Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-37/2023 07.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçi “Leqal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, hazırda barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktına əsasən, Təqsirləndirilən şəxs 26 aprel 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi 15 saylı ünvanda yerləşən “Su İdman” sarayının qarşısında keçmiş arvadı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs sağ qoluna vurub ona sağ dirsək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan postravmatik hemartrozu, sağ saidin dərialtı hematoması və sıyrıqları xəsarəti yetirməklə zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə 2019-cu ildə ailə qurmuş və birgə nikahlarından Sara adlı qız övladı dünyaya gəlmişdir. Sonradan ailə münasibətlərində yaranan problemlərə görə onlar boşanmışdırlar. Onlar boşanan zaman məhkəmənin qəbul etdiyi qətnamədə qızı Sara ilə görüşməyinə icazə verilmişdir. Bu səbəbdən də o həmin qərar əsasında qızı ilə görüşmüşdür. Nərminə Səbail rayonunda olan X17 məşqə getmiş, o da Nərminənin X17 məşqə getdiyini bilmişdir, çünki özü bir neçə dəfə müxtəlif vaxtlarda X16 sarayına məşqə aparmış və gətirmişdir. Onlar məhkəmə yolu ilə ayrılsalar da bir neçə dəfə başqa rayonlara gedib orada ailəvi olaraq istirahət etmişdirlər. Sonuncu dəfə də 16 aprel 2022-ci ildə o, Nərminə və qızı Sara ilə birlikdə istirahət üçün Lənkəran rayonuna gedib orada 2 gün qalıb qayıtmışdırlar. Lakin, buna baxmayaraq Nərminə son vaxtlarda onunla övladı Saranın görüşünə heç bir səbəb olmadan imkan verməmişdir. Ona görə də o, bunun səbəbini aydınlaşdırmaq üçün Nərminəyə zəng edərək mobil telefonda bu məsələni aydınlaşdırmaq istədiyini bildirmiş, lakin Nərminə ona cavab verməmiş və onun nömrəsini bloka qoymuşdur. Ona görə də o, 26 aprel 2022-ci ildə saat 18 radələrində Nərminənin məşq etdiyi yerə, yəni Səbail rayonu ərazisində olan X17 getmiş və onunla orada görüşmüşdür. Həmin zaman o, Nərminəyə nəyə görə belə etməsinin səbəbini soruşduqda Nərminə onu küçə söyüşləri ilə təhqir etmişdir. Buna görə də Nərminəyə yaxınlaşaraq əlindən tutub kənardan camaat baxdığını deyib onu bir qədər kənara çəkmək istəmişdir. Lakin bu zaman Zərərçəkmiş şəxs onun yaxasından tutub dartaraq əynindəki köynəyini cırmış və təpiklə onu vurub səs-küy salmaqda davam etmişdir. Hətta həmin cırılmış köynəyi hal-hazırda onda qalmaqdadır. Sonra Nərminə əlində olan özünün Nərminəyə kreditlə aldığı “İPhone 13 Pro” markalı mobil telefonla polisə zəng etmək istədikdə o, Nərminənin əlində olan mobil telefonu almışdır ki, polisə zəng etməsin. Bunu görən və kənarda olan bir nəfər şəxs polisə məlumat verəcəyini ona bildirdikdə o, Nərminə ilə ailəli olduğunu demiş, həmin şəxs gedib bu söhbəti evlərində etmələrini tövsiyyə etmişdir. Bundan sonra o, Nərminənin mobil telefonun qaytarıb oradan uzaqlaşmışdır. Həmin zaman ətrafda adamlar olmasını görmüş, lakin onların kimliyini bilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə baş verən yerin ətrafında kameralar mövcuddur. Lakin hazırki vaxta qədər həmin kameralardakı görüntülər əldə edilməmişdir. Hətta ibtidai istintaq zamanı o, həmin kamera görüntülərinin götürülməsi ilə bağlı cinayət işini aparan şəxsə bir neçə dəfə müraciət etmişdir. Təqsirləndirilən şəxs son sözündə özünü təqsirli bilmədiyini, həmin zaman Zərərçəkmiş şəxs vurmadığını, sadəcə olaraq onu sakit olması üçün əlindən tutaraq kənara çəkdiyini, əksinə Zərərçəkmiş şəxs tərəfindən fiziki təziqlərə və nalayiq ifadələrə məruz qaldığını bildirərək ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, X8 ilə 27 dekabr 2019-cu ildə ailə qurmuş və birgə nikahlarından Sara adlı qız övladı dünyaya gəlmişdir. O ailə qurandan az sonra Tofiklə aralarındakı ailə münasibətlərində problemlər yaranmağa başlamışdır. Bundan sonra Tofık evdə onu döyməyə başlamışdır. O da əvvəllər hamilə olduğu üçün Tofikdən qorxmuş, lakin son vaxtlar Tofikin ona qarşı etdiklərinə dözə bilməyib, 17 may 2021-ci il tarixdə Tofıqdən ayrılmışdır. Məhkəmə qərarı əsasında da Tofikin uşaqla görüşünə də icazə verilmişdir. Ayrıldıqdan sonra Tofik onu dəfələrlə təqib edib incitmişdir. 26 aprel 2022-ci ildə saat 19:15 radələridə məşqə getdiyi Səbail rayon ərazisində olan Su idman sarayındakı idman zalından çıxdıqdan sonra evinə getmək üçün özünə məxsus olan avtomobilinə yaxınlaşan zaman Tofik ona yaxınlaşaraq söhbət edərək barışmaq istədiyini bildirmiş, əvvəlcə dil tökərək barışmaq istədyini demiş, lakin o,Tofikə məhəl qoymadığı üçün Tofik onun ünvanına nalayiq sözlər deyərək əli ilə onun sağ qoluna vuraraq xəsarət yetirmişdir. Tofik ona zor tətbiq edərək əlindən avtomobilinin açarını və mobil telefonunu alaraq üzərində gəzdirdiyi bıçağı çıxardıb onu öldürəcəyi ilə hədələmişdir. O da qorxusundan qışqıraraq ətrafdan insanları köməyə çağırmış, bu zaman tanımadığı orada olan idman yoldaşlarından biri 102 nömrəsinə zəng edəcəyini dedikdə, Tofık ondan aldığı telefon və maşının açarını ataraq oradan qaçıb uzaqlaşmışdır. Tofikin ona qarşı etdiyi bu hərəkətə görə o, özünü öldürmək istəmişdir. Bundan sonra o gedib yaşadığı yer üzrə 16cı polis bölməsinə şikayət ərizəsi yazıb vermişdir. Həmçinin Zərərçəkmiş şəxs bildirmişdir ki, o, qızı Sara ilə atası Tofikin görüşünə mane olmamışdır. Bunu işə baxan icra məmuru da subut edə bilər. Bundan əlavə onda, hər həftə Tofiklə qızı Saranın görüşünə aid olan şəkillər də vardır. Hadisə vaxtı ona məxsus telefon yerə düşərək sındığından o, həmin telefonu düzətdirmək üçün Səttərxan adlı tanışının telefon dükanı getmiş lakin Təqsirləndirilən şəxs həmin yerə gələrək onun tanışı Səttərxanı döymüşdür. Sonda Zərərçəkmiş şəxs bildirmişdir ki, hal-hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir və onun cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 məhkəmə-tibb eksperti X9 ifadəsində bildirmişdir ki, iş üzrə məhkəmə tibbi ekspertizasının 04 may 2022-ci il tarixli, “417” saylı rəyi ona məxsusdur və rəyə uyğun olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sağ dirsək oynağının hərəkət məhdudluğu ilə müşayət olunan postravmatik hemotrozu, sağ saidin dərialtı hematoması və sıyrıqları küt əşyanın təsirindən törənmişlər, həmin xəsarətlər ona təqdim edilmiş qərarda göstərilmiş vaxtda yəni, 26 aprel 2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədəni səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına və əmələ gəlmə mexanizminə görə demək olar ki, həmin xəsarətləri şəxsin özü-özünə yetirməsi və öz boyu hündürlüyündən yıxılma nəticəsində əmələ gəlməsi inandırıcı deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 komisyon ekspertizalar şöbəsinin rəisi X5 ifadəsində bildirmişdir ki, 28 iyul 2022-ci il tarixdə təyin edilmiş təkrar məhkəmə-tibbi ekspertizasının 31 avqust 2022-ci il tarixli “681” saylı rəyi ona məxsudur və rəyə uyğun olaraq bildirir ki, vətəndaş Zərərçəkmiş şəxs sağ dirsək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan postravmatik hemartrozu, sağ saidin dərialtı hematoması və sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 26 aprel 2022-ci il tarixdə yetirilə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlər əlçatan nahiyədə yerləşdiyindən onlar istər şəxsin özü, istərsə də kənar şəxs tərəfindən yetirilə bilərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, hadisə baş verən zaman 26 aprel 2022-ci il tarixdə saat təxminən axşam 7-8 radələrində Su İdman sarayının çöldə yerləşən avto dayanacağında köşkün yanında xidmətdə olarkən səs-küy səsləri eşitmişdir. Həmin yerə baxan zaman sonradan adlarının Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxslərin mübahisə etdiyini müşahidə etmişdir. Həmin yerdə bir yaşlı xanım var idi və o, həmin mübahisə edən şəxslərə “ayıbdır mühabisə etməyin” demişdir. Mübahisə əsasən sözlə baş vermişdir. Lakin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaxasında tutduğunu görmüşdür. Hadisə təxminən 4-5 dəqiqə çəkmişdir. Ailə daxili məsələ olduğunu düşünüb onlara müdaxilə etməmişdir. Daha sonra hadisə ilə bağlı öz növbə rəisinə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Su İdman sarayının avto dayanacağında xidmətdə olarkən, digər əməkdaş Şahid1 rabitə vasitəsilə məlumat verərək bildirmişdir ki, avto dayacaqda mübahisə var. Həmin zaman ya ərazidə ya da otaqda olmuşdur. Sonra mübahisə baş verən yerə yaxınlaşmış və iki nəfər şəxsin sadəcə sözlə mübahisə etdiyini görmüşdür. Kiminsə kiməsə əl-qol atmasını görməmişdir. Hadisə yerinə təxmini 1-2 dəqiqəyə çatmışdır. Onunla mübahisə edən şəxslər arasında 10-15 metr məsafə olmuşdur. Hər iki şəxs idman formasında olmuşlar. Bir yaşlı xanım mübahisə edən şəxslərə demişdir ki, “sakitləşin”. Bəy isə cavab vermişdir ki, ailə məsələsidir. Mübahisə təxmini 5-6 dəqiqə davam etmişdir. Bəyin maşını avtodayanacağın çölündə xanımın isə avtodayanacağın daxilində olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı X7 ifadsəsində bildirmişdir ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs yaşadığı ərazinin sahə müvəkkilidir. Ötən ilin yay ayları olardı, əməliyyat qrupunun üzvi olmuşdur. Zərərçəkmiş şəxs növbətçi hissəyə telefonla müraciət edərək ki, keçmiş həyat yoldaşı tərəfindən döyüldüyünü bildimişdir. Onun ünvanına gediləndə qapıda anası, uşağı və özü onları qarşılamışdır. Zərərçəkmiş şəxs bölməyə dəvət etmişlər. İlk əvvəl həyacanlı olduğu üçün həyat yoldaşını tutumamasında onları günahlandırdı, ona ekspertizaya getməsini və təhqiqatçıya ərizə ilə müraciət etməsini izah etmişlər. O, ağlamış, keçmiş həyat yoldaşı tərəfindən döyüldüyünü deyirdi və onun problemlərinin olduğu görünürdü. Xəsarət izləri görünmürdü. Nərminə X1 barəsində əvvəllərdə şikayətləri olmuşdur. Sonuncu hadisə Səbail rayonun ərazisində baş vermişdir. Hadisə yerində olmamışıq və tədqiqatçı tərəfindən müraciət aidiyyəti üzrə baxılması üçün hadisə Səbail rayonuna göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 417 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sağ dirsək oynağının hərəkət məhdudluğu ilə müşayət olunan postravmatik hemotrozu, sağ saidin dərialtı hematoması və sıyrıqları küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədəni səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına və əmələ gəlmə mexanizminə görə demək olar ki, həmin xəsarətləri şəxsin özü-ödüzə yetirməsi və öz boyu hündürlüyündən yıxılma nəticəsində əmələ gəlməsi inandırıcı deyil. İş üzrə 20 iyun 2022-ci il tarixdə təyin edilmiş komisyon məhkəmə-tibbi ekspertizasının 20 iyul 2022-ci il tarixli “T 278/2022”saylı rəyində göstərilmişdir ki, “Vətəndaş Zərərçəkmiş şəxs sağ dirsək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan postravmatik hemartrozu, sağ saidin dərialtı hematoması və sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yetirilə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir”. Xəsarətlər əlçatan nahiyədə yerləşdiyindən onlar istər şəxsin özü, istərsə də kənar şəxs tərəfindən yetirilə bilərdi. İş üzrə 28 iyul 2022-ci il tarixdə təyin edilmiş təkrar məhkəmə-tibbi ekspertizasının 31 avqust 2022-ci il tarixli “681”saylı rəyində göstərilmişdir ki, “Vətəndaş Zərərçəkmiş şəxs sağ dirsək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan postravmatik hemartrozu, sağ saidin dərialtı hematoması və sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yetirilə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir”. Xəsarətlər əlçatan nahiyədə yerləşdiyindən onlar istər şəxsin özü, istərsə də kənar şəxs tərəfindən yetirilə bilərdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış, onun tərəfindən həmin cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələbinə əsasən ittiham konkret olmalıdır. İttiham aktından kənara çıxmaq qadağandır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.20-ci maddəsinə əsasən ittiham - Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə görə sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə cinayət işinin materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, iş üzrə kifayət qədər sübutların toplanılmadığını və toplanmış sübutların müqayisəli təhlili və tədqiqi ilə aparılmış məhkəmə istintaqının nəticələrini nəzərə alaraq hesab edir ki, təqsirliliyi sübuta yetirilmədiyinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə bəraət verilməlidir. Məhkəmə ilk öncə vurğulayır ki, Zərərçəkmiş şəxs hər üç tibbi ekspert rəyində müəyyən edilən xəsarətlərin qərarda göstərilən törənmə müddətində, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi göstərilsə də, ilk növbədə qərarlarda göstərilən şəraitin, yəni Zərərçəkmiş şəxs sağ qoluna vurub ona sağ dirsək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan postravmatik hemartrozu, sağ saidin dərialtı hematoması və sıyrıqları xəsarətinin yetirilməsi əməlinin təqsirləndirilən şəxs tərəfindən edilib-edilməməsi aydınlaşdırılmalıdır. Çünki “Məhkəmə-tibbi ekspertizası təyin etmək barədə” 26 aprel 2022-ci il tarixli, “komisyon məhkəmə-tibbi ekspertizası təyin etmək barədə” 20 iyun 2022ci il tarixli və “komisyon məhkəmə-tibbi ekspertizası təyin etmək barədə” 20 iyun 2022-ci il tarixli qərarların heç bir preyudisial əhəmiyyəti yoxdur. Əgər həmin əməlin törədilməsi təsdiq edilərsə, onda qeyd edilən qərar əsasında alınmış tibbi ekspert rəyləri ittihamın əsasını təşkil edə bilər. Hazırkı iş üzrə ittihamda göstərilənlərə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs sağ dirsək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan postravmatik hemartrozu, sağ saidin dərialtı hematoması və sıyrıqları xəsarəti vardır. Lakin hazırkı ittiham üzrə zərərçəkən Zərərçəkmiş şəxs həmin xəsarətlərin məhz Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi mübahisə doğuran haldır. Həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar vardır. İbtidai istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs məhz həmin tarixdə və şəraitdə xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən yetirilməsinə dair nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamışdır. Beləliklə, məhkəmə qeyd edir ki, ittiham aktında təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Şəxsin təqsirliliyinə dair toplanılmamış, təqsirliliyi sübut olunmayan, əksinə şəxsin təqsirsizliyinə dair işin halları aşağıdakılardan ibarətdir. Belə ki, iş üzrə təqsirləndirilən şəxsə verilmiş ittihamda göstərilən tarixdə, saatda və yerdə hadisənin birbaşa görən şəxslər kimi Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və şahidlər Şahid1 və Şahid2dur. Digər şahid X7 hadisəni birbaşa özü görməmişdir. Həmin şahidin məhz Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs tibbi ekspert rəylərində göstərilən xəsarətin yetirilməsinin şahidi olmamışdır. Həmin şahid ifadəsindəki xüsusatların başqa adamın dilindən eşitdiyini, hadisəni birbaşa görmədiyini bildirir. Belə olan halda həmin şahid ifadəsindən sübut kimi istifadə edilə bilməz və belə ifadə hazırkı ittihamın əsasını təşkil edə bilməz. Lakin iş üzrə sübut kimi qəbul ediləsi ifadələr kimi, hadisənin birbaşa şahidi olmuş şəxslər kimi Təqsirləndirilən şəxs və şahidlər Şahid1 və Şahid2 ifadələrində bildirirlər ki, Tofik və Nərminənin mübahisə etmişlər, həmin yerdə bir yaşlı xanım olmuş və o, həmin mübahisə edən şəxslərə “mühabisə etməyin” demişdir, mübahisə əsasən sözlə baş vermişdir, hadisə təxminən 4-5 dəqiqə çəkmişdir. Ailə daxili məsələ olduğunu düşünüb onlara müdaxilə etməmişdir. İttiham aktında göstərilən xəsarətlərin təqsirləndirilən şəxs tərəfindən törədilməsinə dair yalnız zərərçəkən Zərərçəkmiş şəxs ifadəsi mövcuddur. Zərərçəkmiş şəxsin həmin ifadəsinə qiymət verilməsi və həmin ifadənin ittihamın əsasını təşkil etməsi üçün ilk növbədə əhəmiyyət yetirilməli hallar bunlardır ki, həmin ifadəni verən şəxsin kimə qarşı ifadə verirsə, ona qarşı qərəzli mövqedə olub-olmaması, həmin ifadədə ümumilikdə baş vermiş həqiqəti özündə nə dərəcədə əks etdirməsi, digər sübutlarla müqayisəli şəkildə təhlili zamanı ifadənin ziddiyyətli olub-olmaması aydınlaşdırılmalıdır. İş üzrə Şahid1 ifadəsindən müəyyən olunur ki, o, həmçinin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaxasından tutduğunu görmüşdür. Bununla da Zərərçəkmiş şəxs mübahisənin yaranmasının təşəbbüskarı olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsini təkzib edən halların müəyyən olunmadığını, əksinə həmin ifadənin səmimiliyinə dəlalət edən xüsusatın müəyyən edildiyini nəzərə alır və qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 9 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatının vəzifələri və əsas prinsiplərini tənzimləyən 21.1-ci maddəsinin tələbinə görə, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquqi düşüncəsi ilə həll edirlər. 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 42-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılması üçün bir neçə hallar mövcuddur ki, həmin hallardan da ən azı birinin mövcud olması bəraət hökmü çıxarılması üçün əsasdır. 42.1.4-cü təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə bəraət hökmü çıxarır. 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. 124.1-ci maddəsinə görə, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olubolmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. 138.2-ci maddələrinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror və hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. 349.5.1-ci maddəsinə əsasən, məhkəmə yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayət qanunvericiliyinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İttihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, hakim sübutların qəbul edilənliyini müəyyənləşdirməyə görə cavabdehlik daşıyır. Hakim bu məsələdə İnsan Hüquqları X3 presedent hüququna uyğun olan tərzdə Cinayət Prosessual Məcəlləsinə istinad etməlidir. Məhkəmə bir sıra qərarlarında qeyd etmişdir ki, “əsaslı şübhə yeri qoymayan” sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzib edilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Qaneedici və inandırıcı sübutları təqdim etmək məsələsində sübutetmə yükü ittiham orqanının üzərinə düşür. Hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan Hüquqlarının və X4 X3 6-cı maddəsinin 2-ci bəndində göstərilir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli 217A (İİİ) nömrəli Qətnaməsi ilə qəbul və bəyan edilmiş İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin birinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər bir şəxs ona müdafiə üçün bütün imkanların təmin olunduğu açıq məhkəmə istintaqında günahı qanuni şəkildə sübut olunanadək günahsız hesab edilmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilirki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir” (“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 420.3-cü maddəsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2002-ci il tarixli qərarı). Bu baxımdan məhkəmə hesab edir ki, təqsirliliyi sübuta yetirilmədikdə şəxslərə bəraət verilməsi ədaləti bərqərar etmiş olur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarında göstərilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Göründüyü kimi, hər hansı şəxsin təqsirliliyinin sübuta yetirilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Belə bir vəziyyətdə məhkəmə bir-birinə zidd olan təqsirləndirilən şəxsin, şahidlərin və zərərçəkmişin ifadələrindən, həmin ifadələrdən zərərçəkmiş şəxsin ifadəsinin digər bir sübutlarla təsdiq edilmədiyi halda, ifadəni təsdiqləyən digər sübut olmadığı halda, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların, həmçinin müqayisəli təhlil aparılmalı digər sübutların məcmusu ilə təsdiq olunmadığı halda, həmçinin hadisənin baş verməsində zərərçəkmişin təşəbbuskarı olduğu nəzərə alınmaqla, həmin ifadələrdən yalnız zərərçəkənin ifadəsinə əhəmiyyət verilməsi, digərinə əhəmiyyət verilməməsi Cinayət-Prosessual Məcəlləsinin 33.4-cü maddəsinə əsasən yolverilməz hesab edir. Beləliklə məhkəmə qeyd edir ki, ittiham aktında təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Məhkəmə, həmçinin qanunla müəyyən olunmuş hüquq normalarına əsaslanaraq qeyd edir ki, hər bir cinayət işi üzrə müəyyən edilməli olan halların araşdırılmasında obyektiv mövqedən çıxış etməkdə təkcə ittihamı sübut edən sübutların toplanması deyil, həmçinin ittihamı təkzib edən məlumatların toplanması vacib və zəruridir. İbtidai araşdırma orqanı tərəfindən yalnız ittihamedici sübutların toplanması, bəraətverici sübutların toplanmasına səylər göstərilməməsi cinayət işinin birtərəfli, natamam, ittiham istiqamətində aparılmasına və qanunçuluğun, hüquq qaydasının, eləcə də insan hüquq və azadlıqlarının pozulmasına səbəb olması anlamına gəlinməsinə əsas verir. Bununla yanaşı, əldə edilmiş sübutlar təqsirləndirilən şəxsin məhkum olunması ehtimalına bəraət ehtimalından qüvvətli təsir göstərə bilmirsə həmin sübuta yetərli şübhə kimi yanaşılmalı, konkret ziddiyyət təşkil etməyən məlumatlara, sənədlərə və əşyalara söykənməyən təxminlər, fərziyyələr, ehtimallar sübutun həqiqiliyi kimi qəbul edilməməli və qiymətləndirilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, habelə istintaq materiallarını, zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini müqayisəli şəkildə təhlil və tədqiq edərək belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsilə irəli sürülmüş ittiham üzrə sübut qismində təqdim edilmiş məlumatlar əsasında müəyyən olunmuş və işin faktiki hallarına uyğun olmayan şübhəli, ziddiyyətli məqamların digər sübutlarla aradan qaldırılması mümkün olmadığından, həmin sübutların ittihamın əsası kimi qəbul edilməsi yolverilməzdir və bu hallar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış, məhkəmə iclaslarında tədqiq edilmiş sübutları bir daha təhlil edib, məhkəmə istintaqının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan ittiham üzrə, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində 12 oktyabr 2022-ci il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. İş üzrə mülki iddia, maddi sübut, üzərinə həbs qoyulmuş əmlak və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 344-350, 352-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-37/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-37/2023
07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver