Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-51/2024 14.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respulikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədilə 29 avqust 2023-cu il tarixdə saat 09 radələrində ünvan 2 ünvanında yerləşən “MC Donalds” restoranının qarşısında Zərərçəkmiş şəxs yaxınlaşaraq pul istəmiş, sonuncu ona bir manat pul verərək oradan uzaqlaşarkən onu təqib edib həmın gün saat 10:15-də Bakı şəhəri, Səbail rayonu, Ş.Ələkbərov küçəsi 9 saylı binanın 1-ci blokunun qarşısında Zərərçəkmiş şəxs arxadan yaxınlaşaraq əli ilə baş və sağ qol nahiyəsinə bir dəfə vuraraq ona döş qəfəsinin qançırı kimi sağlamlığa zərər vurmayan xəsarət yetirməklə insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək, Zərərçəkmiş şəxs əynində olan qara rənglı şalvarının sağ yan cibindən 372 manat pulunu götürüb hadisə yerindən qaçmaqla açıq yolla talayıb Zərərçəkmiş şəxs cəmi 372 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 29 avqust 2023-cü il tarixdə Nizami küçəsində yerləşən “MC Donalds” restoranının yaxınlığında oturacaqda sonradan adını bildiyi Zərərçəkmiş şəxs əyləşib pul saydığını görmüş, ona yaxınlaşıb on manat pul istəmiş və həmin vaxtı zərərçəkmiş şəxs ona cəmi bir manat pul vermişdir. Sonra o, zərərçəkmiş şəxsin pullarını ələ keçirmək məqsədilə onu təqib edərək sonuncunun getdiyi istiqamətdə getmiş, zərərçəkmiş şəxsə yaşadığı binanın blokunun qarşısına çatdıqda arxadan yaxınlaşmışdır. Həmin vaxtı zərərçəkmiş şəxsin əynində olan şalvarın yan cibindən pulları oğurlayanda pullar yerə tökülmüş, o, pulu yerdən yığaraq oradan uzaqlaşmışdı. Ümumilikdə o, üç yüz manat pulu oğurlamışdır. Hadisə zamanı o, zərərçəkmiş şəxsi vurmamış, xəsarət yetirməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 29 avqust 2023-cü il tarixdə, saat 09 radələrində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən “Mc Donalds” restoranının qarşısında olan oturacaqda əyləşib özünə məxsus 373 manat pulu saydıqdan sonra cibinə qoymuş, sonradan adını bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşıb pula ehtiyacının olduğunu deyib ondan pul istəmişdi. O, da həmin vaxtı Təqsirləndirilən şəxs bir manat pul vermişdi. Oradan uzaqlaşıb yaşadığı məhəlləyə tərəf yollanmış, yaşadığı binanın blokuna daxil olmaq istəyərkən Təqsirləndirilən şəxs arxadan ona yaxınlaşıb vuraraq onu yerə yıxıb, əynində olan şalvarın yan cibində olan 372 manat pulu çıxarıb oradan uzaqlaşmışdı. O, həmin şəxsin arxasınca bir iki adım atıb qışqıraraq həmin şəxsi səsləsə də, Təqsirləndirilən şəxs onun çağırışlarına məhəl qoymayıb qaçaraq oradan uzaqlaşmışdı. Təqsirləndirilən şəxs şikayətçidir. İş materiallarında olan 30 avqust 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokolundan görünür ki, hadisə yerinin Zərərçəkmiş şəxs ünvan 3 ünvanında yerləşən 1ci blokda giriş hissəsi olduğu müəyyən olunmuşdur. İş materiallarında olan 02 sentyabr 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. İş materiallarında olan 02 sentyabr 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərarından görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2023-cü il tarixdə, saat 18:10-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 04 sentyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4cü maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan 04 sentyabr 2023-cü il tarixli Bakı Şəhər Səbail rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 02 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan 12 sentyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 15 oktyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan 07 sentyabr 2023-cü il tarixli 494 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza v X5” Publik Hüquqi şəxsinin canlı şəxsin ekspertizanın rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət - döş qəfəsinin qançırı küt əşyanın təsirindən müayinədən 4-6 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən 29 avqust 2023-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətə aid edildiyindən dərəcəsi təyin olunmur. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin müxtəlif şəraitlərdə və həmçinin qərarda göstərilən şəraitdə, yəni insan bədəninin hissəsinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilməsi mümkündür və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. İş materiallarında olan 06 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi) dedikdə, döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. Məhkəmə cinayət işinin materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, iş üzrə kifayət qədər sübutların toplanıldığını və toplanmış sübutların müqayisəli təhlili və tədqiqi ilə aparılmış məhkəmə istintaqının nəticələrini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş, o, həmin maddələlər üzrə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış, zərərçəkmiş şəxsin, ekspertiza rəyi, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini bildirsə də zərərçəkmiş şəxsin, iş materialları, maddi sübutlar və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır, məsuliyyətdən yayınmaq üçün verilmiş ifadədir və onunla razılaşmaq olmaz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsinə əsasən insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdəüç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin müəyyən edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cinayətin onun üçün aşkar surətdə qoca olan şəxsə qarşı törədilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkirlər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 02 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 42,344-349, 350-353, 356, 358,383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin başlanğıcı 02 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 300 (üç yüz) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-51/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-51/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver