Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-44/2023 03.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Bakı şəhəri 21 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli talayıb oğurluq elmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 24 avqust 2022-ci il tarixdə saat 02-03 radələrində Bakı şəhəri Səbail rayonu Dənizkənarı Milli parkda yerləşən, idarə edilməsi birgə fəaliyyət haqqında müqavilə əsasında sahibkar Zərərçəkmiş şəxs verilmiş «Sədəf» restoranının birinci mərtəbəsinin arxa qapısını sındırmaq yolu ilə restorana qanunsuz daxil olaraq saxlanc yeri hesab olunan kassa aparatının içindən 1 100 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ildə bir ay yarım «Sədəf» restoranında ofisiant işləmiş, həmin restorana gələn ərəb müştərilərin şikayəti əsasında həmin restorandan işdən çıxarılmışdır. 24 avqust 2022-ci il tarixdə o, dənizkənarı bulvarda qəzişərək, pulu olmadığı və çoxlu borcları olduğu üçün əvvəl işlədiyi «Sədəf» restoranından oğurluq etməyə qərara gəlmişdir. Restoranın arxa qapısına keçmiş və yerdə tapdığı daşla qapının şüşəsini zədələmiş, sonra isə təpiklə həmin şüşəni qırmış və oradan restorana daxil olmuşdur. O, xəzinə yerləşdiyi zala keçərək kassa aparatın üzərində qoyulmuş açarla kassanı açmış və orada olan nağd pulun bir qismini götürmüşdür. Sonra o, restoranın əsas qapısından oranı tərk etmişdir. Götürdüyü pulun miqdarını sayanda 1100 manat olmuşdur. Həmin puldan 500 manatını borclu olduğu şəxsə vermiş, qalanını isə özünə xərcləmişdir. Əməlindən peşmandır. Ziyanı ödəmək üçün kuryer işinə düzəlmiş, maaşını və avansı alan kimi ziyanı ödəyəcəkdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, «Sədəf» restoranını icarə müqaviləsi əsasında işlədir. 24 avqust 2022-ci il tarixdə səhər saat 09 radələrində Nihat ona zəng edərək restoranın arxasında yerləşən giriş qapısının şüşəsinin sındırıldığını və naməlum şəxs tərəfindən qonaqlar üçün zalda yerləşən kassadan 1100 manat nağd pulun oğurlanması barədə məlumat vermişdir. Həmin gün Nihat 9-cu polis bölməsinə gedib hadisə ilə bağlı ərizə və izahat vermişdir. Sonra oğurluğun əvvəllər restoranda ofisiant işləmiş İlkin Hacizadə tərəfindən törədildiyi müəyyən edilmişdir. Hadisə zamanı ona 1100 manat ziyan dəymişdir. Şikayətçidir, ziyanı tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 2022-ci ildən o, «Sədəf» restoranda kassir vəzifəsində işləyir. 24 avqust 2022-ci il tarixə səhər saat 09 radələrində o, restorana yaxınlaşıb ön qapının içəridən açıldığını və arxa qapısının aşağıdakı şüşənin qırılmış vəziyyətdə olduğunu görmüşdür. O, gecə kiminsə restorana girib oğurluq etdiklərini başa düşmüş və müdiri Namiq müəllimə bu barədə telefonla məlumat vermişdir. Bununla bağlı o, 9-cu polis bölməsinə ərizə ilə müraciət etmişdir. Restorana gəlmiş polis əməkdaşları ilə birlikdə müşahidə kameraları tərəfindən qeydə alınan görüntülərə baxan zaman 24 avqust 2022-ci il tarixdə naməlum şəxsin arxa qapıya təpiklə zərbə vurduğunu, içəri girib zala keçərək orada olan kassadan pulu oğurladığını, sonra isə restoranı tərk etməsini görmüşdülər. Əvvəl bu şəxsin kim olması məlum olmamış, bir neçə gün sonra isə 9-cu polis bölməsinin əməkdaşları ona həmin şəxsin fotoşəklini göstərdikdə o, əvvəllər restoranda ofisiant işləyən Təqsirləndirilən şəxs tanımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, 9-cu polis bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 24 avqust 2022-ci il tarixdə xidmət etdiyi polis bölməsindən ona bildirilmişdir ki, 24 avqust 2022-ci il tarixdə naməlum şəxs «Sədəf» restoranının qapısını sındırmaq yolu ilə qanunsuz daxil olub kassadan 1100 manal nağd pul oğurlamışdılar. Bu məlumatla əlaqədar o, hadisə yerinə getmiş və orada ona məlum olmuşdur ki, restoranda xəzinadar işləyən Nihat 24 avqusl 2022-ci il tarixdə səhər saatlarında restorana gəlib giriş qapısını açmaq istəyərkən qapının kilidlənməmiş, arxa giriş qapısındakı şüşənin isə qırılmış vəziyyətdə olduğunu, sonradan kassadan 1100 manat pulun oğurlandığını aşkar etmişdir. Əməliyyat sorğusu zamanı ona məlum olmuşdur ki, hadisə saat 02 - 09 radələrində baş vermişdir. Bundan sonra Nihatla birlikdə restoranda quraşdırılmış kameralara baxış zamanı saat 02 radələrində üz cizgilərini görmək mümkün olmayan, kişi cinsli şəxsin əvvəl restoranın ətrafında gəzməyi, sonra restoranın ön giriş qapısına, ardınca arxa giriş qapısına yaxınlaşdığını, təpiklə qapının şüşəsini sındırdığını, həmin qapıdan restorana daxil olduğunu və birinci mərtəbəsində yerləşən zalda olan kassaya yaxınlaşıb onu açdığını, bir neçə saniyə sonra kassadan əsas giriş qapısına yaxınlaşdığını və oradan restoranı tərk etdiyi müəyyən edilmişdir. Hadisəni törətmiş şəxsin şəxsiyyətini müəyyən etmək üçün «təhlükəsiz şəhər» nəzarət izləmə sisteminə məxsus və restoranın yaxınlığında olan müşahidə kameraların qeydə etdikləri görüntülərinə nəzər salmış və həmin şəxsin restoranı tərk etdiyi andan hərəkəl trayektoriyasını izləməyə başlamışdır. Əlverişli məqam tapan kimi o, həmin şəxsin üzü maksimal dərəcədə aydın görünən bir neçə fraqmentini öz telefonuna lentə almış və həmin gün restoranın işçisi Nihata göstərib həmin şəxsi tanıyıb-tanımadığını soruşduqda Nihat həmin şəxsin «Sədəf» restoranında əvvəllər ofisiant kimi işləmiş Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonra əməliyyat yolu ilə həmin şəxsin olduğu yeri müəyyən elmiş və bir neçə saat sonra İlkin tutularaq 9-cu polis bölməsinə təmin edilmişdir. İstintaq dövründə şahid qismində dindirilmiş X2 məhkəməyə ərizə göndərməklə məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İstintaq dövründə şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, təxminən 3 il olar ki, Hollivood MMC-də menecer vəzifəsində işləyir. Cəmiyyət toy mərasimləri üçün, eləcə də digər qısa və uzun müddətli sifarişlər üçün icarəyə avtomobillərin verilməsi ilə məşğul olur. Şirkətin ofisi Əhmədli qəsəbəsində yerləşir. Onun xidməti vəzifələrinə müştərilərin əyani, telefonla və ya sosial şəbəkələr vasitəsi ilə edilən sifarişləri qəbul edib, onları rəsmilləşdirmək, avtomobilləri təhvil verib təhvil almaq və sair əlaqəli işlərin görülməsi daxildir. 24 avqust 2022-ci il tarixdə axşam saat 19 radələrində şirkətin ***-***-**- ** nömrəsinə zəng vuran müştəri 1 günlük icarə avtomobili sifariş etmişdir. Sifariş əsasında onlar müştərinin təyin etdiyi Günəşli qəsəbəsində yerləşən ünvana gəlmiş və sonuncunun sənədlərini yerində yoxlamış, sənədlərin qaydasında olduğundan əmin olduqdan sonra isə Şahid5 adlı müştəri ilə ofislərinə yaxınlaşmışdılar ki, icarə prosedurunu yerinə yetirsinlər. Həmin vətəndaşın yanında bir nəfər əynində ağ köynək olan arıq oğlan olmuş, lakin sonuncunun kim olduğunu bilmir. Şahid5 onlara sürücülük vəsiqəsini təqdim etmiş və onlar sonuncunun adına yol vərəqəsini tərtib edib icarə müqaviləsini bağlamışdılar. Müqaviləyə əsasən şirkətin istifadəsində olan Hyundai Elantra markalı 99-1.1-095 dövlət qeydiyyat nişanlı avtomobili sifarişçiyə təhvil vermişdilər. Avtomobili təxminən saat 21-də təhvil vermiş və səhəri günü isə müştəri avtomobili gəlib ofisə təhvil verməli olmuşdur. Aralarında olan şifahi razılaşmaya əsasən Şahid5 avtomobili şəhərdaxili saatda 110 kilometr sürətindən artıq olmayan sürətlə idarə etməli olduğu halda sonuncu avtomobili təhvil götürəndən təxminən 2 saat ərzində o, GPS sistemi vasiləsi ilə həmin avtomobilin hərəkət trayekloriyasını izləyərkən avtomobilin saatda 140 kilometr sürətlə idarə olunmasını, eləcə də Sumqayıt şəhərinə yollanmasını aşkar etmişdir. Belə olan halda o, Şahid5 müqavilədə qeyd etdiyi mobil telefonuna zəng vurmuş, sonuncu bir neçə zənginə cavab verməyəndən sonra, növbəti zənginə cavab vermiş və o, sonuncunun şərtləri pozduğunu söylədikdə Şahid5 maşını dostuna verdiyini bildirmişdir. O, bununla bağlı narazalığını bildirdikdə sonuncu telefonu söndürmüşdür. Belə olan halda o, səhəri günə keçən gecə saat 02 radələrində GPS vasitəsi ilə avtomobilin mühərrikini söndürmüş və avtomobilin olduğu Sumqayıt şəhərinə şirkətin əməkdaşı ilə gələrək maşını yolun kənarında olduğunu görmüşdür. Onlar maşına yaxınlaşıb videoçəkiliş aparmağa başlamış və maşını vizual baxışını etmişdilər. Maşının sükanı arxasında Əlifin yanında gələn oğlanın olduğunu Əlifin isə orada olmadığını aşkar elmişdir. Həmin oğlan da işi olduğunu, bu səbəbdən də maşını Əlifdən xəbərsiz götürüb idarə etməyi bildirmişdir. İş materiallarında olan 26 avqust 2022-ci il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə başlanmış və istintaqı aparılmışdır. İş materiallarında olan 24 avqust 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş və hadisə yerinin Bakı şəhəri, Səbail rayonu, “Azneft” dairəsi yaxınlığında yerləşən «Sədəf» restoranı olması müəyyən edilmişdir. Hadisə yerinə baxış zamanı hadisə yerinin foto şəkilləri çəkilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 26 avqust 2022-ci il tarixli protokoldan görünür ki Təqsirləndirilən şəxs 26 avqust 2022-ci il tarixdə, saat 16:00 dəqiqədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 27 avqust 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 avqust 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuşdur. İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon prokuroru vəzifəsini icra edən, ədliyyə müşaviri Ədalət Aslanovun 27 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad edilməsi və barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi” haqqında 27 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 07 sentyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 15 sentyabr 2022-ci il tarixli şahidin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Şahid1 ifadəsi yerində yoxlanılarkən o, Bakı şəhəri Səbail rayonu Dənizkənarı milli parkda yerləşən «Sədəf» restoranında 1-ci mərtəbədə qonaq zalında yerləşən divanı və divariçi sobanı işarə edərək oğurluq baş verən ərəfədə restoranın xəzinəsinin həmin yerdə yerləşdiyini, hadisədən sonra isə xəzinənin yerinin dəyişdirildiyini, 24 avqust 2022-ci il tarixdə saat 09 radələrində xəzinədən 1100 manal pulun oğurlanmasını aşkar etdiyini bildirmişdir. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan 23 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, Təqsirləndirilən şəxs hadisə yerini əyani şəkildə göstərməklə ifadəsini təsdiq etmişdir. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan Bakı Şəhər Səbail rayon məhkəməsinin 24 fevral 2023-cü il tarixli, qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Səbail Rayon Polis İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdə tutularaq Səbail Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); Həmin qərarın 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlin etiraf etməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını mümkün hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 avqust 2022-ci il tarixdən 27 avqust 2022-ci il tarixədək tutulduğu cəmi 01 (bir) gün müddət, 15 mart 2023-cü il tarixdən 03 may 2023-cü il tarixədək həbsdə olduğu 01 (bir) ay, 18 (on səkkiz) gün müddət, yəni cəmi 01 (bir) ay, 19 (on doqquz) gün müddət bir günə iki gün hesablanaraq 03 (üç) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri olan ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə 01 ədəd disk və fotoşəkillər cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 avqust 2022-ci il tarixdən 27 avqust 2022-ci il tarixədək tutulduğu cəmi 01 (bir) gün müddət, 15 mart 2023-cü il tarixdən 03 may 2023-cü il tarixədək həbsdə olduğu 01 (bir) ay, 18 (on səkkiz) gün müddət, yəni cəmi 01 (bir) ay, 19 (on doqquz) gün müddət bir günə iki gün hesablanaraq 03(üç) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri olan ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası və Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia yoxdur. Bakı şəhəri Bakı şəhəri 21 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 498 (dörd yüz doxsan səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 21 saylı vəkil bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-44/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-44/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver