Məhkəmə qərarları › İş №1(009)-48/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-48/2021

20.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-48/2021 20.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri, 24 saylı vəkil bürosunun vəkili X4, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində xx xxxxx 2021-ci il tarixdə saat 11:00-da xx xxxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşdirilmiş icraata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxxxx 2020-ci il tarixdə saat 16:45 radələrində, Bakı şəhəri, Səbail rayonu Salyan yolu 2 ünvanda “Opel Astra” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman qarşıdan gələn “Ravon Nexia” markal **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşısında saxlamış, heç bir əsaslı səbəb olmadan avtomobilini geri verib yolu açmamış, ictimai qaydanı kobud surətdə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmiş, Zərərçəkmiş şəxs nalayiq ifadələrlə söyüb-təhqir etmiş, yumruqla sifətindən vurub ona sağ almacıq nahiyyəsinin və sağ çiyinüstü nahiyyənin sıyrıqları, sağ bazunun orta-aşağı 1/3-nin bayır səthinin qançırı kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək şəxs üzərində zor tətbiq etmiş, qərəzli xuliqanlıq etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 16:45 radələrində Səbail rayonu Elçin Əzizov küçəsində yerləşən hamama çatmamış idarə etdiyi “Opel Astra” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman qarşıdan gələn “Ravon Nexia” markal **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşısında saxlamışdır. Onun geriyə yolu olmadığı üçün həmin sürücüdən avtomobilini geri sürməsini və yol verməsini xahiş etmişdir. Eyni zamanda həmin şəxs ona arxaya sürməyini tələb etmişdir. Həmin sürücü avtomobilin sürücü tərəfdən olan şüşəsini endirərək onunla kobud danışaraq avtomobilini geri sürməyi tələb etdiyi üçün o, əsəbləşib avtomobilindən enib qapısını bağlamış və sürməyəcəyini demişdir. Bu zaman həmin şəxs öz avtomobilini tərk etmişdir. Həmin sürücü avtomobilindən düşən zaman o, artıq bu şəxsin avtomobilinin qapısının yanında dayanıbmış. Həmin sürücü avtomobildən qışqıraqışqıra düşdüyü üçün onu döyəcəyindən ehtiyyat etmiş, ilk olaraq o, bu şəxsi yumruqla iki dəfə üz nahiyəsindən vurmuş və ətrafda olan şəxslər onları ayırdıqdan sonra həmin şəxs də öz avtomobilinə əyləşərək arxaya doğru hərəkət etmişdir. O, yolu açıldığı üçün yoluna davam etmiş və Badamdar yolu istiqamətində olan zaman həmin şəxs onun arxasınca öz avtomobili ilə gəlmişdir. Həmin sürücü ondan avtomobilini saxlamağını tələb etmişdir. O, avtomobili saxladıqdan sonra həmin şəxsə demişdir ki, yol kənarıdır qabağa verib saxlasın, sürücü isə əsəbi halda əlini avtomobilinin içərisindən öz avtomobilinin patpresinə yumruqla vuraraq saxlamağını tələb etmişdir. Daha sonra avtomobilini idarə edərək çıxıb getmişdir. Bundan sonra həmin şəxsin polisə şikayət etdiyini, bu səbəbdən Səbail RPİ-nin 8-ci Polis Bölməsinə dəvət edildiyini bilmişdir. Polis bölməsinə gələrkən həmin şəxsin Zərərçəkmiş şəxs olmasını öyrənmişdir. Hadisə xx xxxxxx 2020-ci il tarixdə, saat 16:45 radələrində Bakı şəhəri, Səbail rayonu ünvan 2 ünvanda baş vermiş, bir neçə dəqiqə ərzində davam etmiş, hadisəyə səbəb onun idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qarşı-qarşıya gəlməsi və biri-birlərinə yol vermədikləri təqdirdə yodan keçib gedə bilməyəcəkləri səbəbdən baş vermişdir. Bəli. O, həmin şəxsi döyməyini etiraf edir. O, həmin şəxsi tanımırmış. Adının Heybət olmasını da Polis Bölməsində öyrənmişdir. Əvvəllər Heybətlə aralarında heç vaxt mübahisə yaşanmayıbmış. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, himayəsində bir azyaşlı uşağının olmasının, zərərçəkmiş şəxslə barışıq əldə edilməsinin, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 16:45 radələrində Səbail rayonu Elçin Əzizov küçəsində, buraya Salyan yolu-2 küçəsi də deyilir, hamama çatmamış hissədə idarə etdiyi “Ravon Nexia” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman qarşıdan gələn “Opel” markal **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşısında saxlamışdır. Onun geriye yolu olmadığı üçün həmin sürücüdən avtomobilini geri sürməsini və yol verməsini xahiş etmişdir. Eyni zamanda həmin şəxs ondan arxaya sürməyini tələb etmişdir. Onun arxasında 5 avtomobil dayandığı üçün geriyə sürə bilməyəciyini və geriyə sürməsini həmin sürücüyə dedikdə həmin şəxs avtomobildən düşmüşdür. O, həmin sürücünün avtomobildən düşməsini görüb öz avtomobilimi tərk etmişdir. Həmin şəxs onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. O, bu şəxsdən təhqir etməməsini xahiş etdikdə həmin şəxs qəfildən onun üzündən yumruqla vuraraq ona xəsarət yetirmiş, daha sonra qayıdıb avtomobilinə minmişdir. Bir təhər yolu açmışlar, yol açıldıqdan sonra isə həmin sürücü sürüb oradan Badamdar istiqamətində getmişdir. O, bununla bağlı zəng edərək 102 xidmətinə məlumat vermiş və daha sonra Səbail RPİ-nin 8-ci polis bölməsinə gələrək ərizə ilə müraciət etmişdir. Polis bölməsində ona məlum olmuşdur ki, ona qarşı xuliqanlıq etmiş şəxs Təqsirləndirilən şəxsdur. Zərərçəkmiş şəxs, ərizə ilə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışmasını, dəymiş zərərin tam şəkildə ödənilməsini və ona qarşı heç bir şikayəti və tələbi olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid qismində Şahid ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində tanışı Elçin ilə əvvəlcədən xəbərləşdikləri kimi Səbail rayonu, 20-ci Sahə dairəsi yaxınlığında yerləşən “Araz” marketin qarşısında görüşəcəkləri üçün həmin ünvana getmişdir. O, Elçinə zəng edən zaman Elçin sükan arxasında olduğunu və yanına gəldiyini demişdir. Bir qədər sonra Elçinin avtomobilinin yaxınlaşdığını görmüşdür. Bu zaman Elçinin arxası ilə ağ rəngli başqa avtomobil gəlirmiş və uzaqdan müşaiət etdiyi qədəri ilə onlar arasında problem olduğunu anlamışdır. Elçin ona avtomobilinə əyləşməyini təklif etsə də, o, onların arasında yaranmış, lakin səbəbinin nə olduğunu bilmədiyi problemi aydınlaşdırmaq üçün xoş niyyətlə ağ rəngli digər avtomobilinin sürücüsünün yanında əyləşmişdir. O, həmin avtomobilə əyləşən zaman Elçin avtomobili sürdüyü üçün həmin şəxs də Elçinin arxası ilə sürmüşdür ki, onu saxlatdırsın. Həmin şəxs öz avtomobilini Elçinin avtomobilinə çox yaxın sürərək Elçindən saxlamasını tələb edirmiş. Həmin şəxs Elçinin avtomobilinin yanında saxlayaraq pəncərədən ona avtomobili kənarda saxlamasını tələb etmiş və əsəbi halda sağ əlində olan mobil telefonu ilə öz avtomobilinin içəri hissəsində avtomobilin ön şüşəsinə zərbə ilə vurmuşdur. Bu zaman bu şəxsin avtomobilinin ön şüşəsi çartlamışdır. O, həmin şəxs ilə avtomobildə olan zaman bu şəxs ona meyvə satan Nazimin oğlu olduğunu deyibmiş. Daha sonra həmin şəxsin “102” xidmətinə zəng etdiyini gördükdən sonra avtomobili tərk etmişdir. Sonradan bu şəxsin Zərərçəkmiş şəxs olmasını öyrənmişdir. O, həmin şəxsi ilk dəfə imiş ki, görürmüş. Həmin şəxs sonrada əlində olan telefonu şüşəyə vurduqdan sonra şüşəni çartlatmışdır. O, Elçinlə həmin şəxsin arasında olan dava dalaşı görməsə də sonradan görüşərkən Zərərçəkmiş şəxslə dalaşdığını və Elçin Heybəti döydüyünü bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 607 saylı rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər - sağ almacıq nahiyəsinin və sağ çiyinüstü nahiyənin sıyrıqları, sağ bazunun orta-aşağı 1/3-nin bayır səthinin qançırı küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx xxxxxx 2020-ci il tarixdə qeyd olunan nahiyələrə yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəli təyin edilmir. Vətəndaş Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlərin xarakterik xüsusiyyətlərinə, lokalizasiyasına, eləcə də, müayinə olunanın verdiyi anamnestik məlumatlara əsaslanıb xəsarətlərin özü yıxılma zamanı və ya özü tərəfindən özünə yetirmə nəticəsində deyil, kənar şəxs tərəfindən yetirilmiş lokal zərbələr təsirində törənə bilinmələri barədə fikir söyləmək mümkündür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilərək qazancından 20 % pul dövlət nəfinə tutulmaqla 02 il islah işləri cəzasına məhkum edilmişdir. xx xxxx 2013-cü il tarixli qərarla Azərbaycan Xalqının Ümummilli X7 90 il X3 elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2013-cü il tarixli qərarının 1.4-cü bəndinə əsasən ona təyin olunmuş islah işləri cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Ədliyyə Nazirliyinin Elektron Məhkəmə Portalının çıxarışından gorünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxx 2010-cu il təvəllüdlü X5 adlı azyaşlı uşağı var. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, tanımadığı şəxs tərəfindən döyülməsi ilə əlaqədar araşdırmanının məhkəməyədək sadələşdirilmiş icraat qaydasında aparılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs da ərizə ilə müraciət edərək araşdırmanının məhkəməyədək sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxxxx 2006-cı il tarixli qərarında xuliqanlıq cinayət əməlinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakı hüquqi mövqelərini ifadə etmişdir: "Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2004-cü il tarixli 1 №li qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiq olunur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. X1 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən X1 törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin şikayətinin olmamasını, evli olmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən ağırlaşdıran hal müəyyən edilmədi. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, qəsdin bilavasitə obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil etməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, məhkəmə ona əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında cərimə cəzasının təyin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 31 saylı qərarına əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə maddi sübut, mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 3000 (üç) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 120 (yüz iyirmi) manat pul tutulub, “xxxx” QSCnin Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar