Məhkəmə qərarları › İş №1(009)-365/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-365/2025

12.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-365/2025 12.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Səfərova Nübar Seyfəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 05 avqust 2000-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcısından istifadə etməklə özgə əmlakını gizli olaraq talayaraq zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə elektron məlumat daşıyıcılarından istifadə etməklə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan ünvandan tapdıqları Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7416 8351 5645 nömrəli plastik kartın hesabından 01 may 2025-ci il tarixdən 03 may 2025-ci il tarixədək olan müddət ərzində, sonuncu dəfə 03 may 2025-ci il tarixdə ünvan 2 ünvanda «Sahil» metrostansiyasınm yaxınlığında yerləşən «Tantuni» kafesində 14 manat 50 qəpik məbləğində olmaqla, hissə-hissə ümumilikdə 455 manat 32 qəpik məbdəğində pul vəsaitlərini şəxsi istifadələrinə sərf etməklə, vahid niyyətlə əhatə olunmuş qəsdlə elektron məlumat daşıyıcılarından istifadə etməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 455 manat 32 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Torqovıyda kart tapıb bunu Elşənə bildirmişdi. Tapdığı kartdan mağazada bazarlıq etmişdilər, sonra “Tantuni” kafesində oturub çörək yedilər. Zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilib, barışıb. Əməlindən peşmandır. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadə elan olunmuşdur. İbtidai istintaqda bildirmişdir ki, 01 may 2025-ci il tarixdə həyat yoldaşının müalicəsi ilə əlaqədar Xətai rayonu Sarayeva küçəsində yaşadığı ünvana yaxın yerləşən ərazidə olan aptekə gedərək dərman almışdı. Həmin dərmanı alarkən pulunu özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7416 8351 5645 nömrəli plastik kart vasitəsi ilə ödəmişdi. Bu zaman aptekdə adam çox olmuş və o, dərmanları aldıqdan sonra yaşadığı evə qayıtmışdı. 04 may 2025-ci il tarixdə yaşadığı evdə olarkən özünə məxsus həmin bank kartının olmadığını aşkar etmişdi. Bunu bildikdə oğlu Zahid Əliyevə zəng edərək bu barədə məlumat vermişdi. Bundan sonra oğlu Zahid telefon tətbiqi vasitəsilə həmin kartında olan mədaxil və məxariclərə baxan zaman kartdan naməlum şəxs tərəfindən hissə-hissə ümumilikdə 455 manat 32 qəpik pul vəsaitinin oğurlanmasını aşkar etmişlər. Həmin pul vəsaitindən sonuncu dəfə 14 manat 50 qəpiyi 03 may 2025-ci il tarixdə ünvan 2 ünvanda «Sahil» metrostansiyasının yaxınlığında yerləşən «Tantuni» kafesində kartdan çıxarılmışdır. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 455 manat 32 qəpik məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqında Şahid ifadəsində bildirmişdir ki, işdən saat 18:00-19:00 radalərində çıxandan sonra New Yorker mağazına getmiş və orada Fəridlə görüşüb New Yorker, Berhska və “Guliyevs Wear” mağazalarında alış-veriş etmişdir. Saat 21:00-22.00-a qədər birlikdə olduqdan sonra evinə gəlmişdir. Siqaret də almışlar. Kamera görüntüləri də vardır. Alış-verişdə pulu Fərid xərcləyirdi. Kartın isə kimin adına olduğunu dəqiq olaraq bilmədiyini bildirmişdir. İş materiallarında olan 16 iyun 2025-ci il tarixli ayrıca icraata cinayət işinin ayrılması barədə qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə ayrıca icraata ********* saylı cinayət işi ayrılmışdır (c.i.v.1-2). İş materiallarında olan 27 may 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (c.i.v.4). İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 27 may 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (c.i.v.26). İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş «ödəniş kartı üzrə çıxarış”dan görünür ki, Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7416 8351 5645 nömrəli plastik kartış hesabından 01 may 2025-ci il tarixdən 03 may 2025-ci il tarixədək olan müddət ərzində müxtəlif ünvanlarda müxtəlif məbləğlərdə, sonuncu dələ isə 03 may 2025-ci il tarixdə ünvan 4 ünvanda «Sahil» metrostansiyasının yaxınlığında yerləşən «Tantuni» kafesində 14 manat 50 qəpik məbləğində olmaqla, hissə-hissə ümumilikdə 455 manat 32 qəpik məbdəğində pul vəsaiti çıxarılmışdır (c.i.v. 14-17). İş materiallarında olan DVD-R diskə məhkəmə istintaqı zamanı baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 2 ədəd fayl var. Həmin fayllardan birincisində iki nəfər, birinin əynində qərmızı rəngli kofta və kürəyində qara rəngli çanta olan, digərinin əynində qara rəngli gödəkçə və başında yaşıl rəngli papaq olan oğlanların kassaya yaxınlaşaraq aldıqları ayaqqabıları təqdim etmələri, həmin ayaqqabıları aldıqdan sonra əynində qırmızı rəngli kofta və kürəyində qara rəngli çanta olan oğlanın ödənişi kartla etməsi, daha sonra həmin oğlanların aldıqları ayaqqabıları selofan torbada götürərək kassadan uzaqlaşaraq getdikləri müşahidə olunur. Təqsirləndirilən şəxs bildirmişdi ki, əynində qara rəngli gödəkçə və başında yaşıl rəngli papaq olan şəxs odur. İş materiallarında olan “cinayət əməlinin tövsif edilməsi haqqında” 29 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 ci maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-1-ci maddəsinə tövsif edilmişdir (c.i.v. 40). İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 oktyabr 2025-ci il tarixdə saat 15:00-da tutulmuşdur (c.i.v.74). İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 31 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-cü maddəsi ilə ittiham elan edilmişdir (c.i.v.83-84). İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon Prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədovun 31 oktyabr 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddəsi ilə istintaqı aparılan ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır (c.i.v.96-97). İş materiallarında olan 31 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (c.i.v.98-99). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 29 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum edilməmişdir (c.i.v. 48). İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs 500 manat pulu təhvil aldı (c.i.v.51). İş materiallarına əlavə edilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyanı tam ödənilib Təqsirləndirilən şəxs şikayətçi deyil, gələcəkdə də şikayətçi olmayacaq. İş materiallarına əlavə edilmiş fəxri fərmandan görünür ki, Təqsirləndirilən şəxs döyüş tapşırıqlarını yerinə yetirməsində əldə etdiyi nailiyyətlərə görə təltif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildiyinə görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə özgənin əmlakını gizli olaraq talamağa görə cinayət məsuliyyətini müəyyən edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir; 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir; 26-cı bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CMin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin, beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, CM-in 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Vurulmuş ziyanın cinayət məsuliyyətini şərtləndirən minimal məbləği barədə tələb soyğunçuluq və quldurluq cinayətlərinə şamil olunmur və həmin əməllərə görə cinayət məsuliyyəti vurulmuş ziyanın CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğlərdən az olubolmamasından asılı olmayaraq yaranır. Oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar; 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərər çəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompüter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, maddi sübutlar və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərəçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəməsini və barışmasını, döyüş tapşırıqlarını yerinə yetirməsində əldə etdiyi nailiyyətlərə görə təltif olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması məqsədəuyğundur. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 29 oktyabr 2025-ci il tarixdə saat 15:00-da şübhəli şəxs kimi tutulmuş, 31 oktyabr 2025-ci il tarixdə 12:40-da Səbail RPİ-nin MSY-dən həbsdən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs hazırki iş üzrə 29 oktyabr 2025-ci il tarixdən 31 oktyabr 2025-ci il tarixədək tutulduğu müddət ümumilikdə 02 (iki) gün, təyin ediləcək azadlığın məhdudulaşdırılması cəzasına 01 (bir) günə 02 (iki) gün hesablanmalıb, təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini və iş yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən ödənilən haqq artırılaraq 11 manat müəyyən edilmiş və bu qərar 29 aprel 2025-ci il tarixdən qüvvəyə minmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 176 manat pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə 01 (bir) ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məçəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 29 oktyabr 2025-ci il tarixdən 31 oktyabr 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini-Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ev 4/4 ünvanını dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsi vəsaiti hesabına 16 saat, 11 manatdan hesablanmaqla 176 (bir yüz yetmiş altı) manat pul dövlət büdcəsindən tutularaq Müdafiəçi ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar