Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-348/2023 07.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi, X5 Azərbaycan Respublikasının CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X8 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X12 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X2 Azərbaycan Respublikasının CM-nin 147 və 148-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə yuxarıda qeyd olunan ünvanda yaşayır. 2012-ci ildən hal-hazıradək ünvan 1 ilə məşğul olur. O, mənzillərin siyahısının əldə olunmasını və satışını saytların vasitəsi ilə həyata keçirir. X1 yerləşdirdiyi ofis telefonlarına zəng vuraraq, onların işçilərilə əlaqə saxlamış, Xırdalan şəhərində "at heykəli"nin yanı kimi tanınan yerdə yeni tikilmiş binadan mənzil almaq istəyini bildirmiş, ofisin əməkdaşları əlaqə üçün onun mobil telefonunu ona vermiş, o da onun mobil telefonuna zəng vurmuş və onlar birinci dəfə telefonda danışıblar. Bundan sonra o, onunla Xırdalan şəhərində İcra Hakimiyyətinin yanında görüşərək mənzili göstərmək üçün sözü gedən binaya getdilər. O, orada 3-cü mərtəbədə bütün mənzillərin kataloqunu ona göstərdi və o, 6-cı mərtəbədə yerləşən 1 otaqlı mənzilin 2 otaqlı mənzilə düzəldilmiş variantını seçdi. O, mənzilə baxıb bəyəndikdən sonra dedi ki, sabah həyat yoldaşınıda gətirib bir də mənzilə baxacağ. Səhərisi günü o, həyat yoldaşı ilə gələrək həmin mənzilə bir daha baxmış, bəyənmiş və demişdir ki, bina nə vaxt hazır olacaq? O da, ona bildirdim ki, qalxaq müdiriyyətin yanına o, sənə bu barədə dəqiq məlumatları versin. Bundan sonra biz müdiriyyətin yanına qalxdıq. Müdiriyyət ona bildirdi ki, təxminən 5-6 aya binanı tikib təhvil verəcəyik. Sonra biz bayıra çıxanda Ruslan dedi ki, dayım Rusiya səfirliyində işləyir, gedib onunla da məsləhətləşib sizə məlumat verəcəm. İki gündən sonra Ruslan ona və digər əməkdaşları Şəhriyara zəng vurub dedi ki, dayım məsləhət gördü və dedi ki, bina yaxşı yerdə tikilib və almaq olar. Müdiriyyət də yaxşı iş adamıdır dedi. Bundan sonra Ruslan bildirdi ki, sabah gəlib müqavilə bağlayaraq, mənzili götürəcək. Səhərisi günü o, ofisə gəldi, Şəhriyar və İlham adlı əməkdaşları ilə birlikdə notariusa getdilər və Ruslanın seçdiyi mənzili ilkin olaraq onun adına rəsmiləşdirmişlər. Daha sonra onlar binanı tikənin yanına getmiş və mənzilin ödənişini də ona ödəmişlər. Ruslan bütün bu prosesləri Şəhriyar və İlham adlı əməkdaşlarımızla birlikdə həyata keçirmişdir. Bundan 5-6 ay sonra Ruslan binada problemlərin olduğunu bilmiş, müdiriyyətin yanına getmiş və müdiriyyət ona bildirmişdir ki, heç bir problem yoxdur, mənzillərdə yerdəyişmə edərək onu yuxarı mərtəbədə digər mənzillə təmin edəcək. Təxminən bu söhbətdən 2-3 ay sonra müdiyyət həbs edilmişdir. Bu hadisədən sonra payçılar arasında müəyyən narahatlıqlar və narazılıqlar başlamış, bina tikəndən bir neçə dəfə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayətlər etmişlər. Həmçinin payçılar ayda bir dəfə Prezident Administrasiyasının yanında piket də keçirirdilər. Onu da qeyd edim ki, mənzilin alqı-satqısı üçün Ruslan ofisə 400 manat məbləğində makler pulu ödəmişdir. Ruslän pulu ödəyən zaman ofisdə Emin, X9 (tel: ***-***-**-**) və o da orada olub. X6 şahid qismində dəvət də edə bilər. Qeyd: X4 mobil telefonunda Ruslanın səs yazıları var. Beləki, o, mobil telefonda "Whatsapp" proqramı vasitəsilə qrup yaradaraq, Rusiya Federasiyasında və digər xarici ölkələrdə yaşayan azərbaycanlılarla təbliğat aparıb, onları Azərbaycan hakimiyyətindən narazı salmağa çalışır və xalqı hakimiyyətin üstünə qaldırmağa səy göstərir. Binada problemlər yarandıqdan sonra mənzili Ruslana biz göstərdiyimiz üçün o bizim yanımıza gəlmiş və narazılıq etməyə başlamışdır. Biz də onu başa salmağa çalışdıq ki, biz də sənin kimi, binada nə problemin olduğunu biz də bilməmişik. Bundan sonra o, bir neçə dəfə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə getmiş, şifahi qaydada müraciətlər etmiş və özü ilə oraya bir neçə şikayətçi də aparmışdır. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində ona bildirmişlər ki, maklerlərin tutulması üçün bizim əlimizdə heç bir əsas yoxdur, biz onları qanunsuz həbs edə bilmərik. Bundan sonra onlar bir neçə vaxt sakitləşdilər. Bu ilin oktyabr ayında Ruslan bir neçə adamı da başına yığaraq, Prezident Administrasiyasının qarşısında kütləvi piket təşkil etmiş və orada mənim şəkilimi göstərərək, mənim ünvanıma "Quldur", "Terrorçu" kimi ağır ifadələr işlədərək, mənə qarşı ağır ittiham irəli sürmüşdür. Piketi xaricdən idarə olunan "Azad Söz" telekanalının əməkdaşları video lentə alaraq, sosial şəbəkələrə yerləşdirmişlər. Hansı ki, "Azad Söz" telekanalı xaricdə oturub hakimiyyəti söyən telekanaldır. Onu da qeyd edir ki, piket təşkil olunan zaman oraya Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşı gəlmiş və şikayətçiləri baş prokurorun qəbuluna aparmışdır. Şikayətçilərin şikayəti əsasında X7 Baş İdarəsində araşdırma aparılmağa başlanmış, biz oraya dəvət edilərək onların izahatı alınmış və araşdırma zamanı onların əməlində heç bir cinayətin tərkibi, digər dəlil sübut aşkar edilməmişdir. Həmin vaxt müstəntiq ona bildirdi iki, mənzilin rəsmiləşdirilməsi üçün notariusa Şəhriyar və İlhamla getmisən, pulu da müdiriyyətə vermisən, Qalibin burada nə günahı var? O, da müstəntiqə bildirdi ki, guya o onların müdiriyəm. Halbuki, mən müdir yox sadəcə ofisin əməkdaşıyam. Müstəntiq mənim əməlimdə heç bir cinayətin tərkibi olmadğını bildirdi və mənə aid hissədə işə xitam verdi. Həmçinin onu da qeyd edir ki, Ruslan ona dedi ki, onun həyat yoldaşı orta məktəbdə işləyir, onun iş yoldaşlarından da iki nəfər ev almaq istəyir, onları da gətirəcək buraya, hər bir evdən də ona 500 (beş yüz) manat verərsiniz. Beləliklə, o özü də dolayısı ilə pul qazanmaq istəyirdi. Həmçinin bildiyinə görə Ruslan sələmə (faizə) pul da verir. Beləliklə, Ruslan piketdə onun ünvanına "Terrorçu" ifadəsi işlətmiş, ictimai yerdə onun şərəf və ləyaqətini alçaltmış, işgüzar nüfuzuna xələl gətirmişdir. Hesab edir ki, bu da şəxsiyyətə qarşı ağır ittihamdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin l-lll bəndlərində şərh edilir ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz, heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinin 1 və 2-ci bəndlərində qeyd edildiyi kimi böhtan yəni yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma; - Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma böhtan hesab edilir və cinayət məsuliyyəti yaradır. Eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində göstərilir ki, təhqir-yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçatması təhqir hesab edilir və həmçinin bu hal da cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 88-ci maddəsində göstərilən subyektlər xüsusi ittihamçı qismində tanınırlar. xx.xx.1987-ci il təvəllüdlü X5 barəsində Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət işi başlayıb, cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması barədə hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxsə və barəsində şikayət verilən şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə barəsində şikayət verilmiş şəxs X2 və xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə xx.xx.2023-cü il tarixdə X12 tərəfindən X3 qarşı xüsusi ittiham qaydasında şikayətinin geri qaytarılması barədə ərziəsi daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilərək xüsusi ittiham qaydasında şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanılmasını tələb etməyə, onun həyata keçirilməsində zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı qismində iştirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır. Həmin Məcəllənin 32.2.8-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibini həyata keçirir və cinayət təqibindən imtina edir; Həmin Məcəllənin 38.4-cü maddəsinə əsasən cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraat xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul etmiş məhkəmə tərəfindən müvafiq qərar qəbul etdiyi andan açılır. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının Qərarının 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-nin 147.2 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Həmin qərarın 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə Məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında verilmiş şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətən törədildiyi, həmin əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, eləcə də qeyd olunan əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Odur ki, şikayətdə göstərilənlər müvafiq sübutlarla təsdiqlənmirsə, belə şikayət əsassız hesab edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə Məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə Məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və X8 xüsusi ittiham qaydasında şikayətinin geri qaytarılması barədə ərizəsini nəzərə alaraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Ona görə də, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayət X10 geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88, 293, 299,300, 302, 384-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 Azərbaycan Respublikasının CM-nin 147 və 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X12 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilərək, xüsusi ittiham qaydasında şikayət və ona əlavə olunmuş sənədlər X10 geri qaytarılsın. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-348/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-348/2023
07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver