Məhkəmə qərarları › İş №1(009)-36/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-36/2022

05.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-36/2022 05.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1954-cü ildə Naxçıvan MR, Şərur rayonu, Cəlilkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, əvəllər məhkum olunmuş, ali təhsilli, Naxçıvan MR, Şərur rayonu, Cəlilkənd kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında kirayə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 və sonuncunun tanışı Zərərçəkmiş şəxs2 özünü metal işi ilə məşğul olan şəxs kimi təqdim edib inandıraraq, satışından yaxşı mənfəət götürmələri üçün sərfəli qiymətə metalların alınmasını təşkil edəcəyinə, alqı-satqı ilə bağlı "xxxx" QSC ilə rəsmiləşdirmə aparacağına və metalları oradan çıxaracağına dair yalandan vəd verib, şərikli biznes fəaliyyəti ilə məşğul olmaq niyyətlərində olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bu adla vahid niyyətlə əhatə olunan qəsdlə aldadaraq 26 aprel 2021-ci il tarixdə saat 18 radələrində görüşdükləri Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən adsız kafedə Zərərçəkmiş şəxs1 məxsus həmin tarixə uyğun milli məzənnə ilə 11.203 manat təşkil edən 6.590 ABŞ dolları məbləğində və 800 manat məbləğində nağd pulu, Zərərçəkmiş şəxs2 məxsus isə 10.000 məbləğində nağd pulu, ümumilikdə 22.003 manat təşkil edən nağd pulu X4 İskəndərovun yanında qəbul edib ələ keçirməklə, verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 12003 manat və Zərərçəkmiş şəxs2 isə 10000 manat məbləğində olmaqla xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ildən tullantı metal alqı-satqısı ilə məşğul olur. Buna görə də lazım olan vətəndaşlarla öz aralarında razılaşaraq metal alıb satmışdır. 2021-ci ilin aprel ayının əvvəllərində yaşadığı binanın həyətində Faiqlə tanış olmuşdur. Aralarında olan söhbət zamanı Faiq də Naxçıvandan olduğunu demiş, həmyerli kimi söhbət edən zaman Faiqə tullantı metal alqı-satqısı ilə məşqul olduğunu demişdir və lazım olanda ona da metal alqı-satqısında köməklik edə biləcəyini bildirmişdir. Bunun üçün də əlaqə saxlamaq üçün istifadələrində olan mobil telefon nömrələrini vermişlər. Bundan az sonra Faiqlə görüşən zaman o, 100 ton tullantı metal almaq istədiyini dedikdə metalın 1 tonuna cəmi 278 manata, yəni 178 manatı pulu hesaba köçürməyi, qalan 100 manat pulun da xeyir kimi qalacağını bildirmişdir. Bundan sonra Faiq öz tanıdığı sonradan adını bildiyi Elxanla birlikdə gəlib Sumqayıtda görüşüb söhbət etmiş, onların hər ikisi birlikdə olan zaman Faiqə dediklərini bildirmişdir. Belə ki, satacağı tullantı metalın 1 tonun 278 manat olması demişdir. Onları işlədiyi Sumqayıtda Şirvan stansiyasına aparmışdır. Orada onlara görmüşlər ki, işçilər vaqonları qaynaqla doğrayırlar. Onlar metal alqı-satqısı ilə məşğul olmağına inanıb 100 ton tullantı metal, yəni doğranmış vaqonun metalların almaq barədə razılaşmışlar. Belə oldu ki, bir-biri ilə razılaşaraq 26 aprel 2021-ci ildə saat təxminən 17-18 radələrində Bakı şəhəri Səbail rayonunda kirayədə yaşadığı binanın qarşısında olan yeməkxanada görüşmüşlər. Həmin yeməkxanada olan zaman orada kafeni işlədən Arzu adlı kişi və aşbaz kimi işləyən Elza adlı qadında orada olmuşlar. Faiqlə Elxan almaq istədikləri tullantı metala görə gətirdikləri pulun bir hissəsi ABŞ dollar olduğundan yeməkxanadan kalkulyatoru alıb verilən pulları həmin günün məzənnəsilə hesablayıb cəmi 22.000 manatı onlardan almış, 10 gün müddətində razılaşdıqları kimi metalı verəcəyinə söz vermiş, qalan 4700 manat pulu da mal verəndə ödəyəcəklərini bildirmişlər. Həmin 22000 manatı əvvəlindən Elxanla Faiqə məxsus olduğunu bilmişdir. Həmin tullantı metalları “Baku Steel” şirkətinə verilməsi barədə qərar verildiyindən Faiqlə Elxana söz verdiyi 100 ton tullantı metalı onlara verə bilməmişdir. Elxan və Faiqdən aldığı 22000 manat pulu xərclədiyi üçün qaytara bilməmişdir. Bununla bağlı Faiqlə Elxana metalı sata bilmədiyi üçün onlardan uzaqlaşmaq məcburiyyətində qalmış, həmin zaman istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon olsada Elxanla Faiqin zənglərinə cavab verməmişdir. O, özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödədiyini, hazırda zərərçəkmiş şəxslərin ona qarşı heç bir tələbinin, şikayətinin və mülki iddiasının olmamasını, həmçinin dəymiş ziyanın 25% dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusu olmuşdur, onunla aralarında əvvəldən heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Vaqif Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə ev 17, 11-ci mərətəbədə 106 saylı mənzildə yaşmışdır. Vaqiflə aralarında qısa bir müddətdir ki, tanışlığı yaranmışdır. Vaqiflə tanışlıqı yarandıqdan sonra Vaqif, dəmir alqı-satqısı ilə məşğul olduğunu demişdir. Belə ki, Vaqifin deməsinə görə o, metallom dəmirin satışı ilə məşğul olur. Vaqiflə aralarında olan söhbət zamanı Vaqif Naxçıvan MR-nın Şərur rayonundan olduğunu da demiş və Şərur rayonundan olduğu üçün onunla isti münasibəti yaranmışdır. Əvvəllər yol tikintisində kommunikasiya xətlərinin salınması işi ilə məşğul olmuşdur. Son zamanlar da elə bir işlə məşğul olmamışdır. Vaqiflə aralarında olan danışıq zamanı Vaqifdən əgər lazım olarsa metal təşkil edə biləcəyini soruşduqda Vaqif heç bir problem olmadan metal təşkil edə biləcəyini demişdir. Bunun üçün də aralarında olan danışığa əsasən onun hesabına dəmirin 1 tonuna 178 manat pul köçürməli olduğunu, hər tonuna görə 100 manat da əlavə olaraq nağd şəkildə Vaqifin özünə verməli olduğunu, bundan sonra Vaqif "xxxx" QSC ilə rəsmiləşdirmə aparacağını və metalı oradan çıxaracağını demişdir. Vaqiflə bu danışıqları etdikdən sonra bu barədə dostu Zərərçəkmiş şəxs2 da məlumat vermişdir. Bundan sonra Elxanla birlikdə Vaqifin yanına gedib onunla görüşəcəyini bildirdikdə Vaqif demişdir ki, onu başqa heç kim görməsin. Buna görə ona qarşı şübhələr yaranmışdır, amma Elxan əvvəllər metal işi ilə məşğul olduğu üçün malı görməmiş ona pul verilməyəcəyini demişdir. Onun üçün də Elxanla Vaqifin dəvət etdiyi kimi Sumqayıt şəhərindən gömrük idarəsinin kafesində görüşmüşlər. Orada Elxanla da Vaqif tanış oldu və oradan Vaiqif Şirvan stansiyasına aparmışdır. Şirvan stansiyasına daxil olan zaman orada hamı Vaqifi tanıyıb onunla salamlaşmışdır. Orada Vaqif ətrafdakı işçilərdən soruşdu ki, “malım hansıdır?”. Bir kənarda yığılan malları təqdim edib onun malının olduğunu demişdilər. Vaqif onlara demişdir ki, bir vaqonun malı toplansın gəlib götürəcəkdir. Stansiyanın müdiri ilə də maraqlanıb öyrənmişdir ki, həqiqətən Vaqif oradan 2-3 ildir ki, mal götürür. Vaqifə qarşı inam yaranmışdır. Bundan sonra Vaqifdən metal almaq qərarına gəlmişdir. Ona görə də Elxan əvvəl Vaqifdən 300.000 ton dəmir almaq istədiyini demiş, lakin buna maddi imkanıları çatmadığı üçün 150.000 ton metal almaq istəmişdir. Belə ki, həmin metalın hər bir tonuna 178 manat, hər 1 ton metala görə də 100 manat pulu Vaqifin özünə verməli idi. Elxanla Vaqifin istifadəsində olan 055- 338- 08-28 nömrəsi ilə telefon əlaqəsi saxlayıb həmin gün yəni, 26 aprel 2021-ci il tarixdə söhbət əsnasında Vaqif demişdir ki, sabahsı gün tender olacaqdır, əgər saat 5-ə kimi ona pul çatdırsalar onlar üçün də mal ala bilər, sabahdan etibarən hissə-hissə mal doğrandıqca apara bilərlər. Ona görə də həmin gün, yəni 26 aprel 2021-ci ildə saat 18 radələrində o Elxanla birlikdə 22000 manat pulu toplayıb, yaşadığı Bakı şəhəri, Səbail rayon A.Abbaszadə küçəsindəki kafedə Vaqiflə görüşmüş və orada pulu Vaqifə vermişdir. Aralarında olan söhbət əsasında Vaqif bildirmişdir ki, 10 gün müdətində Şirvan stansiyasında olan metalları doğrayıb verəcək, həmin vaxt da qalan 4700 manat pulu da Vaqifə verəcək. Vaqifə verdiyi 22.000 manat pulun 12.000 mini özünə məxsus olmuş, 10.000 manatı da Elxana məxsus olmuşdur. Qalan 4700 manat pulu da yaxın vaxtda verəcəyini bildirmişdir. Elxanla birlikdə cəmi 22.000 manat pulu sayaraq həmin kafedə Vaqifə vermişdir. Pulu Vaqifə verən zaman kafeni işlədən Arzu adlı kafe sahibi və kafedə xadimə işləyən Elza adlı xanım da bunu görmüşdür. Vaqifə verdiyi 22000 manat pulun 11.200 manatı ABŞ dolları ilə yəni, həmin zaman dolları 1 manata kursu 1 manat 70 qəpik olduğundan ona verdiyi pulların içərisində 6590 dollar olmuşdur, qalanı isə milli valyuta olmuşdur. Vaqif pulu götürəndə kafeni işlədən Arzunu tanıdığı üçün çağıraraq kalkulyatoru istəmiş, Arzu da kalkulyatoru özü gətirib Vaqifə vermişdir. Vaqif də kalkulyatoru Arzudan alıb ona verdiyi pulu məzənnəyə uyğun hesablayıb götürmüşdür. Vaqif pulu götürüb demişdir ki, sabahdan hissəhissə malı Şirvan stansiyasından götürə bilərlər. Bu minvalla 10 gün Vaqif yubatmağa başlamışdır. 10 gün ərzində Vaqif bunun dövlət işləri olduğunu, proseslərin belə getdiyini demişdir, 10 gün ərzində onu Şirvan stansiyasının ətrafında gözləmişlər, amma Vaqif müxtəlif bəhanələr gətirərək oraya gəlməmişdir. 10-cu gün onunla telefonda danışan zaman Elxan da onunla söhbət etmiş, telefonda Elxana da demişdir ki, bu işləri gözəl bilir, onun başı çıxmır. Bir neçə gün sonra onlara məlum olmuşdur ki, Vaqif telefonda danışan zaman stansiyadan özünün 10000 ABŞ dollarlıq malını götürürmüş. Məlum olmuşdur ki, Vaqif tərəfindən aldadılıblar. Vaqifin mobil telefonlarına zəng etsə də zənglərə cavab verməmişdir. Beləliklə Vaqif dələduzluq yolu ilə aldadaraq 22000 manat pulu ələ keçirmişdir. Aldadıb 22.000 manat pulu ələ keçirən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasını ilk vaxtlarda bilməmişdir, bu barədə sonradan maraqlandıqda məlumatı olmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində digər Zərərçəkmiş şəxs1 ifasəində qeyd etdiyi xususatları təsdiq etmişdir. 30 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şikayət ərizələri əsasında toplamış materiallar üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmışdır. 13 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 13 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və eyni tarixli qərarla ********* saylı iş üzrə icraat dayandırılmışdır. 19 avqust 2021-ci il tarixli axtarışda olan şəxsin yaxalanması barədə protokola əsasən Təqsirləndirilən şəxs 19 avqust 2021-ci il tarixdə saat 15:00 radələrində yaxalanaraq Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. 19 avqust 2021-ci il tarixdə iş üzrə icraat təzələnmişdir. Səail rayon prokurorluğunun 20 avqust 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmiş, onun barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. 20 avqust 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 15 noyabr 2021-ci il tarixli qəbzə əsasən 26 aprel 2021-ci il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq alınmış 10000 manat puldan 2000 manatı Zərərçəkmiş şəxs2 qaytarılmışdır. İş materiallarında olan 15 noyabr 2021-ci il tarixli qəbzə əsasən 26 aprel 2021-ci il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq alınmış 12000 manat puldan 2000 manatı Zərərçəkmiş şəxs1 qaytarılmışdır. İş materiallarına əlavə edilmiş 13 dekabr 2021-ci il tarixli qəbzə əsasən 26 aprel 2021-ci il tarixdə Səbail rayonu ərazisində Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq alınmış 22.000 manat puldan 10.000 manatı İskəndərov Elxan Qəhrəman oğluna qaytarılmışdır. 16 noyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi qərarı ilə Təqsirləndirilən şəxs əməlinin CM-nin 178.2.2 və 178.2.4-cü maddələrindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə tövsif edilmişdir. 16 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq olunmuş 04 yanvar 2022-ci il tarixli dəymiş maddi ziyanın ödənilməsi barədə sazişə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 10.000 manat məbləğində dəymiş zərəri ödəmişdir. Zərərçəkmiş şəxs2 dəymiz ziyanla bağlı hər hansı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq olunmuş 04 yanvar 2022-ci il tarixli dəymiş maddi ziyanın ödənilməsi barədə sazişə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 12.000 manat məbləğində dəymiş zərəri ödəmişdir. Zərərçəkmiş şəxs1 dəymiz ziyanla bağlı hər hansı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, xx.xx.1954-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinn 25.12.2007-ci il tarixli hökmü ilə CM-nin 307.1-ci 68.1.3-cü maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 10 (on) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 08(səkkiz) ay 09 (doqquz) gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08.11.2018-ci il tarixli hökmü ilə CM-nin 178.2.2, 178.2.4, 69.4-cü maddələri ilə təqsirli bilinərək 5300 manat cərimə cəzasına məhkum edilmişdir. İşdə olan "xxxx" ASC-nin 05 yanvar 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs dəymiş zərərin (22003 manat) 25 faizi miqdarında dövlət büdcəsinə 5501 manat ödəniş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxslərin ifadələri və digər iş materialları ilə onun aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilməlidir. Lakin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən CPM-nin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən CM-nin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Hazırkı işdən isə görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsdən heç bir iddiası, tələbi və şikayəti yoxdur, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 5501 manat dövlət büdcəsinə ödəniş etmişdir. Yuxarıda göstərilən qanunvericlik normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödədiyindən, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir iddiası, tələbi və şikayəti olmadığından, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 193, 344-347,356,358 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar