Məhkəmə qərarları › İş №1(009)-60/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-60/2023

18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-60/2023 18.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədova Nərmin Namiq qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Məhəmmədli qızının, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 50, mənzil 20 qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 18 may 2023-cü il tarixdə saat 12.00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 ona qarşı yaranmış etibarından suiistifadə edib, sonuncuya ona veriləcək 1.980 manat müqabilində, bankdan 12.000 manat məbləğində pulun kredit yolu ilə adına verilməsini təmin edəcəyini yalandan vəd verib inandıraraq, bu adla 17 iyun 2021 -ci il tarixdə, saat 10:55-də ünvan 1 ünvanda yerləşən “Əsləm” marketin içəri hissəsində olan “emanat” ödəmə sistemi vasitəsi ilə 1600 manat pulu özünə məxsus kart hesabına köçürtdürmə yolu ilə, növbəti dəfə isə 19 iyun 2021-ci il tarixdə saat 06:20-də ünvan 2 ünvanında yerləşən “Araz” marketin içəri hissəsində olan “emanat" ödəmə sistemi vasitəsi ilə 480 manat pulu özünə məxsus kart hesabına köçürtdürmə yolu ilə Zərərçəkmiş şəxs2 alıb, verdiyi vədə əməl etməyib ümumilikdə 2080 manat məbləğində pulu aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X3 ona qarşı yaranmış etibarından sui-istifadə edib, sonuncuya işləmədiyi halda, güya adına hər hansı bir qurumda işləməsini təsdiq edən arayışın verilməsini təşkil edəcəyini və həmin arayış əsasında bankdan kredit yolu ilə 30000 manat məbləğində pul əldə edə biləcəyini yalandan vəd verib inandıraraq, bu adla 12 may 2022-ci il tarixdə saat 20:19-da ünvan 3 ünvanında yerləşən “Bravo” marketinin içəri hissəsində quraşdırılmış “emanat” ödəmə sistemi vasitəsi ilə 300 manat pulu özünə məxsus kart hesabına köçürtdürmə yolu ilə, növbəti dəfə isə 13 may 2022-ci il tarixdə 10:32-də Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 44 ünvanında yerlşən “Park Bulvar” ticarət mərkəzinin içəri hissəsində quraşdırılmış “Milliön” ödəmə terminalından 2700 manat pulu özünə məxsus “Leo bank” kart hesabına köçürtdürmə yolu ilə Zərərçəkmiş şəxs1 alıb, verdiyi vədə əməl etməyib ümumilikdə 3000 manat məbləğində pulu aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayında ictimaiyyət tərəfindən çox baxılan «Tik-Tok» sosial şəbəkəsində özünü bank işçisi, kredit verən mütəxəssis kimi təqdim etmiş və həmin vaxt istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsini qeyd etmişdir ki, onunla əlaqə saxlamaq mümkün olsun. Həmin ərəfədə tarixi xatırlamadığı vaxtda Zərərçəkmiş şəxs2 onun mobil telefon nömrəsinə zəng etmiş və ondan bir mütəxəssis kimi bankdan kredit götürməyinə kömək etməsini xahiş etmişdir. O, da Yeganəyə imkanı daxilində, bacardığı köməkliyi edəcəyini demişdir. Yeganə ilə söhbət zamanı bankdan 12000 manat kreditə pul götürmək istədiyini demişdir. Bir neçə dəfə Yeganə ilə zəngləşib bu baradə danışmış, sonradan Yeganə ilə görüşmüşdür. Yeganə ilə söhbət zamanı Yeganəyə 12000 manat kredit götürməsinə kömək etməyi üçün 1250 manat istəmiş və söz vermişdir ki, həmin pulu ona ödədikdən 2- 3 həftə sonra 12000 manat kredit pulunu onun kömkəliyi ilə alacaqdır. Yeganə isə demişdir ki, 1250 manat pulu yoxdur, ancaq 750 manat ödəniş edə bilər. O, da razılaşmış və Yeganəyə göndərdiyi hesab kartına Yeganə ödəmə terminalı vasitəsilə 750 manat köçürməklə, ona göndərmişdir. O, həmin pulu nağdlaşdırmaqla öz şəxsi ehtiyaclarına xərcləmişdir. Təxminən 3-4 gündən sonra Yeganə ona zəng edib kredit işi ilə maraqlandıqda, demişdir ki, müəyyən problemlər olduğundan işin həlli gecikir. Sonra isə Yeganə ilə görüşüb pulu qaytaracağını demiş və Yeganənin yaşadığı evinə gedib, ona verdiyi 750 manat pulu Yeganəyə qaytarmışdır. Yeganə maddi vəziyyətinin ağır olduğunu, ərinin həbsdə olduğunu dedikdən sonra Yeganəyə maddi cəhətdən kömək etmək üçün özündən 200 manat vermişdir. Bundan sonra Yeganə ona inanmışdır. Təxminən 2-3 gündən sonra Yeganəyə zəng edib demişdir ki, 12000 manat kredit işini düzəltmək üçün 1980 manat ödəniş etsə, 2 həftəyə kredit pulu alacaqdır. Yeganə bundan sonra ödəmə terminalı vasitəsilə onun hesab kartına 1600 manat, sonra əlavə olaraq yenə xatırlamadığı məbləğdə pul köçürtməklə ödəmişdir. Beləliklə Yeganə ona ümumilikdə 2080 manat pul ödəmişdir. Yeganənin ona göndərdiyi həmin pulları da şəxsi ehtiyaclarına xərcləmişdir. Yeganə bir neçə dəfə ona kredit ilə əlaqədar zəng etdikdən sonra, həmin telefon nömrəsini söndürmüşdür. Lakin sonradan Abşeron RPİ-də istintaq zamanı Yeganəyə cəmi 500 manat pul ödəmişdir. Bundan başqa bildirmişdir ki, 2022-ci ilin may ayının əvvəlində X6 «instagram» sosial şəbəkəsində ona yazaraq kreditlə pul götürmək istədiyini, lakin rəsmi iş yerinin olmadığını bildirmişdir. O da Zərərçəkmiş şəxs1 rəsmi iş yeri təşkil edəcəyini, bununla da Zərərçəkmiş şəxs1 30000 manat məbləğində ipoteka krediti ayrılacağını bildirmişdir. Günay Hacıyevə da onunla razılaşmışdır. Həmin vaxtı o, öz istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayırmış. 11 may 2022-ci il tarixdə Günay Hacıyevə ilkin olaraq «Milliön» ödəmə terminalı vasitəsilə onun istifadəsində olan “Leo”banka məxsus hesabına 300 manat göndərmişdir. O, həmin pulu nağdlaşdırmışdır. Bundan sonra 11 may 2022-ci il tarixdə Günay Hacıyevə «Milliön» ödəmə terminalı vasitəsilə onun istifadəsində olan “Leo”banka məxsus hesabına 2700 manat göndərmişdir. O, həmin pulu da nağdlaşdırmışdır. Günay Hacıyevə onun bank hesabına bu məqsədlə ümumilikdə 3000 manat pul göndərmişdir. Lakin o, vədinə əməl etməmiş və aldığı pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Lakin sonradan Səbail RPİ-də istintaq zamanı o, əmisi X1 vasitəsilə Yeganəyə cəmi 500 manat pul ödəmişdir. Zərərçəkmiş şəxs2 və X4 dəymiş ziyanı tamamilə ödəmişdir. O məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, hazırda zərərçəkmiş şəxslərin ona qarşı heç bir tələbinin, şikayətinin olmamasını, həmçinin dəymiş ziyanın 25%, yəni 1270 manat dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2021-ci ildə maddi vəziyyəti ilə əlaqədar pula ehtiyacı olduğu üçün, bankdan kreditə pulu götürmək qərarına gəlmişdir. Həmin vaxt yəni, 2021-ci ilin may ayının axırlarında “Tik-Tok” sosial şəbəkəsində özünü bank işçisi və kredit verən şəxs kimi təqdim edən Təqsirləndirilən şəxs mobil telefonuna zəng edərək, bankdan kreditə pul götürmək istədiyini bildirmişdir. Yaşar ilə söhbət zamanı bundan əvvəl olan krediti və ödənişlərində gecikmələr olduğunu dedikdə, buna görə ona kredit verə bilməyəcəyini demişdir. Yaşar sonra ondan kredit istədiyi 12000 manat pulu nəyə görə istədiyini soruşduqda, pula ehtiyacı olduğunu demişdir. Bundan sonra Yaşar ona kömək edəcəyinə çalışacağına söz vermişdir. Həmin tarixdə Yaşar ilə telefonda yenidən əlaqə saxladıqda ona 12000 manat kredit götürməyi üçün 1250 manat ödəniş etməli olduğunu dedikdə, o, 1250 manat olmadığını, ancaq 750 manat olduğunu bildirmişdir. Yaşar ona həmin 750 manatı ödəmə terminalı vasitəsilə kart hesabına göndərməyini, qalan 500 manatı isə köməklik məqsədib ilə guya ki, özü ödəyəcəyini bildirmişdir. O, həmin gün Saray qəsəbəsində yerləşən “Əsləm” marketə gedərək oradakı “Milliön” ödəmə terminalı ilə Yaşarın ona verdiyi həmin kart hesabına 750 manat köçürtmüşdür. Bundan təxminən 3-4 gün sonra Yaşara zəng edib danışdığı zaman Yaşar ona krediti düzəltmək üçün müəyyən problemlər olduğuna görə işin alınmadığını, 750 manatını geri qaytaracağını demiş və həmin gün Yaşar yaşadığı evə gəlmişdir. Yaşar onun 750 manat pulunu evində ona qaytarmış, bundan əlavə 200 manat pul verərək ərinin həbsdə olması ilə əlaqədar ona maddi kömək etdiyini demişdir. Bundan bir gün sonra Yaşar yenidən ona zəng edərək demişdir ki, 1980 manat ödəniş etsə, 12000 manat kredit götürə bilər. Yaşarla olan razılığa əsasən 17 iyun 2021 -ci il tarixdə yenidən Saray qəsəbəsində yerləşən “Əsləm” marketdəki “Milliön” ödəmə terminalı ilə Yaşarın kart hesabına 1600 manat köçürtmüşdür. Bundan sonra 19 iyun 2021 -ci il tarixdə Saray qəsəbəsində yerləşən “Araz” marketdəki “Milliön” ödəmə terminalı ilə Yaşarın kart hesabına əlavə 480 manat da köçürtmüşdür. Yaşar ona göndərdiyi pulları aldığını zəng edərək demiş və təxminən 2 həftə müddətində 12000 manat kredit pulunu bankdan alacağına söz vermişdir. Yaşarın ona söz verdiyi müddətin bitməsinə baxmayaraq bankdan kredit pul götürə bilməmişdir. Yaşarın mobil telefonuna zəng edib göndərdiyi pulu qaytarmasını tələb etməyinə baxmayaraq, müxtəlif bəhanələr ilə pulunu qaytarmamış və sonradan isə telefonu söndürdüyünə görə Yaşarla əlaqə saxlaya bilməmişdir. O, həmçinin məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona vurduğu zərəri tam şəkildə ödədiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 Məhəmmədli qızı ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayının əvvəllərində təcili pula ehtiyacı olduğu üçün bir neçə banka müraciət etmişdir. Lakin rəsmi iş yeri olmadığı üçün banklardan ona imtina gəlmişdir. 11 may 2022-ci il tarixində “instagram” sosial şəbəkəsində “illik 17 faizlə pul kreditleri” səhifəsinə yazaraq kreditə pul əldə etmək istədiyini bildirmişdir. Həmin səhifədən ona yazan şəxs ona rəsmi iş yeri təşkil edəcəyini, bununla da ona 30000 manat məbləğində ipoteka krediti ayrılacağını bildirmişdir. Bunun üçün ondan 3.000 manat pul istəmişdir. Onun təcili pula ehtiyacı olduğu üçün həmin şəxs ilə razılaşmışdır. O, əvvəlcə Bakı şəhəri, Yasamal rayonu ərazisindən 300 manat pulu, sonuncu dəfə isə 2.700 manat pulu Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Park Bulvar” ticarət mərkəzindəki “Milliön” terminalı vasitəsilə Təqsirləndirilən şəxs adına olan “Leo”banka məxsus hesaba göndərmişdir. Sonradan həmin şəxs ona müxtəlif bəhanələr gətirərək verdiyi öhdəliyi yerinə yetirməmiş və onun göndərdiyi ümumilikdə 3.000 manat pulunu ələ keçirmişdir. Həmin şəxs özünü ona Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsi o, əvvəllər tanımamış, həmin şəxslə ümumiyyətlə görüşməmişdir. Yaşar adlı şəxs guya ona 30.000 manat dəyərində ipoteka krediti təşkil edəcəyini bildirərək onun ümumilikdə 3000 manat pulunu ələ keçirmişdir. O, həmçinin məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona vurduğu zərəri tam şəkildə ödədiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. 29 avqust 2022-ci il tarixdə Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsində Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən ona qarşı dələduzluq edərək 2080 manat pulunu ələ keçirilməsinə dair müraciəti və həmin müraciət əsasında toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmış, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. 30 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 Məhəmmədli qızının Təqsirləndirilən şəxs tərəfindən ona qarşı dələduzluq edərək 3000 manat pulunu ələ keçirilməsinə dair müraciəti və həmin müraciət əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 01 oktyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs tutulması və barəsində axtarış elan edilməsi qərara alınmışdır. Həmin tarixli qərarla cinayət işi üzrə icraat dayandırılmışdır. 10 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Səbail Rayon Polis İdarəsinə təhvil verilmişdir. 10 noyabr 2022-ci il tarixli qərarla cinayət işi üzrə icraat təzələnmişdir. 12 noyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorluğunun 12 noyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. 12 noyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilmişdir. 21 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(009)-280/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-1354 nömrəli məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) il 06 (ay) 07 (yeddi ) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilərək 02 (iki) il sınaq müddəti tətbiq edilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014cü il hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilindiyi 01 dekabr 2017-ci il tarixdən qüvvədə olan CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməklə cəzası 5 ilə azaldılmış, həbsdə olduğu 05 ay 23 gün cəzadan çıxılmaqla üzərində qəti olaraq 04 il 06 ay 07 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.3.2ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli 01 dekabr 2017-cil tarixdən qüvvədə olan CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməklə cəza müddəti 05 ilə endirilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən üzərində qəti olaraq 07 il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 06 il azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. xx.xx.2021-ci il tarixdə cəza müddətinin sonu ilə əsas cəzadan azad edilmişdir. - xx.xx.2022-ci il tarixdə CM-nin 178.1-ci maddəsi ilə Sumqayıt Şəhər Polis İdarəsində cinayət məsuliyyətinə cəlb edilmişdir. cinayət içi 220736026 - 29.08.2022-ci il tarixdə Abşeron Rayon Polis İdarəsində CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(101)-974/2015 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş şərti məhkum etmə ləğv edilərək Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə çəkilməmiş qalan 06 il 06 ay 07 gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 11(on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə hesab edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 25 aprel 2015-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli 01 dekabr 2017ci il tarixdən qüvvədə olan CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməklə cəzası 5 ilə azaldılmış, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 05 ay 23 gün cəzadan çıxılmaqla üzərində qəti olaraq 04 il 06 ay 07 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli 01 dekabr 2017-cil tarixdən qüvvədə olan CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməklə cəza müddəti 05 ilə azaldılmış və həmin cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il hökmü ilə təyin edilmiş azadlıdan məhrumetmə cəzasının çəkilməmiş 04 il 06 ay 07 gün hissəsi ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 07 il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi X7 02 oktyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 ərizəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 Məhəmmədli qızının ərizəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsinə əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Məhəmmədli qızı ilə barışmışdır, bəraətverici əsaslar olmadan iş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan "xxxx" ASC-nin 18 may 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs dəymiş zərərin (5080 manat) 25 faizi miqdarında dövlət büdcəsinə 1270 ( bir min iki yüz yetmiş) manat ödəniş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələr və digər iş materialları ilə onun təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən CM-nin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən CPM-nin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Hazırkı işdən isə görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Məhəmmədli qızına dəymiş 5080 manat məbləğində maddi ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir tələbi və şikayəti yoxdur, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 1270 manat dövlət büdcəsinə ödəniş etmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işinin icraatına xitam verilmiş və Təqsirləndirilən şəxs 02 oktyabr 2022-ci il tarixdə cinayət məsuliyyətindən azad olmuşdur. Hazırki iş üzrə Təqsirləndirilən şəxs birinci cinayət əməlini 19 iyun 2021-ci il tarixdə, ikinci cinayət əməlini isə 13 may 2022-ci il tarixdə törətmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair 28 dekabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsində istintaqı aparılmış ********* nömrəli cinayət işinin icraatına xitam verilənədək (Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə) və cinayət məsuliyyətindən azad edilənədək Təqsirləndirilən şəxs 19 iyun 2021-ci il tarixdə və 13 may 2022-ci il tarixdə digər cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Məhəmmədli qızı ilə barışmış, dəymiş maddi ziyanı tamamilə ödəmiş, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Hazıri iş üzrə məhkəmə Konstitusiya Məhkəməsinin Plenum qərarına istinad edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməli və o cinayət məsuliyyətindən azad edilməlidir. Yuxarıda göstərilən qanunvericlik normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Məhəmmədli qızına dəymiş maddi ziyanı tamamilə ödədiyindən, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsdən heç bir tələbi və şikayəti olmadığından, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri xitam olunmalı və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 193, 344-347, 357-358 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xitam olunsun və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 420 (dörd yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ**********0000056944, VÖEN **********) hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar