Məhkəmə qərarları › İş №1(009)-48/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-48/2020

02.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-48/2020 02.03.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 3saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 mənzil 13 ünvanında qeydiyyatda olmaqla, ünvan 20, mənzil 27 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olan əməli törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu tarixdə, saat 19 radələrində idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “BMW 528 minik” markalı, ** KH *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 2 ünvanında “Bayraq Meydanı” nın dayanacaq meydançasından çıxaraq sürətləndirmə zolağı ilə 15-20 km/saat surətlə hərəkətdə olarkən, soldan gələn avtomobillərə yol vermək üçün dayanmış, soldan gələn avtomobilləri buraxdıqdan sonra hərəkətə başlayarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni hərəkətə başlama, yerdəyişmə zamanı təhlükəsiz manevr etməli və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda göstərilənlərə əməl etməyərək, yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmuş, ehtiyatsızlıqdan hərəkəti istiqamətində yolu soldan sağa doğru keçməkdə olan piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vurmuş, nəticədə Zərərçəkmiş şəxs ənsə sümüyünün böyük ənsə dəliyinə və kəllə əsasına keçən sınığı, baş beynin yumşaq qişası altına və beyin toxumasına geniş qansızmalarla müşayiət olunan qapalı kəlləbeyin travması, alın nahiyəsinin sağ yarısının qançırları, sağ təpə-gicgah-ənsə nahiyəsinin sıyrığı, ənsə nahiyəsinin sağ yarısının əzilmiş yarası və tüklü-tüksüz hissə sərhədində sıyrığı, sağ gözətrafı yumşaq toxumaların hematoması, sol gözətrafı yumşaq toxumaların qançırı, burunun sağ yan çəpərinin əzilmiş yarası və sıyrığı, bədənin küt travması kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır zərər vurmanın əlamətlərinə aid xəsarətlər alaraq ölmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, istifadəsində “BMW 528” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı, avtomobil vardır, həmin avtomobili dayısı ona hədiyyə etmişdir. O, xx xxxxxx 2019-cu il tarixdən “Bakı Kristal Zalı”nda həyata keçirilmiş “O səs Azərbaycan” adlı mahnı yarışmasında inzibatçı olaraq qonaqların qarşılanmasında və yerləşdirilməsindən ibarət idi. xx xxxxxx 2019-cu il tarixdə “Bakı Kristal Zalı”nda olmuş, ondan başqa dostları da həmin tədbirdə olmuşdur. O, tədbirdə olarkən idarə etdiyi “BMW 528” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobili “Bayraq Meydanı”nın dayanacaq meydançasında saxlamışdır. xx xxxxxx 2019-cu il tarixdə, saat 18:30 radələrində o, dostları ilə birlikdə ““Bakı Kristal Zalı”ndan çıxaraq “Bayraq Meydanı”nın dayanacaq meydançasında saxladığı“BMW 528” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmişdir. Dayanacaq meydançasından çıxaraq sürətləndirmə zolağı ilə təxminən 15-20 km/saat surətlə hərəkət edərək, yolun sağdan birinci hərəkət zolağına daxil olmaq üçün nəzərdə tutulmuş yerə yaxınlaşmış, bundan sonra soldan gələn avtomobillərə yol vermək üçün gözləmişdir. Soldan avtomobil gəlmədiyini gördükdə yolun hərəkət hissəsinin sağdan birinci hərəkət zolağına daxil olmağa başlamışdır. Bu zaman qəfildən onun avtomobilinin qarşısına piyada çıxmış və o, avtomobilin qabaq hissəsi ilə həmin piyadanı vurmuşdur. Piyada zərbənin təsirindən avtomobilin ön şüşəsinə çırpılmış və sola doğru sürüşərək yerə düşmüşdür. Bundan sonra o və avtomobildə olan dostları tez maşından düşərək piyadaya yaxınlaşmış və təcili yardıma zəng vurmuşlar. Bir qədər sonra təcili yardım və polis əməkdaşları gəlmiş və piyadanı təcili yardım maşınına qoyaraq aparmışlar. Hadisə zamanı avtomobildə o və dostları Vüqar, Elvin, Səyyad, Əkrəm olmuş, avtomobildə qabaq oturacaqda Elvin əyləşmiş, digərləri isə arxa oturacaqda olmuşdur. Hadisə baş verən zaman o, yenicə yola daxil olmuş və avtomobilin hərəkət surəti təxminən 15-20 km/saat olmuşdur. O, piyadanı yolun hərəkət hissəsinin sağdan birinci zolağında qarşısına çıxdığı anda görmüş, piyadanın hansı istiqamətdən gəldiyini görməmişdir. Törətdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxsin ailəsinə maddi köməklik etməsini, hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını nəzərə alaraq ona daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli iclasında zərərçəkmişin hüquqi varisi X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. Atası xx xxxx 1947-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, təqaüdçü olmaqla Neftçilər prospektində kirayə ev tutmuş və orada tək yaşamışdır. Atası Zərərçəkmiş şəxs axşamlar Dənizkənarı Milli Parka gedib gəzərək idman edirdi. xx xxxxxx 2019-cu il tarixdə axşam saat 21 radələrində atasının telefonuna zəng vurduqda polis əməkdaşı cavab vermiş və atasının yol nəqliyyat hadisəsi nəticəsində vəfat etdiyini bildirmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi Yusif Ələskərov məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs иля барышдыьыны, ona qarşı şikayət və tələbinin olmadığını, dəymiş ziyanını ödənildiyini bildirmiş və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, o, “Bakı Kristal Zalı”nda “O səs Azərbaycan” adlı mahnı yarışmasına hazırlıq işlərinə təcrübəçi kimi fəaliyyət göstərmişdir. Onun əsas işi orda qonaqların qarşılanmasına və yerləşdirilməsinə köməklik etmək olmuşdur. Bundan başqa onun dostları Kamran, Vüqar, Səyyad və Əkrəm də onunla birlikdə “Bakı Kristal Zalı”nda təcrübəçi kimi işləmişlər. Onlar hamısı Lökbatan qəsəbəsində qaldıqları üçün tədbirdən sonra çox vaxt Kamranın idarə etdiyi “BMW” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə evə gedirdilər. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 18 radələrində o və dostları “Bakı Kristal Zalı”ndan çıxaraq Kamranın avtomobilinə əyləşmişlər. Kamran avtomobilini “Bayraq Meydanı” adlanan ərazinin dayanacaq meydançasında saxlamışdır. O, avtomobildə qabaq oturacaqda əyləşmiş, arxa oturacağın orta hissəsində Vüqar, Vüqardan sol tərəfdə Əkrəm, sağ tərəfdə isə Səyyad əyləşmişdir. Kamran isə sükan arxasına keçmiş və nəqliyyat vasitəsini idarə etməyə başlamışdır. Dayanacaq meydançasının şlaqbaumu açıq olmuş, onlar şlaqbauma yaxınlaşmış və yola çıxmağa başlamışlar. Bu zaman Kamran avtomobili saxlamış və sol tərəfdən yəni Bayıl qəsəbəsi istiqamətindən gələn avtomobillərə yol vermişdir. Sonra yolun sağdan birinci hərəkət zolağına daxil olmağa başlamışdır. Bu zaman qəfildən avtomobilin ön şüşəsinə bir nəfər şəxs çırpılmış və sola doğru sürüşərək yerə düşmüşdür. Həmin vaxt o, qışqırmış, Kamran tez avtomobili sağa çəkərək saxlamışdır. Onlar avtomobildən düşmüş və piyadanın yerdə hərəkətsiz vəziyyətdə uzandığını görmüşlər. Bundan sonra tez təcili yardıma zəng vurmuşlar və bir qədər sonra təcili yardım və polis əməkdaşları gəlmiş və piyadanı təcili tardım maşınına qoyaraq aparmışlar. O, piyadanın hadisədən əvvəl hansı istiqamətdən gəldiyini görməmiş, piyadanı qəfildən avtomobilin qarşısına çıxdığı anda görmüşdür. Hadisə yolun hərəkət hissəsinin sağdan birinci zolağında baş vermiş, hadisə zamanı özü heç bir xəsarət almamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid2 oğlu ifadəsində göstərdi ki, o, “Bakı Kristal Zalı”nda “O səs Azərbaycan” adlı mahnı yarışmasına hazırlıq işlərinə təcrübəçi kimi işləmiş, qonaqların qarşılanmasına və yerləşdirilməsinə kömək edirdi. Onun dostları Kamran, Vüqar, Səyyad və Elvin də onunla birlikdə “Bakı Kristal Zalı”nda eyni işi görmüşdür. Onlar hamısı Lökbatan qəsəbəsində qaldıqları üçün tədbirdən sonra çox vaxt Kamranın idarə etdiyi “BMW” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə evə gedirmişlər. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 18 radələrində o və dostları “Bakı Kristal Zalı”ndan çıxaraq Kamranın avtomobilinə əyləşmişlər. Kamran avtomobilini “Bayraq Meydanı” adlanan ərazinin dayanacaq meydançasında saxlamışdır. O, avtomobildə arxa oturacaqda sol tərəfdə əyləşmiş, ondan sağda Vüqar, ondan da sağ tərəfdə Səyyad, qabaq oturacaqda isə Elvin əyləşmişdir. Kamran isə sükan arxasına keçmiş və nəqliyyat vasitəsini idarə etməyə başlamışdır. Dayanacaq meydançasının şlaqbaumu açıq olmuş, onlar şlaqbauma yaxınlaşmış və yola çıxmağa başlamışlar. Bu zaman Kamran avtomobili saxlamış və sol tərəfdən yəni Bayıl qəsəbəsi istiqamətindən gələn avtomobillərə yol vermişdir. Sonra yolun sağdan birinci hərəkət zolağına daxil olmağa başlamışdır. Bu zaman qəfildən səs gəlmiş və Elvin qışqırmışdır. O, baxdıqda avtomobilin ön şüşəsinin zədələndiyini görmüşdür. Bundan sonra Kamran tez avtomobili sağa çəkərək saxlamış, avtomobildən düşdükdən sonra o, yerdə piyadanın olduğunu gördükdə Kamranın piyadanı vurduğunu başa düşmüşdür. O, həmin şəxsə yaxınlaşmış və onun nəbzini yoxlamışdır. Onun nəbzi çox zəif surətlə vururmuş, onlar təcili yardıma zəng vurmuşlar. Bir qədər sonra təcili yardım və polis əməkdaşları gəlmiş və piyadanı təcili yardım maşınına qoyaraq aparmışlar. Hadisə baş verən zaman avtomobilin hərəkət surəti təxminən 15- 20 km/saat olmuşdur. Ona görə ki, Kamran yenicə yolun sağdan birinci hərəkət zolağına daxil olmuş və avtomobil surət yığmamışdır. O, piyadanın hadisədən əvvəl hansı istiqamətdən gəldiyini görməmiş, ümumiyyətlə səs gəldikdə o, piyadanın vurulduğunu başa düşməmişdir. Hadisə yolun hərəkət hissəsinin sağdan birinci zolağında baş vermiş, hadisə zamanı özü heç bir xəsarət almamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, “Bakı Kristal Zalı”nda “O səs Azərbaycan” adlı mahnı yarışmasına hazırlıq işlərinə təcrübəçi kimi yüklərin daşınması və qonaqların qarşılanmasına kömək etmişdir. Bundan başqa onun dostları Kamran, Elvin, Səyyad və Əkrəm də onunla birlikdə eyni işi görmüşdür. Onlar çox vaxt tədbirdən sonra Kamranın “BMW” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə evə gedirdilər. xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində o və dostları “Bakı Kristal Zalı”ndan çıxaraq Kamranın avtomobilinə əyləşmişlər. Kamran avtomobilini “Bayraq Meydanı” adlanan ərazinin dayanacaq meydançasında saxlamışdır. O, avtomobildə arxa tərəfdə orta hissədə əyləşmiş, ondan solda Əkrəm, sağda Səyyad, qabaq oturacaqda isə Elvin əyləşmiş, Kamran isə sükan arxasına keçmiş və nəqliyyat vasitəsini idarə etməyə başlamışdır. Onlar dayanacaq meydançasından çıxdıqda Kamran avtomobili saxlamış və sol tərəfdən yəni Bayıl istiqamətindən gələn avtomobillərə yol vermişdir. Sonra yolun sağdan birinci hərəkət zolağına daxil olmağa başlamış, həmin vaxt qəfildən avtomobilin qabaq hissəsinə piyada çıxmış və Kamran avtomobilin qabaq hissəsi ilə həmin piyadanı vurmuşdur. Piyada zərbənin təsirindən avtomobilin ön şüşəsinə çırpılmış və sola doğru sürüşərək yerə düşmüşdür. Bundan sonra Kamran avtomobilini saxlamış, onlar avtomobildən düşərək piyadaya yaxınlaşmış və təcili yardıma zəng vurmuşlar. Bir qədər sonra təcili yardım və polis əməkdaşları gəlmiş və piyadanı təcili tardım maşınına qoyaraq aparmışlar. Hadisə baş verən zaman Kamran yenicə yola daxil olmuş və avtomobilin hərəkət surəti təxminən 20-30 km/saat olmuşdur. O, piyadanın hadisədən əvvəl hansı istiqamətdən gəldiyini görməmiş, piyadanı qəfildən artıq avtomobilin ön hissəsində olanda görmüşdür. Hadisə yolun hərəkət hissəsinin sağdan birinci zolağında baş vermişdir.Hadisə zamanı özü heç bir xəsarət almamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid5 eyni məzmunlu ifadə verərək şahidlər Şahid4, Şahid2 oğlu və Şahid3 qeyd etdiyi xususatları təsdiq etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, etibarnamə əsasında qardaşı Əhmədov Şöhlət İbrahim oğluna məxsus **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur və əsasən Səbail rayonu, Neftçilər prospektində “Bayraq Meydanı” adlanan yerin yaxınlığında yerləşən “L avenue” restoranının qarşısında dayanaraq müştəri gözləyir. xx xxxxxx 2019-cu il tarixdə saat 18:37-də həmişəki kimi “Bayraq Meydanı” adlanan yerin yaxınlığında yerləşən “L avenue” restoranının qarşısında dayanmış, avtomobilin içərisində əyləşmiş, bu zaman qəfildən ondan sol tərəfdə yolun hərəkət hissəsinin birinci zolağında “BMW” markalı nəqliyyat vasitəsinin piyadanı vurduğunu görmüşdür. Bundan sonra həmin nəqliyyat vasitəsi yolun sağ kənarında dayanmış və avtomobildə olan sürücü və sərnişinlər avtomobildən düşərək piyadaya yaxınlaşmışlar. O, da öz avtomobilindən düşmüş və yola çıxaraq əl işarələri ilə yolda hərəkətdə olan avtomobillərə hadisə baş verməsi barədə məlumat vermişdir. Bundan bir qədər sonra hadisə yerinə polis əməkdaşları və təcili yardım gəlmiş, piyadanı təcili yardıma qoyaraq aparmışlar. Məhkəmə-tibb espertizasının xx xxxxxx 2019-cu il tarixli 84 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – ənsə sümüyünün böyük ənsə dəliyinə və kəllə əsasına keçən sınığı, baş beynin yumşaq qişası altına və beyin toxumasına geniş qansızmalarla müşayiət olunan qapalı kəllə-beyin travması, alın nahiyəsinin sağ yarısının qançırları, sağ təpə-gicgah-ənsə nahiyəsinin sıyrığı, ənsə nahiyəsinin sağ yarısının əzilmiş yarası və tüklü-tüksüz hissə sərhədində sıyrığı, sağ gözətrafı yumşaq toxumaların hematoması, sol gözətrafı yumşaq toxumaların qançırı, burunun sağ yan çəpərinin əzilmiş yarası və sıyrığı, bədənin küt travmasıdır. Qeyd olunan xəsarətlər həyati olub, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx xxxxxx 2019-cu il tarixli avtomobil travması o cümlədən piyadanın hərəkətdə olan avtomobilin qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb ənsə sümüyünün kəllə əsasına keçən sınığı, baş beynin yumşaq qişası altına və beyin toxumasına geniş qansızmalarla müşayiət olunan qapalı kəllə-beyin travması olmuşdur. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 30654 saylı rəyindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsində “BMW 528” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətləri tədqiq olunaraq göstərilir ki, mövcud şəraitdə hərəkətin təhlükəsizliyinin təmin edilməsi və hadisənin qarşısının alınması məqsədilə o, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini rəhbər tutmalı idi.Həmin maddənin tələblərindən məlum olur ki, hərəkətə başlama, yerdəyişmə zamanı sürücünün apardığı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır.Maddənin mətnindən göründüyü kimi hərəkət zamanı sürücü hər hansı formada manevr apararkən bütün hallarda təhlükəsiz hərəkət təmin olunmalıdır. Qeyd olunan maddənin tələblərinə riayət etməklə sürücü Təqsirləndirilən şəxs sol tərəfdən yaxınlaşan nəqliyyat vasitələrinin olmamasına, təhlükəsiz hərəkətin təmin edilməsinə əmin olduqdan sonra hərəkət istiqamətində hər hansı maneənin olmadığı şəraitdə dayandığı yerdən hərəkətə başlamalı idi.Sürücü Təqsirləndirilən şəxs hərəkəti istiqamətində yolu keçən piyadanın olduğu halda həmin piyadanın yolu boşaltmasını gözləməli idi.Yəni sürücü Təqsirləndirilən şəxs hərəkəti istiqamətində təhlükəsizliyin təmin olundğu vəziyyətdə hərəkətə başlamalı idi.Lakin sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “BMW 528” markalı avtomobili dayandığı yerdən hərəkətə gətirərkən yolu soldan sağa doğru keçməkdə olan piyadanı vurması onu izah edir ki, mövcud hadisə sürücü Təqsirləndirilən şəxs təhlükəsizliyi təmin etməyən öz hərəkətləri, o cümlədən diqqətini avtomobilin idarə olunmasından və yol şəraitindən ayırması ilə əlaqədar olmuşdur. Ona görə də “BMW 528” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələrin İdarəetmə Xidmətindən əldə edilmiş Təhlükəsiz Şəhər Xidmətinin TŞ 2-120 nömrəli video müşahidə kameralarının yolnəqliyyat hadisəsinin qeydə alınması ilə əlaqədar “DVD” diskə baxış protokollarından görünür ki, müşahidə kamerası Bakı şəhəri, Səbail rayonu, Nefçilər prospekti 2 ünvanında dairəvi hərəkətdə olmaqla yolun Bayraq Meydanı və Azneft dairəsinə gedən istiqamətləri göstərir. Video faylda xx xxxxxx 2019-cu il tarixdə, saat 18:37-dən 18:47:17-dək olan video görüntülər əks olunmuşdur. Baxış zamanı, Neftçilər prospektində yolun iki tərəfli olması, hərəkət istiqamətlərini ayıran ayırıcı zolağın olması və hər hərəkət istiqamətində dörd hərəkət zolağının olması, video görüntünün 18:37:38 saniyəsində bir nəfər əynində boz qış gödəkçəsi və başında papaq olan piyadanın yolun sol hissəsindən yola doğru yaxınlaşması, videogörüntünün 18:37:42 saniyəsində həmin piyadanın orta qaçış sürətilə Azneft dairəsi istiqamətindən gələn yola doğru qaçması, videogörüntünün 18:38:15 saniyəsində isə həmin piyadanın yolun əks stiqamətində sağdan ikinci hərəkət zolağında yerdə uzanılı vəziyyətdə olması, ondan bir qədər irəlidə yolun sağ kənarında isə markası və dövlət qeydiyyat nişanı görünməyən avtomobilin dayanması, videogörüntünün "8:38:19 saniyəsində həmin avtomobildə olan sürücü və sərnişinlərin avtomobildən düşərək piyadaya yaxınlaşması müşahidə olunur. Digər video-diskdə olan birinci hissə TŞ1-126.2 video fayl açılaraq baxılan zaman müəyyən olundu ki, müşahidə kamerası Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 2 ünvanında sabit vəziyyətdə olmaqla yolun Azneft dairəsindən gələn istiqamətinə yönəlmişdir.Video faylda xx xxxxxx 2019-cu il tarixdə saat 18:37-dən 18:46:15-dək olan video görüntülər əks olunmuşdur. Baxış zamanı videogörüntünün 18:37:45 saniyəsində bir nəfər piyadanın orta qaçış surəti ilə Azneft dairəsi istiqamətindən gələn yola doğru qaçaraq yolun hərəkət hissəsini keçib getməsi müşahidə olunur. Cinayət işinin materiallarında olan xx.xx.2019-cu il tarixli 2/9789 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı və narkotik vasitə qəbul etməməsi xx.xx.2019-cu il tarixli 1/6484 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş vəziyyətdə olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə Səbail RPİ-nin müstəntiqi Musa Məhərrəmov tərəfindən faktla əlaqədar olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saa 02:00-da şübhəli şəxs qismində tutulmuşdur. xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs Səbail RPİ-nin X6 azad olunması haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 19:20-də MSY-dən həbsdən azad olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliynin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Baş Dövlət X10 xx.xx.2020-ci il tarixli, 016-6421-1220 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə AB 500669 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Cinayət işinin materiallarında olan mərhum zərərçəkmiş şəxsin hüquqi varisi X1 istintaq orqanına, o cümlədən məhkəmə iclasında təqdim etdiyi ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir tələbi, şikayəti və iddiası yoxdur, gələcəkdə də olmayacaq. Daxili İşlər Nazirliyinin Növbətçi Hissələrin İdarəetmə Xidmətindən əldə edilmiş Təhlükəsiz Şəhər Xidmətinin TŞ 2-120 nömrəli videomüşahidə qurğusunun götürülmüş videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD disk sübutların qıymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarı ilə cinayət işi üzrə maddi sübut kimi tanınaraq iş materialına əlavə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 30548 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyinə əsasən 1999-cu il buraxılışlı “BMW” markalı, 90KH290 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 16.11..2019-cu il tarixə təxminən 500 manat müəyyən edilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Rza oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçısı yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı Qərarda məhkəmələrin diqqətinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışıq əldə edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1-ci maddəsinin 12-ci bəndinə görə zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, 13-cü bəndinə görə isə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti,o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin Azərbaycan Respublikası CM-nin 60.1.-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. İstintaq dövründə Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 02:00-dən xx xxxxxx 2019-cu il tarixdə saat 19:20-dək müddətə tutularaq həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza cəzanın məqsədini təmin edir. Maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış yol-nəqliyyat hadisəsini qeydə alan Daxili İşlər Nazirliyinin Növbətçi Hissələrin İdarəetmə Xidmətindən götürülmüş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işinin 132 və 137-ci vərəqələrində olan ekspertiza xərclərinə dair bildirişlərdən müəyyən edilir ki, məhkəmə yol-nəqliyyat hadisələri və məhkəmə əmtəəşünaslıq ekspertizalarına dair aparılmış tədqiqatın dəyərləri müvafiq olaraq 100 və 50 manat olmaqla, ümumilikdə 150 (bir yüz əlli) manat təşkil edir. Qeyd edilən ekspertiza xərci olan 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İstintaq dövründə Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 02:00-dən xx xxxxxx 2019-cu il tarixdə saat 19:20-dək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış yol-nəqliyyat hadisəsini qeydə alan Azərbaycan Rrespublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələrin İdarəetmə Xidmətindən götürülmüş 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 150 (bir yüz əlli ) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: Dövlət Xəzinadarlığı Agentliyi, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 300 (üç yüz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı vəkil bürosunun “xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 240 (iki yüz qırx ) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı vəkil bürosunun “xxxxxxxxxxxx” ASC-nin 1 saylı Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar