Məhkəmə qərarları › İş №1(009)-6/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-6/2024

02.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-6/2024 02.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Masallı rayonu,Xırmandalı kəndində anadan olmuş, AzərbaycanRespublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Hökməli kəndi, Nizami küçəsi ö/t-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Mehti Hüseyn və Şeyx Şamil küçələrinin kəsişməsində, yol kənarında səkidə quraşdırılmış Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X4 balansındakı “Palermo” tipli işıq dirəklərindən,06 may 2022-ci il tarixdə səhər saat 05 radələrində, hər birinin qiyməti 50 manat olan cəmi 06 ədəd metal qapaqlarını və 08 may 2022-ci il tarixdə səhər saat 05 radələrində əlavə olaraq 06 ədəd olmaqla cəmi 12 ədəd metal qapaqlarını gizli olaraq talayıb oğurlamaqla, "xxxx" X5 ümumilikdə cəmi 600 manat məbləgində maddi ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını talama məqsədilə tanışı Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 28 may 2022-ci il tarixdə saat 12 radələrində ünvan 1 ünvanının qarşısında dayanmış “Opel Astra” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq pəncərəsindən avtomobilin salonuna daxil olaraq, oradan Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 70 manat dəyərində gödəkçəni, həmin gödəkçənin cibində olan 8900 manat nağd pulunu, qiyməti 05 manat olan ***-***- **-** saylı mobil nömrə ilə istifadə etdiyi 20 manat dəyərində bir ədəd “KGTEL” markalı mobil telefon aparatını və içərisində ümumi 10 manat dəyərində corab və qida məhsulları olan bir ədəd sellofan torbanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə cəmi 9005 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd gümüşü rəngli siqaret falqasının bükümdə təmiz çəkisi 0.838 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, əynindəki qara rəngli cins şalvarının sağ yan cibində daşıyaraq üzərində saxlamış 08 iyun 2022-ci il tarixdə səhər saat 05 radələrində Səbail RPİ-nin 41-nin PB-nin əməkdaşlarının Zərərçəkmiş şəxs2 əmlakının oğurlaması faktı üzrə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə şübhəli bilindiyindən Bakı şəhəri, Yasamal rayonu ərazisində saxlanılaraq ünvan 2 ünvanda yerləşən Bakı şəhərı, Səbail RPİ-nin 41-ci PB-nin inzibati binasına gətirilmiş və xidməti otaqların birində üzərinə şəxsı axtarış və götürmə keçirilərkən, əynindəki qara rəngli cins şalvarının sağ yan cibində, həmin bir ədəd bükümdə təmiz çəkisi 0.838 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar usulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2,177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2,177.2.4 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilmir, onun üzərində narkotik vasitə olmamış və o, narkotik vasitələrdən heç vaxt istifadə etməmişdir. Şahid3lə birlikdə oğurluq hadisəsi törətməmiş, Şahid3 törətdiyi oğurluq hadisəsi barədə məlumatı olmamış, Şahid3 3600 manat pulu borc qismində götürmüşdür. 2022-ci ilin may ayında yol kənarında səkidə quraşdırılmış işıq dirəklərindən cəmi 06 ədəd metal qapaqlarının oğurlanmasında özünü təqsirli bilir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 28 may 2022-ci il tarixdə idarə etdiyi «Opel-Astra» markalı ** BN *** dövlət nömrə nişanlı avtomobili ilə ünvan 4 ünvanın qarşısında saxlamış, həmin günü saat 13:50 radələrində küçədə saxladığı avtomobilinə yaxınlaşıb əyləşərkən, avtomobilin qabaq oturacağının üzərinə qoyduğu bir ədəd içərisində ərzaq məhsulları olan selofan torbanı, cibində 8900 manat nağd pul, şəxsiyyət vəsiqəsi, bank kartı olan gödəkçənin yerində olmadığını görmüş və avtomobilin sərnişin tərəfdən qabaq qapının şüşəsinin açıq qalmasını gördükdə, oradan oğurlanmasını başa düşmüşdür. Sonra o, avtomobili saxladığı küçədə quraşdırılmış müşahidə kamerasının görüntülərinə baxdıqda, o, həmin ünvana gəlib avtomobilini saxlayaraq düşüb evə getdikdən sonra bir nəfər tanımadığı cavan oğlanın avtomobilə yaxınlaşıb, qabaq qapının açıq qalmış şüşəsindən istifadə edib oturacağın üzərində olan bir ədəd selofan torbanı və cibində pul və sənədlər olan gödəkçəni götürüb oradan uzaqlaşmasını görmüş, həmin oğurluq barədə DİN “102” xidmətinə zəng edib məlumat vermişdir. Oğurluq zamanı cibində 8900 manat nağd pul, ona məxsus şəxsiyyət vəsiqəsi və əmək haqqı bank kartı, bir ədəd 70 manat dəyərində gödəkçə, həmçinin avtomobilin salonunda qoyulmuş qiyməti 05 manat olan ***-***-**-** saylı danışıq kartı ilə istifadə etdiyi dəyəri 70 manat olan bir ədəd “KGTEL” markalı mobil telefonu və bir ədəd içərisində 10 manat dəyərində ərzaq məhsulları olan selofan oğurlanmışdır. Ona cəmi 9005 manat məbləğində maddi ziyan dəymiş, istintaq zamanı oğurluğu törətmiş şəxslərdən götürülmüş 2725 manat nağd pul və bir ədəd “KGTEL” markalı mobil telefonu ona qaytarılmışdır. Məhkəmə iclasında zərərçəkmiş "xxxx" X6 hüquqi şəxsinin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yol kənarında səkidə quraşdırılmış işıq dirəklərinin 12 ədəd dəmir olan qapaq hissələrinin 2022-ci ilin may ayının 06-da və 08-də oğurlanmışdır. Müəssisəyə ümumilikdə cəmi 600 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid "xxxx" X4 Səbail Təmir-bərpa sahəsinin rəisi Şahid1 ifadəsində göstərmişdir ki, 06 may 2022-ci il tarixdə, saat 12 radələrində onun tərəfindən Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən işıq dirəklərinə nəzarət qaydasında baxış keçirərkən, küçənin sağ tərəfində yol kənarı ilə səkidə quraşdırılmnış 06 ədəd “Palermo” tipli işıq dirəklərinin oval şəkildə olan metal qapağların oğurlanması aşkar edilmiş, növbəti gün oğurlanmış 06 ədəd metal qapaqlarının yerinə yeniləri bağlanaraq işıq dirəyinin tamlığı bərpa edilmişdir. 08 may 2022-ci il tarixdə saat 12 radələrində onun tərəfindən Səbail rayonu, Mehdi Hüseyn küçəsində olan əvvəlki günü bərpa edilmiş işıq dirəklərinə baxış keçirilərkən yenə eyni dirəklərdə 06 ədəd metal qapaqların yerində olmaması aşkar etmişdir. O, oğurluq barədə Müəssisəyə məlumat vermişdir. Məhkəmə iclasında şahid Səbail RPl-nin 41-ci PB-nin əməkdaşı Şahid4 ifadəsində göstərmişdir ki, 28 may 2022-ci il tarixdə, saat 12 radələrində, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 8-ci döngə, 14 saylı evin qarşısında dayanmış “Opel” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan, cibində 8900 manat nağd pul, şəxsiyyət vəsiqəsi, bank kartı, bir ədəd gödəkçə, bir ədəd “KGTEL” markalı mobil telefon və içərisində müxtəlif ərzaq məsulları olan torbanın oğurlanması faktı ilə əlaqədar, o, iş yoldaşı əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ilə birlikdə keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində həmin oğurluğu törətməkdə şübhəli bilinən xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi “Ravon-Nexia” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə 08 iyun 2022-ci il tarixdə səhər saat 04 radələrində Bakı şəhəri, Yasamal rayonu “Sovetski” adlanan ərazidə müəyyən edilib saxlanılaraq 41-ci PB-nə dəvət edilmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs ilə birlikdə qeyd edilən oğurluq hadisəsini qrup şəkildə törətmiş Şahid3 saxlanılaraq 41-ci PB-nə dəvət edilmişdir. PB-nə gəldikdə Təqsirləndirilən şəxs narkotik vasitələrinin istifadəçisi olduğunu etiraf etmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla qadağan edilmiş əşyaların könüllü sürətdə təqdim etməsini təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü falqa bükümünü, sol yan cibindən bir ədəd qara rəngli “İphone” markalı mobil telefonu, sağ arxa cibindən 460 manat nağd pul, sol arxa cibindən avtomobil açarını və bir ədəd alışqanı çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bir ədəd gümüşü falqa bükümü təhqiqatçı tərəfindən açıldıqda içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə olmasını, həmin narkotik vasitənin bir gün əvvəl 20 manata Yasamal rayonu ərazisində tanımadığı şəxsdən almasını, təqdim etdiyi nağd pul isə 28 may 2022-ci il tarixdə Badamdar qəsəbəsi 2-ci yaşayış massivi ərazisində saxladılmış gümüşü rəngli “Opel” markalı avtomobilin salonundan tanışı Şahid3lə birlikdə oğurladığı puldan qalıq qalmış məbləğ olmasını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə bir ədəd büküm boş zərfə qoyulub möhürlənmişdir. Bundan sonra 41-ci PB-nin həyətində saxlanılmış şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi “Ravon-Nexia markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə axtarış və götürülmə aparılmış, baxış keçirən zamanı avtomobilin salonunda, sürətlər qutusunun yanında bir ədəd boz rəngli “KGTEL”markalı mobil telefon aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin telefonun 28 may 2022-ci il tarixdə gümüşü rəngli “Opel” markalı avtomobilinin salonundan tanışı Şahid3lə birlikdə oğurladığı mobil telefon olmasını bildirmişdir. Məhkəmə iclasında şahid Səbail RPl-nin 41-ci PB-nin əməkdaşı Şahid2 ifadəsində şahid polis əməkdaşı Şahid4 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan 25 may 2022-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi 8-ci döngədə yerləşən həyət evinin müşahidə kameralarının video görüntüləri təqdim edilmiş, təqdim olunan video görüntülərinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, 28 may 2022-ci il tarixdə saat 11:44 dəqiqədə iki nəfər şəxs “Opel Astra” markalı **-BN-*** dövlət nömrə nişanlı avtomobilin yanından keçmiş, həmin şəxslərdən biri geri qayıdaraq 11:45 avtomobilin sağ ön tərəfinə yaxınlaşmış, başını avtomobilin açıq şüşəsindən içəri salaraq oradan gödəkçə və əlavə əşya götürərək saat 11:46 oradan uzaqlaşıb gedmişdir. İş materiallarında olan 06 iyun 2022-ci il “cinayət işin başlanması haqqında” qərarından görünür ki, oğurluq faktı üzrə Azərbaycan Respublıkası CM-nin 177.2.1 maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. İş materiallarında olan 07 iyun 2022-ci il tarixli zərərçəkmiş şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 08 iyun 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2022-ci il tarixdə, saat 05:20-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 08 iyun 2022-ci il tarixli “şəxsi axtarış və götürmə” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü falqaya bükülü içərisində narkotik vasitəyə oxşar tünd qəhvəyi rəngli spesifik iyə malik kütləni və sol yan cibindən 1 ədəd qara rəngli “İphone" markalı mobil telefon, sağ arxa cibindən 460 manat pul və sol arxa cibindən avtomobil açarı və 1 ədəd alışqan çıxarıb təqdim etmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin “kokos” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin maddənin özü istifadə etmək üçün 1 gün əvvəl 20 manata Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən aldığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş pulu 28 may 2022-ci il tarixdə Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivi ərazisində gümüşü rəngli “Opel” markalı avtomobildən oğurladığını bildirmişdir. Aşkar olunmuş maddə və əşya cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Keçirilmiş baxışla əlaqədar protokol tərtib edimiş və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. İş materiallarında olan 08 iyun 2022-ci il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “RAVON NEXİYA” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin sürət qutusunun yanından boz rəngli “KGTEL” markalı mobil telefon aşkar edilmiş, Təqsirləndirilən şəxs bildirdiyinə görə həmin mobil telefonu 28 may 2022-ci il tarixdə Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci y/m ərazisində olan gümüşü rəngli “Opel” markalı avtomobildən oğurlanmışdır. Keçirilmiş baxışla əlaqədar protokol tərtib edimiş və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. İş materiallarında olan 08 iyun 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs 2022-ci ilin may ayının 06-da və 08-də, Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində səkidə kənarında quraşdırılmış "xxxx" X4 balansında olan “Palermo” tipli işıq dirəklərinin cəmi 12 ədəd metal qapaqları oğurlamasını bildirərək, oğurluq etdiyi işıq dirəklərin yerini və ünvanı əyani olaraq göstərmişdir. İş materiallarında olan 08 iyun 2022-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şeyx Şamil küçələrinin kəsişməsində quraşdırılmış “TŞ” müşahidə kamerasının və yaşayış binaların ətrafında quraşdırılmış müşahidə kamerası vasitəsi ilə çəkilmiş oğurluq hadisəsinə dair video görüntü bir ədəd diskə köçürülmüş, həmin video görüntüdə,Təqsirləndirilən şəxs 2022-ci ilin may ayının 06-da və 08-də, Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn və Şeyx Şamil küçələrinin kəsişməsində səki kənarında quraşdırılmış işıq dirəklərinin metal qapaqlarını kisələrə yığaraq aparmaqla oğurlaması müşahidə edilmişdir. İş materiallarında olan 09 iyun 2022-ci il tarixli 6/3232 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “ Azərbaycan Respublikası DİN Zərflər üçün N239” dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0.838 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra qalıq 0.788 qram narkotik vasitə heroin təşkil edir. İş materiallarında olan 09 iyun 2022-ci il tarixli “cinayət için başlanması haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. İş materiallarında olan 09 iyun 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb ediliş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan 09 iyun 2022-ci il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmiş, Təqsirləndirilən şəxs dərhal Səbail MSY-dən azad olunmuş və barəsində həbslə əlaqədar olmayan başqa qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan 09 iyun 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polis nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 10 iyun 2022-ci il tarixli “cinayət işinin icraata qəbul edilməsi və birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 iyun 2022ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.4-cü maddələri ilə başlanılmış ********* saylı cinayət işi Yalçın Məmmədov tərəfinndən icraata qəbul edilmiş və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* №-li cinayət işi birləşdirilmişdir. İş materiallarında olan 21 iyun 2022-ci il tarixli maddi sübut kimi tanınma barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0.838 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 0.788 qram narkotik vasitə olan heroin Səbail RPİ-nin sübutlar üçün saxlanc yerində saxlanılmışdır. İş materiallarında olan 21 iyun 2022-ci il tarixli 9/4695 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd boz rəngli, “KGTEL” markalı model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarlarının olmamasını nəzərə alınmaqla 2022-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 20 manat müəyyən olunmuşdur. İş materiallarında olan “zərərçəkmiş şəxs kimi və zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmaq haqqında” qərardan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X6 zərərçəkmiş şəxs hüquqi şəxs qismində tanınmış və Nümayəndə1 zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan 11 dekabr 2022-ci il tarixli Bakı şəhəri Səbail rayon məhkəməsinin 4(009)-558/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 10 dekabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 26 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında məlumat var. İş materiallarında olan 10 dekabr 2022-ci il tarixli, 7515 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Publik hüquqi şəxsin ambulator məcburi- narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, narkomaniyadan məcburi müaliciyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüş. İş materiallarında olan 06 fevral 2023-cü il tarixli 281 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psiaxtrik Ekspertiza” Publik hüquqi şəxsin ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilən “isterik tipli şəxsiyyət pozuntusu” onu törətdiyi əməllər dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməllər barəsində ANLAQLİ hesab edilmişdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. İş materiallarında olan 26 fevral 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 08 iyun 2022-ci il tarixli avtomobilə baxış protokolu ilə götürülmüş bir ədəd boz rəngli “KGTEL”markalı mobil telefon aparatı,iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınması və saxlanması üçün Zərərçəkmiş şəxs2 təhvil verlməsi nəzərə alımışdır. 08 iyun 2022-ci il tarixli protokolarla Təqsirləndirilən şəxs götürülmüş 460 manat və Şahid3 götürülmüş 2265 manat nağd pul iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınması və saxlanması üçün Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmışdır. İlkin təhqiqat zamanı 08 iyun 2022-ci il tarixli protokollarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0.838 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin,iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınması, məhkəmə-kimyəvi ekspertizası keçirildikdən sonra qalıq qalmış cəmi 0.788 qram çəkidə narkotik vasitə heroin olan bir ədəd zərf saxlanması üçün Bakı şəhəri,Səbail RPİ-yə təhvil verilməsi haqqında qərar qəbul edilməsi nəzərə alınmışdır. İş materialları ilə müəyyən edilir ki, 27 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yeni məzmunda Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2,177.2.4 və 234.1 maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan mülki iddiaçı qismində tanınma haqqında qərardan görünür ki, "xxxx" X4 Təqsirləndirilən şəxs 600 (altı yüz) manat maddi ziyanın tutularaq ona ödənilməsi tələbinə dair mülki iddia ilə məhkəməyə müraciət etmiş və mülki iddia icraata qəbul edilərək "xxxx" X6 mülki iddiaçı, Nümayəndə2 isə mülki iddiaçının nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 tərəfindən məhkəməyə verilmiş ərizəsindən görünür ki, müəssisəyə ziyan tam ödənilib, Təqsirləndirilən şəxs qarşı şikayət və tələb yoxdur. İş materiallarında olan zərərçəkmiş Zərərçəkmiş şəxs2 tərəfindən notarial qaydasında təsdiq edilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, ona ziyan ödənilib. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 1(009)- 91/2023 hökmündən görünür ki, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını talama məqsədilə tanışı Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 28 may 2022-ci il tarixdə “Opel Astra” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan oğurluq əməli üzrə Şahid3 təqsirli bilinmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddələrinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2,177.2.4 və 234.1 maddələri ilə ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün ifadəsi, şahidlərin ifadələri, ekspertizaların rəyləri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi, özünün istintaq zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, şəxsi axtarış götürmə və baxış protokolları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi sübutların məcmusu ilə təkzib olunmaqla əsassızdır və onunla razılaşmaq olmaz. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2,177.2.4 və 234.1 maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddələrinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddələrinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddələrinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddələrinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ziyanın ödənilməsini və əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2,177.2.4 və 234-ci maddələri ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzaları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılmalı və ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 iyun 2022-ci il saat 04:10-dan 09 iyun 2022-ci il saat 14:00-dək tutulduğu cəmi 02 (iki) gün müddət təyin olunacaq cəzadan çıxılaraq ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 10 dekabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddələrinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93-1.1-ci maddələrinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddələrinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Mülki iddiaçı "xxxx" X5 dəymiş ziyan ödənildiyi və iddia tələbi olmadığı üçün mülki iddiaçı "xxxx" X4 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilməlidir. Cinayət işi üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 0.788 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “KGTEL” markalı mobil telefonun və 2725 manat nağd pul Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 164 (bir yüz altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılsın və ona 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 iyun 2022-ci il saat 04:10-dan 09 iyun 2022-ci il saat 14:00-dək şübhəli şəxs qismində tutulduğu cəmi 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin əvvəli 10 dekabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin Mülki iddiaçı "xxxx" X5 dəymiş ziyan ödənildiyi və iddia tələbi olmadığı üçün mülki iddiaçı Bakı Şəhər İşığı” X4 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilsin. Cinayət işi üzrə maddi sübut olan – Səbail rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 0.788 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “KGTEL” markalı mobil telefonun və 2725 manat nağd pul Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə olan 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 164 (bir yüz altmış dörd) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 480 (dörd yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 3 saylı vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar