Məhkəmə qərarları › İş №1(009)-40/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-40/2025

30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-40/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Baxşəliyeva Sevinc Samir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçı Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Saatlı rayonunda anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Rusiya Federasiyası Vladimir şəhəri, Kamalina küçəsi ev 26, mənzil 6-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi fərdi yaşayış evində kirayədə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 dekabr 2023-cü il tarixdə saat 16:10 radələrindən 17:30 radələrinədək olan müddət ərzində ünvan 1 ünvanda yerləşən avtoyuma məntəqəsində Hyundai Sonata markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobili yuyan zaman, avtomobilin salonunda olan Zərərçəkmiş şəxs məxsus pul kisəsinin içərisindən 6200 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs həmin məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edimiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin aprel-may aylarında ünvan 2 ünvanda yerləşən Vüsal adlı şəxsin işlətdiyi avtoyuma məntəqəsində işləmişdir. Sonradan ış olmadığına görə oradan işdən çıxmışdı. 10 dekabr 2023-cü il tarixdə saat 16 radələrində Vüsalın işlətdiyi avtoyuma məntəqəsinin yanından keçən zaman Vüsal ona avtoyuma məntəqəsində avtomobil olduğunu, lakin işçi olmadığını bildirib, həmin avtomobili yuya biləcəyini soruşmuş, o da boş olduğunu və avtomobili yuya biləcəyini bildirmişdi. Avtoyuma məntəqəsində olan avtomobilin markası Hyundai Sonata idi. Həmin avtomobilin salonunu təmizləməyə başlamış, avtomobilin salonun təmizləyən zaman avtomobilin cihazlar panelinin qabaq sərnişin tərəfində olan saxlanc yerində parça materialdından hazırlanmış pul qabını və həmin pul qabının içərisində pul olduğunu görmüşdü. Həmin vaxt tək olmuş və heç kimin olmadığına əmin olduqdan sonra həmin pul qabıdan pulu çıxarıb saydıqda orada 6.200 manat pulun olduğunu bilmişdi. Həmin 6200 manatı 2 hissəsəyə bölüb, bir hissəsini əynində olan şalvarın qabaq sağ cibinə, bir hissəsini isə şalvarın arxa sol cibinə qoymuşdu. Avtomobilin salonunu təmizləyib qurtardıqdan sonra Vüsalın yanında olan adını bilmədiyi köməkçisi ona yaxınlaşmış, sonuncuya təcili işi çıxdığını deyib, vtomobilin açarını verib oradan uzaqlaşıb qaldığı çörək zavoduna getmişdi. Orada əlini şalvarın arxa cibinə atan zaman arxa cibində olan pulun düşdüyünü görmüşdü. Oğurladığı pulları saydıqda ümumilikdə 2700 manat pul qaldığını görmüşdü. Bir neçə gün zavodun həyətində qaldıqdan sonra Saatlı rayonuna getmiş, orada bir müddət əmisi gildə qaldıqdan sonra Bakı şəhərinə qayıtmış və Suraxanı rayonunda işə düzəlmişdi. Ona qalan 2700 manat pulun 250 manatına özünə istifadə olunmuş ‘lXiomiNotel2” markalı mobil telefon almış, bibisi nəvəsi Əlinin oxuduğu universitetinin təhsil haqqının 700 manatını vermiş, 300 manat məbləğində özünə geyim almışdı. Bir hissəsini təxminən 500-600 manatını internet vasitsəi ilə kozinoda uduzmuşdu. Qalan hissəsini isə öz təlabatıma xərcləmişdir. Onun oğurluq etməsindən Şahid2 məlumatı olmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Hyundai Sonata markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı Şahid1 məxsusdur. O, təxminən 2-3 həftə əvvəl özünə məxsus avtomobili 22000 manata satmış, həmin pulla öz evini təmir etdirirdi. Həmin pulun bir qismini xərcləmişdi, qalan 6200 manat onda qalmışdı. Baş vermiş hadisədən təxminən 3 gün əvvəl o, qardaşı Şahid1lə birlikdə Yardımlı rayonuna getmişdi. O, özünə məxsus içərisində 6200 manat pul olan parça materialından hazırlanmış pul qabını Elgünün avtomobilinin salonunda olan saxlanc yerinə qoymuşdu ki, rayona gedən zaman pul sahibsiz Bakı şəhərində evdə qalmasın. Belə ki, 10 oktyabr 2023-cü il tarixdə saat 10 radələrində onlar birlikdə rayondan Bakı şəhərinə yola düşmüşdülər. Saat təxminən 15 radələrində onlar Elgünün yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, Ş.İ.Xətai küçəsində yerləşən evə düşmüşlər.Elgün isə öz şəxsi işləri ilə məşğul olmaq üçün Bakı şəhərinə qayıtmışdı. Saat 18 radələrində qardaşı Elgün onunla əlaqə saxlayıb sonuncunun avtomobilinə qoyduğu pulun avtoyuma məntəqəsində Müşfiq adlı şəxs tərəfindən oğurlandığını bildirmişdi. Elgün ilk olaraq oğurlanan pulun 7000 manat olduğunu bilmiş, sonradan onlar pulu hesabladıqda oğurlanan pulun 6200 manat olduğunu dəqiqləşdirmişlər. Həmin pul ona məxsusdur və oğurlanan pulun məbləği 6200 manat olmuşdur. İş materiallarında olan 10 dekabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri olan ünvan 1 ünvanda yerləşən avtoyuma məntqəsinə baxış keçirilmişdir. Foto-şəkillər iş mmateriallarına əlavə edilmişdir. İş materiallarında olan 13 dekabr 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərarından görünür ki, toplanmış materiallar əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və və icraata qəbul edilərək istintaq olunması üçün aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan 20 dekabr 2023-cü il tarixli zərərçəkmiş şəxs kimi tanımaq haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 13 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan 13 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxsin axtarış elan edilməsi və tutulması haqqında” qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs tutulmaqla barəsində axtarış elan edilmiş və tutularaq Səbail RPİ-nin MSY-yə təhvil verilməsi qərar alınmışdır. İş materiallarında olan 13 aprel 2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2024-cü il tarixdə, saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 13 aprel 2024-cü il tarixli “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi və saxlanıldığı Səbail RPİ-nin MSY-dən azad edilməsi edilməsi qərara alınmışdır. İş materiallarında olan 15 aprel 2024-cü il tarixli qətimkan tədbirin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxsbarəsində seçilmiş “polis nəzarəti altına vermə”qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 15 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası DİN Səbail Rayon Polis İdarəsinin 47/2-9738 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2024-cü il tarixdə Suraxanı rayon ərazisində saxlanaraq Səbail RPİ-nə gətirilmiş və MSY-nə təhvil verilmişdir. İş materiallarında olan 26 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 26 aprel 2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə ifadəsi hadisə yeri olan ünvan 2 ünvanda yerləşən Vüsal adlı şəxsin işlətdiyi avtoyuma məntəqəsində yoxlanılmışdır. İş materiallarında olan 25 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxsin qətimkan tədbirinin şərtlərini pozduğuna görə tutulması və barəsində axtarış elan edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 01 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxsin könüllü təqdim olunması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü gələrək özünü istintaq orqanına təqdim etmişdir. İş materiallarında olan 01 avqust 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, təqsirləndirilən şəxslərin etiraf ifadələri, zərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ifadələrin yerində yoxlanılması protokolu maddi sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 02 avqust 2024-cü il tarixli yenidən ittiham elan edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan 24 oktyabr 2024-cü il tarixli məhkəməyə göndərdiyi teleqramdan görünür ki, zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanın ödənildiyini və iştirakı olmadan məkəmə iclasının keçirilməsini xahiş etmişdir. İş materiallarında olan məhkəmə elektron sistemindən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən xeyli miqdarda ziyan vurmaqla törədildikdə— bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təqsirləndirilən şəxsin ifadəsi, baxış protokolları, ifadənin yerində yoxlanılması protokolları və işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmişə vurulmuş ziyanın tam ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, o cümlədən Təqsirləndirilən şəxs xarici vətandaş olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlılğın məhdudlaşdırması cəzasının ona təyin edilə bilmədiyini nəzərə alaraq, məhkəmə onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunmasını mümkün sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə, haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verilməlidir. Ona görə də, məhkəmələr, zəruri olduqda, işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq, məhkumun üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən, əlavə cəzalar isə real icra olunduğundan, hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Bu səbəbdən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməlidir. Bu, qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut yoxdur. Cinayət işi üzrə məhkəmə xərci yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilsin və onun üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut yoxdur. Cinayət işi üzrə məhkəmə xərci yoxdur. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 594 (beş yüz doxsan dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar