Məhkəmə qərarları › İş №1(009)-38/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-38/2021

18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-38/2021 18.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X4 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin nümayəndəsi: Fərdi qaydada fəaliyyət göstərən vəkil X2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində 18 may 2021-ci il tarixdə saat 10:00-da xx xxxxxx 1971-ci ildə Kəlbəcər rayonu, Qalaboyun kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Qalaboyun kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 161 Ada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən X10 tamah məqsədi ilə ünvan 1 ünvanda yerləşən lombard fəaliyyəti ilə məşğul olan hüquqi şəxs “xxxx” MMC-nin qanuni təmsilçisi Zərərçəkmiş şəxs etibarını qazanaraq sonuncuya məxsus olan qızıl-zinət əşyalarının lombarda girovda qoyulması müqabilində hissə-hissə yəni 05 may 2014-cü il tarixdə 6.500 manat və 2014-cü ilin axırlarında 3.500 manat pulu hər ay ümumi məbləğin 5%-ni əlavə ödəyəcəyinə qabaqcadan yalandan vəd verərək, götürdüyü öhdəliyi yaranan zamana qədər yerinə yetirmək niyyəti olmadan “xxxx” MMC-yə məxsus 10.000 manat pulu əvəzsiz və qanunsuz özünün xeyirinə ələ keçirmiş və bu yolla zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 10.000 (on min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə ittiham olunmuşdur. İşin halları: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X12, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, ailəsinə çörək pulu qazanmaq üçün Bakı şəhəri, Binəqədi rayonunda mal-qara alıb satışı ilə məşğul olurmuş. O, 2013-cü ildən Kəlbəcər rayonundan olan Bəhlul Həsənovu tanıyır və onunla münasibəti vardır. Bəhlul Həsənovun ferması vardır, o, mal-qara saxlayıb kökəldikdən sonra satışı ilə məşğul olurmuş. 2014-cü ildən Bəhlul Həsənov fermasından iri buynuzlu heyvanlar gətirib ona verirmiş, o, iri buynuzlu heyvanları ət mağazasına kəsib satmaq üçün verirmiş, heyvan satılandan sonra Bəhlul Həsənovun pulunu verirmiş. Bundan sonra o, qərara gəlmişdir ki, mal-qaranı özü alıb Binəqədi rayonunda ət mağazalarına satar. Bundan sonra o, pul axtarmağa başlamış və bunu Bəhlul Həsənova demişdir. Bəhlul Həsənov bir nəfərlə yaxın münasibəti olduğunu, gedib götürərməyini, ancaq həmin pulu tez vermək lazım olduğunu demişdir. Bundan sonra Bəhlul Həsənov kiməsə zəng vurub danışmış və ona ünvanı demişdir. O, da Bəhlul Həsənovun dediyi ünvanda yerləşən “xxxx” MMC-yə gəlmiş və “xxxx” MMC-də işləyən Osman adlı şəxslə görüşmüş və gəlişinin məqsədini bildirmişdir. Bundan sonra Osman ona pul verməmişdən qabaq şərtləri izahat etmişdir. O, Osmanın şərtləri ilə razılaşmış və 05 may 2014-cü ildə aylıq 5 % olmaq şərti ilə 6.500 (altı min beş yüz) manat ssuda götürmüş, o, 6.500 (altı min beş yüz) manatı ssuda götürdüyü üçün Osman tərəfindən “Girov Bileti” yazılmışdır. Həmin “Girov bileti” onunla “xxxx” MMC arasında bağlanan müqaviləni əvəz edirmiş. Təxminən 6-7 aydan sonra 3.500 (üç min beş yüz) manat pul lazım olduğu üçün yenidən “xxxx” MMC-dən eyni qayda ilə 3.500 (üç min beş yüz) manat ssuda götürmüşdür. Bundan sonra o, 06 mart 2015-ci ilə kimi aylıq “xxxx” MMC-yə ödənişini etmişdir. O, 2015-ci ildən Bərşad adlı şəxs satdığı mal-qaranın pulu vermədiyi üçün “xxxx” MMC-nin aylıq ödənişini ödəyə bilməmişdir. Bundan sonra bir neçə dəfə Osman və Bəhlul Həsənov ona zəng vurub bildirmişlər ki, “xxxx” MMC- yə olan borcunu ödə. O, da Osmandan xahiş etmişdir ki, onun faiz borcunu saxlasınlar, əlinə pul düşəndən sonra gətirib ödəyəcəkdir. Təqsirləndirilən şəxs X3 sözündə himayəsində bir azyaşlı övladının olmasının və özünün təqsirli bilməməsinin, ona bəraət verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, “xxxx” MMC-nin qurucusudur və fərdi bankın faizindən əlavə faiz qoyaraq müştərilərə ssuda formasında kredit verir. O, 2012-ci ildən X11 uzun müddət tanışı və dostu olan İmamverdi Cəfərovun vasitəsi ilə tanımış və həmin ildə Bəhlul Həsənov ssuda verilməsi ilə əlaqədar “xxxx” MMC-yə müraciət etmişdir. İmamverdi Cəfərova həmişə inamı və etibarı olmuşdur. Bəhlul Həsənov ona bildirmişdir ki, onun girov qoymağa heç bir qızılı yoxdur, lakin dostunun adına olan evi etibarnamə ilə “xxxx” MMCyə etibarlıq münasibətlərin olması üçün sənədlərini təqdim edə bilər. Bəhlul Həsənov əlavə olaraq bildirdmişdir ki, ona ssuda veriləcəyi təqdirdə neçə illər məşğul olduğu maldarlıq təsərrüfatı ilə məşğul olacaq, Gürcüstandan neçə illər ərzində mal-qara gətirir və bu işi bilir. O, İmamverdi Cəfərova görə Bəhlul Həsənova etibar etmiş və Bəhlul Həsənova təxminən 100.000 (yüz min) manat ssuda vermişdir. Bəhlul Həsənov aldığı ssudanın aylıq faiz pulunu vaxtlı-vaxtında ödəyirmiş. 2014-cü ilin yanvar ayında Bəhlul Həsənov “xxxx” MMC-dən yenidən 20.000 (iyirmi min) manat, 2014-cü ilin fevral ayında 15.000 (on beş min) manat ssuda götürmüşvə Bəhlul Həsənov götürdüyü ssudaların aylıq faizləri üzrə ödənişlərini edirmiş. Bundan sonra Bəhlul Həsənov ayrı-ayrı vaxtlarda özü ilə Üzeyir Rüstəmov, Azər Səmədli, Təqsirləndirilən şəxs gətirib onunla tanış etmiş və bildirmişdir ki, həmin şəxslər “xxxx” MMC-dən ssuda götürmək istəyirlər, həmin şəxslər heç bir problem olmadan ödənişlərini edəcəklər. Bundan sonra Üzeyir Rüstəmov 50.000 (əlli min) manat, Azər Səmədli 20.000 (iyirmi min) manat və Təqsirləndirilən şəxs isə 10.000 (on min) manat “xxxx” MMC-dən ssudan götürmüşlər. Qeyd olunan şəxslər hər ay faiz borclarını, Azər Səmədli isə fazi və əsas borcdan ödənişlər edirmiş. Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 14 iyul 2017-c il tarixə olan dövr ərzində “xxxx” MMCyə əsas borcu 10.000 (on min) manat, faiz borcu 14.000 (on dörd min) manat, vurduğu ziyan 6.020 (altı min iyirmi) manat olmaqla ümumi məbləğ 30.020 (otuz min iyirmi) manat təşkil edir. X8 “xxxx” MMC-yə olan 10.000 manat məbləğində əsas borcunun cinayət nəticəsində vurulmuş ziyan, audit rəyində və onun ifadəsində göstərilmiş 14.000 (on dörd min) manat faiz borcu və 6.020 (altı min iyirmi) manat vurduğu ziyanın, cəmi 20.020 manat məbləğin isə əldən çıxan fayda kimi qiymətləndirilməsi, əldən çıxan faydanın mülki mübahisə olduğundan bu baradə məhkəməyə müraciət etmək hüququ ona tövsiyə olunduğundan, Təqsirləndirilən şəxs qarşı “xxxx” MMC-nin 20.020 manat əldən çıxan faydaya görə Təqsirləndirilən şəxs həmin əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi ona izah edilmişdir. “xxxx” MMC-nin 20.020 manat əldən çıxan faydaya görə Təqsirləndirilən şəxs qarşı iddiaçı olduğunu istintaq orqanına bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasının, onunla barışdığının, təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın tam ödənilməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 1995-ci ildə Zərərçəkmiş şəxs onu “X20”ndə qəbulçu, yəni qızıl-zinət əşyalarını qəbul edən kimi işə götürmüşdür. 2008-ci ildən həmin birliyin adı dəyişdirilərək “xxxx” MMC olmuşdur. 2008-ci ildən o, xxxx MMC-nin baş direktorunun müavini vəzifəsində işləyir, Zərərçəkmiş şəxs isə baş direktor vəzifəsində işləyir. “xxxx” MMC əsasən lombard xidməti ilə məşğul olur, müştəri girov qoyub 3 ay müddətində müqavilə əsasında müəyyən məbləğdə ssudanı 5 faizlə götürür, 3 ay müddətində əsas pul ödənilmədikdə müqavilənin müddəti 3 ay əlavə artırılır. “xxxx” MMC pulları müqavilə əsasında “Turan” banka daşınmaz əmlak girov qoyaraq illik 20 faiz olmaqla müəyyən məbləğdə kredit götürüb lombar fəaliyyətini davam etdirirlər. O, 2005-ci ildən X6 Zərərçəkmiş şəxs görə tanımış, İmamaverdi Cəfərov “xxxx” MMC-dən müxtəlif vaxtlarda girov qoyaraq müxtəlif mübləğlərdə pul götürmüş və həmin pulları faizi ilə birlikdə qaytarmışdır. X16 Qurbanova ilə dostluq münasibəti vardır və Zərərçəkmiş şəxsmn İmamverdi Cəfərova böyük inamı və etibarı vardır. O, da İmamverdi Cəfərovu tanıyır və onun da İmamverdi Cəfərovla normal münasibəti vardır. 2012-ci ildə İmamverdi X1 ilə “xxxx” MMC-yə gəlib daş direktor Zərərçəkmiş şəxs ilə danışmışlar. Bu danışıqlardan sonra Zərərçəkmiş şəxs ona demişdir ki, X22 Cəfərovun yaxın dostudur, Bəhlul Həsənova pul lazımdır, Bəhlul Həsənovun girov qoymağa qızılı yoxdur, ancaq dostunun adına olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən evi etibarnamə ilə onun adına keçirə bilər. Evin sənədlərini lombarda təqdim edəndən sonra Bəhlul Həsənova aylıq 5 faiz olmaqla 100.000 (yüz min) manat verilsin. 27 noyabr 2012-ci ildə Bəhlul Həsənov dostunun adına olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Abdulla Abdullayev küçəsi, ev 4, 18 saylı mənzili notarial qaydada ona mülki etibarnamə vermiş, həmin evin sənədlərini lombarda təqdim edəndən sonra o, Zərərçəkmiş şəxsmn razılığı ilə Bəhlul Həsənova girov- müqaviləsi əsasında 100.000 (yüz min) manat vermişdir. Həmin vaxtı Bəhlul Həsənov bildirmişdir ki, Gürcüstandan neçə illər ərzində mal-qara gətirdiyi işi genişləndirəcək və mal-qaranı alıb kökəldib satışı ilə məşğul olacaqdır. Bundan sonra Bəhlul Həsənov vaxtlı-vaxtında götürdüyü pulu faizi ilə birlikdə qaytarmış və dostunun adma olan evin sənədlərini lombarddan götürmüşdür. 2013-cü ilin avqust ayında Zərərçəkmiş şəxsmn razılğı ilə Bəhlul Həsənova girov qoymadan ilkin olaraq aylıq 5 faiz olmaqla 10.000 (on min) manat, 2014-cü ilin yanvar ayında Bəhlul Həsənova aylıq 5 faiz olmaqla 20.000 (iyirmi min) manat, 2014-cü ilin fevral ayında aylıq 5 faiz olmaqla 15.000 (on beş min) manat pulu kreditə götürmüşdür. Həmin vaxta kimi Bəhlul Həsənov aylıq faizləri vaxtlı-vaxtlında ödəyirmiş. 2014-cü ilin mart ayında Bəhlul Həsənov özü ilə birlikdə Azər Səmədli, Üzeyir Rüstəmov və Təqsirləndirilən şəxs gətirib Zərərçəkmiş şəxs ilə tanış etmiş və söhbətlərindən belə başa düşmüşdür ki, həmin şəxslərə pul lazımdır, ancaq həmin şəxslərin girov qoymağa qızılı və daşınmaz əmlakı yoxdur, Bəhlul Həsənov söhbət zamanı bildirmişdir ki, həmin şəxslərə özü zamindir, onların ödənişlərində heç bir problemin olmayacağım söz vermişdir. Zərərçəkmiş şəxs Bəhlul Həsənova inandığı və etibar etdiyi üçün özünə məxsus qızıllarını lombarda girov qoymuş və 2014-cü ilin mart ayında Zərərçəkmiş şəxsmn razılığı ilə Təqsirləndirilən şəxs girov qoymadan ayda 5 fazi olmaqla 10.000 (on min) manat kreditə verilmiş və onunla həmin şəxslər arasında müqavilə,yəni girov bileti tərtib edilmişdir. Bundan sonra həmin şəxslər aldığı pulların faizini vaxtlı- vaxtında ödəyirmişlər. 2015-ci ildən X13 əsas və faiz pulları ödəməmişlər. Bundan sonra onunla əlaqə saxlamışdır ki, niyə faizi və əsas borcu ödəmirsiniz. Oda bahənə gətirmişdir ki, ödəyəcək, ancaq həmin şəxs pulu ödəmirdi. Bundan sonra Zərərçəkmiş şəxs Bəhlul Həsənovla əlaqə saxlamışdır ki, sən həmin şəxsi lombara gətirdin və söz verdin ki, həmin şəxsə girovsuz ssuda ver, vaxtlı-vaxtında pulları ödəyəcək, ancaq həmin şəxs faizi və əsas borcu ödəmir. Bəhlul Həsənovda demişdir ki, narahat olma danışaram, həmin şəxsin onada borcu vardır, ancaq ödəmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərilmişdir, o, Azərbaycan Respublikası Auditor Palatasının auditoru vəzifəsində işləyir. 14 iyul 2017-ci il tarixdə “xxxx” MMC-nin baş direktoru Zərərçəkmiş şəxs sifariş edərək işlədiyi lombardın auditini aparmasını bildirmişdir. Buna görə Zərərçəkmiş şəxs ilə müqavilə bağlanmış və müqaviləyə əsasən “xxxx” MMC-də direktor vəzifəsində işləyən Zərərçəkmiş şəxs, direktor müavini Şahid2 və baş mühasib işləyən X7 iştirakı ilə audit yoxlaması aparılmışdır. Keçirilən audit yoxlamasının nəticlərinə görə Təqsirləndirilən şəxs 14 iyul 2017-c il tarixə olan dövr ərzində “xxxx” MMC-yə əsas borcu 10.000 (on min) manat, faiz borcu 14.000 (on dörd min) manat, vurduğu ziyan 6.020 (altı min iyirmi) manat olmaqla ümumi məbləğ 30.020 (otuz min iyirmi) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 29 iyun 2018-ci il tarixli diskə baxış protokolundan görünür ki, diskdə X14 iləı Şahid2 arasında danışıqlar vardır. Protokolda Osman (O), Bəhlul (B) olaraq qeyd edilmişdir. Protokolda həmçinin aşağıdakı mətn “... (O) - qardaş ... 7650 Azərindi, 10.000 də Fizulinindi. (O) - yalan deyir görmürsən sizə yekə buxalteriya açmışam, sizdə otur bura bax verdiyim pul hara xərclənif, indi faizdən danışmıram ... 10.000 Fizulinindi, 7650 manat Azərindi. ... Bunlarında bax 2-si aydan bəri Azər verməyib. (B) - bunlar məni cırnatmasınlar, nə xxxx xanım, nə İmamverdi. Onlar çox güman ki, onları həll edəcəm, özümüzün, Azərin Fizulinin laçınlıların ferması satılmır, girovnan onları həll edəcəm, Azərin tanışı var, Azərin 42000 pulu var öz aralarında razılaşacaqlar” əks etdirilmişdir. Təqsirləndirilən şəxs adına tərtib edilmiş 06 mart 2015-ci il tarixli girov biletinin surətindən görünür ki, ona həmin gün “xxxx” MMC tərəfindən 10.000 (on min) manat ssuda verilmişdir. 14 iyul 2017-ci il tarixli müstəqil auditorun rəyindən görünür ki, Təqsirləndirilən şəxs 14 iyul 2017-c il tarixə olan dövr ərzində “xxxx” MMC-yə əsas borcu 10.000 (on min) manat, faiz borcu 14.000 (on dörd min) manat, vurduğu ziyan 6.020 (altı min iyirmi) manat olmaqla ümumi məbləğ 30.020 (otuz min iyirmi) manat təşkil edir. Məhkəmə-fonoskopik ekspertizasının 22 aprel 2019-cu il tarixli 4817 nömrəli rəyindən görünür ki, 1. Ekspertizaya təqdim olunmuş 1 ədəd CD diskdə və 1 ədəd “Xiaomi” markalı mobil telefonda olan mübahisəli fonoqramda danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazı mətnlərindən ibarətdir. 2. Ekspertizaya təqdim olunmuş 1 ədəd CD diskdə və 1 ədəd “Xiaomi” markalı mobil telefonda olan mübahisəli fonoqramda danışıqlarda iştirak edən Kİ və K2 diktorlarının danışıq materialı eyniləşdirici tədqiqat üçün yararlıdır. 3. Ekspertizaya təqdim olunmuş 1 ədəd CD diskdə və 1 ədəd “Xiaomi” markalı mobil telefonda olan mübahisəli fonoqramda danışıqların tədqiqi hissəsində verilən yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi eyni bir şəxsə - Şahid2 məxsusdur. 4. Ekspertizaya təqdim olunmuş 1 ədəd CD diskdə və 1 ədəd “Xiaomi” markalı mobil telefonda olan mübahisəli fonoqramda danışıqların tədqiqi hissəsində verilən yazılı mətnlərində “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi eyni bir şəxsə məxsusdur. 5. Ekspertizaya təqdim olunmuş 1 ədəd CD diskdə və 1 ədəd “Xiaomi” markalı mobil telelonda olan mübahisəli fonoqramdakı danışıqlarda montaj əlamətləri müəyyən edilmədi. Məhkəmə-mühasibatlıq ekspertizasının 05 oktyabr 2020-ci il tarixli 9/3397 rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, sərbəst auditor tərəfindən tərtib olunmuş audit hesabatı və iş materiallarında göstərilənlər nəzərə alındığı təqdirdə Təqsirləndirilən şəxs 06 iyul 2017-ci il tarixdən 14 sentyabr 2018-ci il tarixə “xxxx” MMC-yə olan əsas borcunun məbləği 10.000,0 manat, faiz borcunun məbləği isə 6833,33 (10000,00 x 5% : 30 (aylıq gün sayı x 410 (ümumi gün sayı) manat təşkil edir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən “xxxx” MMC-yə 8000 manat ziyan ödənilmişdir Təqsirləndirilən şəxs himayəsində 02 senyarbr 2010cu il tarixli X18 adlı azyaşlı övladı var. 2 saylı Yataqxananın Komendantının xasiyyətnaməsindən görünür ki, X15 müsbət xarakterizə olunur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibinin mövcudluğu məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış onun tərəfindən həmin cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui- istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Bundan başqa həmin qərarda məhkəmələrə tövsiyə edilir ki, dələduzluqla bağlı cinayət işlərinə baxarkən işin bütün hallarını tam, hərtərəfli və obyektiv araşdırsınlar və belə araşdırma nəticəsində təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxslə zərər çəkmiş kimi tanınmış şəxs arasında mübahisənin mülki münasibətlərdən irəli gələn mübahisə kimi mülki mühakimə icraatı qaydasında həll edilməli olmasını, bu səbəbdən şəxsin əsassız olaraq cinayət məsliyyətinə cəlb edilməsini, habelə dövlət orqanlarının vəzifəli şəxslərinin fəaliyyətindəki çatışmazlıqların və ya səhvlərin dələduzluq cinayətinin törədilməsinə səbəb olduğunu və şərait yaratdığını müəyyən etdikdə dövlət orqanlarının, o cümlədən cinayət təqibini həyata keçirmiş orqanların vəzifəli şəxsləri haqqında xüsusi qərarların çıxarılmasını və bu qərarların tabeçilik qaydasında müvafiq dövlət və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və Azərbaycan Respublikasının Baş Prokuroruna göndərilməsini təmin etsinlər. Dələduzluq cinayətinin dizpozisiyasında qeyd olunur ki, dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui- istifadə yolu ilə dələduzluq. Burada aldatma dedikdə, həm həqiqətin şüurlu surətdə təhrif edilməsi, saxtalaşdırılması (aktiv aldatma), həm də həqiqət haqqında susma (passiv aldatma) başa düşülür. Həqiqətin təhrif edilməsi dedikdə, təqsirkarın müəyyən faktların movcud olması və ya olmaması barədə yalan məlumat verməklə zərərçəkmişi aldadaraq ondan əmlakı könüllü şəkildə ələ keçirməyə nail olması başa düşülür. Həqiqət barədə susma dedikdə təqsirkarın xəbər verilməsi zəruri olan məlumatları və ya halları gizlətməklə, zərərçəkmişə bildirməklə onu aldadaraq əmlakı könüllü şəkildə ələ keçirməyə nail olması başa düşülür. Həqiqət barədə susma dedikdə təqsirkarın xəbər verilməsi zəruri olan məlumatları və ya halları gizlətməklə, zərərçəkmişə bildirməklə onu aldadaraq əmlakı könüllü şəkildə ələ keçirməyə nail olması başa düşülür. Bu baxımdan əgər məlumatların saxtalaşdırılmasının və ya xəbər verilməsi zəruri olan məlumatların gizlədilməsinin təqsirkar tərəfindən qabaqcadan düşünülərək edilməsi müəyyən olumazsa, onda dələduzluq cinayəti olmayacaqdır. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrilə müəyyən edilir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasından yaranmış mübahisə birmənalı olaraq mülki münasibətlərdən irəli gələn məsələdir və kredit müəssisəsindən kredit götürmüş, ona hesablanmış əsas və faiz borclarını qaytarmış və bundan yayınmaqda niyyəti olmamışdır. Məhkəmə bu qənaətə gələrkən nəzərə almışdır ki, Təqsirləndirilən şəxs kredit formasında borca pul verilməsini Zərərçəkmiş şəxs hər ikisinin tanışı X14 xahiş etmişdir, ilk dəfə 6500 manat, sonram 3500 manat kreditə pul götürmüş, lombarddan pul götürərkən Zərərçəkmiş şəxs görməmişdir, onların arasında girov barədə söhbət edilməmiş. Bununla belə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs münasibətdə götürülmüş öhdəlik yerinə yetirilmiş, borc məbləği tam ödənilmiş, sonuncu təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Göründüyü kimi tərəflərin arasında yaranmış münasibətlər mülki xarakter daşıyır və həmin münasibətlər məhz Azərbaycan Respublikasının mülki qanunvericiliyinin müddəaları ilə tənzimlənməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin təlləblərinə görə: 2.2. Mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, iş üzrə zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs göstərilsə də, Təqsirləndirilən şəxs ona qarşı dələduzluq cinayəti törətməsi məhkəmədə təsdiqini tapmadı. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs ümumiyyətlə Zərərçəkmiş şəxs ilə təmasda olmamış, belə ki, pul axtarmaq üçün Bəhlul Həsənova demişdir. Bəhlul Həsənovun dediyi ünvanda yerləşən “xxxx” MMC-yə gəlmiş və “xxxx” MMC-də işləyən Osman adlı şəxslə görüşmüşdür. Osman adlı şəxsdən 6.500 (altı min beş yüz) manat ssuda götürmüş, Təxminən 6-7 aydan sonra 3.500 (üç min beş yüz) manat pul lazım olduğu üçün yenidən “xxxx” MMC-dən eyni qayda ilə 3.500 (üç min beş yüz) manat ssuda götürmüşdür. Bundan sonra o, 06 mart 2015-ci ilə kimi aylıq “xxxx” MMC-yə ödənişini etmişdir. O, 2015-ci ildən Bərşad adlı şəxsə satdığı mal-qaranın pulu vermədiyi üçün “xxxx” MMC-nin aylıq ödənişini ödəyə bilməmişdir. Onların arasında girov barədə söhbət edilməmiş, onun girovdan və tərtib olunmuş girov biletindən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs "xxxx" MMC-dən borc götürməsinin Bəhlul Həsənovun xahişi ilə baş tutduğunu, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs əvvəllər bir-birilərini tanımamasını, onların arasında əvvəllər heç bir etibarlı münasibətlərin olmamasını, eləcə də cinayət qanunvericiliyin ifadə etdiyi mənaya görə dələduzluq cinayətləri zamanı kriminal niyyətin cinayət əməlindən əvvəl yaranmalı olmasının zəruri hüquqi şərt olmasını nəzərə alsaq, bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməsindən yaxud onu aldatmasından söhbət gedə bilməz. Məhkəmə həmçinin vurğulayır ki, ittiham tərəfinin vurulmuş zərərlə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməməməsi ilə yanaşı, zərərçəkmiş şəxsin ərizəsindən göründüyü kimi təqsirləndirilən şəxs aldığı pulları tam ödəyib. Təqsirləndirilən şəxs "xxxx" MMC-dən götürülən 10000 manat borcla bağlı Təqsirləndirilən şəxs həmin borcu aylıq 5 % lə birlikdə tam qaytardığını bildirmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, hazırki ittihamla bağlı tərəflərin arasında yaranmış mübahisə mülki münasibətlərdən, kredit öhdəliklərindən irəli gəlir və hazırki ittihamla bağlı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cümaddəsi ilə nəzərdə tutulan cinayətin tərkibi mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 9 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatının vəzifələri və əsas prinsiplərini tənzimləyən 21.1-ci maddəsinin tələbinə görə, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquqi düşüncəsi ilə həll edirlər. 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 42-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılması üçün bir neçə hallar mövcuddur ki, həmin hallardan da ən azı birinin mövcud olması bəraət hökmü çıxarılması üçün əsasdır. 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi olmadıqda bəraət hökmü çıxarılır. 42.2.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda məhkəmə bəraət hökmü çıxarır. 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. 124.1-ci maddəsinə görə, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olubolmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub- olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. 134.1-ci maddəsinə əsasən, istintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların bilavasitə qavranılmasını təsdiq edən və bu Məcəlləyə uyğun yazılı formada tərtib edilmiş sənədlərdir. 134.2-ci maddəsinin 134.2.11 və 134.2.13 bəndlərinə görə, cinayət prosesini həyata keçirən orqan tərəfindən bu Məcəlləyə müvafiq tərtib edilmiş aşağıdakı istintaq hərəkətlərinin protokolları sübut kimi istifadə oluna bilər: dindirmə, üzləşdirmə və ifadəni yerində yoxlama; istintaq eksperimenti. 138.2-ci maddələrinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən,şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. 349.5.1-ci maddəsinə əsasən, məhkəmə yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayət qanunvericiliyinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İttihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, hakim sübutların qəbul edilənliyini müəyyənləşdirməyə görə cavabdehlik daşıyır. Hakim bu məsələdə İnsan Hüquqları X5 presedent hüququna uyğun olan tərzdə Cinayət Prosessual Məcəlləsinə istinad etməlidir. Məhkəmə bir sıra qərarlarında qeyd etmişdir ki, “əsaslı şübhə yeri qoymayan” sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzib edilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Qaneedici və inandırıcı sübutları təqdim etmək məsələsində sübutetmə yükü ittiham orqanının üzərinə düşür. Hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan Hüquqlarının və X9 X5 6-cı maddəsinin 2-ci bəndində göstərilir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilirki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasina dair" 29 yanvar 2004- cü il tarixli Qərarındagöstərilirki, "təqsirləndirilən şəxsin özünə qarşı ifadə verməyə məcbur edilə bilməməsinə dair konstitusiya norması ədalətli məhkəmə baxışını, fərdin azadlıq konstitusiya hüququnu, təqsirsizlik prezumpsiyasını, şəxsi toxunulmazlığı təmin edən mühüm təminatlardan biridir. "Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə görə də hər kəs ona qarşı irəli sürülən hər hansı bir ittihama baxılması zamanı tam bərabərlik əsasında digər təminatlarla yanaşı, özünə qarşı ifadə verməyə və ya təqsirini boynuna almağa məcbur edilməməlidir. Həmin Qərarda qeyd edilirki, özünə qarşı ifadə verməyə məcbur edilməmək hüququ şübhəli və ya təqsirləndirilən şəxsin öz təqsirini etiraf etməyə məcbur edilməsinin qarşısını almağın mühüm təminatıdır. Lakin bu hüquq mütləq deyil, onun hədləri hər bir konkret halda fərdin, cəmiyyətin və dövlətin maraqları arasında dəqiq vəədalətli balans əsasında müəyyənləşdirilməlidir. Hadisənin baş verməsinə səbəb olan şəxsin hərəkətlərində (yaxud hərəkətsizliyində) cinayət tərkibi olarsa, bir qayda olaraq cinayət işinin başlamasından sonra şəxsin statusundan asılı olaraq müvafiq cinayət-prosessual hüquqları, o cümlədən özünə qarşı ifadə verməmək hüququ yaranır və bu hüquqlar cinayət prosesinin bütün mərhələlərində təmin olunmalıdır.” Ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, «ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir» («Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 420.3-cü maddəsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2002-ci il tarixli qərarı).Bu baxımdan məhkəmə hesab edir ki, təqsirliliyi sübuta yetirilmədikdə şəxslərə bəraət verilməsi ədaləti bərqərar etmiş olur. "Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 N°-li Qərarının 2-ci bəndində qeyd olunur ki, izah edilsin ki, məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə təhqiq olunan sübutlara əsaslana bilər. Qanunun məzmununa görə, məhkəmə öz nəticələrini şərh edərkən, iş üzrə toplanılan, lakin məhkəmə iclasında təhqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Müttəhimin, zərərçəkmişin, şahidlərin təhqiqat, ibtidai istintaq və ya başqa məhkəmə iclasında verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisəli şəkildə təqiq edilmiş olsun. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli 217A (İİİ) nömrəli Qətnaməsi ilə qəbul və bəyan edilmiş İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 3-cü maddəsinə əsasən hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Həmin Bəyannamənin 7-ci maddəsinə görə, bütün insanlar qanun qarşısında bərabərdirlər və qanun tərəfindən bərabər müdafiə hüququna malikdirlər. Bütün insanlar bu Bəyannaməni pozan hər hansı ayrı-seçkilikdən və belə ayrı-seçkiliyə hər hansı cəhddən eyni dərəcədə müdafiə olunma hüququna malikdirlər. Həmin Bəyannamənin 8-ci maddəsinə görə, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Həmin Bəyannamənin 9-cu maddəsinə görə, heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz. 11-ci maddəsinin birinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər bir şəxs ona müdafiə üçün bütün imkanların təmin olunduğu açıq məhkəmə istintaqında günahı qanuni şəkildə sübut olunanadək günahsız hesab edilmək hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış, məhkəmə iclaslarında tədqiq edilmiş sübutları bir daha təhlil edib, məhkəmə istintaqının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham üzrə, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə habelə belə hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən iş üzrə məhkəmə xərci - keçirilmiş məhkəmə ekspertizasının dəyərini təşkil edən 100 (yüzi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Məhkəmə, eyni zamanda, CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 42.2.2, 344-350, 352-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə xərci - keçirilmiş məhkəmə ekspertizasının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat pul vəsaiti dövlət büdcəsindən tutulub, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına keçirilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar