Məhkəmə qərarları › İş №1(009)-46/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-46/2022

12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-46/2022 12.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Kürdəmir rayonu, Cəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Cəyli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, ev 44, mənzil 12-də kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını açıq yolla talayaraq soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində 02 oktyabr 2021-ci il tarixdə gecə saat 01 radələrində Bakı şəhəri, Səbail rayonu, Xəqani bağı ərazisində tanış olduğu Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmasından istifadə edərək, sonuncudan özünə içki almasını xahiş etmiş, M.E.Aksoy cibindən pul cuzdanını çıxarıb ona pul vermək istədiyi zaman Təqsirləndirilən şəxs M.E.Aksoyun əlində saxladığı içərisində adına olan kimlik vəsiqəsi,“İş Bank”-nın kredit kartı və həmin günə məzənnəsi 179 manat 73 qepik təşkil edən cəmi 940 türk lirəsi nağd pul olan 15 manat dəyərindəki bir ədəd üzərində “Hilfiger” sözləri yazılmış, 10sm x 7,5sm ölçülü qara rəngli pul cuzdanını əlindən alıb qaçaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ümumilikdə 194 manat 73 qəpik məbləğində-özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin oktyabr ayının 01-dən 02-nə keçən geçə saat 01 radələrində, o, tək Bakı şəhəri, Səbail rayonu ərazisindəki “Xəqani” ticarət mərkəzinin qarşısında dayanıb pivə içərkən, ona ilk dəfə gördüyü bir nəfər orta yaşında kişi yaxınlaşmış, aralarında söhbət düşmüş, həmin şəxsin sərxoş olmasını hiss etmişdir. O, həmin şəxsə rayonlara turistlər üçün bələdçilik etdiyini bildirmiş, həmin şəxs ona özünü təqdim etməsə də, yəni nə işlə məşğul olduğunu, adını və haradan gəlməsini deməsə də, o, danışığından həmin şəxsin türk milliyətinən olduğunu başa düşmüşdür. Sonra birlikdə yaxınlıqdakı “Xəqani” bağına gedib skamyada əyləşərək təxminən 10-15 dəqiqə ərzində, ümumi mövcud “Covid-19” pandemiyasından və Qəbələ rayonunun gəzməli turizm yerlərindən söhbət etmişlər. Söhbət zamanı o, həmin şəxsə özünü içkiyə qonaq etməsini bildirdikdə, həm özü, həm də onun üçün içki alması üçün həmin şəxs etiraz etmədən cibindən pul cuzdanını çıxarmış və cüzdanı ona vermişdir. Daha sonra aralarında anlaşılmazlıq olmuş, zərərçəkmiş şəxs narazılığını bildirmiş, qışqıraraq cüzdanı geri istəmiş, o isə cüzdanı ona qaytarmış və heç bir şeyə ehtiyacının olmadığını bildirmişdir. Daha sonra oradan kənarlaşmaq istəyərkən həmin şəxs onun arxasınca gəlmişdir. Cüzdanı oğurlamaq niyyəti olmamışdır. Həmin vaxt hər ikisi sərxoş olduğu üçün anlaşılmazlıq baş vermişdir. Cüzdanı özü zərərçəkmiş şəxsə qaytarmışdır. Elə bu vaxt oraya iki nəfər polis əməkdaşları yaxınlaşmış, həmin türk vətəndaşı onun pul cuzdanını əlindən alıb qaçmasından şikayət etmiş, polis əməkdaşları hər ikisini Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə aparmışlar. Orada həmin türk vətəndaşının adı Mehmet Aksoy olduğunu bilmiş və sonuncu ondan şikayət ərizəsi vermişdir. Sonra polis bölməsində polis əməkdaşları onun Mehmetin əlindən götürüb qaçdığı cuzdana iştirakları ilə baxış keçirərkən, həmin cuzdanın içərisində Mehmetin adına olan Türkiyə Respublikasının kimlik vəsiqəsi, kredit kartı və nağd şəkildə 940 türk lirası olmasını görmüşdür. O, Mehmet Aksoyun əlindən cuzdanı almamış, zərərçəkmiş şəxs könüllü olaraq cüzdanı ona spirtli içki almaq üçün vermiş, içərisində nə qədər pul olduğunu bilməmişdir. O cüzdanı könüllü olaraq Mehmet Aksoya qaytarmışdır. Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini və bunu məhkəmədən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikasına Qarabağın inkişafı üçün İtaliya şirkəti adına “PSC Ecchher” firmasının rəsmi təmsilçisi olaraq gəlmiş və 01 oktyabr 2021-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri,Səbail rayonu ərazisində yerləşən “Teatrum” otelində yerləşmiş, həmin günü axşamüstü oteldə iki bokal viski içib,otelin yaxınlığındakı Səbail rayonu, Xaqani bağı ərazisinə gəzməyə çıxmış, axşam saat 23:40 radələrində orada gəzişərkən bir nəfər Rəşad adlı şəxslə tanış olmuş, o, Rəşada Türkiyə Respublikasından qonaq gəlməsini bildirib söhbət etmiş, söhbət zamanı Rəşad ondan özünü içkiyə qonaq etməsini xahiş etmiş,o,da Rəşadın xahişini nəzərə alıb cibindən pul saxladığı cüzdanını çıxarmış, içərisindən Rəşada içki almaq üçün pul vermək istədiyi zaman, Rəşad gözləmədiyi halda qəflətən onun əlindən cüzdanı dartıb əlindən alaraq qaçmağa başlamış, bu zaman o, Rəşadın arxasınca düşüb qaçmış və təxminən 14-15 metrdən sonuncuya arxadan çatıb yaxalamış, Rəşadın əlindən apardığı pul cüzdanını geri almıdır. Elə bu vaxt onun Rəşadın arxasınca qaçarkən qışqırığını eşitmiş yaxınlıqda xidmət aparan polis əməkdaşları oraya yaxınlaşıb Rəşadı saxlamışlar. O, polis əməkdaşlarına Rəşadın cüzdanını əlindən alıb qaçdığını bildirmiş, sonra polis əməkdaşları onu və Rəşadı polis bölməsinə aparmış, orada o,şikayət ərizəsini yazmışdır. Polis bölməsində polis əməkdaşları Rəşadın onun əlindən dartıb alaraq qaçdığı cüzdana baxış keçirərək protokolla götürülmüş, Rəşadın onun əlindən alıb qaçdığı cüzdanın içərisində bir ədəd kredit bank kartı, 940 türk lirəsi və adına olan Türkiyə Respublikasının kimlik vəsiqəsi olmuşdur. Rəşad onun əlindən pul cuzdanını alıb qaçarkən vurmamasını və ya xəsarət yetirməməsini, hadisə geçə saat 01 radələrində baş verdiyindən ətrafda bağda heç kəsin olmamasını, dəyəri 150 manat olan pul cüzdanın içərisində bir ədəd Türkiyə Cümuryətinin “İş bankı”-na aid hesabında hansı məbləğdə türk lirəsi olmasını bilmədiyi kredit kartı və nağd şəkildə 940 türk lirası, adına olan Türkiyə Respublikasının kimlik vəsiqəsinin olduğunu göstərmişdir. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 02 oktyabr 2021-ci il tarixdə, geçə saat 01:10 radələrində,o,iş yoldaşı polis nəfəri Şahid2 ilə birlikdə 6652 saylı avtopatrul avtomobili ilə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin ərazisində Xəqani bağı ətrafında xidmətdə olarkən, bağın içərisində bir nəfər türk vətəndaşının digər bir nəfər şəxsin arxasınca qaçaraq “dur” deyə qışqırmasını eşidib, nəsə hadisə baş verdiyini fikirləşib dərhal buna reaksiya verib qaçan şəxsi yaxalamaq üçün həmin şəxsə tərəf hərəkət etmiş, həmin şəxsin qarşısına çıxdıqda türk vətəndaşının artıq həmin şəxsi yaxalamışdır. O, iş yoldaşı ilə birlikdə həmin iki nəfərə yaxınlaşdıqda türk dilində danışan şəxs təlaşlı şəkildə tutub saxladığı digər şəxsdən şikayətçi olduğunu, həmin şəxsin onun pul qabını əlindən qəflətən dartıb alaraq qaçdığını bildirmişdir. O, iş yoldaşı Şahid2 ilə birlikdə patrul avtomobili ilə həmin iki nəfəri ərazi üzrə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə gətirib, baş vermiş hadisə barədə raportla məruzə etmiş, polis bölməsində şikayətçi olan türk vətəndaşının Zərərçəkmiş şəxs, digər pul qabını götürüb qaçarkən saxlanılmış şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Sonra o, polis nəfəri Şahid2 ilə xidmətini davam etdirməsi üçün xitməti əraziyə qayıtmışdır. 02 oktyabr 2021-ci il tarixdə Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs müraciəti əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 02 oktyabr 2021-ci il tarixli götürmə haqqında protokola əsasən cüzdanda olan pullar, kredit kartları və kimlik Zərərçəkmiş şəxs geri qaytarılmış, cüzdan isə qablaşdırılaraq istintaq üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir. 07 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla bir ədəd izərində “Hilfiger” sözləri olan qara rəngli dəridənki pul cuzdanı,18 ədəd 50-lik və 02 ədəd 20-lik, cəmi 940 türk lirəsı təşkil edən Türkiyə Respublikası pul əskinazları, bir ədəd “İş Bank”-na aid kredit kartı və bir ədəd Zərərçəkmiş şəxs adına olan Türkiyə Respublikasının kimlik vəsiqəsi iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmışdır. Bir ədəd üzərində ‘Hilfiger” sözləri olan qara rəngli dəridən pul cuzdanı Səbail Rayon Polis İdarəsində saxlanılmış,18 ədəd 50-lik və 02 ədəd 20-lik cəmi 940 türk lirəsı təşkil edən Türkiyə Respublikası pul əskinazları, bir ədəd “İş Bank”-na aid kredit kartı və bir ədəd Zərərçəkmiş şəxs adına olan Türkiyə Respublikasının kimlik vəsiqəsi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27.10.2021-ci il tarixli, 9/7227 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd üzərində “HİLFİGER” sözləri olan 10sm x 7,5 smölçülü qara rəngli pul kisəsinin istifadə olunması nəzərə alınmaqla 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti 15 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. 02 oktyabr 2021-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılmış tibbi müayinə protokollarına əsasən Zərərçəkmiş şəxs orta dərəcəli, Təqsirləndirilən şəxs isə yüngül dərəcəli sərxoş vəziyyətdə olmuşdur. 02 oktyabr 2021-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs 02 oktyabr 2021-ci il tarixdə saat 18:40-da şübhəli şəxs qismində tutulmuşdur. 04 oktyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 180.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-469/2021 saylı, 04.10.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 02 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş 07 oktyabr 2021-ci il tarixli ərizəyə əsasən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 15 oktyabr 2021-ci il tarixli tələbnaməyə əsasən xx xxxxxx 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməldə cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-91/2021 saylı, 31.05.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməldə cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. 10 dekabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin, şahid ifadələri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə özgənin əmlakını açıq yolla talayaraq soyğunçuluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini, yəni Zərərçəkmiş şəxs içki alması üçün cüzdanı ona özünün verməsini və daha sonra anlaşılmazlıq yarandığından öz təşəbbüsü ilə cüzdanı ona qaytarmasını, cüzdanı oğurlamaq niyyətinin olmamasını göstərməsi zərərçəkmiş şəxsin, şahidin ifadəsi və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 02 oktyabr 2021-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış və Səbail Rayon Polis İdarəsində saxlanılan bir ədəd üzərində ‘Hilfiger” sözləri olan qara rəngli dəridənki pul cuzdanı hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 18 ədəd 50-lik və 02 ədəd 20-lik cəmi 940 türk lirası təşkil edən Türkiyə Respublikasının pul əskinazları, bir ədəd “İş Bank”-na aid kredit kartı və bir ədəd Zərərçəkmiş şəxs adına olan Türkiyə Respublikasının kimlik vəsiqəsinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən təqsirləndirlən çəxs Təqsirləndirilən şəxs hüquqlarının istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan bir ədəd üzərində ‘Hilfiger” sözləri olan, qara rəngli, 10 sm x 7,5 sm ölçüdə dəridən pul cuzdanı hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxs Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 18 ədəd 50-lik və 02 ədəd 20-lik cəmi 940 türk lirası təşkil edən Türkiyə Respublikasının pul əskinazları, bir ədəd “İş Bank”-na aid kredit kartı və bir ədəd Zərərçəkmiş şəxs adına olan Türkiyə Respublikasının kimlik vəsiqəsinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 150 (bir yüz əlli) manat tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar