Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-55/2023 06.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X2, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 06 mart 2023-cü il tarixdə saat 11.00-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə gizli yolla talayaraq ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 04:50-də ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus olan “Trattoriya L 'Olivia” restoranının qapısını ətrafdan götürdüyü ucu iti aləti qapının arasına salıb sıxıb açmaqla restorana qanunsuz daxil olub, restoranın saxlanc yeri hesab olunan kassasından 1610 manat pulu gizli talamaqla, "xxxx" MMC-yə 1610 (bir min altı yüz on) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə gecə saat 03-04 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən "Trattoriya L 'Olivia” restoranının qarşısından keçən zaman dayanmış, ətrafa baxmış, ətrafda başqa şəxslərin olmadığnı görərək qeyd olunan restorandan oğurluq etmək qərarına gəlmiş, yaxınlıqda olan zibil qutusunun yanından ucu iti dəmir parçası tapmış, həmin dəmir parçasını qapının arasına salaraq restoranın qapısını açmışdır. Restorana daxil olduqdan sonra restoranda olan masanın üzərində qoyulmuş kassa aparatına yaxınlaşmış, kassa aparatını açmış, orada 500 manata yaxın pul aşkar etmiş, həmin pulları kassadan götürmüş və restorandan çıxıb getmişdir. Oğurladığı pul ilə özünə paltar və ərzaq almışdır. Növbəti gün yaşadığı Yevlax rayonuna qayıtmışdır. xx.xx.2022-ci il tarixdə yenidən Bakı şəhərində qayıtmış, xx.xx.2022-ci il tarixdə onu Sahil metrostansiyası yaxınlığında saxlayıb bölməyə aparmışlar, orada ona oğurluq etdiyi gün, yəni xx.xx.2022-ci il tarixdə olan kamera görüntülərini təqdim etmişlər, o, etdiyi cinayət əməlini etiraf etmişdir. Oğurluq etdiyi restoranın kassasından 1600 manat məbləğində pul oğurlamamışdır, onun oğurladığı məbləğ 500 manata yaxın olmuşdur. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkdiyini nəzərə alaraq yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında zərərçəkmiş şəxs nümayəndəsi X4 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-yə məxsus olan ünvan 3 ünvanında yerləşən “Trattoria L Olivia” restoranın kassasından naməlum şəxs tərəfindən, restoranın qapısını açma yolu ilə restorana daxil olmaqla restoranda olan kassa aparatından 1610 manat məbləğində pul oğurlamışdır. Cinayət hadisəsini törətmiş Təqsirləndirilən şəxs ifadələrində kassa aparatından oğurluq etdiyini etiraf etsə də, kassada ümumilikdə 500 manata yaxın pul olduğunu və həmin məbləği oğurladığını düzgün göstərmir, oğurlanmış məbləğ dəqiq olaraq 1610 manatdır. Kamera görüntülərindən də görünür ki, kassanın həm üstünü, həm də altda olan pulu götürür, hətta çekləri götürür. Məhkəməyə müvafiq qəbzləri təqdim edərək göstərmişdir ki, 01 oktyabr 2022-ci il tarixdə restoranda 245,4 manat, 02 oktyabr 2022-ci il tarixdə 309,2 manat, 03 oktyabr 2022-ci il tarixdə 553,4 manat satış olmuşdur. Həmin pul vəsaitləri kassada saxlanılırdı. Həmçinin kassada təxminən 500 manat məbləğində bəxşiş növbəti gün işçilər arasında bərabər şəkildə bölüşdürülməsi üçün saxlanılırdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “Trattoria L'Olivia” restoranında barmen-xəzinədar işləyir. xx.xx.2022-ci il tarixdə saat 01:30 radələrində o, sonuncu çıxdığı üçün restoranın qapısını bağlayıb çıxmış və evə getmişdir. Həmin tarixdə, yəni xx.xx.2022-ci il tarixdə saat 11 radələrində işə gedən zaman, restoranda aşpaz işləyən Hüseynbəyov Elçindən ona zəng gəlmiş və sonuncu bildirmişdir ki, restoranın qapısı naməlum şəxs tərəfindən açılmışdır. O, işə çatdıqdan sonra dərhal ətrafı yoxlamış və kassaya baxmışdır. O, təhqiqata verdiyi izahatında kassadan təxminən 1400 manat pulun oğurlandığını aşkar etdiyini bildirmişdir, sonradan yoxlayan zaman kassadan dəqiq olaraq 1610 (min altı yüz on) manat pulun oğurlandığını aşkar etmişdir. O, hadisə baş verən gün restoranda quraşdırılmış kamera görüntülərinə baxan zaman xx.xx.2022-ci il tarixdə, saat 04:50 radələrində bir nəfər naməlum şəxsin restoranın qapısını açaraq içəri girdiyini və kassada olan pulları oğurlayaraq qapıdan çıxıb getdiyini görmüş və həmin görüntüləri polisə təqdim etmişdir. Oğurluq hadisəsi olan tarixdə, yəni xx.xx.2022-ci il tarixdə restoranın qapısı bağlı olmuşdur, o, qapını açarla bağlayıb getmişdir. Kassadan dəqiq olaraq 1610 manat pul oğurlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən “Trattoria L'Olivia” restoranında xadimə işləyir. Hər gün səhər saat 10:30 radələrində işə gəlir və axşam saat 22 radələrində işdən gedir. xx.xx.2022-ci il tarixdə, saat təxminən 10:30 radələrində işə gəldiyi zaman restoranın qapısının açıq olduğunu görmüş və restorana daxil olmuşdur. İlk əvvəl düşünmüşdür ki, bəlkə işçilərdən kimsə restorana tez gəlib, lakin restoranda heç kim olmamış və o, qapının açıq olmağından şübhələnmişdir. Elə bir neçə dəqiqə sonra aşbaz Elçin də restorana gəlmiş və o, Elçinə qapının açıq olduğunu demişdir. Sonra Elçin restoranın xəzinədarı olan Şahid1 zəng etmiş, Amal restorana gəlmiş, kassaya baxmış və bildirmişdir ki, kassadan təxminən 1600 manat pul oğurlanıb. Məlum olmuşdur ki, naməlum şəxs restoranın qapısını hansısa üsulla açaraq restorana daxil olmuş və kassadan pul oğurlamışdır. Məhkəmə iclasında cinayət işinə əlavə edilmiş diskdə olan videogörüntülərə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, diskdə 14 ədəd videofayl mövcuddur. 1-ci videofaylda ağ rəngli qollu köynək, qara rəngdə şalvar geyinmiş arıq bədənli oğlanın ünvan 4 ünvanında yerləşən “Trattoria L OLivia” restoranının kassasında olan pulları götürdüyü görünür. 2-ci videofaylda restoranın çölündə quraşdırılmış kamera tərəfindən qeydə alınmışdır. Ağ rəngli qollu köynək, qara rəngdə şalvar geyinmiş arıq bədənli oğlanın ünvan 4 ünvanında yerləşən “Trattoria O Livia” restoranının qapısını açmağa cəhd etməsi, qapını açaraq restoranın içinə daxil olduğu və kassanın alt və üst hissələrindən pul götürməsi görünür. 08 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində şübhəli şəxs qismində tutulmuşdur. 10 oktyabr 2022-ci il qərarla Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Səbail rayon prokurorluğunun 10 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və o X3 həbsdən azad olunmuşdur. 10 oktyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 10 oktyabr 2022-ci il tarixli qərarla Nümayəndə ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində tanınmışdır. 13 oktyabr 2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işinə əlavə edilmiş hadisənin videogörüntülərini özündə əks etdirən 01 ədəd disk maddi sübut qismində tanınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-275/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli, xx/xx-9201 nömrəli məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs bəraət verilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 05 ay 24 gün azadlığın məhdudlaşdırılması cazasına məhkum edilmişdir. - Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası 01 ay 16 gün müddətinə azadlıqdan məhrumetmə ilə əvəz edilmişdir. - Yevlax Rayon Məhkəməsinin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş çəkilməmiş 03 ay 03 gün azadlığın məhdudlaşdırılması cəzası 01 ay 16 gün azadlıqdan məhrumetmə ilə əvəz edilmişdir. - 28.10.2019-cu il tarixdə cəzadan azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilməsi, yəni kassada 500 manat pulun olması və onun 500 manat məbləğində pul oğurlaması iş materiallarında olan sənədlər, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs əvvəllər talama cinayətinə görə məhkum olunduğunu, islah olunmadığını və yenidən talama cinayətini törətdiyini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 08 oktyabr 2022-ci il tarixdən 10 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 02 (iki) günü 02 (iki) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsi ilə azadlıqdan məhrumetmə növündə cəza qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 19 dekabr 2022-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 08 oktyabr 2022-ci il tarixdən 10 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 300 (üç yüz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ**********0000001944, Bakı şəhəri 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-55/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-55/2023
06.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver