Məhkəmə qərarları › İş №1(009)-45/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-45/2023

21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-45/2023 21.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Zərərçəkmiş şəxs: X4, Tərcüməçi: X1, Təqsirləndirilən şəxslər: X12 və Təqsirləndirilən şəxs2 iştirakları ilə xx xxxxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Republikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddələri ilə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində nömrəsiz fərdi evdə yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə, xx xxxx 2003-cü ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, Ağsu rayonu Hacıqədirli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X12 qabaqcadan əlbir olan bir qrup şəxslə özgənin əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Belə ki, X12, tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədilə ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 24 iyul 2022-ci il tarixdə saat 07 radələrində ünvan 4 ünvanda yerləşən evin həyətyanı sahəsində əyləşmiş X4 əlində mobil telefon olduğunu görüb həmin mobil telefonu açıq talama məqsədi ilə A.Saprikinə yaxınlaşmış və sonuncuya məxsus 01 (bir) ədəd 60 (altmış) manat dəyərində qara rəngli, Vyetnamda istehsal edilmiş **********34312 və **********34313 i-mei şifrəli, “Samsung” markalı, SM-J320F/DS” (Galaxy J3 2016) modelli mobil telefon aparatını əlindən dartıb ələ keçirməklə, onun bu hərəkətləri aşkar edildiyini dərk etsə də, özgənin əmlakının qanunsuz götürülməsindən ibarət talama hərəkətlərini davam etdirib telefonu sahibinə qaytarmayaraq açıq talayıb, hadisə yerindən qaçıb uzaqlaşaraq, zərərçəkmiş şəxs X6 ümumilikdə 60 (altmış) manat məbləğdə maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 da qabaqcadan əlbir olan bir qrup şəxslə özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədilə ilə tanışı X12 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 24 iyul 2022-ci il tarixdə saat 07 radələrində ünvan 4 ünvanda yerləşən evin həyətyanı sahəsində əyləşmiş X4 əlində mobil telefon olduğunu görüb həmin mobil telefonu açıq talama məqsədi ilə A.Saprikinə yaxınlaşmış və sonuncuya məxsus 01 (bir) ədəd 60 (altımş) manat dəyərində qara rəngli, Vyetnamda istehsal edilmiş **********34312 və **********34313 i-mei şifrəli, “Samsung” markalı, SM-J320F/DS” (Galaxy J3 2016) modelli mobil telefon aparatını əlindən dartıb ələ keçirməklə, onun bu hərəkətlərinin aşkar edildiyini dərk etsə də, özgənin əmlakının qanunsuz götürülməsindən ibarət talama hərəkətlərini davam etdirib telefonu sahibinə qaytarmayaraq açıq talayıb, hadisə yerindən qaçıb uzaqlaşaraq, zərərçəkmiş şəxs X6 ümumilikdə 60 (altmış) manat məbləğdə maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X12 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, fiziki və psixi cəhətdən sağlamdır, heç bir psixotrik disponserdə qeydiyyatda deyildir. 24 iyul 2022-ci il tarixdə təxminən saat 07 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri Səbail rayonu ərazisində gəzişən zaman İçərişəhər ərazisinə getmişlər. Onlar əvvəlcə “İçərişəhər” kafesinin yanına getmişlər, daha sonra Səbail rayonu Qəsr küçəsi ilə hərəkət edən zaman yaşayış binasının həyət qapısının açıq olduğunu görüb həyətin içərisinə daxil olmuşlar. O, həyətdə paltarların asılması üçün nəzərdə tutulmuş ipdən asılmış bir ədəd kişi köynəyini götürüb geyinməsi üçün Bilala vermiş, həmin vaxt həyətdə bir nəfər yaşlı kişinin qırmızı rəngli divanın üzərində oturduğunu görmüşlər. Həmin kişi özünə məxsus mobil telefonda kinoya baxmış, həmin kişiyə yaxınlaşıb siqaret istədikdə, sonuncu boş siqaret qutusunu göstərib siqaret olmadığını bildirmişdir. Bundan sonra Bilalla o, həyətin qapısına yaxınlaşıb orada həmin kişinin mobil telefonunu götürüb qaçmaq qərarına gəlmişlər. Sonra o, ətrafı müşahidə etmək məqsədi ilə qapının yanında dayanmış, Bilal həmin kişiyə yaxınlaşaraq, mobil telefonunu əlindən dartıb almış və onlar birlikdə qaçaraq oradan uzaqlaşmışlar. Onlar metronun “İçərişəhər” stansiyasında qatara minib metronun “Qara Qarayev” stansiyasına getmişlər, oradan metrodan çıxıb “191” nömrəli xətt marşrutuna minərək onun yaşadığı Bakı şəhəri Suraxanı rayonu Dədə Qorqud qəsəbəsinə gedib evdə yatmışlar. 24 iyul 2022ci il saat 18 radələrində yaşadığı evdə olduqları zaman polis əməkdaşları onları saxlayaraq Səbail RPİ-nin 9-cu Polis bölməsinə aparmışdırlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2, ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, fiziki və psixi cəhətdən sağlamdır, heç bir psixotrik disponserdə qeydiyyatda deyildir. 24 iyul 2022-ci il tarixdə saat təxminən 07 radələrində o, tanışı X12 ilə birlikdə Səbail rayonu ərazisində gəzişərək İçərişəhər ərazisinə,“İçərişəhər” kafesinin yanma getmişlər. Bundan sonra Bakı şəhəri Səbail rayonu Qəsr küçəsi ilə hərəkət edərkən orada yaşayış binasının həyət qapısının açıq olduğunu görüb həyətin içərisinə daxil olmuşlar, həyətdə paltarların asılması üçün nəzərdə tutulmuş ipdən asılmış bir ədəd kişi köynəyini Elnur götürüb geyinməsi üçün ona vermişdir. Bu vaxt onlar həyətdə bir nəfər yaşlı kişinin qırmızı rəngli divanın üzərində oturduğunu görmüşlər, həmin kişi özünə məxsus mobil telefonda kinoya baxmışdır. Onlar həmin kişiyə yaxınlaşıb siqaret istədikdə, həmin kişi boş siqaret qutusunu göstərib siqareti olmadığını bildirmişdir. Bundan sonra Elnurla o, həyətin qapısına yaxınlaşıb orada həmin kişinin mobil telefonunu götürüb qaçmaq qərarına gəlmişlər. Bundan sonra ətrafı müşahidə etmək məqsədilə Elnur həyət qapısının yanında dayanmış, o, həmin kişiyə yaxınlaşaraq sonuncunun mobil telefonunu əlindən dartıb almış və sonra birlikdə qaçaraq oradan uzaqlaşmışlar, metronun “İçərişəhər” stansiyasında qatarla metronun “Qara Qarayev” stansiyası, oradan metrodan çıxıb «191» nömrəli xətt marşrutuna minib Elnurun yaşadığı Bakı şəhəri Suraxanı rayonu Dədə Qorqud qəsəbəsinə gedib evdə yatmışlar. 24 iyul 2022-ci il saat 18 radələrində Elnurun yaşadığı evdə olan zaman polis əməkdaşları onları saxlayaraq Səbail RPİ-nin 9cu polis bölməsinə aparmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 24 iyul 2022-ci il tarixdə səhər saat 07 radələrində yaşadığı ünvanda həyətdəki divanda əyləşib mobil telefonunda xəbərləri oxumuş, həmin vaxt kişi cinsli təxminən 19-20 yaşlıiki nəfər tanımadığı şəxs ona yaxınlaşıb siqareti olub-olmadığını soruşmuş, o, həmin oğlanlara, yanında olan boş siqaret qutusunu göstərib siqaretin olmadığını bildirmişdir. Bundan sonra həmin iki nəfər onun yanından uzaqlaşmış, lakin heç bir dəqiqə keçməmiş həmin oğlanlardan biri ona yaxınlaşaraq, əlində olan və ona məxsus “Samsung J3” markalı mobil telefonunu əlindən alıb qaçaraq uzaqlaşmışlar. Həmin oğlanlardan biri qapının yanında dayanmışdır. O, yaşına görə həmin şəxslərin arxasınca qaça bilməmişdir. Daha sonra onun bacısı oğlu Ansinogenov Aleksandr bu barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermişdir. O, özünə məxsus “Samsung J3” markalı mobil telefonu 2018-ci ildə Rusiya Federasiyasından təxminən 15.000 rus rubluna almışdır, həmin mobil telefonun indiki qiyməti təxminən 200 manat təşkil edir və hadisəsi nəticəsində ona 200 manat məbləğdə maddi ziyan dəymişdir. Hadisə zamanı həmin şəxslər ona heç bir bədən xəsarəti yetirməmişdir. Onlar sadəcə mobil telefonu onun əlindən alaraq qaçıb oradan uzaqlaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirimişdir ki, Bakı şəhəri, Səbail rayonu, İçərişhər, Qəsr küçəsi, ev 14, mənzil 3-də yaşayan, qohumu və qonşusu olan Saprikin Alaksandr küçədə əyləşib telefona baxarkən, 2 nəfər 17-18 yaşlı şəxsin həyətə daxil olması, zivədən asılmış paltarları oğurluq məqsədi ilə yığmaları və Aleksandrın əlindən telefonu alıb naməlum istiqamətdə qaçmaları barədə Saprikin Alaksandrın xahiş ilə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Hadisənin bilavasitə şahidi olmasa da, cinayət başa verəndən dərhal sonra Saprikin Alaksandrı görmüşüdür, sonuncu əvvəllər qəza keçidridiyindən ümumiyyətlə alkaqol qəbul etmir və həmin gündə sərxoş olmamışdır. Məhkəməyədək icraat mərhələsində keçirilmiş və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5747 saylı, 08 sentyabr 2022-ci il tarixli ekspert rəyində göstərilir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara rəngli, Vyetnamda istehsal edilmiş “Samsung” markalı, SM-J320F/DS” (Galaxy J3 2016) model mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olmasını nəzərə alaraq, 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən 60,00 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarından göründüyü kimi 24 iyul 2022-ci il tarixdə X12 və Təqsirləndirilən şəxs2 ələ keçirdikləri **********34312 və **********34313 i- mei kodlu “Samsung Galaxy J3 (2016)” markalı mobil telefon sonuncu tərəfindən təqdim edilmiş və tədqiqatçı Elmar Məmmədov tərəfindən müvafiq qaydada götürülmüşdür. İş üzrə zərərçəkmiş X6 məxsus 03 ədəd boz rəngli “Samsung” markalı, “J 3” modelli mobil telefon təqdim edilmiş, zərərçəkmiş şəxs X7 dəvət olunmuş və həmin mobil telefonların içərisindən özünə məxsus olanı tanıyaraq bildirmişdir ki, ona məxsus mobil telefon 1-ci sırada olan mobil telefondur. 13 oktyabr 2022-ci il tarixdə iş üzrə zərərçəkmiş şəxs X6 məxsus bir ədəd qara rəngli, Vyetnamda istehsal edilmiş **********34312 və **********34313 i-mei şifrəli, “Samsung” markalı, SM-J320F/DS” (Galaxy J3 2016) modelli mobil telefon aparatı iş üzrə maddi sübut kimi tanınmış və qəbzlə sahibi A.Saprikinə qaytarılmışdır. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, X12 24 iyul 2022ci il tarixdə iş üzrə şübhəli şəxs qismində tutulmuş, 26 iyul 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 25 iyul 2022-ci il tarixdə iş üzrə şübhəli şəxs qismində tutulmuş, 26 iyul 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Səbail RPİ-nin 13 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, X12 13 oktyabr 2022-ci il tarixdə saxlanılaraq Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında 13 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, vəsatət təmin edilməmiş və X12 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Səbail RPİ-nin 29 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 29 sentyabr 2022-ci il tarixdə saxlanılaraq Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında 29 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Səbail Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxslər X12 və Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş və həbs qətimkan tədbiri seçilmişdir. Səbail Rayon Polis İdarəsi tərəfindən verilmiş 12 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2, Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 11 yanvar 2023-cü il tarixdə tutulmuşdur. Səbail Rayon Polis İdarəsi tərəfindən verilmiş 05 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, X12, 23 dekabr 2022-ci il tarixdə Cinayət Məcəlləsinin 234cü maddəsi ilə şübhəli bilinərək Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-726/2022 saylı, 25 dekabr 2022ci il tarixli qərarı ilə X10 barısində 23 mart 2023-ci il tarixədək 03 ay müddətinə həbs qətimkan tədbirinin seçilm Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 21 sentyabr 2022-ci il tarixli məhkumluq haqqında arayışa görə, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Zərərçəkmiş şəxs X4 notariat qaydasında təqdiq olunmuş ərizəsindən görünür ki, cinayət nəticəsində ona dəymiş ziyan ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur, aralarında barışıq əldə olunmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X12 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslər X12 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri məhkəmə iclasında araşdırılmış, onların özlərinin, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi, maddi sübut, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs2 və X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan görünür ki, X12 ilk dəfə Yasamal Rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək, 250 manat cərimə cəzasına məhkum olunmuş və 12 noyabr 2018-ci il tarixdə cəriməni tam ödədiyindən, qeydiyyatdan çıxarılmışdır. Bundan sonra o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 05 yanvar 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi X12 qəsdən törətdiyi az ağır cinayət cinayətə görə cəzasını çəkib qurtardığı gündən iki il keçmədən yenidən qəsdən az ağır cinayət törətmişdir və onun əməlində cinayətlərin residivi var. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkumluğun anlayışı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən aşağıdakı kimi verilmişdir: cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Məcəllənin 83.3.3ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Beləliklə, məhkəmə, təqsirləndirilən şəxs X11 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, o cümlədən, cinayətlərin residivininin olmasını və hazırki cinayətin qabaqcadan əlbir olaraq bir qrup şəxs tərəfindən törədilməsini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan X10 islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Eyni zamanda, Səbail Rayon Məhkəməsinin 1(009)-262/2022 saylı 27 dekabr 2022ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs X12 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını, Suraxanı Rayon Məhkəməsinin 1(009)-262/2022 saylı 27 dekabr 2022-ci il tarixli qərarı ilə X10 barısində həbs qətimkan tədbirinin seçilməsinin nəzərə alınmasını, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X10 24 iyul 2022-ci il tarixdən 26 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində və 13 oktyabr 2022-ci il tarixdə axtarışla tutulduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq təyin olunacaq cəzadan çıxılmasını əsaslı hesab olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Bu baxımdan təqsirləndirilən şəxs X10 əməlində cinayətlərin residivi olduğundan ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməlidir. Təqsirləndirilən şəxs X10 əməlindən peşmançılıq çəkməsini, gənc olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, hazırki cinayətin qabaqcadan əlbir olaraq bir qrup şəxs tərəfindən törədilməsini nəzərə alaraq, hesab edir ki, cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, nəticələrinə dair məsuliyyəti dərk etməsini, onun şəxsiyyətini xarakterizə edən halları, ailə vəziyyətini, cəzasını yüngülləşdirən halları, o cümlədən əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini, əməlindən peşmançılıq çəkməsini, gənc olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, cəzasını ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını nəzərə alaraq, məhkəmə onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən təcrid olunmadan və təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunmasını mümkün sayılmalıdır. Bu səbəbdən, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməlidir. Bu, qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Bununla əlaqədar sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 25 iyul 2022-ci il tarixdən 26 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində, 29 sentyabr 2022-ci il tarixdə axtarışla tutulduğu və 11 yanvar 2023-cü il tarixdən 21 fevral 2023-cü il tarixədək həbsdə olduğu müddətlərin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq ona qəti cəza təyin edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2010-cu il tarixli, 21 saylı qərarına əsasən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslərin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş şəxs X6 məxsus bir ədəd **********34312 və **********34313 i-mei şifrəli, “Samsung” markalı, SM-J320F/DS” (Galaxy J3 2016) modelli mobil telefon aparatı qəbzlə sahibi A.Saprikinə geri qaytarılmasının nəzərə alınması, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyərinin təqsirləndirilən şəxslər X8 və Təqsirləndirilən şəxs2 hər birindən 25 (iyirmi beş) manat olmaqla tutulub dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. İş üzrə üzərinə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, X10 24 iyul 2022-ci il tarixdən 26 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində və 13 oktyabr 2022-ci il tarixdə axtarışla tutulduğu müddət 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X10 cəzaçəkməsinin əvvəli 21 fevral 2023-cü il tarixdən hesablansın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-262/2022 saylı, 27 dekabr 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs X12 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-726/2022 saylı, 25 dekabr 2022ci il tarixli qərarı ilə X10 barısində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 25 iyul 2022-ci il tarixdən 26 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində, 29 sentyabr 2022-ci il tarixdə axtarışla tutulduğu və 11 yanvar 2023-cü il tarixdən 21 fevral 2023-cü il tarixədək həbsdə olduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, ona qəti olaraq 02 (iki) il 10 (on) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 (iki) il 10 (on) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – X8 25 (iyirmi beş) manat və Təqsirləndirilən şəxs2 25 (iyirmi beş) manat tutulub Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X5 Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut - zərərçəkmiş şəxs X6 məxsus bir ədəd **********34312 və **********34313 i-mei şifrəli, “Samsung” markalı, SM-J320F/DS” (Galaxy J3 2016) modelli mobil telefon aparatı qəbzlə sahibi A.Saprikinə geri qaytarıldığı nəzərə alınsın. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (üç yüz altmış) manat, Müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs X10 hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (üç yüz altmış) manat pul tutulub, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun "xxxx" QSCnin Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar