Məhkəmə qərarları › İş №1(009)-35/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-35/2024

24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-35/2024 24.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 24 aprel 2024-cü il tarixdə saat 11:45-də məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs gizli olaraq özgənin əmlakını talayaraq zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmiş və təkrarən saxlanc yerinə qanunsuz daxil olub gizli olaraq özgənin əmlakını talayaraq zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 fevral 2023-cü il tarixdə saat 20:30-da ünvan 3 ünvanını qarşısında “166” saylı yükdaşıma xidmətinin “Ford Transit” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə X4 tərəfindən qoyulmuş və sonuncuya məxsus olan 25 (iyirmi beş) manat dəyərində idman çantasını içərisindəki 1600 (bir min altı yüz) manat dəyərində bir ədəd “HP” markalı noutbuk, içərisində 08 (səkkiz) manat dəyərində ***-***-**-** və 08 (səkkiz) manat dəyərində ***-***-**-** saylı nömrələr olan 250 (iki yüz əlli) manat dəyərində bir ədəd “Samsung A10” markalı mobil telefonu, içərisində 08 (səkkiz) manat dəyərində ***-***-**-** və 08 (səkkiz) manat dəyərində ***-***-**-** saylı nömrələr olan 250 manat dəyərində bir ədəd “Redmi note 8” markalı mobil telefonu, eləcə də içərisində 1500 (bir min beş yüz) manat nağd pul, 02 (iki) manat dəyərində “Bakı Metropoliteni”nə aid gediş kartı, 10 (on) manat dəyərində bir ədəd "xxxx" ASC-ə aid bank kartı, dəyəri olmayan bir ədəd "xxxx" ASC-ə aid bank kartı və bir ədəd “Leo bank”a aid bank kartı olan 45 (qırx beş) manat dəyərində pul qabı ilə birlikdə gizli olaraq talayıb zərərçəkmiş şəxs X2 ümumilikdə 3714 (üç min yeddi yüz on dörd) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 aprel 2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Səbail rayonu, H.Rzayeva küçəsində yerləşən “Promenade” otelinə su içmək adı ilə qanunsuz daxil olub, otelin girişində yerləşən saxlanc yeri hesab edilən paltar geyinmə otağındakı dolabdan Zərərçəkmiş şəxs1 məxsus içərisində bir ədəd 300 (üç yüz) manat dəyərində “Airpods” markalı qulaqcıq, bir ədəd 70 (yetmiş) manat dəyərində telefon üçün enerji yükləyicisi, bir ədəd 45 (qırx beş) manat dəyərində bel çantasını, bir cüt 55 (əlli beş) manat dəyərində ayaqqabını, bir ədəd 20 (iyirmi) manat dəyərində qış gödəkcəsini, bir ədəd 40 (qırx) manat dəyərində qış köynəyini, bir ədəd 35 (otuz beş) manat dəyərində cins şalvarı və 130 (bir yüz otuz) manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 695 (altı yüz doxsan beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayında Bakı şəhəri, Nəsimi rayonu, “AFF Mall” biznes mərkəzi ərazisində gedərkən həmin mərkəzin qarşısında “166” yükdaşıma şirkətinə məxsus yük avtomobilinin dayandığını və avtomobilin yük yerinin qapısının açıq olduğunu görmüşdür. Bundan sonra o, yük yerinin yanında heç kimin olmadığını müəyyən etmiş və yük avtomobilindən bir ədəd bel çantasını götürərək oradan uzaqlaşmışdır. Çantanın içinə baxdıqda içərisində bir ədəd “HP” markalı noutbuk, bir ədəd “Samsung A10” markalı mobil telefon, bir ədəd “Redmi Note 8” markalı mobil telefon, içərisində 500 manat pul və 3-4 ədəd bank kartları olan pul qabı olduğunu görmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bir ədəd “Samsung A10” markalı mobil telefonu satdığını, bir ədəd “HP” markalı noutbuk və bir ədəd “Redmi Note 8” markalı mobil telefonu zərərçəkmiş şəxs X2 qaytardığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 2023cü ilin aprel ayında Dənizkənarı Bulvar ərzisində gəzən zaman arkanın içərisində dəmir materialdan hazırlanmış dolabların olduğunu görmüşdür. Həmin dolablara göz gəzdirmiş və dolabların üzərində kilidlərin olduğunu görmüşdür. Lakin həmin dolablardan birinin üzərində kilid olmadığından dolaba yaxınlaşaraq qapısını açmışdır. Dolabın içərisində bir cüt idman ayaqqabısı, bir ədəd gödəkçə, bir ədəd bel çantası, bir ədəd cins şalvar, bir ədəd köynək olduğunu aşkar etmiş və həmin əşyaları götürərək oradan uzaqlaşmışdır. İttiham aktında qeyd olunan bir ədəd 300 manat dəyərindəki “Airpods” markalı qulaqcığı dolabda görmədiyini və oğurlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs oğurladığı əşyalardan bir ədəd gödəkçəni Zərərçəkmiş şəxs1 qaytardığını bildirmişdir. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəciyini, zərərçəkmiş şəxslərə dəymiş zərərin qismən ödənildiyini nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 ifadəsində göstərmişdir ki, 24 fevral 2023cü il tarixdə ofisi köçürmək qərarına gəldiyi üçün həmin ünvanın qarşısında “166” saylı Yükdaşıma xidmətinin yük avtomobilini çağırmışdır. Həmin gün saat 20:00 radələrində yükdaşıma xidmətindən “Emin” adlı sürücü “Ford Transit” markalı, 99-JC- 466 dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlmişdir. Həmin avotomobil ofisin qarşısında saxlamış və direktoru olduğu MMC-nin işçisi Vüqar Quliyev, eləcə də, sonuncunun tanışı Vüqar Cümşüdlü ilə birlikdə ofisdə olan əşyaları yük avtomobilinə yerləşdirmişlər. Həmin vaxt o, özünə məxsus olan bel çantasına özünə məxsus olan bir ədəd “HP” markalı noutbuku, bir ədəd “Samsung A10” markalı mobil telefonu, bir ədəd “Redmi Note 8” markalı mobil telefonu, eləcə də pul qabını yerləşdirmiş, həmin pul qabında isə 1500 manat pul, bir ədəd Bakıkart, bir ədəd "xxxx" bank kartı, bir ədəd “Kapital” bank kartı, bir ədəd “Leobank” bank kartı olmuşdur. Bundan sonra həmin bel çantasını isə içərisində qeyd etdikləri ilə birlikdə yük avtomobilinin yük yerinə qoymuşdur. Sonradan yenidən ofisə başqa əşyalardan götürmək üçün qaytımış və həmin əşyaları yük avtomobilinin yük yerinə qoymaq istədikdə, bel çantasının yük yerində olmadığını, yəni oğurlandığını aşkar etmişdir. Bundan sonra isə DİN 102 xidmətinə bu barədə məlumat vermişdir. Ona verilən suallar ətrafında cavab olaraq göstərmişdir ki, qeyd olunan hadisə xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Səməd Vurğun 34 ünvanının qarşısında “166” yükdaşıma xidmətinə məxsus “Ford Transit” markalı, 99-JC- 466 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən oğurlanmaqla baş vermişdir. Belə ki, ona məxsus bel çantası içərisindəki bir ədəd “HP” markalı noutbuku, bir ədəd “Samsung A10” markalı mobil telefonu, bir ədəd “Redmi Note 8” markalı mobil telefon, pul qabə ilə birlikdə oğurlanmış, eləcə də pul qabının içində 1500 manat pul, eləcə də bir ədəd Bakıkart, bir ədəd "xxxx" bank kartı, bir ədəd “Kapital” bank kartı, bir ədəd “Leobank” bank kartı olmuşdur. Oğurlanmış əşyalar barədə məlumat verərək bildirmişdir ki, noutbuk HP markalıdır, mobil telefonlardan biri “Samsung A10” markalı, 64 GB yaddaşlı, içərisində özünə məxsus olan ***-***-**-** və ***-***- **-** mobil nömrələr olmuş, mobil telefonlardan biri “Redmi Note 8” markalı, 128 GB yaddaşlı, içərisində özünə məxsus olan ***-***-**-** və ***-***-**-** saylı nömrələr olmuş, sonuncu nömrənin isə dublikartını çıxarmış, beş çantasının isə marksını bilmir, sadəcə yünd göy rəngli bel çantası olmuşdur. Belə ki, “HP” markalı noutbukun oğurlanması nəticəsində 1600 manat, “Samsung A10” markalı mobil telefonun oğurlanması nəticəsində 250 manat, “Redmi Note 8” markalı mobil telefona görə 250 manat, idman çantasının maddi dəyəri 25 manat, metro kartın maddi dəyəri 02 manat, Leobank kartını və Kapital bank kartını pulsuz aldığından ona ziyan dəyməmiş,Unibank kartının dəyəri isə 10 manat olmuşdur. Həmin bank kartlarının içərisində pul olmamışdır, eləcə də, 1500 manat pulunun oğurlanmasını, bundan başqa mobil telefonlarda olan 04 ədəd nömrənin dublikartının çıxarılmasını 8 manatdan, ümumilikdə, 32 manat olmasını nəzərə alaraq ona ümumilikdə 3714 manat maddi ziyan dəymişdir.Qeyd olunan oğurluq hadisəsi zamanı ətrafda Emin adlı sürücü, Vüqar Quliyev adlı işçisi və onun tanışı Vüqar Cümşüdlü olmuşdur. Məhkəmə iclasında X4 bildirmişdir ki, bir ədəd “HP” markalı noutbuk və bir ədəd “Redmi Note 8” markalı mobil telefonu ona işlək olmayan vəziyyətdə geri qaytarılmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır. Belə ki, 17 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Promenade” otelə işə getdikdən sonra otelin işçilərinin geyinmə otağında onun üçün ayrılmış paltar dolabının içərisinə özünə məxsus bir cüt idman ayaqqabısı, bir ədəd bel çantası, bir ədəd “Airpods” markalı qulaqlıq, bir ədəd cins şalvar, bir ədəd qış gödəkçəsi, bir ədəd qış köynəyini qoymuşdur. Bel çantasının içərisində bir ədəd “Xiaomi” markalı mobil telefonun adapteri və təxminən 100 manat məbləğində nağd pul olmuşdur. İşdən çıxıb əynini dəyişmək üçün geyinmə yerinə getdikdə geyinmə otağında yerləşən paltar dolabının içərisinə baxan zaman orada sərxoişolan ona məxsus əşyaların oğurlandığını görmüşdür. Oğurluq nəticəsində ona təxmini 715 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qismən tanıyır. Belə ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən lombardda işləyir. 2023-cü ilin fevral ayının sonlarında Təqsirləndirilən şəxs işlədiyi lombarda gələrək bir ədəd “Redmi Note 8” markalı mobil telefonu girov qoyaraq pul götürmək istədiyini bildirmiş və 90 manat pul verəcəyi barədə razılaşmışlar. Şahid1 bildirmişdir ki, gətirilən mobil telefonun Təqsirləndirilən şəxs məxsus olduğunu öyrənmək üçün ondan şifrəsini soruşmuş və Təqsirləndirilən şəxs şifrəni düzgün dediyi üçün mobil telefonun ona məxsus olduğuna inanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi şəxsiyyət vəsiqəsi ilə onunla müqavilə bağlamış və mobil telefonu Təqsirləndirilən şəxs 90 manat pul verməklə girov götürmüşdür. Məhkəmə iclasında Şahid1 həmin mobil telefonun oğurluq olduğunu bilmədiyini və bildikdən sonra geri qaytardığını bildirmişdir. Şahid2 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, ünvan 5 ünvanında yerləşən “28 Market” ərzaq mağazasında satıcı işləyir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında mağazada olduğu zaman bir nəfər tanımadığı şəxs mağazaya daxil olub adının Kənan olduğunu deyərək noutbuk satdığını bildirmişdir. O, həmin şəxsdən sənəd təqdim etməsini xahiş etmişdir. Həmin şəxs də özünə, yəni Təqsirləndirilən şəxs məxsus olan şəxsiyyət vəsiqəsini təqdim etmiş və həmin sənədin kserosurətini çıxardıb özündə saxlamışdır. O, Kənan adlı şəxsdən noutbukun özünə məxsus olmasını dəfələrlə soruşmuş və Kənan adlı şəxs həmin noutbukun özünə məxsus olduğunu, təcili pul lazım olduğu üçün satmaq istədiyini təkidlə qeyd etmişdir. O, Kənan adlı şəxsə inanmış və Kənanın ona təqdim etdiyi “HP” markalı noutbuku 320 manata almışdır. O, həmin noutbuku özü istifadə etməsi üçün almışdır. Həmin gün də noutbuku yaşadığı evə aparmışdır. Təxminən 10 gündən sonra həmin noutbuku o,polis əməkdaşlarına təhvil vermişdir. Ona verilmiş suallar ətrafında cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. O, aldığı noutbuku oğurluq yolu ilə əldə edildiyini bilməmişdir. Noutbuku təqdim etdikdə Təqsirləndirilən şəxs ona özünə məxsus olan şəxsiyyətini təsdiq edən sənədi təqdim etmiş, o da həmin sənədin kserosurətini çıxardıb özündə saxlamış, həmin kserosurəti istintaqa təqdim etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 17 aprel 2023cü il tarixli 9/1882 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş mobil telefon aparatlarının satış üçün komplektləşdirilməsinə daxil edilən asksessuarların olmamasını, istifadədə olmasını və yuxarıdakı xüsusiyyətlərini nəzərə alaraq 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 990,00 manat müəyyən olunmuşdur. O cümlədən 01 (bir) ədəd İntel Core i5- 1035G1 GPU 1.19 Ghz prosessor, 8GB RAM xüsusiyyətlərinə malik “Pavilion x360” model, SN 8CG0201R1D, “HP” markalı notbuk və enerji yükləyicisi- 700,00 manat; 01 ədəd “Redmi Note 8” markalı, “M1908C3JG” model, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı mobil telefon- 170,00 manat; 01 ədəd “Samsung A10” markalı, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı mobil telefon təxminən- 120,00 manat qiymətində olub. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 28 iyul 2023-cü il tarixli 9/5685 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd üzərində “GİVFNCHY PARİS” yazıları olan, qara-ağ rəngli, ön hissəsi zəncirbəndlə açılıb-bağlanan, qısa biçimli kişi gödəkçəsinin istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti təxminən 20,00 manat müəyyən olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. 06 mart 2023-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. 06 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 08 mart 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. 08 mart 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 24 aprel 2023-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. 24 aprel 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 26 aprel 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. 26 aprel 2023-cü il tarixli qərarla təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs saxlanıldığı Səbail RPİ-nin MSY-dən azad edilmiş və 26 aprel 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. 12 may 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin icraatı ********* nömrəli cinayət işi ilə birləşdirilmişdir. 12 may 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. 01 iyun 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarş elan edilmiş və tapılana kimi cinayət işinin icraatı dayandırılmışdır. 22 iyul 202-cü il tarixdə Təqsirləndirilən şəxs Səbail RPİ-nin əməkdaşları tərəfindən tutulmuş və X6 təhvil verilmişdir. 23 iyul 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham yenidən elan olunmuşdur. 23 iyul 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. 05 avqust 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham dəyişdirilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(009)-294/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbir seçilmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, barəsində həbs qətimkan tədbir seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Səbail RPİ-nin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 26 aprel 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: - Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 2.2, 2.3, 2.4, 69.4 maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. - Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 69.4 maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarxili qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbədə qeydiyyatdan çıxarılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxslər tərəfindən verilən ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış mallardan bəziləri onlara geri qaytarılmış, yəni dəymiş maddi zərər qismən ödənilmişdir. Həmçinin zərərçəkmiş şəxs X4 Təqsirləndirilən şəxs barəsində şikayətinin olduğunu bildirməmiş, barəsində hər hansısa cəza növünün seçilməsinə dair tələbinin olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə gizli olaraq özgənin əmlakını talayaraq zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmiş və təkrarən saxlanc yerinə qanunsuz daxil olub gizli olaraq özgənin əmlakını talayaraq zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilməsi, yəni “Airpods” qulaqçığının olmaması və Zərərçəkmiş şəxs2anın pul kisəsinin içində 1600 manatının omaması iş materiallarında olan sənədlər, ekspert rəyi, şahid ifadələri ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, eləcə də zərərçəkmiş şəxslərə dəymiş zərərin qismən ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 06 mart 2023-cü il tarixdən 08 mart 2023-cü il tarixədək, 24 aprel 2023-cü il tarixdən 26 aprel 2023-cü il tarixədək və 22 iyul 2023-cü il tarixdən 23 iyul 2023-cü il tarixədək həbsdə olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla, 05 (beş) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 04 noyabr 2023-cü il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin hesablanması zamanı həmin tarixlər nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə ekspertiza xərclərinə dair bildirişlərdən müəyyən edilir ki, məhkəmə ekspertizasının xərcləri ümumilikdə 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 06 mart 2023-cü il tarixdən 08 mart 2023-cü il tarixədək, 24 aprel 2023-cü il tarixdən 26 aprel 2023-cü il tarixədək və 22 iyul 2023-cü il tarixdən 23 iyul 2023-cü il tarixədək həbsdə olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla, 05 (beş) gün ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci – 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 420 (dörd yüz iyirmi) manat Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ**********0000056944, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar