Məhkəmə qərarları › İş №1(009)-34/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-34/2024

29.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-34/2024 29.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Müdafiəçilər Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1990-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, məhkumluqu ödənilməmiş Bakı şəhəri, Nizami rayonu Ş.Mirzəyev küçəsi 71 inzibati binada qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu S.Əsgərova küçəsi nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 05 sentyabr 2022-ci il tarixdə saat 19:00 radələrində ünvan 1 ünvanının qarşısında park vəziyyətində saxlanılmış, əvvəllər tanımadığı şəxs Zərərçəkmiş şəxs2 məxsus dəyəri 1.500 manat təşkil edən 01 ədəd “Yamaha Jianji” markalı mopedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan «Ramin» adlı tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girərək, 19 dekabr 2022-ci il tarixdə saat 04:10 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus “Hyundai SantaFe” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan şüşəsini sındırmaqla, avtomobilin içərisindən Zərərçəkmiş şəxs1 məxsus 12 manat dəyərində avtomobil üçün enerji qurğusunu, 02 manat dəyərində metal qəpik pulları, 0.60 manat dəyərində bir ədəd qələmi, içərisində 20 manat məbləğdə metal qəpik pullar olan 06 manat dəyərində 01 ədəd pul qabını, içərisində 520 manat nağd pul olan 11 manat dəyərində pul qabını, əl çantasının içərisindən 01 manat metal qəpik pulu və 200 manat dəyərində bir ədəd plaşı gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 772.60 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişlər. Bununla da o, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 05 sentyabr 2022-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, «N.Nərimanov» heykəli istiqamətində hərəkətdə olarkən yolun sol tərəfində səkinin üzərində göy rəngli mopedi görmüş, ətrafda heç kəs olmadığından istifadə edərək mopedi sürərək oğurlamışdır. Mopedi Ramin adlı şəxsə 200 manata satmışdır. 19 dekabr 2022-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Nizami küçəsində mopedi satdığı Ramin ilə rastlaşmış, onunla bir qədər söhbət etdikdən sonra pulları olmadığına görə oğurluq etmək qərarına gəmişlər. Bayıl qəsəbəsi 20-ci sahə ərazisində “Hyundai SantaFe” markalı avtomobilin dayandığını görmüşlər, o, Raminə həmin avtomobildən oğurluq etməyi təklif etmiş və Ramin onunla razılaşmışdır. O, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra avtomobilin ön sağ şüşəsini sındırmış və avtomobilin sağ arxa qapısını içəridən açmışdır. O, avtomobildən qara rəngli qadın əl çantasının içərsində qara rəngli pul kisəsi ilə birlikdə götürmüş, Ramin isə bir ədəd uzun, qara rəngli qadın plaşını götürmüşdür. O, götürdüyü pul qabının içərisində 12 manat pul olmuş, 12 manat pulu Ramin ilə aralarında hər birinə 06 manat olaraq bölmüşlər. Əməlindən peşmandır. Ziyanı qismən ödəmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 18 dekabr 2022-ci il tarixdə arvadı ilə birlikdə Bakı şəhərinə nişan mərasiminə gəlmiş, həmin gün saat 23:30 radələrində mərasimdən çıxıb qızının yaşadığı ünvan 3 ünvana getmişlər. O, özünə məxsus “Hyundai SantaFe” markalı **-XN-*** dövlət nömrə nişanlı avtomobilini həmin ünvanın qarşısında saxlamışdır. Ertəsi gün 19 dekabr 2022-ci il tarixdə səhər saat 07:30 radələrində evdən çıxaraq, avtomobilin qapısının açıq olduğunu görüb avtomobilə yaxınlaşarkən, avtombilinin ön sağ şüşəsinin sındırıldığını aşkar etmiş və avtomobilindən oğurluq olmasını güman edib dərhal avtomobilin içərisinə baxmışdır. Həmin vaxtı o, avtomobilindən 12 manat dəyərində avtomobil üçün enerji qurğusunun, təxminən 02 manat dəyərində qəpik pulların, təxminən 60 qəpik dəyərində bir ədəd qələmin, təxminən 06 manat dəyərində içərisində 20 manat məbləğdə qəpik pullar olan pul qabının, təxminən 11 manat dəyərində içərisində 520 manat nağd pul olan pul qabının, əl çantasının içərisindən təxminən 01 manat qəpik pulların və 200 manat dəyərində arvadına məxsus plaşın oğurlandığını aşkar etmiş və DİN-in 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində ona 772 manat 60 qəpik məbləğində maddi ziyan dəymişdir. Ziyan ona qismən ödənilib. Şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayında “Yamaha Jianji” markalı mopedi istifadəsi üçün almış, öz mopedi ilə kuryerlik etmişdir. 05 sentyabr 2022-ci il tarixdə işdən gəlib hər gün etdiyi kimi özünə məxsus «Yamaha Jianji» markalı mopedi ünvan 4 ünvanda yerləşən evin həyətində saxlamış, lakin onu açarla bağlamamışdır. O, 30 dəqiqə sonra çölə çıxıb yenə işə getmək istədikdə, mopedini saxladığı yerdə olmadığını görmüş və DİN-in 102 xidmətinə zəng edərək, baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Hadisə nəticəsində ona 1200 manat ziyan dəymişdir. Şikayətçidir, ziyanı tələb edir. İş materiallarında olan 14 noyabr 2022-ci il tarixli “cinayət işin başlanması və icraata qəbul edilməsi” haqqında qərarından görünür ki, faktla əlaqədar Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 14 noyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 14 noyabr 2022-ci il tarixdə, saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 16 noyabr 2022-ci il tarixli “təqsirlənidirilən şəxs qismində cəlb olunma” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 16 noyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsinin” haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs haqqında “iltizam” qətimkan tədbiri seçilmiş və o, dərhal saxlanıldığı Bakı şəhəri, Səbail rayon Polis İdarəsinin MSY-dən azad edilsin edilmişdir. İş materiallarında olan 25 noyabr 2022-ci il tarixli “götürmə və baxış aparılması” haqqında protokolundan görünür ki, “DVD” diskə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs göy rəngli mopedlə hərəkət etməsi müəyyən edilmiş, baxışda iştirak etmiş Təqsirləndirilən şəxs videogörüntüdə olan şəxsin onun özü olduğunu bildirmişdir. İş materiallarında olan 15 dekabr 2022-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanınma” haqqında qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 19 dekabr 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokolundan görünür ki, hadisə yerinə baxış istintaq hərəkəti keçirilmiş və hadisə yerinin Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, E.Əzizov küçəsi, ev 16 P olması müəyyən edilmişdir. Hadisə yerinə baxış zamanı hadisə yerinin foto şəkilləri çəkilmişdir. İş materiallarında olan 06 yanvar 2023-cü il tarixli “cinayət işin başlanması və icraata qəbul edilməsi” haqqında qərarından görünür ki, faktla əlaqədar Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 06 yanvar 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 06 yanvar 2023-cü il tarixdə, saat 15:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 07 yanvar 2023-cü il tarixli “təqsirlənidirilən şəxs qismində cəlb olunma” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 10 yanvar 2023-cü il tarixli “cinayət işin icraata qəbul edilməsi” haqqında qərarından görünür ki, faktla əlaqədar ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. İş materiallarında olan 10 yanvar 2023-cü il tarixli “cinayət işlərinin bir icraatda birləşdirilməsi” haqqında qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraatında olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilsin və ********* nömrəsi altında istintaqı davam etdirilmişdir. İş materiallarında olan 09 yanvar 2023-cü il tarixli 9/8756 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, 01 ədəd “Jianji” markalı mopedin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin sentyabr ayına orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1200 manat müəyyən olunur. İş materiallarında olan 11 mart 2023-cü il tarixli “cinayət işinin tövsif edilməsi” haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.2-ci maddələrinə tövsif edilmiş və cinayət işinin istintaqı həmin maddələr ilə aparılmışdır. İş materiallarında olan 11 mart 2023-cü il tarixli “təqsirlənidirilən şəxsə yenidən ittiham elan edilməsi” haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan 11 mart 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmişdir. İş materiallarında olan 11 mart 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin qüvvədə saxlanılması” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində secilmiş “polis nəzarəti altına vermə” gətimkan tədbiri qüvvədə saxlanılmışdır. İş materiallarında olan 18 avqust 2023-cü il tarixli “cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi” haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmiş və icraata qəbul edilmişdir. İş materiallarında olan 19 avqust 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmişdir. İş materiallarında olan 19 avqust 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin qüvvədə saxlanılması” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 07 yanvar 2023-cü il tarixdə secilmiş “polis nəzarəti altına vermə” gətimkan tədbiri qüvvədə saxlanılmışdır. İş materiallarında olan 20 avqust 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi və cinayət işinin materiallardan ayrı icraata cinayət işinin ayrılması” haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs2 məxsus mopedi oğurladığını videogörüntüsünü əks etdirən 01 (bir) ədəd CD disk cinayət işi üzrə maddi sübut qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 19 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlığın məhrum edilməsi cəzasına məhkum edilmişdir. 07 iyun 2021-ci il tarixdə 20 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad olunmuş, 27 iyun 2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan 20 avqust 2023-cü il tarixli “cinayət işinin materiallardan ayrı icraata cinayət işinin ayrılması” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs birlikdə oğurluq hadisəsi törətdiyi “Ramin” adlı şəxsin müəyyən edilməsi, istintaqa cəlb olunması və əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi üçün həmin şəxsin barəsində hazırkı cinayət işindən Azərbaycan Respublikası CM-nin 177.2.1- ci maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. İş materiallarında olan 07 yanvar 2023-cü il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsinin” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Səbail rayon Polis İdarəsinin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” gətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “mülki iddiaçı qismində tanınma” qərarından görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə mülki iddiaçı qismində tanınması, Təqsirləndirilən şəxs vurulmuş, ödənilməmiş 942.60 (doqquz yüz qırx iki manat altmış qəpik) manat məbləğində maddi ziyan və 30 (otuz) manat dövlət rüsumun tutularaq ona ödənilməsi tələbinə dair mülki iddia ilə məhkəməyə müraciət etmiş, mülki iddia icraata qəbul edilərək Zərərçəkmiş şəxs1 mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs cavabdeh qismində tanınmışdır. İş materiallarında olan 12 yanvar 2024-cü il tarixli Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli, 060138№-li etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə 200 manat məbləğində ziyan ödənilmiş və 742.60 manat ödənilməmiş ziyan qalmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxslərin ifadələri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını və ziyanı qismən ödənilməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda, iş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07 iyun 2021-ci il tarixli qərarına əsasən çəkilməmiş cəzasının 20 gün hissəsindən vaxtından əvvəl azad edilmiş, 27 iyun 2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda 05 sentyabr 2022-ci il tarixdə yenidən cinayət törətdiyindən cinayətin residivi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkumluğun anlayışı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən aşağıdakı kimi verilmişdir: cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Məcəllənin 83.3.3-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyin etmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Həmin qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını,habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs 14 noyabr 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək, 06 yanvar 2023-cü il tarixdən 07 yanvar 2023-cü il tarixədək, 09 mart 2023-cü il tarixdən 11 mart 2023-cü il tarixədək, 18 avqust 2023-cü il tarixdən 19 avqust 2023-cü il tarixədək tutulduğu cəmi 06 (altı) gün müddət ona təyin olunacaq azadlığdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli 29 mart 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın həcmi məsələsinə hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsinə görə bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ziyan vurulduqda əmlakına vurulmuş ziyana görə hüquqi şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş, ödənilməmiş 572.60 (beş yüz yetmiş iki manat altmış qəpik) manat məbləğində maddi ziyan və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 602.60 (altı yüz iki manat altmış qəpik) manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 50 (əlli manat) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq dövründə 14 noyabr 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək, 06 yanvar 2023-cü il tarixdən 07 yanvar 2023-cü il tarixədək, 09 mart 2023-cü il tarixdən 11 mart 2023-cü il tarixədək, 18 avqust 2023-cü il tarixdən 19 avqust 2023-cü il tarixədək tutulduğu cəmi 06 (altı) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 24 (iyirmi dörd) gün müddətinə azadlığdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli 29 mart 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taboruna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı ziyanın ödənilməsinə dair mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş, ödənilməmiş 572.60 (beş yüz yetmiş iki manat altmış qəpik) manat məbləğində maddi ziyan və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 602.60 (altı yüz iki manat altmış qəpik) manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci –50 (əlli manat) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 474 (dörd yüz yetmiş dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20(iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar