Məhkəmə qərarları › İş №1(009)-47/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-47/2025

26.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-47/2025 26.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi Etibar oğlunun iştirakları ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd ağ kağıza bükülmüş bükümdə xeyli miqdarda təmiz çəkisi 0,249 qram olan ağ rəngli kristalik olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində gəzdirdiyi çəhrayı rəngli əl çantasındakı “Sobranie” markalı siqaret qutusunun içərisində saxlayaraq daşımış, 27 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan X7 Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılmış və mülki axtarışda olması səbəbindən aidiyyəti üzrə Səbail Rayon Polis İdarəsinin 8-ci PB-nin əməkdaşlarına təhvil verilmiş, Səbail RPİ-nin 8-cü PB-nə aparılaraq, həmin tarixdə saat 23:40 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı üzərində gəzdirdiyi çəhrayı rəngli əl çantasındakı “Sobranie” markalı siqaret qutusunun içərisindən bir ədəd ağ kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,249 qram olan ağ rəngli kristalik olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilmir, üstündə heç nə olmayıb. Əsəb dərmanları, psixotrop dərmanlar qəbul edib. Marixuana çəkib. Onu İnsan X7 İdarəsinin işçiləri gəlib götürüblər. Bank işiylə bağlı onu axtarışa vermişdilər. Üstünə baxışı bölmədə aparıblar. İnsan X7 İdarəsindən bölməyə aparıblar. Çantasını bölmədə içəri qoyub, özü çöldə telefonla danışıb. Onda narkotik vasitə olmayıb, çantasına qoyublar. Orada Anar adlı əməliyyatçı olub. İnsan Alveri onu oteldən gəlib götürüb. Otel Azadlıq tərəfdə yerləşirdi. Onun orada üstünə baxış keçirilməyib, üstünə qadın baxmalıydı, gecə saat 12-də gəlib bölməyə, saat 02:00-da xanım gətiriblər ki, videoçəkiliş olacaq, narahat olma deyiblər. Maşında sual veriblər, deyib ki, əvvəllər dərman istifadə edib. 4 saata yaxın İnsan X7 İdarəsində qalıb. İnsan X7 İdarəsinə daxil olanda əşyalarını götürüblər. Onu birinci bölməyə yox, saxlama yerinə aparıblar. Orada deyiblər ki, hörmət elə, o da deyib ki, yorğunam, icazə verin evə gedim, yatım, səhər gəlib sənin hörmətini edərəm. Onlar da deyib ki, olmaz, səni 8-ci PB-nə aparırıq. Məhkəmə istintaqı zamanı Şahid3 bildirmişdir ki, ibtidai istintaqdakı ifadəsini təsdiq edir. Gecə idi, xanımın üzərinə baxış keçirildi, narkotik vasitə çıxdı. O gələndə təqsirləndirilənin çantası növbətçi hissədə imiş. O, xanımın üzərinə baxış keçirib. Xanım saxlama məntəqəsində olub. Metamfetamin aşkar edilib. Çantaya təhqiqatçının otağında baxış keçirib. Müdafiəçi, əməliyyatçının iştirakı ilə baxış keçirib. Xanımı təhqiqatçının otağına əməliyyatçı gətirib. Otağa xanım çantası ilə birgə daxil olub. Gecə idi, o evdə imiş, evdən dəvət ediblər, gəlib. Yasamal rayonu N.Nərimanov pr 197-də yaşayır. Üzərindən çıxan narkotik ortaya qoyulub, zərfə qoyularaq möhürlənib. Məhkəmə istintaqında Şahid2 bildirmişdir ki, iyun ayının sonları idi, axsam saat 22:00-23:00 arasında bölmənin rəhbərliyi onun şəxsi telefonuna zəng vuraraq bildirib ki, icraatınızda mülki öhdəliklərin yerinə yetirilməsindən yayınmağa görə axtarış işiniz var Təqsirləndirilən şəxs, həmin şəxs İnsan X7 İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, onu gedib gətirmək lazımdır. Bölmənin əməliyyat müvəkkili ilə birlikdə həmin idarəyə gediblər. Təqsirləndirilən şəxs təhvil alıb, şəxsi avtomobil ilə bölməyə gətiriblər. Yolda onun adekvat olmayan hərəkətlərini görüb, ondan hansısa narkotik və ya psixotrop maddənin təsiri altında olub-olmaması barədə soruşduqda yarı zarafat yarı düz dedi ki, istifadə edir. Bu barədə bölmənin rəhbərliyinə məlumat veriblər. Bölmənin rəhbərliyinin göstərişi ilə müdafiəçi dəvət olundu, müdafiəçinin, onun və digər əməkdaşın iştirakı ilə şəxsi axtarış və baxış keçirilib. Əl çantasının içərisindən “Sobranie” qutusu aşkar olunub, onun da içərisində ağ kağıza bükülmüş maddə var idi, həmin maddə onların və müdafiəçinin iştirakı ilə qablaşdırılıb ekspertizaya göndərildi. Gövhəri təxminən saat 20:00-22:00 arasında götürməyə gediblər. İclasdan çıxmışdılar, evə gedirmiş, ona rəhbərlik yolda zəng vurub bu barədə bildirib. Digər əməkdaşı Nizami tərəfdən yoldan götürüb. Mülki axtarış onun icraatında idi. O sahə inspektorudur, mülki axtarışlara sahə inspektorları baxır. Təxminən 1 saata bölməyə gəlib çatıblar. Saat təxmini 21:00-23:00 arası olardı. Axtarışın saat neçədə aparıldığını dəqiq xatırlamır. Müdafiəçi və xanım işçilərini dəvət ediblər, ondan sonra şəxsi axtarış və baxış keçirilib. Həmin ərəfədə Gövhər təhqiqatçının xidməti otağında gözləyib. Növbətçi hissəyə yaxınlaşıblar, rəisə şifahi məruzə ediblər ki, xanım yolda özünü qeyriadekvat aparır, özü bildirib ki, narkotik vasitə istifadə edir. Sonra onun üzərinə şəxsi axtarış və baxış keçirilməsini bildiriblər. Sonrakı hərəkətləri təhqiqatçı aparmışdır. Şəxs barəsində cinayət təqibi başladığına görə İctimai-təhlükəsizlik şöbəsi tərəfindən mülki axtarışa xitam verilib. X8 heç bir sənəd təqdim edilməyib. Onlara Gövhəri orda növbətçi hissədən təhvil veriblər. Orda imza edərək şəxsi təhvil alıblar. Digər əməkdaş maşında gözləyirdi, o girib təhvil alıb çıxıb. Şəxs müvəqqəti saxlama yerində saxlanılmayıb, təhqiqatçının xidməti otağında olub. Mülki axtarışla bağlı sorğu-sual olunmayıb. İdarəyə də şifahi məlumat verilib. Birbaşa bölməyə gəliblər. Təqsirləndirilən şəxsdən pul istənilməyib. Məhkəmə istintaqı zamanı Şahid1 bildirmişdir ki, iyun ayının son günləri idi, növbətçi hissəyə məlumat daxil olub ki, mülki axtarışda olan Gövhər X4rşı Mübarizə İdarəsi tərəfindən saxlanılıb, onu ordan götürüb gətirmək lazımdır. Sahə inspektoru Anarla birlikdə yola düşüblər, gələrkən yolda Təqsirləndirilən şəxs özünü qeyri-adekvat apardığı üçün sual veriblər, etiraf edib ki, narkotik vasitə istifadə edir. Bu barədə bölmənin rəhbərliyinə məruzə ediblər. Araşdırılması növbətçi təhqiqatçıya həvalə olunub. Təqsirləndirilən şəxs götürəndə İnsan Alverindən o da orada olub. Birbaşa 8-ci Bölməyə gətiriblər. Başqa yerə getməyiblər. Onun üzərinə baxışı təhqiqatçı və bölmənin işçisi Pərvanə xanım keçirib. Sobranie qutusunda bir ədəd ağ büküm olub. Onlar ona deyiblər ki, üzərində nəsə qeyri-qanuni bir əşya varsa çıxarıb versin, o da narkotik vasitəni verib. Məlumat axşam 21:00-22:00-dan sonra daxil olub. Bölmədən Anarın şəxsi maşını ilə gediblər. Bir yerdə gediblər. İdarədən təhvil alıblar Gövhəri, Anar müəllim imza atıb. Bölməyə gətirəndən sonra növbətçi hissəyə təhvil veriblər. Anar müəllim məruzə edib, sonra çəkiliş olub. Tam yadında deyil Gövhər növbətçi hissədə kimin yanında oturub. 1 saat ərzində Gövhər orda oturdu. Çəkilişdə iştirak edib. Həmin vaxt Pərvanə xanım bölmədə deyildi, zəng vurublar gəlib. İş materiallarında olan 28 iyun 2024-cü il tarixli “cinayət işinin başlanması, və icraata qəbul edilməsi” qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, icraata qəbul edilmiş və istintaq aparılmışdır (c.i.v. 1). İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 28 iyun 2024-cü il tarixli 6/3402 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfdəki 01 ədəd bükülüdə təmiz çəkisi: 0,249 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Aparılmış təhqiqatın dəyəri 89 manatdır (sərf edildi 0,050 qram, qalıq 0,199 qram) (c.i.v. 33-35). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 11 iyul 2024-cü il tarixli 4755 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin və Psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (c.i.v.80-81). İş materiallarında olan «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» tərtib edilmiş 27 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 iyun 2024-cü il tarixdə saat 22:30-da qanunsuz olaraq narkotik vasitəni saxlaması və daşımasında şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur (c.i.v.19). İş materiallarında olan «şəxsi axtarış və götürmə haqqında» tərtib edilmiş 27 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan X7 Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılmış və mülki axtarışda olması səbəbindən aidiyyəti üzrə 27 iyun 2024-cü il tarixdə saat 22:30 radələrində Səbail Rayon Polis İdarəsinin 8-ci PB-nin əməkdaşlarına təhvil verilən zaman sonuncu narkotik vasitələrin istifadəçisi olduğunu etiraf etdiyinə görə onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək hüquqlarını müdafiə edilməsi üçün dəvət edilmiş vəkilinin iştirakı ilə polis idarəsində üzərində şəxsi axtarış aparılan zaman əlindəki çəhrayı rəngli əl çantasındakı “Sobranie” markalı siqaret qutusunun içərisindən 01 ədəd ağ kağıza bükülmüş ağ rəngli, kristal şəkilli maddə aşkar edilərək götürülmüşdür. Aşkar olunmuş həmin büküm qablaşdırılıb möhürlənmişdir. Baxış zamanı video çəkiliş aparılmışdır (c.i.v.21-23). Cinayət işində olan CD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 27 iyun 2024-cü il tarixdə Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatçısı X3 tərəfindən Səbail RPİ-nin 8-ci PB-nin sahə müvəkkili Şahid2, Şahid3, müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Video görüntüdə şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs əşyalarında və ya üzərində dövriyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs əlindəki çəhrayı rəngli əl çantasındakı “Sobranie” markalı siqaret qutusunun içərisindən 01 ədəd ağ kağıza bükülmüş ağ rəngli, kristal şəkilli maddə təqdim edir, aşkar olunmuş maddə cinayət təqibi orqanı tərəfindən 01 (bir) ədəd kağız zərfdə qablaşdırılıb götürülür. Video diskə baxış zamanı Təqsirləndirilən şəxs bildirir ki, həqiqətən baxış keçirilən şəxs odur. Təqdim edilmiş maddə ona məxsus deyil. İş materiallarında olan 29 iyun 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (c.i.v.43-44). İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon Prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədovun 29 iyun 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır (c.i.v.59-61). İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi” barədə 29 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (c.i.v.62-63). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 29 iyun 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (c.i.v.69). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, şahidlərin ifadəsi, maddi sübutlar və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməməsi onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir və bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunubolunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olubolmaması, cinayətin törədilməsindən sonrakıdövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertizaların rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar yoxdur. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, məhkəmə iclasındakı davranışını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması məqsədəuyğundur. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 27 iyun 2024-cü il tarixdə saat 22:30-da şübhəli şəxs kimi tutulmuş və Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. 29 iyun 2024-cü il tarixdə saat 12:30-da Təqsirləndirilən şəxs Səbail RPİ-nin MSY-dən həbsdən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs 27 iyun 2024-cü il tarixdən 29 iyun 2024cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə 01 (bir) gün hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən ödənilən haqq artırılaraq 11 manat müəyyən edilmiş və bu qərar 29 aprel 2025-ci il tarixdən qüvvəyə minmişdir. Bununla bağlı “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi Etibar oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 440 (dörd yüz qırx) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi Etibar oğluna ödənilməsi üçün “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun Kapital Bankdakı hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan ********* saylı cinayət işi üzrə maddi sübut olan 0,199 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə 01 (bir) gün hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini – ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. 240020279 saylı cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,199 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi Etibar oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 440 (dörd yüz qırx) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi Etibar oğluna ödənilməsi üçün “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun Kapital Bankdakı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar