Məhkəmə qərarları › İş №1(009)-49/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-49/2021

08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-49/2021 08.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi: Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, Bakı şəhərində 08 iyun 2021-ci il tarixdə saat 11:30-da xx xxxxxxxx 1998-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 01 sentyabr 2020-ci il tarixə saat 01 radələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti ilə Zərifə Əliyeva küçəsinin kəsişməsində yerləşən yeraltı piyada keçidində olan mühafizə üçün ayrılmış otağa açıq qapıdan qanunsuz olaraq daxil olmaqla, oradan stolun üzərində olan Zərərçəkmiş şəxs məxsus içərisində ümumi dəyəri 10 manat olmaqla hər birininn dəyəri 5 manat təşkil edən iki ədəd 055- ***-**-** saylı və ***-***-**-** saylı sim nömrə olan 762 manat dəyərində 1 ədəd “Samsunq” markalı 355521/11/001154/7 və 355522/11/001154/5 İMEİ kodlu mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 772 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. İŞİN HALLARİ VƏ İTTİHAMİN DƏLİLLƏRİ: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə özünü təsqirli bilərək göstərmişdir ki, o Bakıda olduğu müddət ərzində gündəlik evlərdə kirayədə qalıb. Demək olar ki, Bakıda daimi yaşayış yeri yoxdur. Əvvələr atası ilə Bakıda usta kimi işləyirmiş. Atası rəhmətə getdikdən sonra özü tək işləməli olub. Son bir aydır işlər dayandığı üçün o müxtəlif işlərlə məşğul olub. Gününün çox hissəsini metal yığmaqla və parkovşik işi ilə məşğul olur. 01.09.2020-ci il tarixdə Səbail rayonu ərazisində yerləşən avtoş dönəri deyilən ərazidə gəzib. Təxminən saat 1 radələrində o üzü Bulvar tərəfə hərəkət edib. Sahil metrosunun çıxışının yaxınlığında yerləşən yeraltı piyada keçidinə çatıb. Yolu keçmək üçün o həmin keçiddən istifadə edib. Həmin keçidlə bir qədər irəliləyib. Dəhlizlə hərəkət edərkən sağ tərəfində dəmir qapılı yer görüb. Qapı bağlı olub. O elə bilib ki, həmin yer ayaqyoludur. Bir qədər geriyə qayıdıb həmin qapı tərəfə gəlib. O qapını açıb içəri daxil olub. O içəri daxil olandan sonra görüb ki, həmin otaq tualet deyil. O, içəridə sol tərəfdə axranın yatdığını görüb. Qapı ilə üzbəüz stol olub. Görüb ki, stolun üzərində mobil telefon var. Axranın yatdığını görüb həmin telefonu oğurlamaq qərarına gəlib. O, içəridə bir neçə saniyə düşünüb qəti qərara gəlib ki, həmin telefonu oğurlasın. O, sakitcə həmin telefonu stolun üzərindən götürüb oradan uzaqlaşıb. O, səhər tezdən mobil telefonu Kubinka deyilən yerdə tanımadığı şəxsə 40 manata satıb. Maddi durumu aşağı olduğu üçün o, mobil telefonu oğurlamalı olub. Həmin 40 manat pulu öz şəxsi xərclərinə istifadə edib. Həmin yerdə mobil telefonun olacağını ona heç kim deməyib, o, oradan təsadüfən keçirmiş. Orada olan mobil telefona ehtiyacı olub. Axran yatdığı üçün o, əmin olub ki, rahat oğurluq edə biləcək. Mobil telefonu satdığı şəxsi ilk dəfə görüb. O, həmin şəxsə yaxınlaşıb telefon satdığını deyib həmin şəxsdə onunla razılığa gələrək mobil telefonu 40 manat ala biləcəyini deyib, o da həmin şəxslə razılaşıb oğurladığı mobil telefonu 40 manat satıb. Həmin şəxsin xarici görünüşü balaca boy orta yaşlı kişi cinsli şəxs olub. Həmin telefonun markası “Samsuna” olub, lakin onun hancı getdikdən sonra vəziyyətləri çox ağır olub. O, anası və bacısına baxmalı olub. Anası və bacısı şləmədiyi üçün onun üzərinə ağır yük düşüb. Təqsirləndirilən şəxs son sözündə zərərçəkmiş şəxslə barışmasının, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsinin, zərərçəkmiş şəxsin şikayətçi olmamasını, hazırki cinayəti ehtiyacdan törətdiyinin, əməlindən səmimi peşman olmasının, təqsirini boynuna almasının və cinayətin açılmasına kömək etməsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi təqsirləndirilən və şahid ifadələri və cinayət işi üzrə digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində nəzarətçi vəzifəsində xidmət aparır. Onun iş yeri Zərifə Əliyev küçəsində yerləşən yeraltı piyada keçididir. Həmin keçiddə nəzarətçilərə mühafizə otağı ayrılıb. O, 01 sentyabr 2020-ci il tarixdə xidməti otağında olarkən otaqda olan əşyaları yerbəyer edirmiş. Ona məxsus olan 355521/11/001154/7 və 355522/11/001154/5 İMEİ kodlu “Samsung A40” markalı mobil telefonu stolun üzərinə qoyub. Onun arxası stol tərəfə olub. 5-10 dəqiqədən sonra o geri çevrilib stola baxanda mobil telefonunun yerində olmadığını aşkar edib. Telefonunun oğurlandığını müəyyən etmək məqsədi ilə keçidə quraşdırılmış kamerların yaddaşda olan görüntülərinə baxdıqda görüb ki, bir nəfər cavan oğlan o, otaqda olan zaman xidməti otağa daxil olaraq onun mobil telefonunu götürür. O, da bundan sonra DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat verib. O, həmin telefonu təzə vəziyyətdə 2 ay əvvəl kreditlə alıbmış. Onun mağazaya 762 manat kredit borcu yaranıb. Mobil telefonun içərisində olan ***-***-**- ** və ***-***-**-** saylı mobil nömrələrin hər birini o, təxminən bir neçə il bundan əvvəl 5 manat alıb. Hal-hazırda ona 772 manat ziyan dəyib. Görüntüdə olan şəxsi tanımır. Yəqin həmin şəxs o otaqda olan zaman otaqda olan əşyaları yerbəyer etməyindən istifadə edərək stolun üzərində olan mobil telefonu oğurlayıb. Həmin şəxs mobil telefonu stolun üzərində götürəndə xəbəri olmayıb, həmin şəxsi oğurluq edən zaman görməyib. O, kameralara baxdıqdan sonra məlum olub ki, telefonu həmin naməlum şəxs tərəfindən oğurlanıb. Zərərçəkmiş şəxs Afis oğlu əlavə dindirməsi zamanı ifadəsində ekspertiza rəyi ilə razı olmadığını telefonunun qiymətinin 280 manat deyil 772 manat kimi hesablanmalı olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. İŞ MATERİALLARİNDA OLAN VƏ MƏHKƏMƏ BAXİŞİNDA TƏDQİQ EDİLMİŞ: İfadəsinin yerində yoxlanılması haqqında 24 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, istintaq hərəkəti keçirilən zamanı o mobil telefonu götürdüyü yeri və satdığı yeri göstərərək etmiş olduğu cinayət əməlini bir daha tam təsdiq etmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 noyabr 2020-ci il tarixli 9/4003 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1 ədəd “Samsung” markalı “A40” modelli mobil telefonun satış üçün komplektləsdiriməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olmasını nəzərə alaraq, nəzəri hesablama yolu ilə 2020-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 280 manat müəyyən edilmiş lakin zərərçəkmiş şəxs rəylə razılaşmadığından vurulmuş ziyan 772 manat olaraq hesablanmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Tutma haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2020ci il tarixdən şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında protokoldan və şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə qərardan görünür ki, 26 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina olunmuş və o, saxlanıldığı Səbail RPİ-nin MSY-dən azad edilmişdir. Səbail Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Təqsirləndirilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 mart 2021-ci il tarixdə saxlanılaraq Səbail RPİ-nin MSY təhvil verilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddələrdə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsini, hazırki cinayət əməllərini ehtiyacdan törətdiyini, əməlindən səmimi peşman olmasını, gənc olmasını, təqsirini boynuna almasını və cinayətin açılmasına kömək etməsini nəzərə alaraq, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsini və onun dərhal məhkəmə zalından azad edilməsini, “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən həbsdə saxlanılmanın bir gününə azadlığın məhdudlaşdırılması növündə cəzanın iki günü hesablanmaqla Təqsirləndirilən şəxs 24 sentyabr 2020-ci il tarixdən 26 sentyabr 2020-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu, həmçinin 25 mart 2021-ci il tarixdən 08 iyun 2021-ci il tarixədək, 02 (iki) ay 14 (on dörd) gün həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla, onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərclərinin təqsirləndirilən şəxsdən tutulmasını, bir ədəd CD diskin iş materiallarında saxlanılmasını, həmçinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslərin məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 24 sentyabr 2020-ci il tarixdən 26 sentyabr 2020-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu, həmçinin 25 mart 2021-ci il tarixdən 08 iyun 2021ci il tarixədək, 02 (iki) ay 14 (on dörd) gün həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə ünvan 2 ünvanındakı yaşayış yerini hər gün saat 23- 00-dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri Təqsirləndirilən şəxs 50 (əlli) manat tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 516 (beş yüz on altı) manat pul vəsaiti dövlət büdcəsindən tutulub, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar