Məhkəmə qərarları › İş №1(009)-335/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-335/2025

27.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-335/2025 27.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas X2 qızının, Müdafiəçi-Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Yevlax royununda anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, işsiz, Yevlax rayonu, Yevlax şəhəri, Şəkitayı küçəsi mənzil 21-də qeydiyyatda olan və ünvan 1 ünvansız ölt-də yaşayan, hazırda barəsində "başqa yerə getməmək haqqına iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Səbail rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,247 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, keçirilmiş əməliyyat axtarış tədbirləri çərçivəsində Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən 30 aprel 2025-ci il tarixdə saat 19:29-da ünvan 2 ünvanında saxlanılaraq, orada həmin gün və həmin saatdan etibarən şübhəli şəxs qismində üzəri yoxlanılan zaman əynindəki qara rəngli cins şalvarının sağ arxa cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,247 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təxminən 2 ildir narkotik vasitə qəbul edir. Hadisə ilə əlaqədar olaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində tanımadığı şəxsdən 10 (on) manata psixotrop maddə metamfetamini almışdır. Daha sonra heroin almaq məqsədi tanımadığı “whatsapp” proqramı vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşına zəng edərək özünə bir ədəd narkotik vasitə lazım olduğunu bildirmişdir. 30 (otuz) manat qarşılığında narkotik vasitəni qeyd olunan ünvandan götürmək qərarına gəlmişdir. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Daha sonra isə aidiyyəti üzrə 9-cu polis bölməsinə gətirilmişdir. Həmçinin Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən "Dağ üstü" parkda iki ədəd tiryək bükümü gizlətdiyini bildirmişdir. Bundan sonra o, müdafiəçisi və polis əməkdaşları ilə birlikdə həmin ünvana getmişdir. Orada gizlətmiş olduğu tiryək bükümlərini qoyduğu yerdən götürüb təqdim etmişdir. Əməlindən peşman olduğunu bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 30 aprel 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs tərəflərindən ünvan 2 ünvanın piyada hərəkət eden zaman saxlanılmış və Təqsirləndirilən şəxs özlərini təqdim edib saxlanılma səbəbi bildirildikdən sonra hüquq və vəzifələri izah olunmuş, həmçinin üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs, əynindəki qara rəngli cins şalvarın sağ arxa cibində 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə hesab olunan heroin (kola) və qabağ sağ cibindən ağ rəngli kağız bükümdə psixotrop maddə hesab olunan metafetmini (daş) çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş bükümlərin çəkisi tərəflərindən eletkron tərəzidə ölçülmüş və həmin büküm 01 ədəd zərfdə qablaşdırılmışdır. Həmin bükümün üzəri Təqsirləndirilən şəxs və onlar tərəfindən imza edilmişdir. Daha sonra tərəflərindən Təqsirləndirilən şəxs 9-cu polis bölməsinin inzibati binasına gətirilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində tanımadığı şəxsdən 10 manata alaraq əyninə geyindiyi qara rəngli cins şalvarının qabağ cibinə qoyaraq üzərimdə saxladığını bildirmişdir. Həmçinin bildirmişdir ki, əynindəki qara rəngli cins şalvarının sağ arxa cibinə qoyduğu şəffaf sellofan bükümdəki narkotik vasitə heroini isə tanımadığı İran İslam Respublikası vətəndaşı tərəfindən qoyulmuş olan ünvan 2 ünvanından götürmüşdür və bunun qarşılığında həmin şəxsə 30 manat köçürmə etmişdir. Həmçinin əlavə olaraq Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən "Dağ üstü" parkda iki ədəd tiryək bükümü gizlətdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, müdafiəçisi və onlarla birlikdə həmin ünvana getmişdirlər. Orada videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs ağacın dibində, daşın altında sarı rəngli selloafan bükülmüş halda gizlətmiş olduğu tiryək bükümlərini qoyduğu yerdən götürüb təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında 30 aprel 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri, şübhəli şəxsin üstünün yoxlanması və götürmənin aparılmasının əks olunduğu videogörüntüdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 19:29-da Səbail RPİ-nin 9-cu PBnin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs tərəflərindən ünvan 2 ünvanında saxlanılır sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ arxa cibində 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə hesab olunan heroini (kola) və qabağ sağ cibindən ağ rəngli kağız bükümdə psixotrop maddə hesab olunan metafetmini (daş) çıxarıb təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş bükümlərin çəkisi polis əməkdaşları tərəfindən eletkron tərəzidə ölçülür və həmin bükümlər 01 ədəd zərfdə qablaşdırılır və sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində tanımadığı şəxsdən 10 manata alaraq əyninə geyindiyi qara rəngli cins şalvarının qabağ cibinə qoyaraq üzərində saxladığını bildirir, həmçinin bildirdi ki, əynindəki qara rəngli cins şalvarının sağ arxa cibinə qoyduğu şəffaf sellofan bükümdəki narkotik vasitə heroini isə tanımadığı İran İslam Respublikası vətəndaşı tərəfindən qoyulmuş olan ünvan 2 ünvandakı divarda quraşdırılmış işiğin arxasından götürmüşdür və bunun qarşılığında həmin şəxsə 30 manat köçürmə etmişdir. Həmin maddələri şəxsi istifadə məqsədi ilə götürdüyünü və üzərində saxladığını bildirir və videogörüntü başa çatır. Məhkəmə iclasında “təqdim olunan əşyaya baxış və götürməni” əks etdirən videogörüntüdən görünür ki, Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı, polis mayoru Ramin Vəkilov tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə təqdim olunmuş zərfə baxış keçirilir. Zərfə açılaraq içinə baxılan zaman oradan 02 ədəd büküm aşkar edilir. Həmin bükümlərdəki maddələrə baxış keçirilən zaman həmin maddələrin narkotik vasitə hesab olunan heroinə və psixotrop maddə hesab olunan metafetminə bənzər kütlələr olması müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələrin “kola” yəni narkotik vasitə heroin və “daş” yəni, psixotrop maddə metafetamin olduğunu bildirib şəxsi istifadəsi məqsədi ilə tanımadığı şəxsdən aldığını və üzərində saxladığını bildirir. Daha sonra həmin büküm yenidən zərfdə qablaşdırılır və zərfin üzəri orada iştirak edən şəxslər tərəfindən imza edilir. Məhkəmə iclasında “təqdim olunan əşyaya baxış və götürməni” əks etdirən videogörüntüdən görünür ki, Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşları və 03 saylı vəkil bürosunun vəkili Zakir Kazımovun iştirakı ilə Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı, polis mayoru Ramin Vəkilov tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə Bakı şəhəri, Səbail rayonunda yerləşən “Dağüstü park” ərazisinə baxış keçirilərkən o, həmin ərazidə daşın altında sarı rəngli sellofana bükülü halda gizlədərək saxladığı 02 ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər kütlələri təqdim edir, həmin kütlələr zərfdə qablaşdırılır və zərfin üzəri orada iştirak edən şəxslər tərəfindən imza edilir. Məhkəmə iclasında tədqiq edilmiş və məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-bioloji ekspertizasının təyin olunması haqqında 30 aprel 2025-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində aparılmış tədqiqat nəticəsində 6/1611 nömrəli 30 aprel 2025-ci il tarixli ekspertiza rəyi verilmişdir. Həmin rəyə əsasən müəyyən olmuşdur ki, tədqiqata təqdim edilmiş üzərində "... (imza) Təqsirləndirilən şəxs...’’sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.069 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 0,247 qram olan qəhvəyi rəngli maddənin kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlələrin geri qaytarılmasına dair 01 may 2025-ci il tarixli aktdan görünür ki, 0.069 qram qəbul olunmuş, 0,030 qram nümunə götürülmüş və 0,039 qram və 0.247 qram qəbul olunmuş, 0,100 qram nümunə götürülmüş və 0,147 qram geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində aparılmış tədqiqat nəticəsində 7/658 nömrəli 01 may 2025-ci il tarixli ekspertiza rəyi verilmişdir. Həmin rəyə əsasən müəyyən olmuşdur ki, tədqiqata təqdim edilmiş üzərində "1 .... Təqsirləndirilən şəxs’’ yazıları və imzalar olan zərfdəki 2 (iki) ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,35 qram və 0,26 qram ümumi çəkisi- 0,61 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat təşkil etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlələrin geri qaytarılmasına dair 01 may 2025-ci il tarixli aktdan görünür ki, 0.61 qram qəbul olunmuş, 0,04 qram nümunə götürülmüş və 0,57 qram geri qaytarılmışdır. Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatına təqdim edilmiş bükümdə təmiz çəkisi 0,147 qram olan heroin, 0,57 qram olan narkotik vasitə tiryək və 0,039 qram olan psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi hesab edilərək, məhkəmə baxışınadək saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilməsi haqqında 24 sentyabr 2025-ci il tarixli qərar nəzərə alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və məhkəməyədək icraat dövründə keçirilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi Ambulator Məcburi- X5 2582 nömrəli, 03 may 2025-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs 13 mart 2025-cü il tarixdən Respublika Narkoloji Mərkəzdə F15x2 diaqnozu ilə dispanser qeydiyyatdadır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan təqsirləndirilən şəxs və şahidlərin ifadələrini, ekspertin rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 30 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2025-ci il tarixdə saat 19:29-də şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, iş vərəq 24) İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 02 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild İ, iş vərəq 71) İş materiallarında olan “həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” 02 may 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə Təqsirləndirilən şəxs saxlanıldığı Səbail RPİ-nin MSY-dən azad olunmuşdur (cild İ, iş vərəq 85-86) İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 02 may 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 87) İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışlardan və hökmlərdən görünür ki, Təqsirləndirilən şəxs: Sabunçu Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (cild İ, iş vərəq 93) Bundan başqa Sabunçu Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 05 sentyabr 2024-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarına əsasən 07 ay 04 gün vaxtından əvvəl şərti azad edilmiş, 09 aprel 2025-ci il tarixdə cəza müddəti tam başa çatmışdır. Hazırda məhkumluğu ödənilməmişdir. (cild İ, iş vərəq 93) İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə olan metamfetaminin ümumi çəkisi 0.069 qram olmasına görə cinayət tərkibi yaranmadığından həmin xüsusat üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan narkotik vasitələrin İ siyahısının 83-cü bəndinə görə heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın narkotik vasitələr üzrə İ siyahısının 83-cü bəndinə görə heroinin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0.15 qram təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0,247 qram olan heroin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin təmiz çəkisi 0,247 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın psixotrop maddələr üzrə İİ siyahısının 118-ci bəndinə görə metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0.15 qram təşkil edir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın narkotik vasitələr üzrə İ siyahısının 182-ci bəndinə görə tiryəkin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0.5 qram təşkil edir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə olan metamfetaminin ümumi çəkisi 0.069 qram olmasına görə cinayət tərkibi yaranmadığından həmin xüsusat üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilmişdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə tiryəki (ümumi təmiz çəkisi 0.61 qram olan) polis əməkdaşlarına təqdim etməsi könüllü təqdim etmə kimi qiymətləndirilmiş və həmin hissədə təqsirləndirilən şəxsə ittiham verilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin Qeydinin 1-ci hissəsinə əsasən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqında etiraf edici ifadələri, şahid ifadələri, ekspert rəyləri, iş materiallarına əlavə edilmiş videogörüntü və işin digər halları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, şəxsin törətdiyi əməldən səmimi peşman olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yəni, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşıması cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Sabunçu Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa Sabunçu Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 05 sentyabr 2024-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarına əsasən 07 ay 04 gün vaxtından əvvəl şərti azad edilmişdir və 09 aprel 2025-ci il tarixdə cəza müddəti tam başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən 30 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş hazırki cinayət əməlini törətmiş və bununla da onun əməlində cinayətlərin residivi müəyyən olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində- onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Beləliklə, məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 sentyabr 2010 cu il tarixli Plenum qərarında göstərilmişdir ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2013cü il tarixli Plenum qərarında göstərilmişdir ki, təqsirli şəxs tərəfindən cinayət məsuliyyətinə səbəb olan ardıcıl əməllərin törədilməsi və ya əvvəllər törədilmiş hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məhdudiyyət müddəti ərzində yeni cinayətlərin törədilməsi cinayətlərin çoxluğunu (cinayətlərin təkrar törədilməsi, cinayətlərin məcmusu, cinayətlərin residivi) yaradır. Cinayətlərin çoxluğu cinayət məsuliyyətini ağırlaşdıran hal kimi səciyyələndirilir. Cinayətin şəxs tərəfindən ardıcıl olaraq törədilməsi ona cinayət törətmə təcrübəsi əldə etməyə imkan verir, onun sonrakı cinayət fəaliyyətini daha təhlükəli edir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə törədilən cinayətin xarakterini, törədilmə halları və şəraitini həmçinin Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan daha yüngül cəzanın təyin edilməsini cəzanın məqsədi baxımından ədalətli hesab etmir. Ona görə də məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası 234.1-ci maddəsi üzrə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyil və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının müddəti 2 (iki) il müddətinə müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 aprel 2025-ci il tarixdən 02 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, 08 avqust 2025-ci il tarixdən 09 avqust 2025-ci il tarixədək axtarışda olan şəxs kimi tutulduğu 1 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi tarixdən, yəni 27 oktyabr 2025-ci il tarixdən hesablanmalı, hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqına iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə iclasında tədqiq edilmiş və məhkəməyədək icraat dövründə keçirilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi Ambulator Məcburi- X5 2582 nömrəli, 03 may 2025-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs 13 mart 2025-cü il tarixdən Respublika Narkoloji Mərkəzdə F15x2 diaqnozu ilə dispanser qeydiyyatdadır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Müdafiəçi göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 275 (iki yüz yetmiş beş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234. 1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 153 (yüz əlli üç) manatın təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut kimi tanınaraq Səbail RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,147 qram narkotik vasitə olan heroin 0,57 qram narkotik vasitə olan tiryək və 0,039 qram psixotrop maddə olan metamfetamin məhv edilməsini, üç ədəd “CD” diskin iş materiallarında saxlanılmasını, əsaslı hesab edir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 aprel 2025-ci il tarixdən 02 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, 08 avqust 2025-ci il tarixdən 09 avqust 2025-ci il tarixədək axtarışda olan şəxs kimi tutulduğu 1 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 27 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqına iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından dərhal həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun. Səbail RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,147 qram narkotik vasitə olan heroin, 0,57 qram narkotik vasitə olan tiryək və 0,039 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 153 (yüz əlli üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhər 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 25 saata görə 275 (iki yüz yetmiş beş) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sahilə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar