Məhkəmə qərarları › İş №1(009)-392/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-392/2025

12.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-392/2025 12.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Səfərova Nübar Seyfəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Masallı rayonunun Borasel kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 08 dekabr 2025-ci il tarixdə, saat 23:50 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan yolu 10 ünvanda yerləşən “Era” kafesinin sanitar qovşağında şəxsi münasibətlərinin pozulması zəminində onunla həmin kafedə birlikdə istirahət edən tanışı Zərərçəkmiş şəxs ilə mübahisə edərək sonuncunun sifətindən yumruq zərbələri ilə vuraraq ona alın nahiyyəsinin sağ yarısının və sağ üst göz qapağının hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 19:00 radələrində o, tanıdığı İlahə adlı xanıma zəng vurub 20ci sahədə yerləşən “Era” adlı kafeyə dəvət etmişdir. Kafedə oturub yeyib içmişlər. Təxminən saat 23:50 radələrində İlahə oturduqları masadan qalxıb sanitar qovşağa getmişdir. O da İlahənin arxasınca öz təbii ehtiyacını ödəmək üçün sanitar qovşağa getmişdir. Sanitar qovşağının qapısının önünə çatan zaman İlahənin sanitar qovşağdan çıxdığını görmüşdür. Orada İlahə onunla birlikdə sanitar qovşağa girməyini istəmişdir. O, bunun düzgün olmadığını, onunla sanitar qovşağa girə bilməyəcəyini deyib, İlahəyə “məni ora cinsi əlaqədə olmağa çağırırsan” deyə sual vermişdir. Bu sözü İlahəni qəzəbləndirmiş və İlahə ona get ananla bacınla cinsi əlaqədə ol deyə bildirmişdir. Bu sözdən sonra o, İlahənin göz nahiyyəsinə yumruq zərbəsi vuraraq xəsarət yetirmişdir. Hadisə 08 dekabr 2025-ci il tarixdə saat 23:50 radələrində, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu 10 ünvanda yerləşən “Era” kafesinin sanitar qovşağının daxilində baş vermişdir. Hesab edir ki, həmin vaxt spirtli içkinin təsirindən onunla Zərərçəkmiş şəxs arasında anlaşılmazlıq baş vermişdir. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaqda bildirmişdir ki, 08 dekabr 2025-ci il tarixdə saat 19:00 radələrində tanıdığı Cavid adlı şəxsin dəvəti ilə 20-ci sahədə yerləşən “Era” adlı kafeyə getmişdir. Kafedə o, Cavidlə birlikdə bir neçə saat oturub yemək yeyib spirtli içki qəbul etmişdir. Həmin vaxt o, kafedə olan tanışına salam vermiş, buna görə Cavid spirtli içkinin təsirində olduğu üçün onunla kobud rəftar etməyə başlamışdır. Daha sonra həmin gün saat 23:50 radələrində o, ayağa qalxıb əlini yumaq üçün sanitar qovşağa getmişdir. Qapını açıb içəri daxil olmaq istəyəndə Cavid onun arxasınca sanitar qovşağa daxil olmaq istəmişdir. O, Cavidi itələyib çölə çıxaranda Cavid sanitar qovşağın içərisində onu döyərək ona xəsarət yetirmişdir. O, zorla Cavidin əlindən çıxıb kafenin qarşısında öz avtomaşınına əyləşərək yaşadığı evə getmiş və evdən hadisə barədə DİN-nin 102 xidmətinə məlumat verib, Cavidin cəzalandırılmasını istəmişdir. Hadisə 08 dekabr 2025-ci il tarixdə saat 13:50 radələrində, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu 10 ünvanda yerləşən “Era” kafesinin sanitar qovşağının daxilində baş vermişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs və ya o, nalayiq fadələr işlətməmişlər. Hesab edir ki, həmin vaxt spirtli içkinin təsirindən onunla Təqsirləndirilən şəxs arasında anlaşılmazlıq baş vermişdir. Cavidin sanitar qovşağına girmək istədiyini görüb sonuncuya “nədi, burada mənimlə cinsi əlaqədə olmaq istəyirsən?” deyə bildirmiş, Cavid isə ona nədi, məni cinsi əlaqədə olmağa çağırırsan?” deyə cavab verdikdə, o, Cavidə “get anan-bacınla cinsi əlaqədə ol” dediyi üçün Cavid burada onu vurub xəsarətlər yetirmişdir. İş materiallarında olan 10 dekabr 2025-ci il tarixli canlı şəxsin ekspertizasının 631 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - alın nahiyəsinin sağ yarısının və sağ üst göz qapağının hematoması bərk küt əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyəyə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir (i.v.18-20). İş materiallarında olan 10 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat başlanılmışdır (i.v.1). İş materiallarına olan “zərərçəkmiş şəxs qismində tanınma haqqında” 12 dekabr 2025-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.22-23). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 11 dekabr 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 18-gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2025-ci il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılıb (i.v.21). İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma – min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs özünü CM-nin 128-ci maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə iclasında müdafiəçi, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi CPM-in 39.1.12-ci maddəsinə əsasən «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini təklif etmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında" 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) müvafiq olaraq amnistiya tətbiq edir. Həmin qərarının 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir və yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən ödənilən haqq artırılaraq 11 manat müəyyən edilmiş və bu qərar 29 aprel 2025-ci il tarixdən qüvvəyə minmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 132 manat pul ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsi vəsaiti hesabına 12 saat, 11 manatdan hesablanmaqla 132 (yüz otuz iki) manat pul dövlət büdcəsindən tutularaq Müdafiəçi ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar