Məhkəmə qərarları › İş №1(009)-42/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-42/2025

06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-42/2025 06.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryamxanım Elman qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı5, Müdafiəçi - Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1978-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı,orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu ərazisində kirayədə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 noyabr 2023- cü il tarixdə saat 18 radələrinə ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs inzibati binasının saxlanc yeri olan satış üzrə menencer Nümayəndə iş otağlna açar seçmə yolu ilə qanunsuz daxil olaraq iş otağında yerləşən dəmir seyfi açarla açaraq içərisində saxlanılan 500 manat nağd pulu,digər otaqda masanın alt hissəsində qoyulmuş dəyəri 100 manat olan bir ədəd 20-20-30 ölçüdə seyfikassanı, içərisində olan 450 manat nağd pulla birlikdə-özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 1.050 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin noyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs MMCdə mühafizəçi kimi işləmişdir. Zərərçəkmiş şəxs MMC-in satış ofisinin açarları topa şəkildə binanın giriş hissəsində yerləşən mühafizə köşkündə saxlanılmış və o, bunu bilmişdir. 11 noyabr 2023-cü il tarixində axşam saat 18 radələrində o, işdə olarkən iş yoldaşı Samirdən köşkdə olan ofisin açarlarını ayaq yolundan istifadə etmək bəhanəsi ilə istəmişdir. O, Samirdən açarları götürmüş, ofisə gedərək müdir Həbib müəllimin otağına həmin açarlardan istifadə edərək daxil olmuş və otaqda olan dəmir seyfi açaraq daxilində olan 500 manat pul vəsaitini oğurlamışdlr. Lakin digər otaqda yerləşən və daixilində 450 manat pul olan kiçik seyfi götürməmişdir. Odur ki, özünü qismən təqsirli bilir və əməlindən peşmandır. Zərərçəkmiş şəxsə vurulmuş ziyanın 220 manatını ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nüməyəndəsi Nümayəndə Məmməd-tağı oğlu ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs MMC-də satış üzrə menencer vəzifəsində işləyir. 13 noyabr 2023-cü il tarixdə saat 13:00 radələrində o, iş yerinə gələrək xidməti otağına daxil olmuş, masasının sağ tərəfində qoyulmuş dəmir seyfin qapısını, hər zaman olduğu kimi əyləşdiyi masanın siyirtməsinə qoyduğu açarla açdıqda, içərisinə gedərkən sayıb qoyduğu şirkətə aid 500 manat nağd pulun yerində olmamasını görmüşdür. Bu zamana seyfi masada gizlətdiyi açarla kiminsə açıb içərisindəki pulu götürməsini başa düşmüşdür. Otaqdakı digər əşyaların səligəsi pozulmamış, hər şey yerində olmuşdur. Sonra o, Xəyaləni otağına çağırıb, otaqdakı seyfdən 500 manatın yoxa çıxmasını bildirmiş, sonuncu da bundan xəbərsiz olduğunu demişdir. Bir neçə dəqiqədən sonra Xəyalə onun yanına gələrək, masasındakı şirkətin işçilərinə avans verilməsi üçün nağd pul saxlanılan kiçik ölçülü seyfin yoxa çıxmasını, oğurlandığını bildirmişdir. Eyni zamanda Xəyalə həmin seyf-kassanın içərisində cəmi 450 manat nağd pul və şirkətə aid bir ədəd möhürün olmasını bildirmişdir. Bundan sonra o, şirkətin mühafizəçisi Şahid1 zəng edib mühafizə köşkündə saxlanılan açar dəsti ilə ofisə kiminsə daxil olub-olmamasını soruşdur. Samir 11 noyabr 2023-cü il tarixdə saat 18 radələrində, yeni mühafizəçi kimi sınaq müddətinə işə götürülmüş Təqsirləndirilən şəxsla növbədə olarkən, sonuncu ofisdəki ayaqyolundan istifadə etmək üçün ofisin açarlarını bir neçə dəqiqəlik götürüb ofisə daxil olmasını və sonra da açarları qaytarmasını, həmin gündən də Ağabbanın işə çıxmamasını, mobil telefonunun bağlı olmasını, zəng çatmamasını bildirdikdə, o, mühafizə köşkündə qoyulmuş açar dəstindən istifadə etməklə Ağabba ofisin otaqlarına gizli daxil olmasını və onun otağındakı seyfdən, siyirtmədəki açarla açıb 500 manatı, Xəyalənin masasındakı kiçik ölçülü seyf-kassanı aça bilmədiyi üçün bir ədəd seyfin içində olan bir ədəd möhürlə və 450 manat nağd pulla birlikdə oğurlayıb aparmasını başa düşmüşdür. Bundan sonra o, Ağabbanın ofisdə qeyd edilmiş mobil nömrəsinə bir neçə dəfə zəng etmiş, telefona zəng çatmadıqda oğurluq barədə DİN-nin “102” xidmətinə zəng edərək məlumat vermişdrm. 11 noyabr 2023-cü il tarixdə şirkətin ofisindən cəmi 950 manat nağd pul, bir ədəd 100 manata alınmış 20-20-30 ölçüdə olan masa içi seyf-kassa və bir ədəd möhürün oğurlanması nəticəsində şirkətə 1050 manat dəyərində maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs MMC-nin satış ofisində kadırlar üzrə mütəxəssis vəzifəsində işləyir. 13 noyabr 2023-cü il tarixdə Həbib müəllim iş otağına daxil olduqdan sonra, onu yanına çağıraraq, otağındakı seyfin içərisində olan 500 manat nağd pulun siyirtmədə qoyduğu açarla açılaraq oğurlanmasını bildirmişdir. Bundan sonra o, oturduğu masaya getmiş, orada dolabda qoyulmuş kiçik həcmli yəni 20x20x30 ölçüdə olan, 100 manata alınmış masa içi xüsusi kodla və açarla açılıb-bağlanan seyf-kassanın yerində olmamasını görmüş, həmin kassanın içərisində şirkətə aid 450 manat nağd pul və bir ədəd şirkətin möhürü olmuşdur. Masasındakı kassanın yoxa çıxmasını aşkar etdikdə, Həbib həmin gün gecədən növbədə qalmış mühafizəçi Samirə zəng edib bu haqda maraqlanmış, Samir 11 noyabr 2023-cü il tarixdə ofisdə digər mühafizəçi Təqsirləndirilən şəxsla birlikdə növbədə olarkən, sonuncunun açar topasını ofisin tualetindən istifadə etmək üçün bir neçə dəqiqəlik götürməsini bildirmişdir. X3 mobil telefonuna bir neçə dəfə zəng etmiş telefon sönülü olduğundan və zəng çatmadığından, Həbib oğurluq barədə DİN-nin “102” xidmətinə məlumat vermiş, müəyyən vaxtdan hadisə yerinə polis əməkdaşları gəlib, ofisə baxış keçirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs MMC-yə aid yeni tikilən 13 mərtəbəli binada mühafizəçi kimi işləyir və həmin ünvanda binanın satış ofisi yerləşir. Ofisin açarları axşamlar binanın ön hissəsində yerləşən mühafizə köşkündə saxlanılır. 2023-cü ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs adlı şəxs mühafizəçi kimi işə götürülmüşdür. 11 noyabr 2023-cü il tarixdə, o, Ağabba ilə birlikdə növbədə olarkən, sonuncu ona yaxınlaşıb ayaqyolundan istifadə etmək üçün ofisin açarlarını istəmiş və 10-15 dəqiqədən sonra gətirib qaytarmışdır. Sonra həmin gün saat 19:30 radələrində, Ağabba yaxınlıqda yerləşən evinə bir neçə dəqiqəlik gedib qayıdacağını bildirərək iş yerini tərk etmiş, bir neçə saat keçdikdə o, Ağabbanın qayıtmadığını görüb, sonuncun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə dəfələrlə zəng etmiş, lakin nömrə bağlı olduğundan əlaqə saxlaya bilməmişdir. Səhər növbəni təhvil verib evinə getmişdir. Bundan sonra 13 noyabr 2023-cü il tarixdə o, evdə olarkən saat 13 radələrində, ofisdən Həbib müəllim zəng edərək ofisdəki seyfindən pulun oğurladığını, ofisə kimin daxil olmasını soruşmuş, o, da 11 noyabr 2023-cü il tarixdə növbədə olarkən, ofisin açarlarını yeni işə götürülmüş Təqsirləndirilən şəxs ofisin ayaqyolundan istifadə etmək üçün götürdüyünü və bir nəçə dəqiqədən sonra qaytarmasını, həmin gündən isə Ağabbanın yoxa çıxmasını, işə gəlməməsini və istifadə etdiyi mobil telefonunun bağlı olmasını bildirmişdir. İş materiallarında olan 06 yanvar 2024-cü il cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs MMC zərərçəkmiş hüquqi şəxs, Nümayəndə isə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan 15 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə ittiham elan edilməsi üçün şübhəli şəxs qismində tutulması məqsədi ilə barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 15 fevral 2024-cü il tarixli qərardan görünür ki, cinayət təqibi üzrə icaraat Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.3 maddəsinə əsasən dayandırılmışdır. İş materiallarında olan 06 iyun 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 iyun 2024-cü il il tarixdə Səbail RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Səbail RPİ-nin MSY-ə təhvil verilmişdir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 iyun 2024-cü il tarixdə Səbail RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Səbail RPİ-nin MSY-ə təhvil verildiyindən, həmin tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.3 maddəsinə əsasən iş üzrə dayandırılmış icraat təzələnərək ibtidai istintaq davam etdirilmişdir. İş materiallarında olan 08 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan 08 iyun 2024-cü il il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barədə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 08 iyun 2024-cü il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs 11 noyabr 2023-cü il tarixdə, saat 18 radələrində, ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs satış ofisinin giriş qapısını açarla açaraq oraya daxil olmasını, menencerin iş otağındakı seyfi açarla açaraq içərisindəki 500 manat nağd pulu, ofisin satış zalındakı masanın dolabında olan içərisində nağd pul olan kiçik ölçülü kassa-seyfi gizli olaraq götürüb oğurlamasına dair ifadə vermiş, oğurluq etdiyi ofisə daxil olduğu giriş qapılarını, nağd pul götürdüyü seyfi və kassa-seyfi götürdüyü masanın dolabını əyani olaraq göstərmişdir. İş materiallarında olan 01 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmiş və həmin tarixdən cinayət təqibi üzrə icraat Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.3 maddəsinə əsasən dayandırılmışdır. İş materiallarında olan 12 avqust 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 12 avqust 2024-cü il tarixdə Səbail RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən təqsirləndirilən şəxs qismində saxlanılaraq Səbail RPİ-nin MSY-ə təhvil verilmişdir. İş materiallarında olan 12 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 avqust 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində saxlanılaraq Səbail RPİnin MSY-ə təhvil verildiyindən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.3 maddəsinə əsasən cinayət təqibi üzrə icraat təzələnərək ibtidai istintaq davam etdirilmişdir. İş materiallarında olan 13 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün Bakı şəhəri, Səbail rayon prokuroru baş ədliyyə müşaviri Natiq Əsədov qarşısında vəsatət qaldırılmış, 13 avqust 2024-cü il tarixdə vəsatət Bakı şəhəri, Səbail prokuroru tərəfindən təmin edilməmiş, Təqsirləndirilən şəxs dərhal müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində 08 iyun 2024-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin qüvvədə saxlanılması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunub və məhkumluğu ödənilmişdir. İş materiallarında olan 27 senyabr 2024-cü il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 27 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2024-cü il tarixdə Səbail RPİ-nin CAŞ-in əməkdaşları tərəfindən tutularaq həmin tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxsin nümayəndəsi, şahidlərin ifadələri və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, habelə işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir, təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs öz əməlindən peşman olmasını və ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Hazırkı halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 yun 2024-cü il tarixdən 08 iyun 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət, 12 avqust 2024-cü il tarixdən 13 avqust 2024-cü il tarixədək tutulduğu 01(bir) gün müddət, cəmi 03 (üç) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin əvvəli 19 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut yoxdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 122.58 (bir yüz iyirmi iki manat əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən, təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CinayətProsessual 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 yun 2024-cü il tarixdən 08 iyun 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət, 12 avqust 2024-cü il tarixdən 13 avqust 2024-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət, cəmi 03 (üç) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin əvvəli 19 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut yoxdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 122.58 (bir yüz iyirmi iki manat əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 450 (dörd yüz əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar