Məhkəmə qərarları › İş №1(009)-50/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-50/2021

11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-50/2021 11.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri, 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, Bakı şəhərində xx xxxx 2021-ci il tarixdə saat 12:45də xx xxxxxxxx 1995-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ibtidai təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı qadın cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını tamah niyyəti ilə gizli yolla talayaraq ələ keçirmək məqsədi ilə xx xxx 2020-ci il tarixdə saat 10:30-da X1 yaşadığı ünvan 2 ünvanına açıq qapıdan qanunsuz daxil olmaqla yataq otağındakı güzgülü dolabdan 1 (bir) ədəd 450 (dörd yüz əlli) manat, 1 (bir) ədəd 150 (yüz əlli) manat dəyərində olan qızıl üzükləri, 1 (bir) ədəd 20 (iyirmi) manat dəyərində olan gümüş üzüyü, 20 (iyirmi) manat pulu və mətbəxdəki soyuducudan 100 (yüz) manat dəyərində olan ərzağı oğurlamaqla E.Bəşirovaya ümumilikdə 740 (yeddi yüz qırx) manat dəyərtində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona elan edilən ittihamda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə özünü təsqirli bilərək göstərmişdir ki, o, Bakı şəhəri, “Sovetski” deyilən ərazidə 3 azyaşlı uşağı ilə birlikdə yaşayır, 2012-ci il tarixdə ailə həyatı qurmuş, 3 azyaşlı uşağı var. 2018-ci il tarixdə həyat yoldaşından boşanmış, hal-hazırda uşaqlar onun himayəsindədir. 23 yaşından etibarən dilənçilik edir, yəni məşğuliyyəti dilənçilikdir. Günün müxtəlif vaxtlarında dilənçilik etmək üçün Bakı şəhərinin müxtəlif yerlərinə gedir. xx xxx 2020-ci il tarixdə səhər satlarında təxminən saat 09 radələrində kirayədə yaşadığı “Sovetski” deyilən ərazidə yerləşən ünvanını bilmədiyi, kirayədə yaşadığı evdən dilənmək üçün çıxaraq N.Nərimanovun heykəli tərəfdən “Prezident aparatı”-nın arxasında “Daş saat” olan parka getmiş, bir neçə dəqiqə orada diləndikdən sonra Bayıl qəsəbəsi istiqəmətinə gedən marşurut avtobusuna minərək “Bayıl dairəsi”-ndə avtobusdan düşmüşdür. Dilənərək Bibiheybət yolu istiqamətində, yolun sağında yerləşən yaşayış evlərinin arasına getmiş yəni Nasosnu küçəsinə, orada açıq darvaza qapısı olan həyət evi görmüş, qapıdan ev sahibini səsləmiş cavab verən olmadığını görərək həyətə girmiş, kürsülü, birmərtəbəli özəl tikili evə qalxan pilləkənlərlə evə qalxaraq evin dəmir qapısını vurmaq istəyəndə qapının açıq olduğunu görərək evə daxil olmuşdur. Evə girişdən sağda yerləşən otağa açılan qapıdan yataq otağına keçmiş, otaqda bir nəfər kişinin yanında uşaqla yatdığını görmüş, sakit yataq otağına keçərək güzgülü tirmoya yaxınlaşmış, tirmonun birinci siyirməsini səs salmadan açmış orada gördüyü balaca gümüşü qutunun qapağını açmış, qutunun içində olan 1 ədəd qızıl və 1 ədəd gümüş üzüyü götürmüş, gümüş qutunun yanında olan 20 (iyirmi) manatlıq pulu da götürərərk yataq otağından çıxmışdır. Sonra o evin mətbəxinə keçmiş, mətbəxdə olan soyuducunu açmış, orada olan ət və digər ərzaqları çiynindən asdığı, özü ilə gəzdirdiyi çantaya yığaraq sakit evdən çıxaraq oradan uzaqlaşmışdır. O evin yaxınlığında olan yolun kənarı ilə “Su idman” kompleksinin yanında olan dayanacağa getmiş, oradan marşurut avtobusuna oturaraq kirayədə yaşadığı evinə getmişdir. Götürdüyü qızıl üzüyün özünə məxsus olduğunu və ehtiyacı olduğunu bildirərək tanımadığı şəxsə 70 (yetmiş) manata satmış, gümüş üzüyü elə bir dəyəri olmadığı üçün evdə uşaqlara oynamaları üçün vermişdir. O, Bəşirovlar ailəsinin yaşadığı evə tək daxil olduğunu, oradan yalnız 1 (bir) ədəd qızıl üzük oğurladığını bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, əməlini etiraf etməsinin, üç azyaşlı uşağının olmasının və gənc olmasının, hazırki cinayəti ehtiyacdan törətdiyinin, təqsirini boynuna almasının nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri, habelə məhkəmə və istintaq hərəkəti protokolları, eləcə də iş üçün əhəmiyyət kəsb edən işin digər faktiki halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında həyat yoldaşı, iki azyaşlı uşağı və qardaşı X9 ilə birlikdə kirayədə yaşayırlar. O, Yasamal rayonu ərazisində yerləşən dərzi sexində sifariş qəbul edən kimi işləyir, vəzifə olaraq satıcı adlanır. Koronavirus pondemiyası ilə əlaqədar xx xxxxx 2020-ci il tarixdən etibarən onlara işləmə icazəsi verilmiş ona görədə həmin müddətdən etibarən işə gedir. Həyat yoldaşı Şahid2 isə “Sədərək" ticarət mərkəzində satıcı işləyir ona hələ ki, icazə verilmədiyindən evdə qalır. xx xxx 2020-ci il tarixdə saat 08:20-də işə getmək üçün evdən çıxmış, həyat yoldaşı Bəşər və azyaşlı uşaqları evdə yatmışlar. Bayıl qəsəbəsində yerləşən “Araz” marketdə satıcı işləyən qardaşı Sadiq Salahov isə səhər saat 07:30-da işə getmişdir. Həmin gün saat 11 radələrində həyat yoldaşı Bəşər onun mobil telefonuna zəng vuraraq uşaqlara yemək hazırlamaq istədiyini lakin yağın soyuducuda olmadığını bildirmiş, o soyuducuya diqqətlə baxmasını orada olan ərinmiş yağdan istifadə etməsini demişdir. Bəşər ümumiyyətlə soyuducuda yağın olmadığını ondan sonra soyuducunun dondurucu hissəsində olan ət məhsulları qoyulan yerə baxaraq ət məhsullarının da orada olmadığını bildirmişdir. O, həyat yoldaşı ilə görüntülü danışaraq deyilənləri özü gördükdən sonra evə oğru girdiyinə əmin olmuşlar. Bundan sonra o həyat yoldaşı Bəşərlə təkrar telefon əlaqəsi saxlayaraq yataq otağında olan güzgülü dolaba baxmasını tələb etmiş, sonuncu orada yatdığı üçün kimsənin yataq otağına girməsinin mümkünsüzlüyünü bildirsədə onun təkidi ilə həyat yoldaşı Bəşər dolaba baxan zaman orada olan gümüş qutudan ona məxsus olan 2 (iki) ədəd qızıl üzüyün, 1 (bir) ədəd gümüş üzüyün və 20 (iyirmi) manat pulun yerində olmadığını ona bildirmiş və telefonla görüntiilü baxdıqdan sonra məlum olmuşdur ki evə açıq qapıdan daxil olmuş naməlum şəxs tərəfindən ümumi dəyəri 600 manat olan ona məxsus 2 (iki) ədəd qızıl üzük, 1 (bir) ədəd 20 manat dəyərində gümüş üzük, 20 (iyirmi) manat pul və mətbəxdə olan soyuducudan 100 (yüz) manat dəyərində ərzaq oğurlanmaqla ona ümumilikdə 740 manat dəyərində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs X6 təqsirləndirilən şəxslə barışmadığını, dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu göstərərək, sonuncunun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, “Araz” marketdə satıcı işləyən qaynı Sadiq Salahov səhər saatlarında işə getmişlər. Bir neçə dəqiqə televizora baxdıqdan sonra yuxudan oyanan azyaşlı qızı ilə oğlu acdıqlarını bildirmişlər, o uşaqlara yemək hazırlamaq üçün evdə olan mətbəxdəki soyuducuya baxanda orada yağın olmadığını görmüş həyat yoldaşı Elnurəyə zəng vuraraq soyuducuda yağın olmadığını bildirəndə sonuncu yağın soyuducuda olduğunu demişdir. Sonra o soyuducunun dondurma hissəsinə baxanda orada qoyulmuş ətlərin və kolbasanın yerində olmadığını görmüş təkrar həyat yoldaşına zəng vuraraq bu barədə bildirəndə onlar görüntülü danışdıqdan sonra evə naməlum şəxsin daxil olaraq soyuducuda olan ərzaqları oğurladığını başa düşmüşlər çünki o mətbəxə keçən zaman evin qapısı azacıq açıq olduğunu görmüş, həyat yoldaşı Elnurənin evdən çıxanda qapını bağlamadığını anlamışdır. Bir neçə dəqiqədən sonra həyat yoldaşı Elnurə Bəşirova ona zəng vuraraq yataq otağında olan güzgülü şkafın çəkəcəyindəki zinət əşyaları qoyulması üçün nəzərdə tutulmuş qutuya baxmağını istəmiş, o yataq otağına keçərək dolabın birinci çəkəcəyini çəkərək orada olan gümüşü rəngli qabın içinə baxanda qabın içində qoyulmuş həyat yoldaşı Elnurə Bəşirovaya məxsus olan 2 (iki) ədəd qızıl və 1 (bir) ədəd gümüş üzüyün, eləcədə həmin çəkəcəkdə olan 20 (iyirmi) manat pulun yerində olmadığını aşkar etmiş və həmin vaxt DİN-in 102 qaynar xəttinə zəng vuraraq bu barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, bacısı Bəşirova Elnurə, iki azyaşlı uşaqları və həyat yoldaşı Bəşərlə birlikdə ünvan 3 ünvanında kirayədə yaşayırlar. O, 20-ci sahə dairəsi yaxınlığında yerləşən “Araz” marketdə satıcı işləyir. xx xxx 2020-ci il tarixdə saat 08:00 radələrində evdən çıxıb işə getmiş, işə gedən zaman bacısı və ailə üzvləri yatmışlar. O, saat 11:00-a qədər işdə olmuş sonra işdən çıxıb evə qayıdan zaman evdə polis işçilərinin olduğunu görərək nə olduğunu soruşanda bacısı Elnurə ona bildirmişdir ki, saat 08:30-da evdən çıxıb işə getmiş, işə gedən zaman evdə həyat yoldaşı Bəşər iki azyaşlı uşaqları yatmış vəziyyətdə olmuş, evin həyət qapısı və evə giriş qapısı açıq olduğundan təxminən saat 10-11 radələrində evə naməlum şəxs açıq qapıdan daxil olaraq evin yataq otağında olan güzgülü dolabdan Elnurəyə məxsus olan 2 (iki) ədəd qızıl üzüyü, 1 (bir) ədəd gümüş üzüyü, 20 manat pulu və evin mətbəxində olan soyuducuya qoyulmuş ərzağı oğurlamışdır. İş materiallarında olan xx xxx 2020-ci il tarixli hadisə yerinə keçirilmiş baxış protokolundan görünür ki, cinayət hadisəsi ünvan 4 ünvanında baş vermişdir. Yataq otağında olan dolabdan, soyuducudan götürülmüş 10 ədəd əl barmaq izi qablaşdırılaraq 51 saylı möhürlə möhürlənmişdir. İfadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, o, Bəşirovlar ailəsinin yaşadığı ünvan 3 ünvanına necə daxil olduğunu, oradan etdiyi oğurluğu əyani şəkildə yerində göstərmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş məhkəmə materialşünaslıq və əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 19750/19751 ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 4,49 qram kütləli üzük 583/585 əyarlı qızıldan hazırlanmışdır. Qaşları qiymətli qaşlara aid deyildir. Aparılmış fıziki-kimyəvi tədqiqatların nəticəsi nəzərə alınmaqla, ekspertiza tədqiqatına təqdim edilmiş 4,49 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış üzüyün 2019-cu ilin iyul ayına pərakəndə satış qiyməti təxminən 246,0 manat müəyyən edilmişdir. Ekspert rəyinin təsviri-əsaslandırıcı hissəsindən qeyd edilmişdir ki, tədqiqata 4,49 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd üzük təqdim edilmişdir. Üzüyün halqasının iç tərəfində “Ertuğrul xx.xx.2016” yazısı və “ASWERA 585” damğası həkk edilmişdir. Üzüyün kənarında girintili-çıxıntılı hissələr vardır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş daktoloskopik ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 3/1349 Ng-li rəyindən görünür ki, təqdimata təqdim edilmiş 1 ədəd daktilolentin səthindəki əl-barmaq izi 2 saylı daktilolentin səthindəuki ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 3-10 saylı daktilolentlərin səthlərindəki yayılmış əl-barmaq və papilyar naxış izləri tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sol əlinin şahadət barmağından qalmışdır. Tədqiqata müqayisəli material qismində təqdim edilmiş daktiloxəritədə ovuc izlərinin hipotenal hissələri tam və aydın əks olunmadığından 2 saylı daktilolentin səthindəki ovuc izinin müqayisəli tədqiqatı aparılmadı. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx xxx 2020-ci il tarixli 011-5334-1220 saylı məktubda qeyd edilmişdir ki, xx xxx 2020-ci il tarixdə Şahid2 yaşadığı ünvan 2 ünvanında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərinin 01 ədəd əl barmaq izi xx xxxxxxxx 1995-ci il tarixdə Yevlax rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin şəhadət barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Maddi sübut hesab edilməsi və saxlanılması haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan və qəbzdən görünür ki, 3,13 qram kütləli, gümüşü rəngli, üzərində rəngsiz şəffaf qaşları olan, iç tərəfində 92% damğası vurulmuş gümüş üzük maddi sübut hesab edilərək, saxlanılması üçün X2 qaytarılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 2013-cü il təvəllüdlü X8, 2014cü il təvəllüdlü X7 və 2019-cu il təvəllüdlü X12 adlı üç azyaşlı uşaqları var. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, onun törədilməsi hallarını, zərərçəkmiş şəxslə barışmamasını və sonuncunun ona qarşı şikayətçi olmasını, oğurluq cinayətini evə qanunsuz daxil olmaqla törədilməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs qıznın islah olunması mümkün deyildir və təqsirləndirilən şəxs barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, üç azyaşlı uşağının olmasını və gənc olmasını, hazırki cinayəti ehtiyacdan törətdiyini, təqsirini boynuna almasını və cinayətin açılmasına kömək etməsini, hazırki cinayəti ehtiyacdan törətdiyini, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, məhkəmə iclas zalından dərhal həbsə alınmış və cəza çəkməsinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Himayəsində olmuş 2013-cü il təvəllüdlü X8, 2014-cü il təvəllüdlü X7 və 2019-cu il təvəllüdlü X10 Bakı şəhəri Xəzər rayon İcra hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik komissiyasının himayəsinə verilmişdir. Məhkəmə hazırki cinayət işində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5ci maddəsini tətbiq olunmasını və cəzaların bilrləşdirilməsini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020ci il tarixli hökmü ilə qəti olaraq müəyyən edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilməlidir. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.11-ci və 353.4.12-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaçəkmə müddətinin əvvəlinin Xəzər Rayon Məhkəməsinin 1(003)-316/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli hökmünə əsasən xx xxxxxxx 2020-ci il tarixdən hesablanmasının, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsində azadlıqdan məhrum etmə növündə cəzası çəkməsinin, iş üzrə maddi sübut qismində tanınmış 1 ədəd gümüş üzüyün zərərçəkmiş şəxs X3 təhvil verilməsinin nəzərə alınmasını, həmçinin iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslərin məhkəmədə və ibtidai istintaq zamanı hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Bundan başqa, məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 160.1-ci maddəsinə uyğun olaraq Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə himayəsində olmuş 2013-cü il təvəllüdlü X8, 2014-cü il təvəllüdlü X7 və 2019-cu il təvəllüdlü X5 Xəzər rayon İcra hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik Komissiyasının himayəsinə verildiyi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-316/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 316/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli hökmünə əsasən 14 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsində azadlıqdan məhrum etmə növündə cəzası çəkməsi nəzərə alınsın. Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs himayəsində olmuş 2013-cü il təvəllüdlü X8, 2014-cü il təvəllüdlü X7 və 2019-cu il təvəllüdlü X5 Bakı şəhəri Xəzər rayon İcra hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik Komissiyasının himayəsinə verildiyi nəzərə alınsın. İş üzrə maddi sübut qismində tanınmış 1 ədəd gümüş üzüyün zərərçəkmiş şəxs X3 təhvil verildiyi nəzərə alınsın. İş üzrə aparılmış ekspertizanın Təqsirləndirilən şəxs 145 (yüz qırx beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 120 (yüz iyirmi) manat pul tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “xxxx” QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 210 (iki yüz on) manat pul tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun “xxxx” QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar