Məhkəmə qərarları › İş №1(009)-50/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-50/2022

19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-50/2022 19.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri. Suraxanı rayonu, Suraxanı qəsəbəsi, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Nəsimi Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli hökmü ilə “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 oktyabr 2021-ci il tarixdə, saat 01:20 radələrində ünvan 3 ünvanda yerləşən “Xaqani bağı” adlanan parkda tanışı Zərərçəkmiş şəxs ilə görüşərkən sonuncunun onun üzərində bıçaq gəzdirməsi ilə bağlı iztehzalı zarafat etməsini özü üçün qəbul olunmaz hal hesab edib, öz şəxsini başqalarının fövqündə qoymaqla, ictimai yerdə kənar şəxslərin toplaşaraq istirahət etdiyi parkda istirahət edən vətəndaşların gözü qarşısında cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik, habelə ümumi daranış, əxlaq və mənəviyyat normalarına hörmətsizliklə ifadə olunan hərəkətlərlə ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə və üzərində olan məişət təyinatlı bıçaqdan silah qismində istifadə etməklə şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək zərərçəkmiş şəxsə həmin bıçaqla qəsdən vuraraq, ona sol budun arxa-bayır səthinin bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərurmaya aid xəsarət yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, X1 onun anasıdır. Zərərçəkmiş şəxs təxminən 4 ildir tanıyır. O, evin tək övladıdır. O, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 4 ünvanında qeydiyyatda olsa da, hazırda Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində nömrəsini bilmədiyi ünvanda dostu Saşa ilə birlikdə yaşayır. O, 2019-cu il tarixə kimi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 76 nömrəli tam orta məktəbdə təhsil almış, 9-cu sinfi bitirdlikdən sonra isə təhsilini davam etdirməmişdir. Təxminən bir ildirki o, ailə daxili məsələlərə görə anasından ayrı tək yaşayır. 03 oktyabr 2021-ci il tarixdə, təxminən saat 23:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində bir qədər gəzmişdir. 04 oktyabr 2021-ci il tarixdə, təxminən saat 01:20 radələrində o, “Malakan” bağının içərisində tanışı Zərərçəkmiş şəxs təxminən 7 nəfər tanışı ilə birlikdə dayandığını görüb, Rauf ilə görüşmüşdür. Rauf onunla görüşüb onu qucalayarkən onun bel nahiyəsində şalvarın arxa hissəsinə qoymuş olduğu bıçağın olduğunu hiss etmişdir. Həmin vaxtı Rauf ona bildirmişdir ki, “bu bıçaqla kimisə vura bilmirsənsə nə üçün bıçağı üzərində gəzdirirsən?”. Həmin vaxtı o, özündən asılı olmayaraq sağ əli ilə həmin bıçağı şalvarın arxa hissəsindən çıxarıb, sağ əlidə tutmaqla Rauf tərəf aparmışdır. Həmin vaxtı Rauf əli ilə bıçağı tutmaq istəmişdir. O, özü də gözləmədiyi halda bıçaq Raufun sol budunun ön nahiyəsinə dəymişdir. O, həmin vaxtı Raufun sol budundan qan gəldiyini görüb ətrafdakı şəxslərdən mayka vermələrini istəmişdir ki, qan axmasının qarşısını almaqdan ötrü Raufun budunu bağlasın. Həmin vaxtı Raufun tanışları ona mayka vermişlər və o, Raufun dostlarının köməkliyi ilə Raufun sol bud nahiyəsini bağlamışdır. Həmin vaxtı polis əməkdaşları hadisə yerinə yaxınlaşmış və onları Səbail RPİ-nin 39-cu Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində o, hadisə vaxtı istifadə etdiyi bıçağı polis əməkdaşlarına təhvil vermişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasının, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmamasının, gənc olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, ekspert rəyləri, sənədlər və tədqiq olunmuş digər sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda anası ilə eyni ünvanda yaşadığını, heç bir məktəbdə təhsil almadığını, 9-cu sinfi Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 2 nömrəli tam orta məktəbdə bitirdiyini, 03 oktyabr 2021-ci il tarixdə axşam saatlarında tanışları Mehdi, Fərid, Hüseyn, Amil, Rafiq və Qafar ilə birlikdə görüşüb Bakı şəhəri, Səbail rayonunda yerləşən “Tarqovu” deyilən yerdə bir qədər gəzdikdən sonra 04 oktyabr 2021-ci il tarixdə təxminən saat 01:30 radələrində yuxarıda qeyd etdiyi şəxslərlə birlikdə “Malakan bağı” adlanan parkda olduğu zaman təsadüfən Təqsirləndirilən şəxs ilə rastlaşdığını və həmin vaxt Yusif ilə o, bir qədər zarafatlaşdığını, zarafat əsasında Yusifin Şalvarının arxasında saxladığı bıçağı çıxartdı. O, da Yusifə bildirdi ki, “bıçaq çıxdısa girməlidi”. Bu sözünə görə Yusif əsəbiləşib həmin bıçaqla onun sol budunun yan nahiyyəsinə bir dəfə zərbə vurduğunu. Zərbənin təsrindən onun sol budundan qan axmağa başlamış, bu vaxt Yusif özü əynində olan köynəyi çığardıb, onun sol buduna bağlamışdır ki, qan gəlməsin. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəldiyini, onları Bakı şəhəri Səbail RPİ-nin 39-cu Polis Bölməsinə dəvət edildiklərini, onlar polis əməkdaşları ilə birlikdə polis bölməsinə yollandıqlarını, polis bölməsində Yusif könüllü olaraq bıçağı polis əməkdaşlarına təhvil verdiyini, daha sonra təcili tibbi yardım avtomobili ilə onu Xəstəxanaya apardığını göstərmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qızına qarşı şikayətçi olmamasını, onunla barışmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, X10 onun atasıdır. Hazırda heç bir təhsil müəssisəsində təhsil almır. 9-cu sinfi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 314 saylı tam orta məktəbi bitirmişdir. 04 oktyabr 2021ci il tarixdə, təxminən saat 01:30 radələrində o, tanışları Zərərçəkmiş şəxs. Mehdi, Hüseyn, Fərid, Elşən və Haldun ilə birlikdə Bakı şəhəri, Səbail rayonunda yerləşən “Malakan” bağında olduğu zaman Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs zarafatlaşmışlar və həmin vaxtı Yusif özündə olan bıçaqla bir dəfə Raufun sol bud nahiyəsinə vurub xəsarət yetirmişdir. Raufun sol bud nahiyəsindən qan axmağa başlamışdır. Bundan bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onları 39-cu Polis Bölməsinə dəvət etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 9 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişdir. Hazırda heç bir yerdə təhsil almır. X5 onun anası. Şahid1 qardaşıdır. 03 oktyabr 2021-ci il tarixdə axşam saatlarında tanışları Zərərçəkmiş şəxs, qardaşı Şahid1, tanışları Fərid. Qafar, Elşən, Yusif, Murad, Fırat ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində görüşüb bir qədər gəzmişdir. 04 oktyabr 2021-ci il tarixdə, təxminən saat 01:30 radələrində o, öz gödəkcəsini geyindikdən sonra sonra bilmişdir ki, Təqsirləndirilən şəxs bıçaqla bir dəfə Zərərçəkmiş şəxs sol bud nahiyəsinə vurmuş və Raufun sol bud nahiyəsindən qan axır. Bundan bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onları 39-cu Polis Bölməsinə dəvət etmişlər. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 9 nömrəli tam orta məktəbin 8-ci sinfini bitirdiyini, hazırda heç bir yerdə təhsil almadığını, X5 onun anası, Şahid4 onun qardaşı olduğunu, 03 oktyabr 2021-ci il tarixdə axşaam saatlarında o, tanışları Zərərçəkmiş şəxs, qardaşı Şahid4, tanışlarım Fərid, Qafar, Elşən, Yusif, Murad, Fırat ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində görüşdüyünü bir qədər gəzdiklərini, 04 oktyabr 2021-ci il tarixdə, təxminən saat 01:30 radələrində bilmişdir ki, Təqsirləndirilən şəxs bıçaqla bir dəfə Zərərçəkmiş şəxs bud nahiyəsinə vurduğunu və həmin vaxt Raufun ayağından qan gəldiyini, o, orda olna dostları Raufa kömək etmişdir ki, ayağından qan gəlməsini və həmin vaxt onaların olan yerə polis əməkdaşları gəlmədiyini və onları 39-cu Polis Bölməsinə dəvət etdiklərini göstərmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, X6 onun atasıdır. Hazırda heç bir təhsil müəssisəsində təhsil almır. Respublika Olimpimya Litseyinin 9cu sinif şagirdidir. 04 oktyabr 2021-ci il tarixdə, təxminən saat 01:30 radələrində tanışları Zərərçəkmiş şəxs, Şahid4, Şahid1 Emin oğlu və Şahid3 ilə birlikdə Bakı şəhəri, Səbail rayonunda yerləşən “Malakan” bağında olduğu zaman Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs zarafatlaşmış və həmin vaxtı Yusif özündə olan bıçaqla bir dəfə Raufun sol bud nahiyəsinə vurub xəsarət yetirmişdir. Raufun sol bud nahiyəsindən qan axmağa başlamışdır. Bundan bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onları 39-cu Polis Bölməsinə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 oğlu iş üzrə şahid qismində ifadəsi elan olunmuş Şahid8 ilə oxşar məzmunlu ifadə vermişlər Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, X11 onun qardaşıdır. O, 4-cii sinfə qədər Cəlilabad rayonu, Xanəgah kəndində təhsil almışdır. Hazırda heç bir təhsil müəssisəsində təhsil almır. 04 oktyabr 2021-ci il tarixdə, təxminən saat 01:30 radələrində tanışları Zərərçəkmiş şəxs, Mehdi, Hüseyn, Haldun, Rauf və Qafar ilə birlikdə Bakı şəhəri, Səbail rayonunda yerləşən “Malakan” bağında olduğu zaman Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs öz aralarında zarafatlaşmışlar. Həmin vaxtı Raufun sol bud nahiyəsindən qan gəldiyini görmüşdür. Həmin vaxtı ona məlum olmuşdur ki, Yusif özündə olan bıçaqla bir dəfə Raufun sol bud nahiyəsinə vurub xəsarət yetirmişdir. Lakin o, birbaşa hadisənin şahidi olmamışdır. Bundan bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onları Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş Şahid6 ifadəsində göstərmişdir ki, X7 onun qardaşıdır. Hazırda heç bir təhsil müəssisəsində təhsil almır. 9-cu sinfi Ucar şəhərində yerləşən 5 saylı tam orta məktəbi bitirmişdir. 03 oktyabr 2021-ci il tarixdə, təxminən saat 21:00 radələrində tanışı X12 ilə birlikdə Bakı şəhəri, Səbail rayonunda yerləşən “Malakan bağı” deyilən ərazidə parkda oturmuşdur. Təxminən yarım saat sonra oraya Zərərçəkmiş şəxs, Şahid4, Şahid1, Fərid və adlarını xatırlamadığı şəxslər oraya gəlmişdir. 04 oktyabr 2021-ci il tarixdə, təxminən saat 01:30 radələrində Təqsirləndirilən şəxs oraya gəlmişdir. Həmin vaxtı Rauf ilə Yusif “Malakan” bağında onların yanında öz aralarında zarafatlaşmışlar. Söhbət əsnasında Yusif şalvarının arxa nahiyəsindən bıçaq çıxarmışdır. Rauf Yusifə bildirmişdir ki, “bıçaq çıxdısa girməlidi”. Həmin vaxtı Yusif həmin bıçaqla bir dəfə Raufun sol bud nahiyəsinə vurub xəsarət yetirmişdir. Bu vaxtı Raufun sol bud nahiyəsindən qan axmağa başlamışdır. Bunu görə o, tez əynində olan maykanı çıxarıb Raufun bud nahiyəsini bağlamışdır ki, qan axmasın. Bundan bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onları Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş Şahid8 ifadəsində göstərmişdir ki, 04 oktyabr 2021 -ci il tarixdə, təxminən saat 01:40 radələrində onunla birlikdə Bakı şəhəri Səbail RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində xidmət edən, polis serjantı Şahid7 ilə birlikdə Bakı şəhəri, Səbail rayonunda yerləşən “Malakan” bağının ətrafında 6652 saylı çağırışlı avtopatrulla xidmət aparan zaman parkın içərisində bir qrup şəxsin toplu halda yığışıb mübahisə etdiklərini gördüklərini, onlar dərhal hadisə yerinə yaxınlaşarkən, orada olan şəxslərdən birinin sol baldır nahiyəsindən qan gəldiyini, həmin vaxtı orada olan şəxslərdən birinin hadisə yerindən qaçıb uzaqlaşmaq istədiyini, dərhal həmin şəxsə yaxınlaşdıqlarını və qaçmasının qarşısını aldıqlarını, həmin şəxs özünü bizə Təqsirləndirilən şəxs kimi təqdim edərək ev bıçağı ilə tanışı Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan bir dəfə vurub xəsarət yetirdiyini səmimi olaraq etiraf etdiyini, bundan sonra Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və oraya toplaşan digər şəxsləri Bakı şəhəri Səbail RPİ-nin 39-cu Polis Bölməsinə dəvət etdiklərini. Polis Bölməsində həmin şəxslərin Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs. Şahid1, Şahid5, X8, Şahid3, Şahid4 İlham oğlu, X13, Şahid6, X12, X14 olması müəyyən olunduğunu göstərmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 04 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmış, istintaq hərəkəti zamanı fotoçəkiliş çəkilmiş və istintaq hərəkəti keçirilən zaman Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək törətmiş olduğu hadisəni əyani şəraitdə ardıcıllıqla təsvir etmiş və Zərərçəkmiş şəxs bıçaqla vurduğunu göstərmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi" X27 Səbail rayon şöbəsinin 21 oktyabr 2021 -ci il tarixli 666 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs olan xəsarətlər - sol budun arxa-bayır səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin təsirindən törənməklə 04 oktyabr 2021-ci il tarixdə kənar tərəfindən qeyd olunan nahiyəyə ekspertizaya təqdim edilmiş bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş məhkəmə-trasoloji ekspertizasının ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 29 oktyabr 2021 -ci il tarixli 3/1798 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Ekspertiza Mərkəzi” X26 23 noyabr 2021-ci il tarixli, 2565 saylı rəyi ilə Məhkəmə-psixoloji ekspertizası üzrə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı Psixi xəstəliyin əlamətləri aşkar olunmur və Təqsirləndirilən şəxs yaş və intellektual inkişafına görə onunla edilən hərəkətlərin xarakter və mənasını dərk etmək qabiliyyətinə malikdir. Ondan başqa Təqsirləndirilən şəxs əqil-intellektual imkanlarına, yaş və fərdi-psixi xüsusiyyətlərinə görə başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyillik əlamətləri aşkar edilmədi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 03.03.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirləndirilərək məsuiyyətə cəlb olunmuş, 18 may 2021-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs 23.09.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 178.2.2, 180.2.4-cü maddələri ilə təqsirləndirilərək məsuiyyətə cəlb olunmuş, 23 sentyabr 2021-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Nəsimi Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 180.2.4-cü maddələri ilə təqsirləndirilərək qəti olaraq onun üzərində 03 (üç) il, 02 (iki) ay, 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddələri, ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsiri sübuta yetirilmişdir və o törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, o cümlədən, onun barəsində Nəsimi Rayon Məhkəməsinin hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını, Suraxanı Rayon Məhkəməsində barəsində cinayət işinin olmasını, nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.2-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini 04 oktyabr 2021-ci il tarixdə törətməzdən əvvəl 23 aprel 2021-ci il və 24 iyun 2021-ci il tarixlərdə başqa bir cinayət əməllərini törətmiş və həmin əməllərə görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-54/2022 saylı, 09 mart 2022-ci il tarixli hökmü ilə qəti olaraq 03 (üç) il, 02 (iki) ay, 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur, hökm 30 mart 2022-ci il tarixdən qanuni qüvvəyə minmişdir. Belə olan halda məhkəmə, hazırki cinayət işinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsini tətbiq edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli hökmü ilə qəti olaraq müəyyən edilmiş 03 (üç) il, 02 (iki) ay, 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu qəti cəza təyin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12-ci maddələrinin tələbləri baxımından “həbs” qətimkan tədbiri barəsində seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli Nəsimi Rayon Məhkəməsinin hökmü ilə təyin olunmuş 09 mart 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda, iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan bıçağın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 03 (üç) il 02 (iki) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzacəkmə müddətinin əvvəli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 1(006)-54/2022 saylı hökmünə əsasən 09 mart 2022-ci il tarixdən hesablansın Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Səbail Rayon Polis İdarəsində saxlanılan bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə-trasoloji ekspertizası tədqiqatının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 420 (dörd yüz iyirmi) manat pul vəsaiti dövlət büdcəsindən tutulub, Bakı şəhəri 03 saylı vəkil bürosunun “Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar