Məhkəmə qərarları › İş №1(009)-42/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-42/2023

14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-42/2023 14.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-ci ildə Sumqayıt şəhərində anadan olmuş, AR vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işləməyən, Sumqayıt şəhəri, 41-ci məhəllə, Yataqxana 1,otaq 152-də qeydiyyatda olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 13 radələrində ünvan 1 ünvanında yerləşən “Spar” marketin içərisində Zərərçəkmiş şəxs məxsus içərisində 1500 manat nağd pul, 20 manat dəyərində ağ rəngli üzərində qaşları olan pul qabını sonuncunun bazarlıq etməsi üçün istifadə etdiyi marketə məxsus əl arabasının içərisindən gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1520 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə o, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 06 avqust 2022-ci il tarxidə saat 13 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində “Gümüş Residence”-nin yaxınlığında bir nəfər qadının əlində çanta olduğunu görüb ona yaxınlaşaraq kömək təklif etmiş və bir neçə metr onun çantasını daşıdıqdan sonra ondan maddi köməklik göstərməsini xahiş etmişdir. Lakin həmin qadın ona pul verməyərək “Spar” marketə daxil olmuşdur. O, da onun arxası ilə marketə daxil olmuş və heç kimin ona fikir vərməməsindən istifadə edərək həmin qadına məxsus təkərli arabanın içərisində olan pul qabını götürüb marketdən çıxmış, yaxınlıqda olan binaya daxil olaraq pul qabının açıb içərisində olan təxminən 1500 manat pulu götürmüş, pul qabını isə içərisində olan şəxsiyyət vəsiqəsi, açar və bank kartları ilə birlikdə binanın blokunda taxtadan olan qutunun içərisində gizlətmişdir. Sonra saat 14-15 radələrində taksi ilə Xaçmaz rayonu, Xudat şəhərinə, sonra isə Nabrana getmişdir. Nabranda axşam saatlarında polislər onu saxlamışlar. 07 avqust 2022-ci il tarixdə Səbail RPİ-nin 9-cu Polis bölməsində oğurladığı puldan qalan 293 manatı təqdim etmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə gedib oğurladığı pul qabını polis əməkdaşlarına təqdim etmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində əlində əşyalarla Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Spar” marketin yaxınlığında yaşayan bacısının evinə gedərkən bir nəfər tanımadığı şəxs ona yaxınlaşıb kömək edərək əşyaları bacısının evinə qədər daşımışdır. Həmin şəxs ondan pul istəmiş, lakin o, pulunun olmadığını bildirmiş və həmin şəxs çıxıb getmişdir. Sonra o, “Spar” marketdən alış-veriş etmək üçün getmiş və marketin əl arabasının içərisinə özünə məxsus pul qabını qoymuşdur. Marketdə meyvə-tərəvəz satılan yerin qarşısında əl arabasını saxlayıb tərəvəz yığaraq əl arabasına qoymaq istədikdə pul qabının orada olmadığını görmüşdür. O, marketin rəhbərliyinə bu barədə bildirmiş, onlar marektdə quraşdırılmış müşahidə kameralarına baxmışlar və videogörüntüdə bacısının evinə əşyaları daşımaqda ona köməklik edən, sonradan adının Təqsirləndirilən şəxs olduğu şəxsin əl arabasından ona məxsus pul qabının oğurladığını görmüşdür. O, həmin vaxt DİN-nin 102 zəng xidmətinə baş vermiş oğurluq barədə məlumat vermişdir. Daha sonra isə Səbail RPİ-nin 9-cu PB- ə ərizə ilə müraciət etmişdir. Ona məxsus pul qabında 1500 manat pul, özünə məxsus şəxsiyyət vəsiqəsi, 3 ədəd bank kartı, 6 ədəd marketlərdə istifadə edilən kart və 2 ədəd ev açarları olmuşdur. Ona məxsus pul qabı, 3 ədəd bank kartı, 6 ədəd marketlərdə istifadə edilən kart, 2 ədəd ev açarları və 293,55 manat pul ona qaytarılmışdır. Şikayətçidir, qalan ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2016-cı ildən Daxili işlər orqanlarında xidmət edir. 06 avqust 2022-ci il tarixdə saat 14 radələrində xidməti ərazisi olan ünvan 2 ünvanda yerləşən “Spar” marketdən Zərərçəkmiş şəxs məxsus içərisində 1500 manat olan pul qabının oğurlanması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Lətafət Babayevə məxsus pul qabını Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı müəyyən edilmişdir. 07 avqust 2022-ci il tarixdə Səbail RPİ-nin 9-cu PB-nin CAŞ üzrə əməliyyat müvəkkili Şahid2 və sahə inspektoru Maqsud Mirzəzadə ilə birlikdə Xaçmaz rayonu, Nabran qəsəbəsinə getmişlər və Təqsirləndirilən şəxs orada saxlayıb 9cu PB-nə gətirmişlər. 9-cu PB-də Təqsirləndirilən şəxs “Spar” marketdən Lətafət Babayevə məxsus pul qabını onun oğurladığını, etiraf etmiş, həmin pul qabında olan 1500 manat pul götürüb, pul qabının içərisində olan əşyalarla birlikdə yaxınlıqda yerləşən binanın blokunda olan dolabın üzərinə atıb getdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş 06 avqust 2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs məxsus pul qabının oğurlandığı ünvan 2 ünvanda yerləşən “Spar” marketə baxış keçirilmiş, hadisə yerində quraşdırılmış müşahidə kameralarından götürülmüş videogörüntü CD diskə köçürülərək mateiala əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 07 avqust 2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisə yeri olan ünvan 3 ünvanına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs oğurladığı pul kisəsini təqdim etmiş, pul kisəsindən Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi, 3 ədəd bank kartı, 6 ədəd bonus kartları aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş 07 avqust 2022-ci il tarixli “təqdim etmə haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 2 ədəd 100 manatlıq, 3 ədəd 10 manatlıq, 1 ədəd 20 manatlıq, 7 ədəd 5 manatlıq, 8 ədəd 1 manatlıq, 55 qəpik, ümumilikdə 293 manat 55 qəpik və içərisində olan şəxsiyyət vəsiqəsi, 3 ədəd bank kartı, 6 ədəd marketlərdə istifadə edilən kart, 2 ədəd ev açarları olan pul qabını könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 avqust 2022-ci il tarixdə, saat 18:20-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs qismində tanınma haqqında 08 avqust 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan təqsirlənidirilən şəxs qismində cəlb olunma haqqında 09 avqust 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirlənidirilən şəxsin müvəqqəti saxlama yerindən dərhal azad edilməsi haqqında” 09 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Səbail RPİ-nin MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi qərara alınmışdır. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi barədə” 09 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 09 avqust 2022-ci il tarixli “təqsirlənidirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan görünür ki, araşdırma zamanı ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs ifadəsi ünvan 1 ünvanında yerləşən “Spar” marketdə yoxlanılmış və təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə bir daha göstərmişdir. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin 26 avqust 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 may 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.2, 234.1, 326.1-ci maddələri ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 27 noyabr 2022-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndi tədbiq edilməsi barədə qərarın 36-cı bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 293 manat 55 qəpik, Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi, 3 ədəd bank kartı, 6 ədəd marketlərdə istifadə edilən kart 2 ədəd ev açarları və 1 ədəd pul qabı Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan “qətimkan tədbirinin şərtlərini pozduğu üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 01 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Səbail RPİ-nin 22 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2022-ci il tarixdə Səbail RPİ-nin ÇAŞ-nın və 9-cu PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 23 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs “Spar” marketdə oğurluq hadisəsini törətməsi prosesini özündə əks etdirən DVD diskə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs 06 avqust 2022-ci il tarixdə ünvan 2 ünvanda yerləşən “Spar” marketdə meyvə- tərəvəz satışı yerinin qarşısında Zərərçəkmiş şəxs məxsus pul qabını əl arabasının içərisindən oğurlayıb oradan uzaqlaşdığı müəyyən olunmuşdur. İş materiallarında olan “təqsirlənidirilən şəxsin müvəqqəti saxlama yerindən dərhal azad edilməsi haqqında” 23 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Səbail RPİ-nin MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. İş materiallarında olan 01 oktyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 01 ədəd disk cinayət işi üzrə maddi sübut hesab edilmişdir. İş materiallarında olan Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarında olan Səbail RPİ-nin 19 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 17 dekabr 2022-ci il tarixdə saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan 31 mart 2023-cü il tarixli “mülki iddiaçı qismində tanınma” haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə mülki iddiaçı qismində tanınması və vurulmuş 1200 (bir min iki yüz) manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi tələbinə dair mülki iddia ilə məhkəməyə müraciət etmiş və mülki iddia icraata qəbul edilərək Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını, zərəri qismən ödəməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 27 noyabr 2022-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinin tətbiq edilməsi barədə qərarın 36-cı bəndinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 may 2016-cı il tarixli hökmü ilə ona təyin edilmiş 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasından azad edilsə də, məhkumluğu olan şəxsdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Yuxarıda qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 avqust 2022-ci il tarixdən 09 avqust 2022-ci il tarixədək, 21 sentyabr 2022-ci il tarixdən 23 sentyabr 2022ci il tarixədək, tutulduğu cəmi 04 (dörd) gün müddət təyin olunacaq cəzadan çıxılaraq ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli 17 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın həcmi məsələsinə hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsinə görə bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ziyan vurulduqda əmlakına vurulmuş ziyana görə hüquqi şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Törədilən əməl nəticəsində Zərərçəkmiş şəxs maddi ziyan vurulduğu sübuta yetirildiyindən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilməli və təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş 1200 (bir min iki yüz) manat məbləğində maddi ziyan və ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs götürülmüş 293 manat 55 qəpik, Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi, 3 ədəd bank kartı, 6 ədəd marketlərdə istifadə edilən kart 2 ədəd ev açarları və 1 ədəd pul qabının saxlanması üçün sahibi, Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 avqust 2022-ci il tarixdən 09 avqust 2022-ci il tarixədək, 21 sentyabr 2022ci il tarixdən 23 sentyabr 2022-ci il tarixədək, tutulduğu cəmi 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli 17 dekabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı ziyanın ödənilməsinə dair mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş 1200 (bir min iki yüz) manat məbləğində maddi ziyan və ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilsin. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs götürülmüş 293 manat 55 qəpik, Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi, 3 ədəd bank kartı, 6 ədəd marketlərdə istifadə edilən kart 2 ədəd ev açarları və 1 ədəd pul qabının saxlanması üçün sahibi, Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 420 (dörd yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ ********************4, SWİFT ACABAZ 22, Hesab AZ 20 ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar