Məhkəmə qərarları › İş №1(009)-40/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-40/2021

26.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-40/2021 26.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Abdulməcidoviçin, Müdafiəçilər: Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və 03 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Beksolatoviçin iştirakları ilə, Bakı şəhərində xx xxxxxx 2021-ci il tarixdə saat 11:00-da xx xxx 1986-cı ildə X4 Osetiya Respublikası Vladiqafqaz şəhərində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, işləməyən, məhkumluğu olmayan, subay, orta təhsilli, Şimali Osetiya Respublikası Vladiqafqaz rayonu, İristonski küçəsi, ev 29, mənzil 65-də qeydiyyatda olan və daimi yaşayış yeri olmayan, barəsində xx xxxxxx 2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Beksolatoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etməsi müəyyən olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə Bakı şəhəri Səbail rayonu F.Əmirov küçəsi ev 2 mənzil 73-də qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixdə gecə saat 03 radələrində, Səbail rayonu Ü.Hacıbəyov küçəsi 119 ünvanda yerləşən binanın 3-cü mərtəbəsində yerləşən xüsusi mülkiyyətində olan “Aynur by Sesem” estetik mərkəzə naməlum şəxs(lər)in qapının kilidini qırmaq yolu ilə qanunsuz daxil olaraq, mərkəzin qeydiyyat bölməsindəki masanın siyirtməsindən 2000-2500 manat məbləğində nağd pul, masanın üstündən 1 ədəd 300 manat dəyərində üzərində 050 268 83 52 sim nömrə olan “İphone 5S” markalı mobil telefonu oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 4060 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan edilən ittihamda özünü təsqirli bilərək göstərmişdir ki, 2020-ci ilin təxminən dəqiq yadında qalmayan, deyəsən yanvar ya da fevral ayında Bakı şəhərinə turist kimi gəlmişdir. İlk əvvəllər hosteldə qalmış, sonra isə kirayə mənzil tutub qalmışdır. “Covid-19” pandemiyası ilə bağlı olaraq sərhədlər bağlanandan sonra öz ölkəsinə qayıda bilməmiş və Bakı şəhərində qalmışdır. Son 3-4 ay olar ki, artıq Bakı şəhərinin küçələrində gecələyir, qalmağa yeri yoxdur. 3 ay olar ki, təsadüfən Bakı şəhərində “Əhməd” adlı şəxslə tanış olmuş, onunla çox vaxtı bir yerdə olurdular. Əhmədin deməsinə görə 8-ci km bazarı yaxınlığında qalır. Karantin rejimi olduğuna görə Bakı şəhərinin küçələrində polis əməkdaşları olduğuna görə parklardakı skamylarda ya da özünə sığınacaq kimi bir yer tapıb orada gecələyirmiş. Bakı şəhərində karantin rejimi yumşalandan sonra 1 həftə olar ki, gecələr şəhərin müxtəlif küçələrində gəzişir, gecəni yenə də parklarda qalırmış. Gündəlik tələbatını ödəmək üçün oğurluq etmək qərarına gəlmişdir. Əhmədə bu barədə dedikdə onunla razılaşmışdır. xx xxxxxx 2020-ci il tarixdə gecə saat 02-03 radələrində Bakı şəhərində “Dom Sovet” deyilən yerin arxa tərəfində gəzişirdilər. Həmin vaxtı “Deluxe” adlı dönərxananın yanından keçərkən həmin dönərxanaya bitişik olan “gözəllik salonu” diqqətlərini cəlb etmişdir. Salonun prospektə baxan qapısı çöl tərəfdən açıq olmuşdur. Onlar içəri keçməyə qərara aldılar. Qapıdan içəri daxil olub pilləkənlə 3-cü mərtəbəyə qalxdılar. Gözəllik salonunun şəffafdan olan qapısından baxanda salonun içərisi açıq aydın görünürmüş. Qərara aldılar ki, qapının kilidini sındırıb oğurluğa girsinlər. O, həyətə düşüb küçədən bir dəmir parçası tapıb yuxarı qalxmış və qapının kilidini həmin dəmir parçası ilə sındırmış, qapını bir az aralayıb içəri daxil olmuşlar. İçəri daxil olan kimi sol tərəfdə olan masaya (stola) yaxınlaşıb masanın (stolun) siyirmələrini axtarmağa başladılar. Əhməd masanın (stolun) üstündə olan noutbuk kompyüteri götürüb aşağı düşmüş, o, isə siyirmələri axtaranda konvertlər tapıb və içinə baxanda içində pul olduğunu görmüş, lakin dəqiq məbləğini bilməmişdir. Konvertləri götürüb cibinə qoymuş, masanın üsütndə “İphoneS 5” markalı telefonu da görüb götürmüşdür. Əhməd yuxarı qalxanda ona demişdir ki, artıq pul tapmışdır, kompyuteri oğurlamaq lazım deyil, gətirib yerinə qoysun, Əhməd də aşağı düşüb kompyuteri gətirib yerinə qoymuşdur. Əhməd özü də masanın o biri siyirtməsini axtarmağa başdamış və bildiyi qədər Əhməd də siyirtmədən pul oğurlamışdır. Təxminən 7-8 dəqiqə ərzində salondan oğurluğu edib küçəyə çıxmışlar və həmin yerdən uzaqlaşmışlar. O, oğurladığı pulları sayanda görmüşdür ki, 1200 manatdır. Əhmədin nə qədər pul oğurladığını bilməmişdir. Həmin pulun bir hissəsini öz şəxsi istifadəsi üçün xərcləmiş, birlikdə küçəyə çıxandan sonra “Əhməd” ondan 200 manat borc istəmiş, o, da ona həmin məbləği vermişdir. Sonra onlar ayrılmış, ondan sonra görüşməmişlər. Oğurladığı telefonu sındırıb tullamışdır. Mobil telefonu həmin günü oğurluq etdikdən sonra Bakı şəhərini yaxşı tanımadığı üçün hansısa bir yerdə yerə çırpıb sındırmışdır, çünki bilmişdir ki, telefonu sata da bilməyəcək, eləcə də özü də istifadə edə bilməyəcək, çünki başqa nömrə salıb işlətsə polisin bundan dərhal xəbəri olacaqdır. xx xxxxxx 2020-ci il tarixdə onu 39-cu PB-nin əməkdaşları Sovetski deyilən yerdə tutub PB-ə gətirmişlər. O, törətmiş olduğu oğurluğu etiraf etmiş, cünki oğurluq edərkən o, və Əhməd salonun müşahidə kameralarına düşmüşlər. Həmin görüntüləri o, görən kimi artıq başa düşmüşdü ki, onun və Əhmədin həmin salondan oğurluq etmələri tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs təqsirini etiraf edirək, törətmiş olduğu əməldən peşman olduğunun, bu oğurluğu maddi ehtiyac üzündən törətdiyinin, zərərçəkmiş şəxslə barışıq əldə edildiyinin, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmadığının və ilk dəfə cinayət törətməsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasına dəvət olunmasına, barəsində məcburi gətirilməsinə dair qərar qəbul olunmasına baxmayaraq zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda, binanın 3-cü mərtəbəsində yerləşən xüsusi mülkiyyətində olan qeyri yaşayış sahəsi hesab edilən “Aynur by Sesem” estetik mərkəzi ona məxsusdur. xx xxxxxx 2020-ci il tarixdə axşam saat təxminən 19-20 radələrində estetik mərkəzin şüşədən olan qapısını qızı Leyla bağlayıb evə getmişdir. Qeyd edir ki, estetik mərkəzin yerləşdiyi binanın Ü.Hacıbəyov küçəsinə baxan hissəsinin prospekt tərəfdən olan qapısı həmişə açıq olur, çünki həmin yerdə ondan başqa da obyektlər də fəaliyyət göstərir. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında xadimə mərkəzə gəldikdə qapının kilidinin qırıldığını, içəridəki əşyaların dağınıq hala salınmasını, dolabların açıq vəziyyətdə olmasını və içinin axtarılmasını görüb baş vermiş hadisə barədə ona məlumat vermişdir. O, dərhal estetik mərkəzə gəlmiş, qeydiyyat bölməsində masanın (stolun) üstündə, dolablara, əşyalarına baxdıqda dolabın siyirtməsində olan 3750 manat məbləğində nağd pulun, stolun üstündə olan 1 ədəd 300 manat dəyərində üzərində 050 *** ** ** sim nömrə olan “İphone 5S" markalı mobil telefonun oğurlanmasını aşkar etmişdir. Bundan sonra estetik mərkəzin içərisində quraşdırılmış kameranın qeydə aldığı videogörüntülərə baxdıqda 2 nəfər cavan oğlanın gecə saat 03 radələrində, mərkəzin şüşə qapısının kilidini qırıb içəri daxil olmasını görmüşdür. Baş vermiş hadisə ilə bağlı olaraq yaxınlıqda yerləşən 39-cu PB-ə gedib şikayət etmiş və polis əməkdaşları hadisə yerinə gələrək hadisə yerini müayinə etmişlər. Hadisə ilə bağlı şikayət ərizəsi yazmışdır. Hadisəni törətmiş 2 naməlum şəxs mərkəzdən 3750 manat məbləğində nağd pul, 1 ədəd 300 manat dəyərində üzərində 10 manat məbləğində olan 050 268 83 52 sim nömrə olan “İphone 5S” markalı möbil telefon oğurlanmışdır. Kamera görüntülərinə düşmüş hadisəni törətmiş həmin 2 nəfəri cavan oğlanı tanımır, kiminləsə ədavəti yoxdur. Videogörüntüdə gördüyü iki tanımadığı şəxs ona məxsus mərkəzə daxil olmaq məqsədilə mərkəzin giriş qapısının qıfılını qırmış, nəticədə təzə qıfılın alınması və qapını təmir etməsi nəticəsində ona 30 manat dəyərində ziyan dəymişdir. Zərərçəkmiş şəxs notariat qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciə edərək, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, gələcəkdədə olmayacağını göstərmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə və məhkəməyədək icraat dövründə ünvan 2 ünvanda, binanın 3-cü mərtəbəsində yerləşən “Aynur by Sesem” estetik mərkəzdə quraşdırılmış videogörüntüyə baxış keçirilmiş və xx xxxxxx 2020-ci il tarixdə saat 02:43 dəqiqədə hadisəni törətmiş şəxslərdən birinci şəxsin qara şalvarda, qara tibbi maska və bozumtul qısaqol köynəkdə olması, ikinci şəxsin ağ rəngli tibbi maska, bozumtul rəngli şalvar və uzunqol köynəkdə olması, görüntülərdə həmin şəxslərin sifət cizgilərinin aydın görünməməsi, birinci şəxsin qeydiyyat bölməsində stolun üstünü, yanındakı dolabları, siyirtmələri axtarması, ikinci şəxsin stolun üstündən noutbuk götürüb pilləkənlərlə aşağı mərtəbəyə düşməsi, yenidən qalxıb ikinci dəfə stolun üstündən nəsə götürüb pilləkənlərlə aşağı mərtəbəyə düşməsi, yenidən qalxıb üçüncü dəfə birinci şəxslə birlikdə oğurladıqları pul və əşyalarla birgə pilləkənlərlə aşağı mərtəbəyə düşməsi, sonra tək yuxarı qalxıb noutbuk və hansısa kağızlarla birgə əşyanı stolun üstünə qoyduqdan sonra dəsmal ilə noutbukun və stolun üstünü silib oradan çıxması, səhər saatlarında xadimənin pilləkənlərlə yuxarı qalxması müəyyən edilmişdir. Videogörüntüyə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə keçirilmiş baxış zamanı o, həmin qara şalvarda, qara tibbi maska və bozumtul qısaqol köynəkdə olan şəxsin özünün olması, ağ rəngli tibbi maska, bozumtul rəngli şalvar və uzunqol köynəkdə olan şəxsin isə Bakı şəhərində tanış olduğu “Əhməd” adlı şəxs olmasını, küçədən tapdığı dəmir parçası ilə qapının kilidini sındırmasını, içəri daxil olan kimi sol tərəfdə olan stola yaxınlaşıb stolun siyirtmələrini axtarmasını, Əhmədin stolun üstündə olan noutbuku götürüb aşağı düşməsini, siyirtmələri axtaranda konvertlərin içərisində məbləğini bilmədiyi pul olmasını görməsini, stolun üstündə “İphoneS 5” markalı telefonu da götürməsini, Əhməd yuxarı qalxanda artıq pul tapdığını deyib noutbuku oğurlamaq lazım olmadığını deməsini, Əhmədin də aşağı düşüb noutbuku gətirib yerinə qoymasını, Əhmədin də stolun siyirtməsini axtarıb pul oğurlamasını, təxminən 7-8 dəqiqə ərzində salondan oğurluğu edib getmələrini, oğurladığı pulları sayanda 1200 manat olmasını, Əhmədin nə qədər pul oğurladığını bilməməsini, həmin pulun bir hissəsini öz şəxsi istifadəsi üçün xərcləməsini, oğurladığı telefonu isə sındırıb xatırlamadığı yerdə tullamasını göstərmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanda yerləşən binanın 3cü mərtəbəsində yerləşən “Aynur by Sesem” estetik mərkəzidir. Baxış zamanı “Aynur by Sesem” estetik mərkəzinin giriş qapısının üzərində olan qıfılın sındırılması və açıq olması aşkar olunmuş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş məhkəmə-daktiloskopik ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 3/1213 saylı rəyindən görünür ki, 1,3,4,5,7,8 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri, 2,03 saylı daktilolentlərin səthindəki “a”, “b” əl-barmaq izləri və 9 saylı daktilolentin səthindəki ovuc izi şəxsiyyətin eyniləşdirilməsi ücün yararlıdır. Təqdim edilmiş 1,2,3,4,5,6,7,9 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri və 10,11,12,13,14,125,16,17 saylı daktilolentlərin səthindəki əlbarmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi ücün yararsızdırlar. Təqdim edilmiş 1,3,4 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri, 2 saylı daktilolentin səthindəki “a”, “b” əl-barmaq izləri Təqsirləndirilən şəxs sağ əlinin sağ barmağından və 5 saylı daktilolentin səthindəki əlbarmaq izi onun sol əlinin baş barmağından qalmışdır. Təqdim edilmiş 03 saylı daktiloentin səthindəki “a”, “b” əl-barmaq izləri, 7,8 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri və 9 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuclarından qalmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Tutuma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qisminə tutulmuş, Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdə hesablanmaqla onun barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, video görüntüləri, ekspertiza rəyini və iş üzrə toplanmış digər sənədləri sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxsna cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, özgə əmlakını salanc yerinə daxil olmaqla gizli talama cinayətinin törədiləsində ittiham olunmasını, habelə cəzanı yüngüləşdirən halları və cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyildir və islah olunması məqsədilə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci, 59.1.5-ci, 59.1.10-cu, 59.1.12-ci və 59.2ci maddələrinə əsasən təqsirləndirilən şəxs X3 əməlindən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət ötrətməsini, cinayətin ağır həyat şəraiti nəticəsində törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmadığını cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini, həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini və cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmasını əsaslı hesab edir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə uyğun olaraq Rusiya Federasiyası vətəndaşı olduğu, törətdiyi əmələ görə bir ildən artıq azadlıqdan məhrumetmə cəzası müəyyən edildiyi üçün onun barəsində hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra icra olunmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin olunmalıdır. Məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növünün şamil edilməsini istina edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, həmçinin iş üzrə maddi sübutlar - “Aynur by Sesem” estetik mərkəzdə quraşdırılmış kameraların qeydə aldığı CD diskə köçürülmüş videogörüntüləri özündə əks etdirən “VİD- 20200822-WA0025” adlı faylın, 17 ədəd daktiolentin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə ekspertiza xərci, mülki iddia və üzərinə həbs qoyulmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra icra olunmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin olunsun. İş üzrə maddi sübutlar - “Aynur by Sesem” estetik mərkəzdə quraşdırılmış kameraların qeydə aldığı CD diskə köçürülmüş videogörüntüləri özündə əks etdirən “VİD- 20200822-WA0025” adlı fayl və 17 ədəd daktiolent iş materiallarında saxlanılsın. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili X6 tərəfindən təqsirləndirilən şəxs X3 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 240 (iki yüz qırx) manat pul tutulub, “xxxx” QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 200 (iki yüz) manat, X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəməyədək icraat dövrndə müdafiə edilməsinə görə pul tutulub, “Kapital Bank” 1 saylı 3 saylı vəkil bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar