Məhkəmə qərarları › İş №1(009)-42/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-42/2021

14.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-42/2021 14.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Abdulməcidoviçin, Müdafiəçi: Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs videokonfrans formatında iştirakları ilə, Bakı şəhərində xx xxxxxx 2021-ci il tarixdə saat 11:30da xx xxxxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 2, ünvansız fərdi evdə yaşayan halhazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talamaq məqsədi ilə, xx xxxxxxx 2020-ci il tarixdə saat 14 radələrində Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolunda yerləşən “Petrol ” adlı YDM-in qarşısından vətəndaş Zərərçəkmiş şəxs2 oğluna məxsus 250 manat dəyərində “İsma Akkord” markalı velosipedi sürüb yoxladıqdan sonra satın alacağını bildirib, velosipedi Zərərçəkmiş şəxs1 alaraq oradan həmin küçədə yerləşən “Qurd qapısı” restoranına doğru istiqamətdə hərəkət edən zaman Zərərçəkmiş şəxs1 velosipedi qaytar deməsinə baxmayaraq velosipedi sürərək hadisə yerindən uzaqlaşmaqla açıq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 250 manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ona elan edilən ittihamda özünü təsqirli bilərək göstərmişdir ki, o qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır, subaydır, əvvəllər məhkum olunmamışdır. xx xxxxxxx 2020-ci il tarixdə Tap.az saytında adi elanlara baxıb. Bu zaman qarşısına velosiped elanları çıxıb. Fikirləşib ki, qabağına yaxşı velosiped çıxar alar. Saytda görüb ki, bir nəfər 26-lıq velosipedi 250 manata elana yerləşdirib. O saytda olan nömrəni ilə vatsapla əlaqə saxlayıb. O həmin şəxsə yazıb ki, velosipedə harada baxa bilər. Həmin şəxs ona yazıb ki, Badamdar qəsəbəsində yaşayır, istəsə gəlib burda baxa bilər. O həmin şəxsə deyib ki, 1-2 saata gəlib baxaram. Həmin şəxs ona deyib ki, problem deyil. O həmin vaxt şəhərdə olub. O həmin şəxsə deyib ki, Badamdardı yaxşı tanımıram hara gəlim, həmin şəxs ona cavab olaraq Petrol YDM yanına gəl deyib. O həmin yerə yaxınlaşıb. Ora çatmamışdan qabaq həmin şəxsə vatsapda yazıb ki, çatır, Raid də cavab olaraq yazıb ki, yaxşı. Zapravkaya çatanda görüb ki, bir nəfər cavan uşaq tək yanında velosipedlə durub. Raidə yaxınlaşıb salamlaşıb. Velosipedin pedallarına ətrafına baxıb. Raidə deyib ki, velosipedə sürüb baxmaq istəyir. Raid ona deyib ki, problem deyil sür bax. O da zapravkanın yanında velosipedə minib sürməyə başlayıb. Üzü qurd qapısı istiqamətinə sürməyə başlayıb. Düz üzü aşağı sürməyə başlayıb. Oradan Tarqovuya gəlib. Orada bir-iki tanış adamla görüşüb söhbət etdikdən sonra 28 maya gedib. Oradanda taksi ilə Ramana qəsəbəsinə gedib. Düşünüb ki, velosipedi orada sata bilər. Ramanada tanışı Aslan adlı şəxsə zəng edərək deyib ki, satdıq velosiped var. Aslan ona deyib ki, yolüstü gəlib baxarıq. Aslan dostu Mikayıl ilə onun yanına gəlib. Onlar velosipedə baxıblar. Aslanın yanındakı dostu ona sual verib ki, velosipedi neçiyə satırsan, o da deyib ki, 40 manata. Mikayıla velosipedi 40 manata satıb. Oradan da o evə gedib. Mikayıl və Aslana velosipedin oğurluq olması barədə heçnə deməyib. Raidin çağırdığını eşitməyib. Velosipedi sürməyə başlayanda Raid yerdə daşın üstündə oturub. Arxasına baxmadan oradan uzaqlaşıb. Bəlkə onu çağırıb amma heçnə eşitmiyib. Raidin arxası ilə qaçmağını görməyib. Velosipedi düz sürüb gedib, velosipedi ələ keçirmək niyyəti sonradan, velosipedi gəlib baxandan sonra oğurlamaq qərarına gəlib. Düşünüb ki, velosipedi satıb pul əldə edə bilər. Düşünməyib ki, velosipedlə oradan uzaqlaşan zaman Raid onun arxası ilə qaça və ya çağıra bilər. Velosipedi hansı məsafəyə kimi sürməsi barədə icazə almayıb, sadəcə olaraq deyib ki, sürüm yoxlayım. Həmçinin Təqsirləndirilən şəxs, əməlindən səmimi peşman olmasının, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsinin, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmadığının, cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsinin, ilk dəfə cinayət törətməsinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi təqsirləndirilən, zərərçəkmiş şəxslərin və şahid ifadələri və cinayət işi üzrə digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 oğlu, xx xxxxxxx 2020-ci il tarixdə ona məxsus olan “İsma Akkord” markalı velosipedi Tap.az saytına satmaq niyyəti ilə elan kimi yerləşdirib. Onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin vatsapına ***-***-**-** saylı mobil nömrədən mesaj gəlib. Ədnan ona ilk olaraq salam yazıb daha sonra Ədnan ona velosipedə baxmaq istədiyini bildirib. Ədnan ondan görüş üçün yer təyin etməyini bildirib. Görüş yerini Badamdar qəsəbəsi göy rəngli zapravkanın yanını təyin edib. Təxminən bir neçə saatdan sonra yəni saat 14 radələrində Ədnan vatsapda çatdığını yazaraq bildirib. Ədnan son olaraq ona velosipedi hansı qiymətə sata biləcəyini soruşduqda o Ədnana sonu 230 manata sata biləcəyini bildirib. Ondan əvvəl həmin zapravkada Ədnanı gözləyirmiş. Görüb ki, təxminən 25 yaşlarında bir nəfər şəxs ona yaxınlaşır. Ədnan ilkin olaraq velosipedin təkərlərinə və ətrafına baxıb. Ədnan deyib ki, sürmək olar, o da Ədnana deyib ki, sür bax. Ədnan həmin zapravkadan üzü aşağı istiqamətə gedib. Görüb ki, Ədnan çox uzaqlaşır. Ədnanı arxası ilə çağırmağa başlayıb. Ədnan üzünü ona çevrib baxıb lakin dayanmayıb. Aşağı svetafora qədər düşüb görüb ki, Ədnan ətrafda heç bir yerdə yoxdur o da evə geri qayıdıb. Zərərçəkmiş şəxs2 oğlunun qanuni nümayəndəsi Zərərçəkmiş şəxs1 Raid oğlu, məhkəməyə teleqram ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanının tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Eyni zamanda ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 oğlu və onun qanuni nümayəndəsi Zərərçəkmiş şəxs1 Raid oğlu, ərizə ilə müraciət edərək, dəymiş ziyanının ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində xx xxxxxxx 2020-ci il tarixdə qonşusu Aslanla Ramana qəsəbəsində bir yerdə çayxanada oturub çay içirmiş. Axşam saatlarında Aslana bir nəfər zəng edərək ona velosiped satdığını bildirib. Aslan telefonla danışdıqdan sonra ona bildirib ki, bir nəfər var velosiped satır gedək bir yerdə baxaq. O Aslanla bir yerdə çayxanadan ayrılıb qəsəbədə yerləşən “Araz” marketin qarşısını gedib. Orada üzdən tanıdığı bir nəfər oğlan onları gözləyirmiş. Onlar Ədnana yaxınlaşıb görüşüb. Onlar birlikdə velosipedə baxıb, Aslan velosipedi hansı qiymətə satdığını soruşduqda Ədnan 40 manata sata biləcəyini bildirib. Aslan velosipedi bəyənməyib. Lakin onun xoşuna gəldiyi üçün velosipedi almaq istədəyini bildirib. Orada həmin şəxsin adının Ədnan olduğu öyrənib. Üçü orada olarkən Ədnana 40 manat pul verib və velosipedi özü ilə götürüb Aslanla bir yerdə Ədnanın yanından aralanıblar. Bir neçə gündən sonra polis əməkdaşları yaşadığı evə gələrək onu 41-ci polis bölməsinə dəvət ediblər. Orada ona məlum olub ki, Ədnanın ona satdığı velosiped oğurluqdur. Həmin velosipedi polis əməkdaşlarına təqdim edib. Ədnanı üzdən tanıyıb, onunla heç bir münasibəti olmayıb. Aslan Ədnandan soruşub ki, velosipedi hardan tapmısan, Ədnan cavab olaraq deyib ki, velosiped özünündür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Şahid2 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, o velosipedi götürdüyü yeri və uzaqlaşdığı yeri göstərərək, cinayət əməlini bir daha tam təsdiq etmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 9/4441 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd sarı-güy rəngli, 26 ölçülü, üzərində “İsma Akkord” markalanma yazıları olan velosipedin istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 160,00 manat müəyyən edilmişdir Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə şübdəli şəxs qismində tutulmuşdur. Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. X2 Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (X3 Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu, 59.1.12-ci, 59.1.13-cü və 59.2ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmadığını, cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsini, ilk dəfə cinayət törətməsini nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsini, onun dərhal Bakı İstintaq Təcridxanasından azad edilməsini, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin seçilməsini və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 01 (bir) gün müddət nəzərə alınmaqla, həmin müddət hazırki hökmlə ona təyin edilmiş əsas cəza müddətindən çıxılmalı və üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, həmçinin iş üzrə maddi sübut qismində tanınmış “İsma Akkord” markalı velosipedin Zərərçəkmiş şəxs2 oğluna qaytarılmasını ekspertiza xərcinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 01 (bir) gün müddət nəzərə alınmaqla, həmin müddət hazırki hökmlə ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə ünvan 2 ünvansız fərdi ev yaşayış yerini hər gün saat 23-00dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhəri ərazisini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal Bakı İstintaq Təcridxanasından iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut qismində tanınmış “İsma Akkord” markalı velosipedin Zərərçəkmiş şəxs2 oğluna qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri Təqsirləndirilən şəxs 50 (əlli) manat tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili X1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 240 (iki yüz qırx) manat pul tutulub, “xxxx” QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 300 (üç yüz) manat pul tutulub, “Kapital Bank” 1 saylı 3 saylı vəkil bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar