №1 ödəniş cədvəlindən görünür ki, həmin kredit məbləğini ödəmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 21 avqust 2024-cü il tarixli hesab üzrə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il- xx.xx.2024-cü il tarixləri arasında ümumilikdə 5000,81 manat debet dövriyyəsi, 5002 manat kredit dövriyyəsi etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə hadisə nəticəsində Zərərçəkmiş şəxs dəymiş maddi ziyandan 2000 (iki min) manatı ödəmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs iki uşağı var: xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4. İş materiallarına əlavə edilmiş elektron sistemdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs üç uşağı var: xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14 oktyabr 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirməklə dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nisyə olaraq ümumilikdə 13154 (on üç min yüz əlli dörd) manat dəyərində iribuynuzlu heyvan almış, lakin həmin pul məbləğini ödəməyərək xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilməsini, yəni zərərçəkmiş şəxsə 13154 manat yox 11000 manat maddi ziyan vurması iş materiallarında olan sənədlər, zərərçəkmiş şəxsin ifadəsi ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olmamasını, dəymiş ziyanın müəyyən hissəsini ödəməsini, himayəsində üç uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 11 sentyabr 2024-cü il tarixdən 13 sentyabr 2024-cü il tarixədək, yəni 02 (iki) gün müddətində həbsdə olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən Yaşıllaşdırma idarəsinin yataqxanası ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 11 sentyabr 2024-cü il tarixdən 13 sentyabr 2024cü il tarixədək, yəni 02 (iki) gün müddətində həbsdə olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən Yaşıllaşdırma idarəsinin yataqxanası ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 180 (bir yüz səksən) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar