Məhkəmə qərarları › İş №1(009)-367/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-367/2025

10.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-367/2025 10.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X12, Təqsirləndirilən şəxs Əlcəzair Xalq Respublikasının vətəndaşı Boukhobza Abderrahmanenin, X1 iştirakları ilə, xx.xx.1970-ci ildə X13 Respublikasında anadan olmuş, X13 Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Əlcəzair Xalq Respublikası Arzio şəhərində qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn 34 ünvanda yerləşən “Baku Home” hosteldə müvəqqəti yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Boukhobza Abderrahmanenin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 10 dekabr 2025-ci il tarixdə saat 11.45-də məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Boukhobza Abderrahmane zərərçəkmiş şəxsin üzərindən çıxarmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Boukhobza Abderrahmane tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 19 oktyabr 2025-ci il tarixdə saat 14:45 radələrində ünvan 2 ünvanda yerləşən “Passage 145” adlı restoranda olarkən, həmin vaxt restoranda nahar etməyə gələn X3 vətəndaşı Zərərçəkmiş şəxs məxsus və sonuncu oturduğu stolun üstündən asdığı gödəkçəsinin iç cibində olan pul kisəsinin içərisindən 2500 (İki min beş yüz) manat nağd pulu üzərindən çıxarmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs həmin həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Boukhobza Abderrahmane ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Azərbaycana tək gəlmişdir. Restoranda oturan zaman zərərçəkmiş şəxs də qarşıda oturmuş və gödəkçisini asmışdır. Pul yerə düşmüş və yerdən götürmüşdür, heç kimin cibindən götürməmişdir. Pulu tapdığını düşünmüş, kiməsə məxsus olmasını bilməmişdir. Həmin gün aparıb valyuta dəyişikliyi etmişdir. Daha sonra zərərçəkmiş şəxs polisə müraciət etmiş və polis tərəfindən saxlanılmışdır. Pul həmin gün şəxsin özünə qaytarılmışdır. Pul 2000 manat məbləğində olmuşdur. Əməlindən səmimi peşman olduğunu, səhhəti ilə bağlı ciddi problem yaşadığını və himayəsində yeni doğulmuş uşağı olduğunu nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən X15 adlı otelin 906 nömrəli otağında müvəqqəti olaraq dostu ilə birlikdə yaşayır. X9 Respublikasının Riyad şəhərində yerləşən "Ordu Hospital" tibb mərkəzində inzibati işçi kimi çalışır. O, xx.xx.2025-ci il tarixdə yaşadığı X4 Bakı şəhərinə gəzmək məqsədi ilə dostu ilə birlikdə gəlmiş və xx.xx.2025-ci il tarixdə yaşadığı ölkəsinə geri dönüş edəcək. xx.xx.2025-ci il tarixdə saat 14:25 radələrində dostu ilə birlikdə Səbail rayonu ərazisində yerləşən "Passage 145" adlı restoranda yemək yeyən zaman o, gödəkçəsini oturduğu stulun üstündən asmışdı. Gödəkçəsinin iç cibində qara rəngli pul qabının içərisində 2500 manat pulu var idi. Saat 14:45 radələrində restoranın hesabını vermək üçün əlini gödəkçəsinin iç cibinə salan zaman pulunun yerində olmadığını görmüş, hesabı dostu ödəmiş və pulunun oteldə yadından çıxıb unutduğunu zənn edərək otelə doğru getmişdi. Oteldəki otaqda hər tərəfli axtardıqdan sonra pulunun oteldə olmadığını aşkar etmişdi. Həmin gün saat 17:00 radələrində Səbail rayonu ərazisində yerləşən "Passaj 145" adlı restorana getmiş və orada müşahidə kameralarının açılmasını istəmişdi. Görüntülərə baxan zaman onun pulunun kafedə olan zaman onun yanında oturan tanımadığı şəxsin oğurlandığını aşkar etmiş və bu barədə DİN-nin 102 XZM-nə məlumat vermişlər. Hadisə xx.xx.2025-ci il tarixdə saat 14:45 radələrində Səbail rayonu ərazisində yerləşən "Passaj 145" adlı restoranda baş vermiş, oğurluq hadisəsi nəticəsində onun 2500 manat pulu oğurlanmışdır. Cinayət işində olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə 2 ədəd videofayl mövcuddur. 1-ci videofaylda iki nəfər şəxsin masa arxasında üzbəüz oturub nahar etmələri, həmin şəxslərdən birinin gödəkçəsini oturduğu stulun üstündən asması, qonşu masada tək əyləşən digər bir nəfər şəxsin əlini həmin gödəkçəyə uzadaraq iç cibinə salması və hansısa bir əşyanı götürüb çıxarması, daha sonra özünə məxsus pul kisəsini açaraq götürdüyü əşyanı içinə qoyması müşahidə olunur. 20 oktyabr 2025-ci il tarixdə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. 20 oktyabr 2025-ci il tarixdə cinayət işi üzrə X6 vətəndaşı Zərərçəkmiş şəxs qismində tanınmışdır. 20 oktyabr 2025-ci il tarixdə saat 19:00 dəqiqədən X7 hüquqları məhdudlaşdırılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 22 oktyabr 2025-ci il tarixdə Boukhobza Abderrahmane iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 22 oktyabr 2025-ci il tarixdə Boukhobza Abderrahmane barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və o, X10 həbsdən azad olunmuşdur. 22 oktyabr 2025-ci il tarixdə Boukhobza Abderrahmane barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 27 oktyabr 2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1970-ci il tavəllüdlü Boukhobza Abderrahmane əvvəllər məhkum olmamışdır. 27 sentyabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarla təqsirləndirilən şəxs Boukhobza Abderrahmanenin təqdim etdiyi Zərərçəkmiş şəxs məxsus 1000 avro iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs Boukhobza Abderrahmanenin ifadələrində pul kisəsindən 2500 manat deyil, cəmi 2000 manat məbləğində pul oğurlandığını göstərməsi özünü müdafiə dəlili kimi qəbul edilmişdir. Məhkəmə təqsirləndirilən şəxs Boukhobza Abderrahmaneyə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, təqsirləndirilən şəxs Boukhobza Abderrahmanenin törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Boukhobza Abderrahmanenin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Boukhobza Abderrahmanenin ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilməsi, yəni pul məbləğinin 2500 manat deyil, 2000 manat olması və pulu şəxsin cibindən deyil, yerdən götürdüyünü deməsi iş materiallarında olan sənədlər və sübutlar ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxs Boukhobza Abderrahmaneyə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Boukhobza Abderrahmanenin törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını və və dəymiş zərərin ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Boukhobza Abderrahmanenin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Boukhobza Abderrahmanenin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Boukhobza Abderrahmanenin ibtidai istintaq dövründə 20 oktyabr 2025-ci il tarixdən 22 oktyabr 2025-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 02 (iki) günü 02 (iki) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsi ilə azadlıqdan məhrumetmə növündə cəza qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Boukhobza Abderrahmane Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Belə ki, Boukhobza Abderrahmanenin barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı 10 dekabr 2025-ci il tarixdən hesablanmalıdır. Boukhobza Abderrahmanenin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən X5 Xalq Demokratik Respublikasının vətəndaşı olduğundan təyin olunmuş cəzasını çəkib qurtardıqdan sonra o, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-1-ci maddəsinin əsasən məhkumluğu ödənilənədək və ya götürələnədək onun Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Boukhobza Abderrahmaneyə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxs Boukhobza Abderrahmanenin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Boukhobza Abderrahmane Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Boukhobza Abderrahmanenin 20 oktyabr 2025-ci il tarixdən 22 oktyabr 2025-ci il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 dekabr 2025-ci il tarixdən hesablansın. Boukhobza Abderrahmane barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən X5 Xalq Demokratik Respublikasının vətəndaşı olduğundan təyin olunmuş əsas cəzasını çəkib qurtardıqdan sonra o, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-1-ci maddəsinə əsasən məhkumluğu ödənilənədək və ya götürələnədək onun Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X14 tərəfindən Boukhobza Abderrahmanenin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 220 (iki yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar