Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-57/2025 09.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda xeyli miqdarda 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,392 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasiə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Səbail RPİ-nin 8-ci PB-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 iyul 2024-cü il tarixdə saat ll:00-da Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi 75 ünvanının qarşısında saxlanılaraq Səbail RPİ-nin 8-ci PB-nin inzibati binasına aparılmış, orada həmin gün saat 12:10-dan etibarən şübhəli şəxs qismində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,392 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlin törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, şəxsi axtarış keçirilməsi və götürmə aparılması, həmçinin diskə baxış keçirilməsi protokolları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaların rəyləri, əldə edilmiş maddi sübutlar və iş üzrə toplanılmış digər sübut növləri ilə tam təsdiq olunaraq sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, əvvəllər narkotik vasitə olan heroindən istifdə etmiş, bir müddət ara versə də sonradan bədənində ağırlar yarandığı üçün yenidən həmin maddədən istifadə etməyə başlamışdır. 03 iyul 2024-cü il tarixdə axşam saat 23:35 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə adını tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin (kokos) almışdı. Həmin bükümü əynindəki qara rəngli idman şalvarının sağ yan cibinə qoyub gizlədərək ağrıları olduqda istifadə etmək məqsədi ilə üzərində saxlayıb yaşadığı ünvana getmişdi. 04 iyul 2024-cü il tarixdə saat 11:00 radələrində cibindəki narkotik vasitə olan heroinlə birlikdə ünvan 4 ünvanın yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və onun narkotik vasitə istifadəçisi olduğundan şübhələndiklərini bildirib, onu sorğu-sual edən zaman o, hər şeyi səmimi olaraq sonunculara demişdi. Bundan sonra onu Səbail RPİ-nin 8-ci PB-nə dəvət etmişlər və birlikdə bölmənin inzibati binasına getmişlər. Orada üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə ediləcəyi və dövlət hesabına ona Zakir Kazımov adlı vəkilin müdafiəçi təyin edildiyi barədə məlumat verilmişdi. O, heç bir etiraz etməmişdi. Polis bölməsinin inzibati binasının otaqlarından birində iştirakçıların və vəkilin iştirakı ilə onun üzərinə video çəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə keçirmişlər. Baxış keçirilən zaman o, özü əynindəki qara rəngli idman şalvarımın sağ yan cibindən içində narkotik vasitə heroin olan 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdi. Sorğu zamanı içində narkotik vasitə heroin olan 01 ədəd şəffaf rəngli sellofan bükümü 03 iyul 2024-cü il tarixdə axşam saat 23:35 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə adını tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata aldığını və üzərində saxladığını bildirmişdi. Təqdim etdiyi narkotik vasitə olan “heroin” zərfə qablaşdırılmış, zərfin üzərinə o da imza etmişdi. O, narkotik vasitə olan heroindən istifadə edir, həmin maddəni müxtəlif vaxtlarda və yerlərdə tanımadığı şəxslərdən alır. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını və narkotik vasitədən asılı olduğunu eyni zamanda narkoloji dispanserdə qeydiyyatda olduğunu bildirərək barəsində ədalətli cəza təyin olunmasını xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanda ifadəsi elan olunmuş Səbail RPİ-nin 8-ci PB-də baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 04 iyul 2024-cü il tarixdə Səbail RPİ-nin 8-ci Polis bölməsinə Bakı şəhəri Səbail rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat icraata daxil olmuş və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdı. Səbail RPİ-nin 8ci PB-nin əməliyyat müvəkkili Şahid2 oglu da həmin qrupa daxil edilmişdi. 04 iyul 2024-cü il tarixdə saat 11:00 radələrində qrupun digər üzvü Şahid2la birlikdə izləyərək Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayonu Əlibəyov Qardaşları 75 ünvanın qarşısında piyada hərəkət edən zaman saxlamışlar, xidməti vəsiqələrimizi təqdim edərək özlərini polis əməkdaşı kimi təqdim etmiş və şəxsiyyəti ilə maraqlanmışlar. Həmin şəxs özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra sonuncunu Səbail RPİ-nin 8-ci PB-nin inzibati binasına dəvət etmişlər. Sonuncu etiraz etmədən onlarla birlikdə Səbail RPİnin 8-ci PB-nə getmişdi. Orada Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkilin iştirakı ilə hüquq və vəzifələri tam izah edilmiş, bundan sonra üzərində axtarış aparılması təhqiqatçı tərəfindən elan edilmişdi. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdi ki, üzərində qanunla qadağan olunmuş hər nə varsa çıxarıb təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf sellafana bükülmüş bir ədəd bükümü çıxarıb masanın üstünə qoymaqla təqdim etdi. Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində tünd qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdi. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümdə olan maddənin Kakos adlanan narkotik vasitə olduğunu və tutulmazdan bir gün əvvəl Bakı şəhəri Nəsimi rayonu Papanin adlanan yerdə tanımadığı şəxsdən 15 manat ödəməklə öz istifadəsi üçün əldə etdiyini bildirmişdi. Bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bütün geyim əşyaları bir-bir yoxlanılmış, lakin üzərindən heç bir qeyri-qanuni əşya və ya maddə aşkar olunmamışdı. Sonra həmin bir ədəd içində narkotik vasitə heroinə oxşar maddə olan büküm təhqiqatçı tərəfindən boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzərində bütün iştirakçılar kimi o da imza etmişdi. Sonda bu barədə protokol tərtib edilmiş və protokola da o, bütün iştirakçılar kimi imza etmişdi. Sonda toplanılmış material ekspertiza tədqiqatından sonra maddi sübutlarla birlikdə İstintaq şöbəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs isə Səbail RPİnin X5 göndərilmişdi. Hadisədən əvvəl o, Təqsirləndirilən şəxs tanımamış və həmin şəxslə heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanda ifadəsi elan olunmuş şahid Səbail RPİ-nin 8-ci polis bölməsində sahə rəisi vəzifəsində işləyən, polis leytenantı Şahid2, digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-kimyəvi ekspertizanın 05 iyul 2024-cü il tarixli, 6/3470 saylı ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 52” dairəvi möhür əksləri, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,392 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi -0,392 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq -0,342 qram. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitər”-in siyahısına (Siyahı İ) daxildir. Həmçinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 3-16-16/2-6/3470 saylı xx.xx.2024-cü il tarixli materialların məhkəmə ekspertizasının rəyinə əsasən aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil etmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülmsəi və qalan kütlələrin geri qaytarılmasına dair 05 iyul 2024-cü il tarixli aktdan görünür ki, 0.392 qram qəbul olunmuş, 0,05 qram nümunə götürülmüş və 0.342 qram geri qaytarılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli, 6198 saylı ekspert rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması” barədə 04 iyul 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilmiş, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üstünə qoymaqla təqdim etmişdi. Həmin büküm X6 tərəfindən açıldıqda içərisində tünd qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdi. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümdə olan maddənin Kakos adlanan narkotik vasitə heroin olduğunu və 03 iyul 2024-cü il tarixdə axşam saat 23:35 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə adını tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata əldə etdiyini bildirmişdi. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd içərisində narkotik vasitə heroinə bənzər maddə olan büküm cinayət işi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən boş zərfdə qablaşdırılmış, Azərbaycan Respublikası DİN-in möhürü ilə möhürlənərək götürülmüşdür. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin sonuncunun üzərindən üzərinə şəxsi axtarış və götürmə zamanı cinayət işi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmiş, şəxsi axtarış və götürmə Səbail RPİ-nin 8-ci PB-nin xidməti otağında aparılmış və şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş video görüntülərə baxış keçirilərək müəyyən edilmişdir ki, bir tərəfi ağ rəngli boyalı, digər tərəfi şəffaf rəngli, üzərində yazılar olmayan diskdə bir ədəd fayl yerləşir. Həmin videofayl 0:09:57 dəqiqə müddətdə davam edir. Videofayl qapalı otaq şəraitində lentə alınmışdır, X6 tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilir. Sonuncuya Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış keçiriləcəyi bildirilir və üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya və ya maddə olub-olmaması sorğu-sual edilir. Bu zaman şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim edir. Həmin büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə aşkar edilir. Təqsirləndirilən şəxs həmin bükümdə olan maddənin narkotik vasitə Kakos olduğunu və tutulmazdan bir gün əvvəl Bakı şəhəri Nəsimi rayonu Papanin adlanan yerdə tanımadığı şəxsdən 15 manat ödəməklə öz istifadəsi üçün əldə etdiyini bildirir. Sonra təhqiqatçı tərəfindən həmin maddə ağ zərfə qoyularaq qablaşdırılır. Daha sonra X6 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, geyim əşyaları və ayaqqabıları bir-bir yoxlanılır, lakin sonuncunun üzərindən heç bir qeyri-qanuni əşya və ya maddə aşkar edilmir. Videogörüntü həmin anda başa çatır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs: - Səbail rayon məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2003-cü il tarixdə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 8 ay 03 gün vaxtından əvvəl şərti azad olunmuşdur. - Səbail rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. - Səbail rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay 03 gün müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. - Binəqədi rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, AR Milli Məclisin xx.xx.2013-cü il tarixli Amnistiya qərarına əsasən cəzası 06 ay azaldılmış, narkomaniyadan məcburi müalicəsi ləğv edildikdən sonra cəzadan azad edilmiş, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. - Səbail rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən, Təqsirləndirilən şəxs 04 iyul 2024cü il tarixində saat 11:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində şübhə edilən şəxs qismində tutulmuşdur. Səbail rayon məhkəməsinin 4(009)-341/2024 saylı, 06 iyul 2024-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət- prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1 -ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının Qanununun İ siyahısına görə psixatrop maddə olan metamfetamin 0.15 qramı şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı isə külli miqdar hesab olunur. Beləliklə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqında etiraf edici ifadələri, şahid ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını və narkotik vasitədən asılı olduğunu eyni zamanda narkoloji dispanserdə qeydiyyatda olduğunu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasının aağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1 - 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 353.4.5 və 353.4.8ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini və cəzasının əvvəlinin tutulduğu vaxtdan yəni Səbail rayon məhkəməsinin 4(009)-341/2024 saylı, 06 iyul 2024-cü il tarixli qərarına əsasən 04 iyul 2024-cü il tarixdən hesablanmasını və barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə iclasında tədqiq edilmiş və məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli, 6198 saylı ekspert rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 80 (səksən) manatın təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut kimi tanınmış və Səbail Rayon Polis İdarəsində saxlanılan 0.342 qram heroinin məhv edilməsini, bir ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və cəzacəkmə müddətinin əvvəli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-341/2024 saylı, 06 iyul 2024-cü il tarixli qərarına əsasən 04 iyul 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 0.342 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 246 (iki yüz qırx altı) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “Access Bank”-ın Səbail filialındakı bank hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-57/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-57/2025
09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver