Məhkəmə qərarları › İş №1(009)-343/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-343/2025

23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-343/2025 23.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: X7 tərəfindən verilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. X7 şikayətini əsaslandıraraq qeyd etmişdir ki, 03 iyun 1954-cü il tarixdə anadan olmuş X6 ”Youtube” sosial şəbəkəsində “bunu bizim kənddə vaxtilə həbs olunmuş cinayətlərə görə həbs olunmuş Kəramət adda bir adam var. buda 3-4 aydı kiminsə sifarişilə sosial şəbəkələrdə məndə ata qoyur, ana qoyur, arvad qoyur, uşaq qoyur, bacı qoyur, nəsil qoyur təsəvvür elə ki, kişi öz düşməninə o sözləri utanar istifadə eləməyə, erməniyə qarşı o sözləri deməz, sosial şəbəkədə məni o cürə söyür təhqir edir. Bu adamda kimdi bir vaxtlar hökümətdəki müəyyən adamlar bunu qızışdırmışdı 30 nəfər xuliqanla, özü kimi adamla yığılıb gəlmişdi bizim partiyaya mənə guya fiziki cəhətdən nəsə eləsinlər. Həmin gün mən təsadüfən iqamətgada olmamışam, bizim partiyanın qabağında mənim müavinlərimi döymüşdülər. partiyanın şüşələrini sındırmışdılar" həqiqətə uyğun olmayan yalan və böhtan xarakterli fikirlər səsləndirmişdir. Sərdar Məmmədovun "Youtube" sosial şəbəkəsindəki çıxışına 42.000 nəfərdən artıq adam baxmışdır. Sərdar Məmmədov 22 yanvar 2024-cü il tarixdə "Youtube" sosial şəbəkəsində yalan olduğunu bilə-bilə guya onun barəsində bu cür sözlər deməsi ictimaiyyətdə yanlış fikirlərin formalaşmasına səbəb olmuşdur. Belə ki, Sərdar Məmmədov yalan olduğunu bilə-bilə onun barəsində dedikləri ona qarşı təhqir və böhtan sayıldığını, yalan məlumatları kənar şəxslərin görə, eşidə və ya qavraya biləcəyi formada, qəsdən və qərəzli şəkildə demiş. onun, habelə ailəsinin şərəf va ləyaqətini qəsdən nalayiq formada alçaltdığını ve qəsdən böhtan atdığını bildirmişdir. X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 şikayətinin məzmununa uyğun çıxış edərək xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata götürülməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin müdafiəçisi X5 şikayətin əsassız olduğunu, X6 tərəfindən sosial şəbəkədə səsləndirilən fikirlərdə hər hansı böhtan və təhqir əlamətlərinin olmadığını, heç bir sübutla təsdiq edilə bilmədiyini, şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 məhkəmə hazırlıq iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat daxil olmamışdır. Məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.3-cü maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə baxılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün) və yer, şikayəti vermiş şəxsin imzası göstərilir. Lakin hazırki şikayətdə qanunvericiliyin yuxarıda göstərilən tələblərinə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən riayət olunmamışdır. Belə ki, xüsusi ittiham qaydasında şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilməmişdir. Bundan əlavə X2 Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayətdə sübutların mövcudluğunun yoxlanılması üçün şikayətə sübut kimi əlavə edilmiş videogörüntüyə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilən zaman X6 tərəfindən səsləndirilən fikirlərdə “bunu bizim kənddə vaxtilə həbs olunmuş cinayətlərə görə həbs olunmuş Kəramət adda bir adam var. buda 3-4 aydı kiminsə sifarişilə sosial şəbəkələrdə məndə ata qoyur, ana qoyur, arvad qoyur, uşaq qoyur, bacı qoyur, nəsil qoyur təsəvvür elə ki, kişi öz düşməninə o sözləri utanar istifadə eləməyə, erməniyə qarşı o sözləri deməz, sosial şəbəkədə məni o cürə söyür təhqir edir. Bu adamda kimdi bir vaxtlar hökümətdəki müəyyən adamlar bunu qızışdırmışdı 30 nəfər xuliqanla, özü kimi adamla yığılıb gəlmişdi bizim partiyaya mənə guya fiziki cəhətdən nəsə eləsinlər” fikirləri səsləndirilsə də orada konkret olaraq hansı şəxsdən bəhs edildiyini müəyyən etmək mümkün olmamışdır. Belə ki, xüsusi ittihamçının özü də məhkəmə iclasında etiraf etmişdir ki, X6 tərəfindən həmin fikirlər səsləndirilərkən yalnız Kəramət adı qeyd edilmiş, şəxsin soyadı və ata adı barədə heç nə deyilməmişdir. Məhkəmə hesab edir ki, X6 tərəfindən səsləndirilmiş fikirlərdə konkret olaraq hansı şəxsdən bəhs edildiyini müəyyən etmək mümkün olmadığından şikayət icraata qəbul edilməməlidir. Belə ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasında sübutların ilkin olaraq mövcudluğunun yoxlanılması və şəxsə bilavasitə aidiyyətinin yoxlanılması əhəmiyyətlidir. İndiki halda xüsusi ittiham qaydasında şikayət vemiş şəxs Azərbaycan Respublikasının CPM-nin 88.4.1-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrini yerinə yetirməyərək şikayət ərizəsinin forma və məzmununda çoxsaylı qüsurlara yol verməklə məhkəməyə müraciət etmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək şikayət vermiş şəxsin vəzifəsidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, şikayət əsassız olduğundan və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənləri və və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.3.3, 300.1.3, 300.5, 302.1.3, 302.2.3-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. X2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 12 saata görə 132 manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Afət Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar