Məhkəmə qərarları › İş №1(009)-48/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-48/2023

25.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-48/2023 25.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Müdafiəçi Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1985-ci ildə Lənkəran rayonu, Şilavar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Lənkəran rayonu, Şilavar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yerləşən “Empire” hotelində 214 nömrəli otaqda müvəqqəti yaşamış, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, 19 fevral 2022-ci il tarixdə, gecə saat 02 radələrində Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 49 ünvanda yerləşən “Empire” otelin 214 saylı otağında tanışı Şahid1 satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, üç bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,546 qram, 0,206 qram, 10,195 qram, ümumi təmiz çəkisi 10,947 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, əynindəki şalvarın sağ yan cibində saxlamış, 19 fevral 2022-ci il tarixdə, gecə saat 02:45 radələrində, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Hacıqabul RPŞ-nin əməkdaşlarının birgə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı, o, müvəqqəti yaşadığı ünvan 2 ünvanda yerləşən “Empire” otelinin 214 saylı otağında şübhəli şəxs qismində saxlanılıb, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin ünvan 3 ünvanında yerləşən inzibati binasına gətirilib, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılması zamanı əynindəki şalvarın sağ yan cibində həmin üç bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,546 qram, 0,206 qram, 10,195 qram, ümumi təmiz çəkisi 10,947 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Bununla da o Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, “Empire” otelində müvəqqəti olaraq yaşamışdır. O, Şahid1 hadisədən əvvəl təxminən bir il olar ki, tanıyırdı. 2022-ci ilin fevral ayının 18-dən 19-na keçən gecə Ceyhun ona zəng edib, tanış qızla gecələmək üçün oteldə nömrə götürmək istədiyini və otaq təşkil etməsini ondan xahiş etmiş, o da razılaşmışdır. 19 fevral 2022-ci il tarixdə gecə saat 02 radələrində Ceyhun yanında Nigarla otelə gəlmişlər. O, qeydiyyatdakı işçiyə qonaqlar üçün otaq hazırlamasını demişdir. Ceyhun özü ilə istifadə etmək üçün preqabalin dərmanı, metamfetamin bükümləri və marixuana gətirmişdir. Ceyhun və Nigar gəldikdən 10-15 dəqiqədən sonra otağın qapısı döyülmüş, gələn şəxs masanın üzərində olan bükümü görməsin deyə cibinə qoymuşdur. Qapını açdıqda otağa 5-6 nəfər mülki geyimdə şəxs daxil olaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Onlar otağı və onların üzərini axtarmış sonra da onları ayrı-ayrı avtomobillərə əyləşdirib Hacıqabul polis şöbəsinə aparmışlar. Orada onları döydükdən sonra, həmin günü səhər saat 08 radələrində yenidən, Ceyhun və Nigar ilə birlikdə Bakı şəhərinə “Empire" otelinə gətirmiş, otaqda suni gecə şəraiti yaradıb, oraya Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarını çağırmış, Baş İdarənin əməkdaşları otel otağına video çəkiliş aparılmaqla baxış keçirmişdir. Sonra onu və Ceyhunu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparıb orada üzərlərinə axtarış keçirilmişdir. Həmin vaxt onun üzərindən üç list “Alyse” adlanan preqabalin dərmanını və üç büküm metamfetamin, Ceyhunun üzərindən isə bir neçə büküm qurudulmuş marixuana, metamfetamin və heroin aşkar edilmişdir. Narkotik vasitələr ona məxsus olmamışdır, polislər tərəfindən döyülərək boynuna qoyulmuşdur. O, narkotik olan bükümü yalnız otel otağında olarkən qapı döyüldükdə gələn ofisiant görməsin deyə masanın üzərindən götürüb cibinə qoymuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. Təqsirləndirilən şəxs ilə əvvəllər “Empire” otelinə müştəri kimi gedərkən tanış olmuşdur. 18 fevral 2022-ci il tarixdə axşam saat 22 radələrində tanışı Şahid2 ilə görüşmüş, bir neçə saat onun avtomobil ilə şəhərdə gəzmişlər. Sonra o, üstündə pulu olmadığından, oteldə qalan tanışı Fazilə zəng edərək, oteldə otaq təşkil etməsini xahiş etmiş, Fazil də razılaşmışdır. O, özü ilə otelə preqabalin dərmanı, bir büküm metafetamin və bir selofan torba qurudulmuş marixuana aparmışdır. 19 fevral 2022-ci il tarixdə, gecə saat 02 radələrində o, Nigarla otelə getmiş, Fazilin otağında pivə içərək Nigarla ona ayrılmış otağın təmizlənib hazır olmasını gözləmişlər. O, preqabalin listini və bir büküm metamfetamini masaya qoymuşdur. Bu zaman otağın qapısı döyülmüş, Fazil qapıya yaxınlaşıb açdıqda otağa 5-6 nəfər mülki geyimdə şəxs daxil olaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra onu, Nigarı və Fazili avtomobillə Hacıqabul polis şöbəsinə aparmışlar. Polis şöbəsində onu döyərək ortaya qoyduqları bir neçə büküm narkotik vasitə bükümlərini boynuna götürməyə məcbur etmişlər. 19 fevral 2022-ci il tarixdə səhər 11 radələrində, onu, Fazili və Nigarı yenidən Bakı şəhərinə “Empire” otelinə apararaq, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları çağrılmış və oteldə gecə olduqları otaqda süni gecə saatları şəraiti yaradılaraq video çəkiliş aparılmaqla baxış keçirilmişdir. Sonra o, və Fazil Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb orada üzərlərinə axtarış keçirilmişdir. Fazilin üzərindən çıxan narkotiklər ona məxsus olmuşdur, Fazil döyülərək boynuna qoyulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Şahid1 Əmrulla oğlunu 2021-ci ilin təxminən fevral aylarından tanımışdır. O, Ceyhunun marixuana istifadə etdiyini bilmiş və hərdən Ceyhunla birlikdə marixuana çəkirdi. 18 fevral 2022-ci il tarixdə axşam saatlarında Ceyhun zəng edərək onu Yasamal rayonu, yeni tikilmiş Sosial binaların yerləşdiyi məhəllədən götürüb evinə aparmasını xahiş etmiş, o, da yaxınlıqda olduğundan Ceyhunu dediyi yerdən götürüb evlərinə apararkən, Ceyhun ona birlikdə hərdən getdikləri, “Empire” otelinə getməyini təklif etmişdir. O, idarə etdiyi avtomobillə “Empire” otelinə gedərkən, otelin yaxınlığındakı “Bravo” marketindən birlikdə içmək üçün pivə, çipsi və siqaret almışdır. Otelə gedərkən, Ceyhun onun çantasında olan əşyaları avtomobilin oturacağına boşaldaraq, içərisinə özündə olan marixuana torbasını qoyaraq, əl çantasını özü ilə birlikdə otelə aparmışdır. Otelə çatdıqda onlar Ceyhunla tanışının nömrəsinə getdilər. Orada Fazillə tanış olmuş, otaqdakı kiçik masa ətrafında əyləşib pivə içməyə başladıqa, otağın qapısı döyülmüş, Fazil qapını açmış və otağa təxminən 5-6 nəfər mülki geyimdə, özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər daxil olmuşlar. Polis əməkdaşları onları Hacıqabul rayon polis şöbəsinə aparmışlar. Orada dindirildikdən sonra, onları təkrarən Bakı şəhərinə “Empire” otelinə gətirmiş, oraya Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları da gəlmiş, 19 fevral 2022-ci il tarixdə səhər saatlarında otel otağında polis əməkdaşları video-çəkiliş apararaq baxış keçirmiş, həmin baxış zamanı Ceyhun onun əl çantasında otelə gətirdiyi bir ədəd torba marixuananı və bir büküm metamfetamini təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, “Empire” otelində inzibatçı kimi işləmişdir. 19 fevral 2022-ci il tarixdə gecə saat 02 radələrində o, növbədə olarkən, otelə əvvəllər bir neçə dəfə otelə müştəri kimi gəlmiş Ceyhun adlı şəxs yanında bir nəfər qızla gələrək, oteldə qalan Fazilin yanına gəldiklərini bildirib, Fazilin yaşadığı otağa qalxmışlar. Təxminən 4-5 dəqiqə sonra, Fazil otelin daxili telefonu ilə ona zəng edib, yanına gəlmiş qonaqlar üçün ayrıca bir otaq hazırlamasını tapşırmışdır. Bundan təxminən 10-15 dəqiqə sonra otelə bir neçə mülki geyimdə şəxslər yaxınlaşıb, polis əməkdaşları olduqlarını, axtarışda olan, bir qızla bir neçə dəqiqə öncə otelə daxil olmuş Ceyhun adlı şəxsin oteldə hansı nömrədə qalmasını soruşmuşlar. O, həmin şəxsin oteldə yaşayan Fazilin yanına qonaq kimi gəldiyini bildirmiş, polis əməkdaşları ona Fazilin otağını göstərməsini dedikdə, o, adını xatırlamadığı ofisanta polis əməkdaşlarına 214 saylı otağı göstərməsini demişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşlarının Fazili, Ceyhun və adını bilmədiyi qız ilə birlikdə götürüb getmələrini görmüşdür. Səhər saatlarında polis əməkdaşları Fazil, Ceyhun və həmin qızla birlikdə geri qayıdıb otel otağına baxış keçirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin TQ-nun təhqiqatçısı Şahid8 ifadəsində göstərmişdir ki, 19 fevral 2022-ci il tarixdə, gecə saat 02:50 dəqiqədə, qabaqcadan əlbir olub razılaşmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib, Bakı şəhəri ərazisində, X1 miqdarda narkotik maddə satmaları barədə məlumat əsasında, Baş İdarənin və Hacıqabul RPŞ-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində 19 fevral 2022-ci il tarixdə saat 02:50-də Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 49 ünvanında yerləşən “Empire” hotelin 214 nömrəli otel otağına videoçəkiliş aparılmaqla baxış və götürmə aparılmışdır. Daha sonra Şahid1 və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmışdır. 19 fevral 2022-ci il tarixdə, gecə saat 03:50 dəqiqədə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında əvvəlcə Şahid1 üzərinə axtarış və götürmə keçirilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və yaxud hər hansı dövriyyəsi qanunla qadağan edilmiş əşyanın olduğu təqdirdə təqdim etməsi təklif edildikdə, o, əynində olan şalvarın sağ yan cibindən bir ədəd siqaretin əzilmiş qutusu və üç ədəd dərman listini təqdim edərək masa üzərinə qoymuş, əzilmiş siqaret qutusu açıldıqda içərisində üç ədəd psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Aşkar olunmuş bükümlər və dərman preparatı kağız zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. Həmin istintaq prosesində Şahid1 və Təqsirləndirilən şəxs hər hansı bir fiziki təsirə məruz qalmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin əməkdaşı Şahid3 fadəsində göstərmişdir ki, 18 fevral 2022-ci il tarixdə, Hacıqabul RPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar keçirdikləri əməliyyat tədbirinin davamı olaraq Bakı şəhəri ərazisində narkotik vasitə və psixotrop maddələrin külli miqdarda qanunsuz dövriyəsilə məşğul olan Şahid1 və Təqsirləndirilən şəxs barədə daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün Bakı şəhəri,Səbail rayonu ərazisində Baş NMİ-nin TQ-nun təhqiqatçısı, polis mayoru Şahid8, Hacıqabul RPŞ-nin CAB-in baş əməliyyat müvəkkilləri, polis kapitanları Şahid4, Şahid6 və Şahid5 iştirakı ilə əməliyyat qrupunun təşkil edilməsi və əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 19 fevral 2022-ci il tarixdə saat 02:50-də Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 49 ünvanında yerləşən “Empire” hotelin 214 nömrəli otel otağına təxirə salına bilməyən hal kimi baxış keçirilmiş, daha sonra Şahid1 və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmışdır. 19 fevral 2022-ci il tarixdə, gecə saat 03:50 dəqiqədə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında əvvəlcə Şahid1 üzərinə axtarış və götürmə keçirilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və yaxud hər hansı dövriyyəsi qanunla qadağan edilmiş əşyanın olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd siqaretin əzilmiş qutusu və üç ədəd dərman listini təqdim edərək masa üzərinə qoymuş, əzilmiş siqaret qutusu açıldıqda içərisində üç ədəd metamfetaminə bənzər maddə aşkarlanmışdır. Aşkar olunmuş bükümlər və dərman preparatı kağız zərfə qoyulub möhürlənmişdir. Həmin istintaq prosesində Şahid1 və Təqsirləndirilən şəxs hər hansı bir fiziki təsirə məruz qalmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin əməkdaşı Şahid4, Şahid6 və Şahid5 ifadəsində Şahid3 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadələr vermişlər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Hacıqabul rayon Polis Şöbəsinin əməliyyat işi üzrə rəis müavini Şahid9 ifadəsində bildirmişdir ki, daxil olmuş məlumat əsasında 18 fevral 2022-ci il tarixdə, Hacıqabul RPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar keçirdikləri əməliyyat tədbirinin davamı olaraq Bakı şəhəri ərazisində narkotik vasitə və psixotrop maddələrin külli miqdarda qanunsuz dövriyəsilə məşğul olan Şahid1 və Təqsirləndirilən şəxs barədə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün Bakı şəhəri, Səbail rayonu ərazisində Baş NMİ-nin TQ-nun təhqiqatçısı, polis mayoru Şahid8, Hacıqabul RPŞ-nin CAB-in baş əməliyyat müvəkkilləri, polis kapitanları Şahid4, Şahid6 və Şahid5 iştirakı ilə əməliyyat qrupunun təşkil edilməsi və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. 19 fevral 2022-ci il tarixdə Bakıda birgə əməliyyat-axtarış tədbirlər keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirlərində iştirak etməmişdir. Təqsirləndirilən şəxs onun tərəfindən hər hansı bir fiziki təsir olmamışdır. İş materiallarında olan 20 oktyabr 2022-ci il tarixli cinayət təqibi üzrə icraatın ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* №-li cinayət işi, Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələri ilə istintaq edilən ********* №-li cinayət işindən ayrıca icraata ayrılmaqla və ibtidai istintaqı davam etdirilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 19 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2022-ci il tarixdə, saat 02:45 dəqiqədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 19 fevral 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmış və şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 3 (üç) ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 42 (qırx iki) ədəd Preqabalin həblərinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş şəxsi axtarış zamanı onun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmişdir. Aşkar olunmuş həmin kütlələr kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 19 fevral 2022-ci il tarixli 6/1036 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: -üzərində “Şahid1 və Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş...’’ sözləri olan 1 nömrəli paketdəki bir ədəd bükümdə təmiz çəkisi 0,575 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. -üzərində“...Şahid1 üzərindən..’’sözləri olan 2 nömrəli paketdəki bir ədəd bükümdə təmiz çəkisi 1,124 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 3 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,066 qr.,0,450 qr., 55,644 qram, ümumi təmiz çəkisi 56,160 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamindir. -üzərində"...Təqsirləndirilən şəxs üzərindən..” sözləri olan 3 nömrəli paketdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,546 qr., 0,206 qr., 10,195 qr., ümumi təmiz çəkisi 10,947 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamindir, üzərilərində “Alyse 150 mg pregabaline” göstəriciləri olan 3 ədəd dərman konvolutlarında 42 ədəd dərman kapsulunun əsas təsiredici maddəsi preqabalindir və həmin kapsulların tərkiblərində preqabalinin təsir maddəsinin ümumi miqdarı 6,3 qram təşkil edir. 1, 2 və 3 nömrəli kağız paketlərdəki psixotrop maddə metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. Preqabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Tədqiqatın dəyəri 81 (səksən bir) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 19 fevral 2022-ci il tarixli aktdan görünür ki, AR DİN BNMİ-si tərəfindən 1 nömrəli paketdə 1 büküm 0,575 qram ağ rəngli maddə təqdim edilmiş, 0,050 qram nümunə götürülmüş, 0,525 qram maddə geri qaytarılmış, 2 nömrəli paketdə 1,124 qram qəhvəyi rəngli, 3 büküm 0,066 qram, 0,450 qram və 55.644 qram olmaqla ümumilikdə 56,160 ağ rəngli maddə təqdim edilmiş, müvafiq olaraq 0,050 qram və 0,150 qram nümunə götürülmüş, 1,074 qram və 56,010 qram maddə geri qaytarılmış, 3 nömrəli paketdə 42 kapsul, 0,546 qram, 0,206 qram, 10,195 qram, ümumilikdə 10,947 qram ağ rəngli kristallik maddə təqdim edilmiş, müvafiq olaraq 2 kapsul və 0,150 qram nümunə götürülmüş, 40 ədəd kapsul və 10,797 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə qərardan görünür ki, 20 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 240.2.1 və 240.3.2-ci maddələri ilə ittiham elan edilmişdir. Qərar ona 20 fevral 2022-ci il tarixdə, saat 15:00-da elan edilmişdir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 fevral 2022-ci il tarixdə, saat 02:45-dən hesablanmışdır. İş materiallarında olan 04 aprel 2022-ci il tarixli cinayət işinin aidiyyati üzrə göndərilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM- nin 234.1, 234.4.1, 234.4.2, 234.4.3, 240.2.1 və 240.3.2 maddələri ilə istintaq edilən ********* №-li cinayət işi istintaqın davam etdirilməsindən ötrü aidiyyati üzrə Bakı şəhəri, Səbail RPİ-nin İŞ- nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin xx.xx.2022ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs:

1. ACDİÜ AR Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5, 120.2.1, 181.3.2, 185.2.1, 333.4, 170.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2005-ci ildə Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 13 ilə endirilmişdir.

2. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1,67.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 il 01 ay, 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə 06 ay 04 gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2017-ci ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan “DVD diskə baxış keçirilməsi haqqında” 06 may 2022-ci il tarixli protokoldan görünür ki, 19 fevral 2022-ci il tarixdə, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması barədə video görüntünün əks edildiyi video-diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, diskin içərisində 01 ədəd 26 dəqiqə, 20 saniyədən ibarət videofayl vardır. Video-diskdə olan video-fayl açılaraq baxılan zaman Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılması zamanı əynindəki cins şalvarın sağ yan cibindən çıxarıb 03 ədəd list, üzərinə “Alyse-150” sözləri yazılmış 42 ədəd kapsulda dərman preparatını və bir ədəd əzilmiş siqaret qutusunu təqdim etməsi, siqaret qutusu açıldıqda içərisində 03 ədəd kağız və selofan parçaların bükümləri aşkar edilməsi, həmin bükümlər növbə ilə açıldıqda içərisində ağ kristal şəkildə psixotrop maddə metamfetaminə oxşar kütlə olması, həmin kütlələr elektron tərəzidə çəkildikdən sonra boş zərfə qoyulub möhürlənməsi və iştirakçılar tərəfindən imzalanması müəyyən olunmuşdur. İş materiallarında olan 04 aprel 2022-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, 19 fevral 2022-ci il tarixli protokolla götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 41,848 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən marixuana, Şahid1 və Təqsirləndirilən şəxs üzərlərindən götürülmüş, ekspertiza tədqiqatından sonra ayrıayrılıqda qalıq çəkiləri 0,525 qram olan metamfetamin, 1,074 qram olan heroin, 56,010 qram olan metamfetamin, 10,797 qram olan metamfetamin, 40 ədəd kapsul olan preqabalin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Səbail RPİ-nin maddi sübutlar saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 12 may 2022-ci il tarixli 2404 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 18 oktyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs üzləşdirmədə dindirərkən, Şahid2 bir başa təqsirkar Təqsirləndirilən şəxs üzünə qarşı, tanışı Şahid1la birlikdə 19 fevral 2022-ci il tarixdə, gecə saat 02 radələrində, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 49 ünvanda yerləşən “Empire” otelin 214 saylı Təqsirləndirilən şəxs qaldığı otağa gəlmələrini, birlikdə otaqda olduqları zaman polis əməkdaşları gəlib üzərinə baxış keçirərkən sonuncunun üzərindən psixotrop maddə bükümü və güclü təsir edici dərman preparatının aşkar edilməsi, özünün üzərindən heç bir qeyri-qanuni əşya aşkar edilməmisini demiş, təqsirkar Təqsirləndirilən şəxs da həmin xüsusatı təsdiq etmişdir. İş materiallarında olan 18 oktyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə təqsirləndirilən şəxs Şahid1 üzləşdirmədə dindirərkən, təqsirkar C.Şahid1 bir başa təqsirkar Təqsirləndirilən şəxs üzünə qarşı 19 fevral 2022-ci il tarixdə, gecə saat 02 radələrində, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 49 ünvanda yerləşən “Empire” otelin 214 saylı otağına tanışı Şahid2 ilə birlikdə gəlməsini, həmin oteldə bir günlük otaq təşkil etməsi müqabilində Təqsirləndirilən şəxs üç büküm metamfetamin və üç ədəd list “Alyse” adlı dərman preparatı verməsini demiş, təqsirkar Təqsirləndirilən şəxs da həmin xüsusatı təsdiq etmişdir. İş materiallarında olan 18 oktyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 240.2.1 və 240.3.2-ci maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən 1 ədəd CD disk, “Azercell-Telekom” və "xxxx" MMC-dən alınmış Təqsirləndirilən şəxs və Şahid1 istifadəsində olmuş mobil telefon nömrələrinə dair məlumatlar köçürülmüş iki ədəd “CD” disk iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan 20 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılmasına dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədovun 29 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanılma müddətinin uzadılmasına dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 05 noyabr 2022-ci il tarixdə bitdikdən sonra barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarında olan 05 noyabr 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 05 noyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Hasıqabul RPŞ-də fiziki zorakılığa məruz qalması və döyülməsi barədə qaldırdığı vəsatət üzrə Hacıqabul rayon prokurorluğunda araşdırma aparılmaqla, xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilməsi nəzərə alınmışdır. Həmin qərarın müəyyən etdi hissəsindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş, “Alyse 150 mg pregabaline” göstəriciləri olan 3 ədəd dərman konvolutlarında 42 ədəd dərman kapsulunun əsas təsiredici maddəsi preqabalindir və həmin kapsulların tərkiblərində preqabalinin təsir maddəsinin ümumi miqdarı 6,3 qram təşkil edir. Preqabalinin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) əsasən külli miqdara aid olması qeyd edilsə də, habelə Mirələmovun həmin dərman kapsulalarını satış niyyətilə üzərində saxlamasına dair ibtidai istintaq zamanı heç bir əsaslı sübut müəyyən olunmadığından həmin güclü təsir edən preqabalin dərman kapsullarının satış məqsədi olmadan saxlanılmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmadığından, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 240.3.2-ci maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilməsi nəzərə alınmışdır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)- 378/2023 saylı hökmündən görünür ki, iş üzrə maddi sübutlar - Səbail RPl-nin saxlanc anbarında saxlanılan təqsirləndirilən şəxs ekspertiza tədqiqatından sonra qalıq çəkisi 41,848 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən marixuana, Şahid1 və Təqsirləndirilən şəxs üzərlərindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş protokolla götürülmüş, ekspertiza tədqiqatından sonra ayrı-ayrılıqda qalıq çəkiləri 0,525 qram olan metamfetamin, 1,074 qram olan heroin, 56,010 qram olan metamfetamin, 10,797 qram olan metamfetamin, 40 ədəd kapsul olan preqabalin məhv edilməsinə və keçirilmiş məhkəmə ekspertizasının dəyərinin tutulmasına hökm edilmişdir. Məhkəmə iclasında şəxsi axtarış və götürmə hərəkətlərinin əks olunduğu diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olmasını təsdiq etmiş, lakin üzərindən aşkar edilmiş maddələri polislər tərəfindən döyülərək üzərinə qoyuduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün, şahidlərin ifadələri, ekspertizaların rəyləri, maddi sübut, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, özünün istintaq zamanı verdiyi ifadəsi, məhkəmədə verdiyi ifadəsində masanın üzərindən içərisində psixotrop maddə olan bükümün götürüb cibinə qoymasını etiraf etməsi, şahidlərin ifadələri, üzləşdirmə protokolları, maddi sübutlar, ekspertiza rəyləri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi sübutların məcmusu ilə təkzib olunmaqla əsassızdır və onunla razılaşmaq olmaz. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsinin hökmü ilə 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2005-ci ildə Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 13 ilə endirilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317- 2.1, 67.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 il 01 ay, 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə 06 ay 04 gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2017-ci ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda xx.xx.2022-ci il tarixdə yenidən qəsdən cinayət törətməsi cinayətin residivi hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 19 fevral 2022-ci il tarixdən 05 noyabr 2022-ci il tarixədək həbsdə olduğu 8 (səkkiz) ay, 17 (on yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən törətdiyi cinayət residiv yaratdığı üçün cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə”- qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-378/2023 saylı hökmü ilə iş üzrə maddi sübut olan 19 fevral 2022-ci il tarixli mənzilə baxış keçirilməsi və götürülmə aparılması protokolu ilə götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 41,848 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən marixuananın, Şahid1 və Təqsirləndirilən şəxs üzərlərindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş protokolla götürülmüş, ekspertiza tədqiqatından sonra ayrı-ayrılıqda qalıq çəkiləri 0,525 qram olan metamfetaminin, 1,074 qram olan heroinin, 56,010 qram olan metamfetaminin, 10,797 qram olan metamfetaminin, 40 ədəd kapsul olan preqabalinin məhv edilməsi və keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 81 manat (səksən bir) manat məbləğində pul vəsaitinin tutulması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353,358, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ: 1

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 fevral 2022-ci il tarixdən 05 noyabr 2022-ci il tarixədək həbsdə olduğu 8 (səkkiz) ay, 17 (on yeddi) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 09 (doqquz) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli 25 sentyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taboruna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan 04 (dörd) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 81 manat (səksən bir) manat məbləğində pul vəsaitinin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)- 378/2023 saylı hökmü ilə tutulması nəzərə alınsın. Cinayət işi üzrə 19 fevral 2022-ci il tarixli mənzilə baxış keçirilməsi və götürülmə aparılması protokolu ilə götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 41,848 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən marixuananın, Şahid1 və Təqsirləndirilən şəxs üzərlərindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş protokolla götürülmüş, ekspertiza tədqiqatından sonra ayrı-ayrılıqda qalıq çəkiləri 0,525 qram olan metamfetaminin, 1,074 qram olan heroinin, 56,010 qram olan metamfetaminin, 10,797 qram olan metamfetaminin, 40 ədəd kapsul olan preqabalinin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-378/2023 saylı hökmü ilə məhv edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar