Məhkəmə qərarları › İş №1(009)-5/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-5/2023

09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-5/2023 09.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Nümayəndə, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, işləməyən, Yardımlı rayonu, Horonu kəndində qeydiyyatda olan, faktiki olaraq Masazır qəsəbəsi, «ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə onunla bir yerdə işləmiş Şahid2 vasitəsilə tanış olduğu sonuncunun qohumu Zərərçəkmiş şəxs etibarını qazandıqdan sonra, ona yaranmış etibarından sui istifadə edib, kabelləşmə işlərinin aparılması üçün kabel gətirməklə satışından yaxşı mənfəət əldə etmək imkanının olduğuna inandırıb, birlikdə bu işləri görəcəkləri halda ona da yaxşı qazanc verəcəyinə vəd verib, ilk dəfə 2019-cu ilin may ayının əvvəllərində Zərərçəkmiş şəxs sonuncunun qohumu Şahid2 vasitəsilə ünvan 2 ünvanda yerləşən "xxxx" MMC-nin binasında 4.500 manat, digər hallarda isə şəxsən özündən 2019-cu ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Memar Əcəmi” metrostansiyasının yaxınlığında 5.200 manat, 2019-cu ilin oktyabr ayının ortalarında Bakı şəhəri, Nəsimi ryonu ərazisində yerləşən “Memar Əcəmi” metrostansiyasının yaxınlığında 11.000 manat, 2020-ci ilin yanvar ayının əvvəllərində Nəsimi rayonu ərazisində yerləşən “Memar Əcəmi” metrostansiyasının yaxınlığında 27.000 manat, 2020-ci ilin fevral ayında 25.000 manat və 04 iyun 2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Bayraq meydanı” adlanan yerin yaxınlığında 7.000 manat pulu alıb guya artıq iş qurması görüntüsü yaratmaq və buna inandırmaq, yəni həqiqi niyyətini pərdələmək üçün müxtəlif dövrlərdə qazanc adı ilə 33.200 manat pulu Zərərçəkmiş şəxs aldığı pullar hesabına özünə geri qaytarmaqla verdiyi vədə əməl etməyib aldatmaqla yerdə qalan 39.500 manat məbləğdə pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2017-ci ilin sentyabr ayından "xxxx" MMC-də işləyərkən həmin MMC-də mühasib işləyən Şahid2 tanımışdır. Onun işi binaların kabelləşdirilməsinə nəzarət etməkdən və kabelləri almaqdan ibarət olmuşdur. O, rəsmi işdən əlavə kabeli öz pulu ilə alıb bir neçə işçi ilə birlikdə yeni tikilən Abşeron City, Qobu Park və digər yaşayış komplekslərdə kabelləşdirilmə işini görmüşdür. 2018-ci ilin noyabr-dekabr aylarında Minayə ilə söhbət zamanı Minayə onun bu yolla qazanc əldə etdiyini bilib təklif etmişdir ki, o da həmin işə pul qoysun və qazanc əldə etsin. Minayə birinci dəfə ona 1500 manat pul vermiş və o, 10-15 gün ərzində üstündə qazancı ilə birlikdə Minayəyə pulu qaytarmışdır. 2019-cu ilin təxminən iyul ayına qədər Minayədən aldığı pulu qazanc ilə birlikdə ona qaytarmışdır. Minayə işdən çıxıb getdikdən sonra onunla əlaqələri kəsilmişdir. Zərərçəkmiş şəxs Minayə vasitəsi ilə tanımışdır. Yeganə onun gördüyü işə pul qoymağı ona təklif etmişdir. Birinci dəfə Yeganə ona 5600 manat pul vermiş və o, təxminən 10-15 gündən sonra ona əsas pul qazanc ilə birlikdə 7200 manat qaytarmışdır. Həmin vaxtdan sonra Yeganə ona 6000 manat pulu vermiş və yenə də bu qaydada o, ona qazanc ilə bir yerdə pul qaytarmışdır. Həmin vaxtdan sonra təxminən 7-8 ay ərzində Yeganə ona təxminən 65.000-70.000 manat məbləğində pul vermiş və o qazanc ilə birlikdə ona ümumilikdə 100000 manatdan yuxarı məbləğdə pul qaytarmışdır. Yeganə ilə iş ortağı olmuş və şərikli iş görmüşdür. Daha sonra Yeganə onunla əlaqə saxlamamış və bir müddət sonra Yeganə onun barəsində polisə şikayət etmişdir. MTK-lər ilə gördüyü işlə bağlı müqavilə bağlamamış, kabelləri «Sədərək» bazarından müxtəlif şəxslərdən almış və bununla bağlı heç bir sənədi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid2 onun dayısı qızıdır. 2019-cu ilə qədər Minayə "xxxx"-da işləmişdir. Aralarında olan söhbət zamanı Minayə ona demişdir ki, onunla işləyən Fərid yeni inşa edilməkdə olan yaşayış binalarının kabelləşdirilməsi işi ilə məşğul olur, Fəridə pul verib qazanc götürə bilər. Minayə onu Fəridlə tanış etmişdir. Aralarında olan söhbət zamanı Fərid ona demişdir ki, onun görəcəyi işlərə böyük məbləğdə vəsait lazımdır ki, daha çox qazanc əldə etsin və əldə etdiyi puldan ona daha çox qazanc versin. 2019-cu ilin may ayının əvvəllərində Minayə vasitəsi ilə 4500 manat pul Fəridə vermişdir. Fərid də həmin 4500 manat pula görə 2019-cu ilin sentyabr ayınadək hissəhissə olmaqla 900 manat qazancla birlikdə pulu Minayənin vasitəsilə ona qaytarmışdır. Ona görə də artıq Fəridə tamamilə inanmağa başlamışdır. Həmin vaxtlarda Minayə işdən çıxmış və bundan sonra Fəridlə işlərini özü həll etməyi ona demişdir. 2019-cu ilin sentyabr ayının əvvəllərində Fəridlə aralarında olan telefon danışığı zamanı Fərid daha çox pul qazanması üçün əlavə pul lazım olduğunu ona bildirmişdir. Ona görə də 2019-cu ilin sentyabr ayının əvvəllərində “Memar Əcəmi” metrostansiyasının yaxınlığında Fəridlə görüşüb ona 5200 manat pul vermişdir. Təxminən bir aydan sonra, yəni 2019-cu ilin oktyabr ayında ortalarında Fərid ilə “Memar Əcəmi” metrostansiyasının yaxınlığında görüşmüş, Fərid ona 6200 manat pul verib 5200 manat verdiyi pul, 1000 manat isə qazanc olduğunu bildirmişdir. Fərid daha çox gəlir əldə edəcəyinə onu inandırmış, hər dəfə ondan daha çox məbləğdə pul istəmişdir. O, dəfələrlə Fəriddin işlədiyi yerlərin harada olmasını ona göstərməsini, ona bağladığı müqavilələri, aktları təqdim etməsini bildirsə də Fərid bununla bağlı ona hər hansı sənəd və ya məlumat təqdim etməmişdir. 2019-cu ilin may ayından 2020-ci ilin iyun ayınadək o, Fəridə ümümlikdə 79.700 manat pul vermişdir. Həmin müddət ərzində verdiyi puldan qazanc ilə birlikdə müxtəlif vaxtlarda Fərid tərəfindən ona cəmi 40000 manat pul qaytarılmışdır. Telefon ilə söhbət zamanı Fərid 2020-ci ilin iyun ayının 20-dək aldığı pulların hamısını qaytaracağını demişdir. 20 iyun 2020-ci il tarixdə Fəridin mobil telefonuna zəng edib pullarını qaytarmasını dedikdə Fərid etiraz etməyərək həmin günü onunla görüşüb aldığı pulları qaytaracağını bildirmişdir. Bundan bir neçə saat sonra tanımadığı nömrədən mobil telefonuna zəng gəlmiş və Fəridin qohumu olduğunu bildirmiş Kamran adlı şəxs onunla görüşüb söhbət etmək istədiyini demişdir. Ona görə də həmin günü saat 20 radələrində Novxanı qəsəbəsi ərazisində həmin şəxslə görüşmüş, söhbət zamanı Kamran Fəridə verdiyi pulları qaytarmayacağını, Fərid müflis olduğunu və verdiyi pullarını tələb etməməyini demişdir. Buna etiraz edib təxminən 2-3 gün sonra sirkin yaxınlığında Fərid və Kamranla görüşmüşdür. Söhbət zamanı Fəriddən aldığı pulların qaytarmağını tələb etmiş həmin vaxt Kamran demişdir ki, Fəridin ona veriləsi pulu yoxdur. Fəridə verdiyi pulun bir hissəsini Fərid ona qazanc adı ilə qaytarmış, qalan pulu isə onu aldadaraq ələ keçirmişdir. Fəridə verdiyi pulu bacısı Könüldən, rəfiqəsi İncidən və anasının adına olan kreditdən götürmüşdür. Şikayətçidir ona vurulmuş ziyanı tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də mühasib vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs həmin MMC-nin rəhbəri Şahid1 qayını olmaqla yanaşı həmin şirkətdə qeyri-rəsmi çalışmışdır. Belə ki, işlədiyi şirkət hər hansısa binanın kabelləşdirilməsi üçün müqavilə bağladıqdan sonra Fərid tələb olunan ölçüdə lazım olan kabel və digər komunikasiya mallarını müxtəlif şirkətlərdən alır və aldığı malı sonradan şirkətə satırdı. Fərid ona pul qoyub həmin şirkətlərdən kabelləri nağd alıb sonra isə şirkətə bir qədər baha qiymətə satmaqla qazanc əldə etməyi təklif etmişdir. Fəridlə razılaşaraq 2019-cu ilin fevral ayından etibarən həmin ilin iyul ayına qədər bu qaydada işləmiş, hər dəfə Fəridə müxtəlif məbləğlərdə pul vermiş və bir müddətdən sonra Fərid verdiyi pulu qazancla birlikdə ona qaytarmışdır. O, bu barədə bibisıqızı Yeganəyə demiş və pul qoyub qazanc əldə etməyi təklif etmişdir. 2019-cu ilin may ayında Yeganə ona 4500 manat pul vermiş və, o, həmin pulu Fəridə vermişdir. May ayından sentyabr ayına qədər hissə-hissə olmaqla Fərid ona verildiyi pulu 900 manat qazanc ilə birlikdə Yeganəyə qaytarmışdır. Bundan sonra Yeganə özü Fəridlə əlaqə saxlayaraq görüşmüş və hər dəfə özü pulu ona vermişdir və Fərid də qazancı onun özünə vermişdir. O, 2019-cu ilin avqust ayında artıq işdən çıxdığı üçün Fəridlə əlaqələri kəsilmişdir. 2019-cu ilin sentyabr ayından sonra Fərid və Yeganənin aralaranda olan pul münasibətlərindən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin rəhbəri vəzifəsində işləyirdi, onun rəhbərlik etdiyi şirkət yeni tikilməkdə olan binalara telekomunikasiya xətlərinin çəkilməsi ilə məşğul olur. Təqsirləndirilən şəxs onun qaynıdır və o, onun rəhbəri olduğu şirkətdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər baş texnik vəzifəsində çalışmışdır. Belə ki, o, bir müddət şirkətdə işlədikdən sonra aralarında olan şəxsi münasibətləri pozulduğu üçün onu işdən azad etmişdir. Fəridi işdən azad etdikdən bir müddət sonra ona məlum olmuşdur ki, Fərid onun şirkətinin adından istifadə edərək kimdənsə pul almışdır. O, Zərərçəkmiş şəxs tanımır və onunla heç bir münasibəti olmayıb, Fəridlə onun arasında olan pul münasibətlərindən məlumatı yoxdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bacısıdır. Yeganə qazanc əldə etmək məqsədilə Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda və məbləğlərdə pul verdiyi və Fəridin pulu qazancla birlikdə qaytarması barədə ona demişdir. O, uşaqlarına görə işdən çıxdığını və öz növbəsində qazanc əldə etmək istədiyi üçün 2019-cu və 2020-ci ilin müxtəlif vaxtlarında və məbləğlərdə Yeganəyə Fərid üçün təxminən 40000 manat əri tərəfindən evin ipotekasına yığdığı puldan ərinə deməmiş vermişdir. Həmin puldan qazanc adı ilə yalnız ona təxminən 15000 manat qaytarılmışdır. X5 aldatdığını bildikdə ərinə hər şeyi danışmışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun rəfiqəsidir. Yeganə Təqsirləndirilən şəxs qazanc əldə etmək məqsədilə müxtəlif vaxtlarda və məbləğlərdə pul verdiyini və Fəridin pulu qazancla birlikdə qaytarmasını ona demişdir. Həmin məqsəd üçün o Yeganəyə birdəfəyə 7500 manat pul vermişdir. Sonra Fəridin həmin puldan qazanc adı ilə ona 1500 manat pul qaytardığını, qalan pulu isə onu aldadaraq ələ keçirdiyini Yeganədən eşitmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə "xxxx" MMC-də bir yerdə işləmişdir. "xxxx" MMC-də mühasib işləyən Minayə Fəridə pul verməklə və əlavə kabelləşdirmə işlərini görməklə əlavə qazanc əldə edəcəyini ona demişdir. Bundan sonra rəsmi işdən əlavə Fərid və bir neçə işçi ilə birlikdə 2018-2019-cu illərdə yeni tikilən Melissa Park, Kristal Abşeron və digər yaşayış komplekslərində kabelləşdirilmə işlərini görmüşlər və bunun üçün Fərid onlara əlavə ödəniş etmişdir. "xxxx" MMC-də mühasib işləyən Minayə və onun bibisi qızı Yeganə də qazanc əldə etmək məqsədi ilə Fəridə pul vermişlər. İki dəfə Panarama Parkın yaxınlığında 1500-2000 manat arası pulu Fəridin əvəzinə aparıb Yeganəyə vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 2019- 2020-ci illərdə Təqsirləndirilən şəxs ilə "xxxx" MMC-də bir yerdə işləmişdir. Fərid və "xxxx" MMCnin digər işçiləri ilə birlikdə Qobu Parkda "xxxx" MMC-nin kabelləşdirmə işlərini görmüşdür. Bununla bağlı video çəkiliş də aparılmışdır. İş materiallarında olan 16 noyabr 2021-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 31 iyul 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və əlavə araşdırma aparılması haqqında 26 aprel 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 31 iyul 2020-ci il tarixli qərar ləğv edilərək əlavə araşdırma aparılması üçün Xətai RPİ-nə qaytarılmışdır. İş materiallarında olan 09 iyun 2021-ci il tarixli götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə aralarında olan yazışmaların mətnlərini özündə əks etdirən fotoşəkillər araşdırma zamanı əhəmiyyət kəsb etdiyindən Zərərçəkmiş şəxs götürülmüşdür. İş materiallarında olan 09 iyun 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə aralarında olan yazışmaların mətnlərini özündə əks etdirən fotoşəkillər araşdırma zamanı əhəmiyyət kəsb etdiyindən Zərərçəkmiş şəxs götürülmüş, həmin yazışmalara baxış keçirilən zamanı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs aralarında pulların verilməsi, alınması və tələb edilməsi barədə çoxsaylı yazışmalar aparılmış, bu mövzuda bir-birlərinə ismarıclar göndərilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 16 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarından olan 21 dekabr 2021-ci il tarixli “ittiham elan edilməsi üçün şübhəli şəxsin axtarışının elan edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Səbail RPİ-nin 13 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2022-ci il tarixdə saat 14:00 radələrində Xətai rayonu, Gəncə prospektində saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan 13 yanvar 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir. İş materiallarında olan 14 yanvar 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 14 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, onun dərhal həbsdən azad edilməsi və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi məsələsinin həlli qərara alınmışdır. İş materiallarında olan 14 yanvar 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin Səbail RPİ-də quraşdırılmış VMAS-nın operatorundan götürülmüş portal məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bakı Şəhər Səbail rayon məhkəməsinin 13 may 2022-ci il tarixli, 1(009)-83/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Səbail RPİ-nin 18 iyun 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 17 iyun 2022-ci il tarixdə Səbail RPİ-nin ÇAŞ-nın əməkdaşları tərəfindən saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan "xxxx" MTK-nın xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adlı şəxsi tanımırlar, "xxxx" MTK həmin şəxslə hər hansı bir işin görülməsi məqsədilə heç bir müqavilə bağlamamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “mülki iddiaçı qismində tanınma” qərarından görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə mülki iddiaçı qismində tanınması və Təqsirləndirilən şəxs 39500 (otuz doqquz min beş yüz) manat məbləğində maddi ziyan və 10 000 (on min) manat məbləğində mənəvi ziyanın tutularaq ona ödənilməsi tələbinə dair mülki iddia ilə məhkəməyə müraciət etmiş və mülki iddia icraata qəbul edilərək Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmışdır. İş materiallarında olan elektron məhkəmə sisteminin çıxarışından görünür ki, xx.xx.2019-cu ildə anadan olmuş X2 atası Təqsirləndirilən şəxsdur. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini və himayəsində 1 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Tutulduğu, həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs istintaq dövründə 12 yanvar 2022-ci il tarixdən 14 yanvar 2022-ci il tarixədək tutulduğu, cəmi 02 (iki) gün müddət ona təyin olunacaq cəzadan çıxılmalı və 17 iyun 2022-ci il tarixdən hökmün çıxarıldığı tarixədək həbsdə qaldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin başlanğıcı 17 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsində göstərilmişdir ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Törədilən əməl nəticəsində Zərərçəkmiş şəxs maddi ziyan vurulduğu sübuta yetirildiyindən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilməli və Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş 39500 (otuz doqquz min beş yüz) manat məbləğində maddi ziyan və 209 (iki yüz doqquz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 39709 (otuz doqquz min yeddi yüz doqquz) manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə 2 (iki) ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut yoxdur. Ekspertiza xərci yoxdur. Məhkəmə xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 yanvar 2022-ci il tarixdən 14 yanvar 2022-ci il tarixədək tutulduğu, cəmi 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin əvvəli 17 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı ziyanın ödənilməsinə dair mülki iddiası qismən təmin edilsin.Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş 39500 (otuz doqquz min beş yüz) manat məbləğində maddi ziyan və 209 (iki yüz doqquz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 39709 (otuz doqquz min yeddi yüz doqquz) manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cinayət işi üzrə 2 (iki) ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar