Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-57/2021 20.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində 20 aprel 2020-ci il tarixdə saat 11:30-da xx xxxxxx 1989-cu ildə Cəbrayıl rayonu, Mahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, Cəbrayıl rayonu. Mahmudlu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan. barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkəmə məsuliyyətinə verilmişdir ona görə ki, o, özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 11 oktyabr 2020-ci il tarixdə saat 21 radələrində ünvan 2 ünvanının qarşısında dayanmış vəziyyətdə olan 99-NH-l 12 dövlət qeydiyyat nişanlı “Kia Maqentis” markalı avtomobilin sol arxa qapısını açaraq həmin vaxt avtomobilin arxa oturacağının üzərində olan çantadan Zərərçəkmiş şəxs məxsus içərisində 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan, 460 manat dəyərində “X4" markalı mobil telefonu və 100 manat dəyərində ağ rəngli qulaqcığı gizli talayıb Zərərçəkmiş şəxs ümumilikdə 570 (beş yüz yetmiş) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 11.10.2020-ci il tarixdə saat 21 radələrində yaşadığı evin yaxınlığında yerləşən “Məhəllə" marketin qarşısında dayanarkən marketin yaxınlığında dayanmış avtomobilin içərisində azyaşlı qız olduğunu görmüşdür. Həmin qız avtomobildən düşmüş və avtomobilin qapısını örtmüş, lakin qapını açarla bağlamamışdır. O, azyaşlı qızın uzaqlaşıb getməsindən sonra avtomobilə yaxınlaşıb sol arxa qapısını açmış və avtomobilin arxa salonunda oturacağın üzərində qara rəngli qadın əl çantası olduğunu görmüşdür. O, çantanın içərisinə baxdıqda bir ədəd qara rəngli “Samsung Galaxy A 11” markalı mobil telefon və ağ rəngli qulaqcıq olduğunu görmüşdür. O, həmin qulaqcığı və “X4" markalı mobil telefonu götürüb yaşadığı evə getmişdir. 12 oktyabr 2020-ci il tarixdə səhər saatlarında mobil telefonu satmaq üçün Nəsimi rayonunda yerləşən, 20 Yanvar dairəsi yaxınlığındakı “Velotrek" adlanan yerdə olan mobil telefon dükanlarından birinə yaxınlaşmışdır. Mobil telefonu dükan sahibinə 100 manata satıb dükanı tərk etmişdir. O, avtomobildən mobil telefonu və qulaqcığı götürərkən onu heç kəs görməmiş və onu kiminsə gördüyünü hiss etməmişdir. Mobil telefonu satmaq üçün dükana daxil olan zaman yanında qonşusu Rauf da olmuşdur. O, Raufa demişdir ki. həmin mobil telefon onun özünə məxsusdur. Həmin vaxt onun şəxsiyyət vəsiqəsi üzərində olmamışdır. Buna görə də dostu Raufdan xahiş etmişdir ki, Rauf öz şəxsiyyət vəsiqəsinin surətini versin və Raufun şəxsiyyət vəsiqəsinin surətini verib, 100 manatı da götürüb çıxıb getmişdir. O, mobil telefonu satdığı şəxsə telefonun özünə məxsus olduğunu demişdir. Təqsirləndirilən şəxs son sözündə zərərçəkmiş şəxslə barışıq əldə olunmasının, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmamasının, onun oğruladıqları əşyalar 500 manatdan aşağı olduğundan onun əməlində oğurluq cinayətinin tərkibi olmamasının, oğurladığı qulaqcığı zərərçəkmiş şəxsə qaytarılmasının, himayəsində bir azyaşlı övladının olmasının, ailədə yeganə qazanc gətirən şəxs olduğunun və gənc olmasının nəzərə alınmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Vidadi oğlu ifadəsində göstərmişdir ki, o, 11 oktyabr 2020-ci il tarixdə saat 15 radələrində özünə məxsus “Kia Maqentis” markalı avtomobilini tanışının yaşadığı ünvan 3 ünvanında saxlayıb tanışının evinə getmişdir. O, həmin vaxt tanışıgilin evində qonaq olmuşdur. Saat 18 radələrində həyat yoldaşı 3-cü sinifdə oxuyan azyaşlı övladı ilə birlikdə o, olduğu ünvana gəlmişdir. Bundan sonra qızı, istifadəsində olan mobil telefonu və qulaqcığı onun avtomobilinə qoymaq üçün ondan avtomobilin açarlarını almış və gedərək avtomobildə olan çantaya qoyaraq gəlmişdir. Bir qədər sonra qızı mobil telefonda oyun oynamaq istədiyini bildirmişdir. O, avtomobilin açarlarını qızına vermişdir. Saat 19:30 radələrində qızı telefonunu götürmək üçün avtomobilə getmişdir. Qızı geri qayıdan zaman ona demişdir ki, telefon yerində yoxdur. Həmçinin blutuzla işləyən qulaqcığın da yerində olmadığını demişdir. O. düşünmüşdür ki, bəlkə də telefon itmişdir. Buna görə də gedərək avtomobili axtarmağa başlamış, lakin tapa bilməmişdir. Onda avtomobilin qapıları yaxşı bağlanmadığına görə düşünmüşdür ki, qapılar açıq qalmış və mobil telefonu naməlum şəxs oğurlamışdır. Bundan sonra polisə müraciət etmişdir. Qızı mobil telefonu və qulaqcığı avtomobilin arxa salonunda oturacağın üzərində olan çantanın içərisinə qoyub qapını bağlamışdır. Lakin onun avtomobilinin uzaqdan idarə etməsi yaxşı işləmədiyi üçün ola bilsin ki, qapısı bağlanmayıb və çox böyük ehtimal ilə həmin şəxs avtomobilin qapısını açaraq telefonu və qulaqcığı çantadan götürüb. Çanta qara rəngli olmuş və qızının olmuşdur. Çantanın quruluşu elə formadadır ki, uşaq və ya böyük şəxsə məxsus olması bilinmir. Avtomobilində dağınıqlıq olmamışdır. Avtomobilindən başqa heçnə oğurlanmayıb. Zərərçəkmiş şəxs Vidadi oğlu, ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışmasının, ona dəymiş ziyanın tam ödənilməsinin, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Nəsimi rayonu ərazisində, “Velotrek" adlanan yerdə “Jinqo Telekom” telefon dükanında satıcı işləyir. 12 oktyabr 2020-ci il tarixdə günorta saatlarında tanımadığı iki nəfər şəxs dükana gəlmiş və həmin şəxslərdən biri özünə məxsus olduğunu bildirdiyi “Samsung Galaxy-Al 1” markalı mobil telefonu satmaq istədiyini demişdir. Həmin şəxs telefonun kreditdə olduğunu və kreditini ödəyə bilmədiyini deyib satıb kreditini ödəmək istədiyini bildirmişdir. O, həmin şəxsdən şəxsiyyət vəsiqəsinin olub olmamasını maraqlandıqda həmin şəxs vəsiqəsinin olduğunu və nüsxələtdirib verəcəyini demişdir. Həmin zaman dükanda çox adam olmuşdur. Onun da üzərində pul olmadığı üçün telefonu ala bilmirmiş. O, qonşu dükanda olan tanışlardan 100 AZN pul borca alıb telefonu gətirən şəxsə yaxınlaşmışdır. Həmin şəxsdən telefonu alıb masanın üzərinə qoymuşdur. Həmin şəxsin yanında olan digər şəxs şəxsiyyət vəsiqəsinin surətini çıxartmaq üçün dükanı tərk etmişdir. Daha sonra dükana gələrək vəsiqənin surətinin hazır olduğunu demişdir. O, 100 manat pulu telefonu satan şəxsə vermiş və dükanda digər müştərilər olduğu üçün gözləməsini xahiş etmişdir. Bir anlıq həmin şəxsdən uzaqlaşıb geri qayıtdıqdan sonra həmin şəxslərin dükanı tərk etdiyini görmüşdür. O, telefonu ona satan şəxsin şəxsiyyət vəsiqəsinin surətini almışdır. Həmin zaman dükanda adamlar çox olduğu üçün ilkin olaraq o həmin şəxsin vəsiqəsinin surətini ona verməsini xatırlamırmış. Sonradan vitrinin üzərinə baxdıqda görmüşdür ki, telefonu satan şəxsin yanındakı şəxs öz vəsiqəsinin surətini vitrinin üzərinə qoyub. O, həmin şəxsləri əvvəllər görməmiş və kim olduqlarını bilmir. O, dükana gələn şəxslərdən telefon alan zaman şəxsiyyət vəsiqəsi tələb edir. Ona satılan telefonun markası “Samsung Galaxy A11" markalı, qara rəngli olmuş və ekranı cızıq olmuşdur. O, telefonu aldıqdan sonra aldığı günü telefon alış verişi ilə məşğul olan şəxslərdən birinə 110 manata satmışdır. O, həmin şəxsi yalnız üzdən tanıyır. Adını və anket məlumatlarını bilmir. Mobil telefonu ona satan şəxs həmin telefonun özünə məxsus olduğunu demişdir. O, telefonu ona satan şəxsin verdiyi şəxsiyyət vəsiqəsinin nüsxəsini istintaqa təqdim etmiş və bildirmişdir ki, həmin vaxt telefonu ona satan şəxs deyil həmin şəxsin yanında olan şəxs öz şəxsiyyət vəsiqəsinin surətini vitrinin üzərinə qoymuşdur. Həmin şəxslər bir yerdə gəldiyinə görə onun üçün fərqi olmamış və o, telefonu satan şəxsin yanında olan şəxsin şəxsiyyəti vəsiqəsinin surətini götürmüşdür. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 12 oktyabr 2020-ci il tarixdə onunla qonşuluqda yaşayan Elnur adlı şəxs ondan xahiş etmişdir ki, birlikdə “20 Yanvar” metrosunun yaxınlığına getsinlər. O, Elnurdan hansı səbəbə ora getmək istədiyini soruşduqda Elnur ona bildirmişdir ki, özünə məxsus “X4" markalı mobil telefonu satmaq istəyir. Buna görə də tək getməmək üçün ondan yoldaşlıq etməyini istəmişdir. Bundan sonra o, Elnurla birlikdə “20 Yanvar” metrosunun yaxınlığına getmiş və orada telefon dükanlarından birinə daxil olmuşdur. Orada olarkən Elnur satıcı ilə həmin mobil telefonu 100 manata satmaq barədə razılaşmışdır. Bundan sonra satıcı Elnurdan şəxsiyyət vəsiqəsinin surətini istəmişdir. Bu zaman Elnur ona bildirmişdir ki. özünə məxsus şəxsiyyət vəsiqəsi üzərində yoxdur və buna görə də ondan xahiş etmişdir ki, o, özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini versin. Elnur onun qonşusu olduğu üçün, həmçinin Elnura etibar etdiyi üçün o, özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini Elnura vermək barədə razılaşmış və vəsiqənin surətini çıxarmaq üçün dükanı tərk etmişdir. Bir qədər sonra geri qayıtmış və həmin vaxt satıcının başı digər müştərilərə qarışdığı üçün o, şəxsiyyət vəsiqəsinin surətini vitrinin üzərinə qoymuş və Elnurla birlikdə dükandan çıxmışdır. Elnur satmaq istədiyi “X5’ markalı mobil telefonun oğurluq yolla əldə olunduğunu ona deməmiş, özünə məxsus olduğunu demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Könüllü təqdim edilən əşyanının götürülməsi haqqında 14 oktyabr 2020-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ rəngli qulaqcıq iş üzrə əhəmiyyət kəsb etdiyindən ondan götürülmüşdür. 16 oktyabr 2020-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, talanmış qulaqcıq digər oxşar üç ədəd qulaqcıqla birlikdə Zərərçəkmiş şəxs təqdim edilmiş, Zərərçəkmiş şəxs özünə məxsus qulaqcığı tanımışdır. Qəbzdən görünür ki, 01 ədəd ağ rəngli qulaqcıq saxlanılması üçün Zərərçəkmiş şəxs Vidadi oğluna verilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizanın 23 noyabr 2020-ci il tarixli, 9/4744 saylı rəyində göstərilir ki, 1 ədəd “Samsung Galaxy” A11 mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmamasını və istifadədə olmasını nəzərə alaraq nəzəri hesablama yolu ilə təxminən 200.00 manat, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd ağ rəngli, üzərində Galaxy yazısı olan qulaqcığın 2020-ci il oktyabr ayına olan orta bazar qiyməti təxminən 10.00 manat müəyyən edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkməsinin 14.08.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1, 332.2.2, 62-ci maddələri ilə təqsirləndirilərək 300 manat cərimə cəzasına məhkum edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 19.09.2012-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsinə ilə təqsirləndirilərək qazancından 15 % dövlət nəfinə tutulmaqla 01 il 06 ay islah işləri cəzasına məhkum edilmişdir. Elektron Məhkəmə Portalının çıxarışından gorünür ki, Təqsirləndirilən şəxs himayəsində 06.09.2015-ci il təvəllüdlü X2 adlı azyaşlı uşağı var. Zərərçəkmiş şəxs məhkəməyə ünvanlandığı ərizəsindən görünür ki, zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı tam olaraq ödədiyini, təqsirləndirilən şəxslə barışdığını və sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 -ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş və onun hərəkətlərində cinayət tərkibinin olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 -ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin məzmunundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 178.1 və 179.1 -ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Hazırki cinayət işi üzrə ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 11 oktyabr 2020-ci il tarixdə saat 21 radələrində ünvan 2 ünvanının qarşısında dayanmış vəziyyətdə olan 99-NH-l 12 dövlət qeydiyyat nişanlı “Kia Maqentis” markalı avtomobilin sol arxa qapısını açaraq həmin vaxt avtomobilin arxa oturacağının üzərində olan çantadan Zərərçəkmiş şəxs məxsus içərisində 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan, 460 manat dəyərində “X4" markalı mobil telefonu və 100 manat dəyərində ağ rəngli qulaqcığı gizli talayıb Zərərçəkmiş şəxs ümumilikdə 570 (beş yüz yetmiş) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etməkdə təqsirləndirilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizanın 23 noyabr 2020-ci il tarixli, 9/4744 saylı rəyindən isə görünür ki, 1 ədəd “Samsung Galaxy” A11 mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmamasını və istifadədə olmasını nəzərə alaraq nəzəri hesablama yolu ilə təxminən 200.00 manat, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd ağ rəngli, üzərində Galaxy yazısı olan qulaqcığın 2020-ci il oktyabr ayına olan orta bazar qiyməti təxminən 10.00 manat müəyyən edilmişdir. Belə olan halda ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə 210 manat məbləğində ziyan vurmuşdur və göründüyü kimi bu miqdar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün qanunverici tərəfindən müəyyən edilmiş 500 manatdan aşağı məbləği təşkil etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda çıxarılır Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.5-ci maddəsinə əsasən məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və bəraət hökmü çıxarır; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması ilə bağlı istintaq orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından əməlində cinayət tərkibi olmadığı əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs əməlində olan inzibati xəta tərkibinin əlamətlərinə hüquqi qiymət verilməsi məqsədi ilə müvafiq materiallar hökm qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 56, 59 və 60-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ vardır və ona mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ izah edilməlidir. Məhkəmə habelə belə hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən iş üzrə məhkəmə xərci - keçirilmiş məhkəmə ekspertizasının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilməli, həmçinin maddi sübut qismində tanınmış 01 ədəd ağ rəngli qulaqcıq saxlanılması üçün Zərərçəkmiş şəxs Vidadi oğluna qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, eyni zamanda, CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.3, 42351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. İş üzrə məhkəmə xərci - keçirilmiş məhkəmə ekspertizasının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd ağ rəngli qulaqcıq saxlanılması üçün Zərərçəkmiş şəxs Vidadi oğluna qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs əməlində olan inzibati xəta tərkibinin əlamətlərinə hüquqi qiymət verilməsi məqsədi ilə müvafiq materiallar hökm qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə göndərilsin. Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutulub, Bakı şəhəri 3 saylı vəkil bürosunun “Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-57/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-57/2021
20.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver