Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-44/2025 10.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Vəliyev Məhəmməd Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə İsmayıllı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində yeni inşa olunmuş nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə (dəmir seyfə) qanunsuz daxil olmaqla tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 aprel 2024-cü il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 112 ünvanında yerləşən və “X5 Management” MMC-yə aid “X6”in ümumi dəhlizində əyləşdiyi zaman qeydiyyatçının bir neçə dəqiqəlik xidməti yerini tərk etməsindən istifadə edərək otelin Qeydiyyat şöbəsində olan dəmir seyfin içərisindən 1890 manat məbləğində nağd pulu gizli olaraq talayıb, zərərçəkmiş “X5 Management” MMC-yə 1890 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bildiyini, həmin gün həddindən artıq içkili olmuşdur. Seyf açıq olub, pulu seyfin qabağından götürüb. 2 ay ailəsi rayonda olduğuna görə həmin oteldə qalıb. Otelə bir gün üçün 15 gündən bir otuz manat ödəniş edib. Otelə borcu qalmayıb. Vurulan ziyanın əvvəlcə ona 2400 manat olduğunu, daha sonra isə 1890 manat olduğunu bildiriblər. Həmin pulu Səbail Rayon Polis İdarəsində müstəntiqə ödəyib. Əməlindən peşmandır. Məhkəmə istintaqında zərərçəkmiş “X5 Management” MMC-nin nümayəndəsi Nümayəndə ziyanın ödənildiyini, heç bir şikayətinin olmadığını və şəxsin tutulmağını istəmədiyini bildirmişdir. İş materiallarında olan 22 aprel 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (c.i.v.1). İş materiallarında olan 12 aprel 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 112 ünvanında yerləşən “X6”-də baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilmiş, hoteldə quraşdırılmış müşahidə kameralarının qeydə aldığı video görüntülər protokola əlavə edilmişdir (c.i.v.9-22). İş materiallarında olan 22 aprel 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, “X6” zərərçəkmiş şəxs qismində tanınmışdır (c.i.v. 29). İş materiallarında olan 22 aprel 2024-cü il tarixli “zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında” qərardan görünür ki, “X6”-in meneceri Nümayəndə zərərçəkmiş şəxs “X6”-in nümayəndəsi qismində tanınmışdır (c.i.v. 31). İş materiallarında olan 15 may 2024-cü il tarixli “ittiham elan edilməsi üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (c.i.v.44). İş materiallarında olan 15 may 2024-cü il tarixli “icraatın dayandırılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (c.i.v.45). İş materiallarında olan Səbail RPİ-nin 41-ci PB-nin 20 may 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Səbail rayon ərazisində saxlanılaraq 20 may 2024-cü il tarixdə Səbail RPİ-nin 41-ci PB-yə gətirilmişdir (c.i.v.48). İş materiallarında olan 20 may 2024-cü il tarixli “cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (c.i.v.50). İş materiallarında olan 20 may 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (c.i.v.42-43). İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi” barədə 20 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (c.i.v. 69-71). İş materiallarında olan 01 iyun 2024-cü il tarixli “ittiham elan edilməsi üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (c.i.v.73). İş materiallarında olan 01 iyun 2024-cü il tarixli “icraatın dayandırılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (c.i.v.45). İş materiallarında olan «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» tərtib edilmiş 07 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 iyun 2024-cü il tarixdə saat 18:40-da hadisə törətməsində şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur (c.i.v. 77). İş materiallarında olan 07 iyun 2024-cü il tarixli “cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (c.i.v.78). İş materiallarında olan Səbail rayon Polis İdarəsinin 11 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Səbail rayon ərazisində saxlanılaraq MSY-nə təhvil verilmişdir (c.i.v. 83). İş materiallarında olan 08 iyun 2024-cü il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (c.i.v. 80-81). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 05 iyun 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuşdur (c.i.v. 88-90). İş materiallarında olan 02 iyul 2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Nəcəlləsinin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir (c.i.v. 97-98). İş materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs 1890 manatı müstəntiq Cavid Məmmədova təhvil vermişdir (c.i.v. 111-112). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Nərimanov rayon Məhkəməsinin 1(005)-239/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 4000 manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzadan azad olunmuşdur. İş materiallarında olan Xətai rayon Prokurorluğunun 27 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ittiham aktı ilə birlikdə baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Nümayəndə xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Dəymiş ziyan tam ödənilmişdir. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmağa görə cinayət məsuliyyətini müəyyən edir və bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir; 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir; 26-cı bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CMin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin, beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, CM-in 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Vurulmuş ziyanın cinayət məsuliyyətini şərtləndirən minimal məbləği barədə tələb soyğunçuluq və quldurluq cinayətlərinə şamil olunmur və həmin əməllərə görə cinayət məsuliyyəti vurulmuş ziyanın CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğlərdən az olubolmamasından asılı olmayaraq yaranır. Oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar; 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində üç uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, işin digər mühüm və diqqətəlayiq hallarını (əvəllər CM-nin 178.2.4-cü maddəsi ilə məhkum olunmasını, hazırda barəsində Xətai rauon Məhkəməsində CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi olduğunu) habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin olunması məqsədəuyğundur. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixdə saxlanılmış, 07 iyun 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və Səbail RPİnin MSY-nə təhvil verilmişdir. 08 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Səbail RPİnin MSY-dən həbsdən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixdə, 07 iyun 2024cü il tarixindən 08 iyun 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin olunacaq qəti cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 10 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 300 manat pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məçəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixində və 07 iyun 2024-cü il tarixdən 08 iyun 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün, ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 10 fevral 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilərək saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. 1890 manat məbləğində nağd pulun zərərçəkmiş şəxs “X5 Management” MMC-nin nümayəndəsi Nümayəndə təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 300 (üç yüz) manat dövlət büdcəsindən tutularaq Müdafiəçi ödənilməsi üçün “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun Kapital Bankdakı hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №1(009)-44/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-44/2025
10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver