Məhkəmə qərarları › İş №1(009)-6/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-6/2025

20.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-6/2025 20.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1996-cı ildə Tərtər rayonu, Yerevanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Tərtər rayonu, Yerevanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda nömrəsiz fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 20 avqust 2025-ci il tarixdə saat 11.00-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 05 may 2023-cü il tarixdə, saat 03:00 radələrində ünvan 1 ünvanında yerləşən “Mc Donalds” restoranının yaxınlığında Zərərçəkmiş şəxs Aynur oğluna “Wolt” çatdırılma xidməti vasitəsilə elektron siqaret sifariş vermək adı ilə yaxınlaşaraq sonuncuya məxsus “Redmi Poco X3 Pro” markalı mobil telefonu Zərərçəkmiş şəxs razılığı ilə götürüb, həmin tarixdə saat 03:31 radələrində mobil telefonda olan sonuncuya məxsus “Unibank” “Leo” banka aid 4098-5844-9494-9850 nömrəli hesab kartından öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “M10” hesabına 489,60 manat pulu gizli köçürərək cinayəti başa çatdırıb elektron məlumat daşıyıcısından istifadə eləməklə özgə əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs Aynur oğluna ümumilikdə 489,60 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, axşam radələrində Nizami küçəsində dostları olan Rəvan və Mahir ilə birlikdə gəzərkən acmışdır və öz telefonunda “Wolt” tətbiqi olmadığı üçün tanımadığı iki nəfərə yaxınlaşıb yemək sifariş eləmək üçün telefonu istəmiş və həmin şəxs telefonu ona vermişdir. Təxminən 30 manatlıq yemək sifariş edəndən sonra səhvliklə pulun həmin şəxsin kartından çıxdığını gördükdə dərhal sifarişi ləğv etmiş və pul həmin şəxsin kartına geri qayıtmışdır. Pul çıxan zaman gələn bildirişdən şəxsin kartında 489 manat pul olduğunu görmüş və Leobank tətbiqinə daxil olaraq kartda olan 489 manat məbləği öz M10 hesabına göndərmişdir. Daha sonra həmin şəxsdən uzaqlaşmışdır. Əməlindən peşmandır, ziyanı ödəmişdir. Bunları nəzərə alaraq yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Aynur oğlu göstərmişdir ki, axşam saatlarında “Mcdonalds” restoranının qarşısında dostu Riad ilə oturub söhbət edən zaman 3 nəfər şəxs ona yaxınlaşaraq öz telefonlarında olmadığından “Wolt” tətbiqi vasitəsilə elektron siqaret sifariş verilməsi üçün telefonu istəmişlər. Öz könüllü istəyi ilə telefonu təqdim etmiş və şəxslər sifariş edən zaman kartından 31 manat pul çıxdığını görmüşdür. Lakin həmin şəxslər pulun geri qayıdacağını bildirmişlər və həqiqətən də pul geri qayıtmışdır. Daha sonra ikinci dəfə yenidən telefonu istəmiş və yenidən nəsə sifariş etmiş və telefonu qaytarıb getmişlər. Onlar uzaqlaşmamış Leobank tətbiqinə girmiş və görmüşdür ki, kartında olan bütün məbləğ çəkilmişdir. Onlara yaxınlaşan zaman pulun birazdan karta geri qayıdacağını bildirərək taksiyə minib uzaqlaşmışlar. Lakin pul karta geri qayıtmamışdır. Təxminən 12-13 gün sonra parkda gəzərkən təsadüfən həmin şəxsləri görmüş və onlara yaxınlaşanda 2 nəfər qaçaraq uzaqlaşmışdır. Qalan şəxs isə polisə müraciət etməməsini və pulu qaytaracağını bildirmiş və hətta şəxsiyyət vəsiqəsini vermişdir. Vəsiqədən məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır, heç bir şikayəti yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs Aynur oğlunu təxminən 1 il 6 aydır ki, tanıyır. Təxminən 06 may 2023-cü il tarixdə Rəhman Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən «Mc Donalds» restoranının yaxınlığında bir nəfər şəxsin ona yaxınlaşaraq yemək sifariş vermək məqsədilə mobil telefonunu götürüb əməliyyatlar apardıqdan sonra kartından 489,60 manat pulun çıxıldığını bildirdi. Bundan bir müddət sonra o, Rəhmandan həmin şəxsin mobil nömrəsini öyrənib həmin şəxsə zəng edib danışdıqdan sonra, yəni 06 iyul 2023-cü il tarixdə səhər saatlarında Rəhmanın kartından oğurluq edən şəxs ona «M 10» tətbiqi vasitəsilə 300 manat pul göndərmişdi. O, həmin pulu nağdlaşdırıb həmin gün əlbə-əl Rəhmana vermişdi. Sonradan ona məlum olmuşdur ki, Rəhmanın kartından oğurluq edən şəxs Rəhmana 100 manat da pul vermişdir. Beləliklə həmin şəxs hazırki vaxta kimi Rəhmana 400 manat pul vermişdir. O, Təqsirləndirilən şəxs, Rəvan və ya Murad adlı şəxslərlə görüşməmişdir, yalnız Elxanla telefon danışığı aparmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxəminən 7-8 ay olar ki, tanıyır. Şahid1 isə təxminən 6-7 ay olar ki, tanıyır. 05 may 2023-cü il tarixdə gecə saatlarında o, həmişəki kimi Elxan və Rəvan ilə birlikdə görüşüb Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində gəzişməyə başlamışlar. Həmin vaxtı Nizami küçəsində yeləşən «Mc Donalds» restoranının yaxınlığında təxminən 3-4 nəfər şəxsin olduğunu görüb həmin şəxslərlə görüşüb ümumi söhbətlər etmişlər. Həmin vaxtı ondan bir qədər aralıda Elxan həmin şəxslərdən birinin, yəni əvvəllər tanımadığı, istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs məxsus mobil telefonu götürməsini və əlində saxlamasını görmüşdü. Lakin həmin vaxtı o, Elxan ilə Rəhmandan bir neçə metr kənarda Rəhmanın tanışları ilə söhbət etdiyi üçün Elxan və Rəhmanın arasında olan danışıqları eşitməmiş və Elxanın Rəhmana məxsus mobil telefonu sonuncudan nə məqsədlə götürməsini bilməmişdi. Bundan sonra Elxan Rəhmanın mobil telefonun özünə qaytarmış və onlar həmin şəxslərlə sağollaşıb ayrılmışlar. Təxminən yarım saatdan sonra, hazırda ünvanını xatırlamadığı yerdə Elxan bir qədər əvvəl Rəhmandan götürdüyü mobil telefon vasitəsilə sonuncuya məxsus hesabdan təxminən 300-500 manat, yəni dəqiq xatırlamadığı məbləğdə pulu öz kartına qanunsuz olaraq köçürməsini bildirmişdi. Həmin vaxtı Rəvan ilə o, Elxana nə üçün başqa şəxsin kartından qanunsuz olaraq pulu öz hesabına köçürməsinə öz iradlarını bildirərək etiraz etmiş və pulu geri qaytarmasını bildirmişlər. Sonra o, Elxan və Rəvandan ayrılaraq yaşadığı evə getmişdi. O, ümumiyyətlə Rəhmanın mobil telefonun götürməmiş, həmin telefon ancaq Elxanın əlində olmuşdur. Hadisədən sonra onlar hər üçü Malakan bağında gəzərkən Rəhman ilə təsadüfən rastlaşmışlar, həmin vaxt o, qaçmamış, buna heç bir səbəb olmamış, çünki onun bu işdə heç bir günahı, Rəhmanın ona deyəcəyi bir söz olmadığından ona yaxınlaşmamışdır. Bu səbəbdən də o, çıxıb getməmişdir. Belə ki, onun və Rəvanın qaçmaları barəsində deyilənlər tamamilə yalandır. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 da Şahid2 kimi eyni məzmunlu ifadə verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. 07 iyun 2023-cü il tarixdə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 12 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Aynur oğlu ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 04 iyul 2023-cü il tarixində Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün barəsində axtarış elan edilmişdir. 24 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təhvil verilmişdir. 24 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 26 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. 26 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və onun barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. 19 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. 07 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Səbail Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. 09 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və onun barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. 02 oktyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərar ilə Təqsirləndirilən şəxs yenidən ittiham edilərkən zərər çəkmiş şəxsə dəymiş maddi ziyanın məbləği 489,60 manat qiymətləndirilmişdir. 02 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. 12 iyul 2023-cü il tarixli sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs Aynur oğluna məxsus 4098-5844-9494-9850 nömrəli “Unibank (Leo bank)” hesabından Təqsirləndirilən şəxs məxsus +994-51-596-53-45 saylı mobil nömrənin “M10” hesabına 480 manat köçürülməsi müəyyən edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-323/2023 saylı, 22 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmiş və axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: - Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs 02 (iki) il 05 (beş) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli hökm ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 06 (altı) ay 24 (iyirmi dörd) gün hissəsi 03 (üç) ay 12 (on iki) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. -Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və xx.xx.2023-cü il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(004)-145/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinmiş və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 05 (beş) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Aynur oğlunun ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs barəsində heç bir şikayəti yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Məhkəmə onun əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsi ilə tövsif edilməsini əsaslı sayır və qeyd edir ki, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, ziyanın ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, əvvəllər də oğurluq cinayətinə görə məhkum olunduğnu, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının azadlığdan məhrumetmə növündə cəza ilə əvəz olunduğunu, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 24 iyul 2023-cü il tarixdən 26 iyul 2023-cü il tarixədək, 07 sentyabr 2023-cü il tarixdən 09 sentyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsi ilə azadlıqdan məhrumetmə növündə cəza qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 18 iyun 2025-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 24 iyul 2023-cü il tarixdən 26 iyul 2023-cü il tarixədək, 07 sentyabr 2023-cü il tarixdən 09 sentyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 330 (üç yüz otuz ) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar