Məhkəmə qərarları › İş №1(009)-48/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-48/2024

24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-48/2024 24.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1996-cı ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 24 yanvar 2024-cü il tarixdə saat 10.30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd şəffaf rəngli selofan bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,437 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibində saxlayaraq daşımış, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 yanvar 2023-cü il tarixdə saat 02:15 radələrində Bakı şəhəri, Səbail rayonu, Sahil metrostansiyasının yaxınlığında saxlanılıb, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə gətirilərək, həmin tarixdə saat 03:45 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində açıq göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli selofan bükümündə təmiz çəkisi 0,437 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 yanvar 2023-cü il tarixdə saat 21 radələrində dostu Şahid4 ona zəng edərək onu evinə çağırmış, o, Nihadın yaşadığı Bayıl qəsəbəsində yerləşən evinə öz avtomobili ilə getmiş və onu götürüb öz yaşadığı evə aparmışdır. Yolda Bayıl qəsəbəsində Bayıl parkının yaxınlığında saxlamışdır. Orada o, öz istifadəsi üçün tanımadığı şəxsdən bir ədəd bükümdə olan narkotik vasitə heroin almış, Nihad isə özü üçün üç ədəd bükümdə olan heroin almışdır. Onlar birlikdə onun Badamdar qəsəbəsində yaşadığı mənzilə gəlmişlər. Onun yaşadığı evdə olarkən Nihad ona demişdir ki, bükümlərin içərisində metamfetamin yoxdur, buna görə də o, həmin heroini aparıb metamfetaminə dəyişmək istəyir. Nihad ona həmin şəxslə görüşüb heroini metamfetaminə dəyişmək istədiyini və onu avtomobil ilə Sahil metrostansiyasının yanına aparmasını xahiş etmişdir. O etiraz etməmiş və 27 yanvar 2024-cü il tarixdə saat 23 radələrində özünə məxsus “Hyundai Elantra” markalı avtomobil ilə Nihadla birlikdə Bakı şəhəri, Səbail rayonu, Sahil metrostansiyasının yanına getmişlər. O, metrostansiyasının yaxınlığında avtomobili saxlamışdır. Nihad avtomobildən düşmüş, yaxınlıqda yerləşən ödəmə terminalına yaxınlaşaraq özünə məxsus bank kartına pul yükləyib geri qayıtmışdır. Onlar avtomobildə oturub həmin şəxsin gəlməyini gözləyərkən 28 yanvar 2023-cü il tarixdə saat təxminən 02 radələrində bir nəfər tanımadığı şəxsin gəldiyini görmüşlər. Nihad avtomobildən düşərək yaxınlıqda yerləşən “Sahil” metrostansiyasının çıxışında yerləşən marketə daxil olaraq həmin şəxslə görüşmüşdür. O, həmin vaxtı avtomobildə oturmuşdur. Bu zaman avtomobilin qapısı açılmış və mülki geyimdə olan polis əməkdaşları özlərini təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini bildirmiş və onu Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə dəvət etmişlər. Bölmədə üzərinə müdafiəçinin iştirakı ilə üzərinə videoçəkilişlə baxış keçirilmişdir. O, əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükümü çıxardıb masanın üzərinə qoymuşdur. O, İİ Qarabağ müharibəsinin iştrakçısıdır və müharibə gedişində travma almışdır. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 28 yanvar 2023-cü il tarixdə, saat 02:15 radələrində Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməliyyat müvəkkili Şahid5 ilə birlikdə xidmət apararkən Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən Sahil metrostansiyasının yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş, şəxsin narkotik vasitənin istifadəçisi olduğundan şübhələnərək ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşıma, gəzdirmədə şübhəli bilindiyinə görə saxlanıldığını bildirib, onu Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək polis əməkdaşları ilə birlikdə idarə etdiyi “Hyundai Elantra” markalı avtomobil ilə bölməyə gəlmişdir. Bölmədə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs əynindəki şalvarın yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroinə bənzər maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, özü şəxsi istifadəsi üçün Sahil metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid5 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır. Üzərinə şəxsi axtarış aparılan həmin şəxs üzərində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim edir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu və şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Daha sonra bir ədəd büküm zərfə qoyularaq qablaşdırılır. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 6/512 saylı, 28 yanvar 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №49” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs aşkar edilmiş” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,437 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,437 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq çəkisi 0,387 qram. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildirlər. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manatdır. 12 may 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,387 qram olan (ilkin təmiz çəki 0,437 qram) narkotik vasitə-heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhər Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Respublika Narkoloji Mərkəzinin 22 fevral 2023-cü il il tarixli 1013 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabionoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 28 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs həmin tarixdə saat 02:15-də şübhəli şəxs qismində tutulmuşdur. 29 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorunun 29 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad edilmişdir. 29 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 19 may 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. 03 oktyabr 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzlənmişdir. 03 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-316/2023 saylı qərarı ilə xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Səbail rayonu ərazisində saxlanılaraq Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09 fevral 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs: - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 1(008)-67/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 1(008)-201/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində 03 (üç) il azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sabunçu Rayon Məhkəməsinin 1(008)-67/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alınmışdır. Sabunçu Rayon Məhkəməsinin 1(008)-201/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinmiş, Təqsirləndirilən şəxs cəzası xx.xx.2022-ci il tarixli hökmü ilə qismən toplanaraq 2 il 11 ay 22 gün müddətinə azadliğın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan hökm üzrə Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alınmamış, xx.xx.2024-cü il tarixə cəzasının çəkilməmiş qalan hissəsi 2 il 11 ay 22 gün təşkil edir. İş materiallarına əlavə edilmiş №İ-8240 saylı Azərbaycan Respublikası medalı vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli 2362 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş №İ-32842 saylı Azərbaycan Respublikası medalı vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsinin iştirakçısı” medalı ilə təltif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edərək saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə qeyd edir ki, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, Vətən müharibəsi iştirakçısı olmasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyətini dərk etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməlidir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-201/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində 03 (üç) il azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən sonuncunun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Hazırkı iş üzrə cinayət əməli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(008)-201/2023 saylı hökmü çıxarılmazdan əvvəl, yəni 28 yanvar 2023-cü il tarixdə törədilmişdir. Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin 1(008)-67/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək çəkmişdir. Belə olan halda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(008)-201/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 10 (on) ay hissəsi hazırkı hökmlə ona təyin olunacaq cəza ilə Azərbaycan Respublikasının CM-nın 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cəza təyin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(008)-201/2023 saylı hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Təqsirləndirilən şəxs 28 yanvar 2023-cü il tarixdən saat 02.15-dən 29 yanvar 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsi ilə azadlıqdan məhrumetmə növündə cəza qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkmədiyindən ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 01 dekabr 2023-cü il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 ekspert komissiyasının 22 fevral 2023-cü il il tarixli 1013 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,387 qram (ilkin təmiz çəkisi 0,437) kustar üsulla hazırlanmış narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(008)-201/2023 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 10 (on) ay hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla 01 (bir) ay 05 (beş) ay azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 28 yanvar 2023-cü il tarixdən saat 02.15-dən 29 yanvar 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,387 qram olan narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 180 (yüz səksən) manat Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar