Məhkəmə qərarları › İş №1(009)-46/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-46/2021

06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-46/2021 06.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Bakı şəhəri, 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs Sərdar oğlunun iştirakları ilə, 06 may 2021-ci il tarixdə saat 09:00-da, Bakı şəhərində Səbail Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1992-ci il tarixdə Qubadlı rayonu anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, tikintidə fəhlə işləmiş, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşayan. Təqsirləndirilən şəxs Sərdar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Sərdar oğlu, tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə 01 noyabr 2020-ci il tarixdə saat 14 radələrində doğma anası Zərərçəkmiş şəxs ayrıca yaşadığı ünvan 2 ünvanda yerləşən evin qapısını kilidləməyib qonşuya getməsindən istifadə edərək, mənzilə daxil olub, döşəyin altından içərisində 600 manat pul olan 5 (beş) manat dəyərindən pul kisəsini, 30 (otuz) manat dəyərində Tefal markalı saç fenini, 40 (qırx) manat dəyərində hər biri 100 ml həcmdə olan 4 ədəd “Faberlik” markalı ətirləri gizli talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 675 (altı yüz yetmiş beş) manat ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və ittihamın dəlilləri: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs Sərdar oğlu məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda atası ilə birlikdə ünvan 3 ünvanda yaşayır. Atası ilə anası rəsmi olaraq boşanmışlar. Qonşuluqda yerləşən digər evdə anası Nailə tək yaşayır. O, son iki ildən artıq müddətdir ki, narkotik vasitələrin istifadəçisidir. 01 noyabr 2020-ci il tarixdə saat 14 radələrində yaşadığı evdə olduğu zaman anasının öz evindən çıxmasını, evin qapısını kilidləməyib getdiyinin şahidi olmuşdur. Bundan bir neçə dəqiqə anasının evinə daxil olaraq döşəyin altından içərisində 600 manat pul olan pul kisəsini, şkafın içərisindən isə Tefal markalı saç fenini və 4 ədəd ətirləri oğurlayaraq evdən çıxmışdır. Həmin günü Qaradağ rayonu ərazisində həmin əşyaları tanımadığı şəxsə satmış, pul kisəsinin içərisindən isə 600 manat pulu götürərək qabı xatırlamadığı yerdə tullamışdı. Əldə etdiyi pulları öz ehtiyacı üçün xərcləyib axşam evə qayıtmışdır. Evə qayıtdıqdan sonra ona məlum olmuşdur ki, anası Nailə barəsində 8-ci polis bölməsinə şikayət edib. Anası Nailəyə məxsus pulu və əşyaları onun evindən gizli olaraq oğurladığını etiraf etmiş, vurduğu ziyanı işləyərək ödəyəcəyinə söz vermişdir. Oğurladığı əşyaları satdığı şəxsi tanımır, lakin həmin şəxsə bu əşyaların özünə məxsus olduğunu, ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Sərdar oğlu son sözündə əməlindən səmimi peşman olmasının, himayəsində iki azyaşlı uşağın olmasının, və gənc olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, hal-hazırda ünvan 2 ünvanda tək yaşayır. Əri Sərdarla 15 ildir ayrılmışlar, lakin ünvan 4 ünvanın həyətində yerləşən ayrı-ayrı evlərdə yaşayırlar. Oğlu Təqsirləndirilən şəxs atası ilə birlikdə yaşayır və uzun müddətdir narkotik istifadəçisidir. 11 noyabr 2020-ci il tarixdə saat 14 radələrində yaşadığı evin giriş qapısını qıfılla bağlamayaraq çıxıb qonşuya çay içmək üçün getmişdir. Evdən çıxmazdan əvvəl içərisində 600 manat pul olan pul kisəsini çarpayının üzərində olan döşəyin altına qoymuş, Tefal markalı saç fenini, 4 ədəd Faberlik firmasına məxsus 100 ml həcmdə olan ətirləri paltar şkafının içərisində, paltarların arasında gizlətmişdir. Təxminən 15 dəqiqədən sonra qonşudan çıxdığı zaman Turalın küçə ilə əlində göy rəngli selofan torba getməsinin şahidi olmuş və evə qayıtmışdır. Evə daxil olduqda paltar şkafının içərisinə qoyduğu Tefal markalı saç feninin, 4 ədəd Faberlik firmasına məxsus ətirlərin yerində olmadığını aşkar etmiş və Səbail RPİ-nin 8-ci PB-nə ərizə ilə müraciət etmişdir. Oğlu Təqsirləndirilən şəxs ona məxsus məişət əşyalarını və pulu götürmək icazəsi olmamışdır. Həmin əşyarı o, özü almış və pul şəxsən ona məxsusdur. Əşyaların alınmasında və pulun qazanılmasında oğlu Təqsirləndirilən şəxs heç bir iştirakı olmamışdır. O, oğlu Təqsirləndirilən şəxs bu barədə, yəni onun icazəsi olmadan evdən heç bir şeyi götürməməsi barədə bildirmiş və Turalı xəbərdar etmişdir. Evindən şəxsən özünə məxsus içərisində 600 manat pul olan pul kisəsi, Tefal markalı saç feni, 4 ədəd Faberlik firmasına məxsus 100 ml həcmdə olan ətirlər oğurlanmışdır. 600 (altı yüz) manat pulun, 1 (bir) ədəd pul kisəsinin qiymətinin 5 (beş) manat, “Tefal” markalı saç feninin qiymətinin 30 (otuz) manat, 100 ml həcmdə 4 ədəd “Faberlik” markalı ətirlərin ümumi qiyməti 40 (qırx) olmaqla, ona ümumilikdə 675 (altı yüz yetmiş beş) manat ziyanın vurulması vurulması ilə razıdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs Sərdar oğlu barəsində şikayətçi olduğunu ona dəymiş ziyanın ödənilmədiyini və onun cəzalandırılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 noyabr 2020-ci il tarixli 9/4942 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, analoji malların markasına, modelinə uyğun olaraq, eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda qeyd edilən 1 (bir) ədəd “Tefal” markalı saç feninin qiyməti 30,0 manat, “Faberlik” firmasına məxsus 100 ml həcmdə 4 ədəd ətirlərin qiyməti 40,0 manat, Çin Xalq Respublikası istehsalı olan parça materialdan olan qara rəngli pul kisəsinin qiyməti 5,0 manat olmaqla, orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 75,0 manat müəyyən edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tələbnaməsindən və Səbail Rayon Məhkəməsinin 11 avqust 2020-ci tarixli hökmündən görünür ki, Yaqublu X4 Rayon Məhkəməsinin 11 avqust 2020-ci tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilərək, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Probasiya İdarəsinin 03 may 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sərdar oğlunun 06 (altı) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışından görünür ki, Təqsirləndirilən şəxs Sərdar oğlunun himayəsində 19 fevral 2012-ci təvəllüdlü X5 və 02 yanvar 2014-cü il təvəllüdlü X7 var. Hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Sərdar oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda məhkəmə və məhkəməyədək istintaq zamanı Təqsirləndirilən şəxs Sərdar oğlu ittiham olunduğu əməl üzrə özünü təqsirli bilmiş və özünün müdafiəsi ilə əlaqədar dəlil gətirməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Sərdar oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirın şəxsiyyətini, cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Sərdar oğluna cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olmağını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilmədiyini, əvvəllər analoji cinayətin törədilməsinə görə məhkum olunmasını, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs Sərdar oğlunun islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Sərdar oğlunun əməlindən səmimi peşman olmasını, təqsirini boynuna almasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Sərdar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs Sərdar oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12-ci maddələrinin tələbləri baxımından Təqsirləndirilən şəxs Sərdar oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli Səbail RPİ-in CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutulan vaxtdan, yəni 05 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci və 68.1.11ci maddələrinə əsasən Səbail Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli hökmü ilə məhkum Təqsirləndirilən şəxs Sərdar oğluna təyin olunmuş cəzadan çəkilməmiş 06 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrumetmə cəzasının bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü olması nəzərə alınmaqla hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3ci maddəsinə əsasən cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini əsaslı hesab edir. Eyni zamanda Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş, ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 04 noyabr 2020-ci il tarixli 3088 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Sərdar oğlunda Tiryək alkoloidləri tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sərdar oğluna narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməsi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Sərdar oğluna xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda, iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, həmçinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Sərdar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sərdar oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1ci maddəsinə əsasən Səbail Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş 06 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasının hazırki hökmlə müəyyən edilmiş cəza ilə qismən toplamaq yolu ilə üzərində qəti olaraq 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 05 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Sərdar oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sərdar oğluna narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs Sərdar oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs Sərdar oğlunun hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 180 (yüz səksən) manat pul tutulub, “xxxx” QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar