Məhkəmə qərarları › İş №1(009)-61/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-61/2021

01.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-61/2021 01.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Abdulməcidoviçin, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, ailəli, fəhlə işləyən, sözlərindən əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 mənzil 13 ünvanında yaşayan. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşdirilmiş icraata açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurduğu müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ailə məişət münasibətləri zəminində, ona nar şirəsi çəkmədiyi üçün xx xxxxxx 2020-ci il tarixdə saat 03 radələrində yaşadıqları Bakı şəhəri Səbail rayonu Buxta küçəsi 3, mənzil 13 ünvanın mətbəxində arvadı Zərərçəkmiş şəxs ilə mübahisə edib, baş və sifət nahiyyələrindən yumruq zərbələri vuraraq ona alın nahiyyəsinin sağ yarısının, sağ və sol gözətrafı yumşaq toxumaların qançırları, sağ gözün ağlı qişasının bayır yarısına qansızma, sağ almacıq nahiyyəsinin şişkinlik fonunda qançırı, burunun şişkinliyi halında əziyi, sol əl pəncəsinin arxa səthində İ və İİ daraqsümükləri arası sahənin distal proyeksiyasının qançırı kimi qəsdən sağlamlığa yüngül xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, ünvan 3 ünvanda qeydiyyatda olsa da, arvadı Həcər və iki azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri Səbail rayonu Buxta küçəsi 3, mənzil 13 ünvanda yaşayırlar. Zərərçəkmiş şəxs ilə 9 il əvvəl ailə həyatı qurub rəsmi nigaha daxil olmuşlar və birgə nigahdan iki övladları doğulmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində yaşadıqları evə sərxoş vəziyyətdə gəlmiş və yatmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 03 radələrində oyanmış, Həcərdən ona nar şirəsi çəkməsini istəmişdir. Ona nar şirəsi çəkmədiyi üçün yaşadıqları evin mətbəxində mübahisə edib Həcərin sifət və baş nahiyyəsindən yumruqla vuraraq ona xəsarət yetirmişdir. Arvadı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə xx xxxxxx 2020-ci il tarixdə saat 03 radələrində, yaşadıqları Bakı şəhəri Səbail rayonu Buxta küçəsi 3, mənzil 13 ünvanın mətbəxində baş vermiş, burada o, baş və sifət nahiyyəsindən yumruq zərbələri ilə vurub Həcərə xəsarətlər yetirmişdir. Həcər ona müqavimət göstərməmiş, onunla münaqişə etməmiş, ona heç bir xəsarət yetirməmişdir. Bu hadisə bir neçə dəqiqə ərzində davam etmişdir. Ümumilikdə o, son vaxtlar işləmədiyi və tez-tez spirtli içki qəbul etdiyi üçün evdə ailə-məişət zəminində narazılıq baş verirmiş. Aralarında gərginlik artığından və həmin gün Həcər ona nar şirəsi çəkmədiyi üçün əsəbləşmiş və hadisə bu səbəbdən baş vermişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı övladının olmasını və ərizə verərək barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməməsini bildirmişdir. Məhkəmə iclasında ifadəsi alınan Zərərçəkmiş şəxs göstərmişdir ki, Saatlı rayon Fətəlikənd kəndində qeydiyyatdadır. Hal-hazırda ünvan 5 mənzil 13 ünvanda əri və iki azyaşlı övladları ilə birlikdə yaşayır. X1 ilə 9 il əvvəl ailə həyatı qurmuşlar, birgə nigahdan iki övladları var. Kamranbəy hazırda heç yerdə işləməsə də, mütəmadi olaraq spirtli içki qəbul edir. xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində Kamranbəy evə sərxoş vəziyyətdə gəlib yatmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 03 radələrində yuxudan oyanıb, Kamranbəy ona özü üçün nar şirəsi çəkməyini istəmişdir. O, narı sıxmaq üçün götürmüş, lakin əli yara olduğu üçün narı sıxa bilmədiyi üçün bu barədə Kamranbəyə bildirmiş, bəlkə narı özünün sıxmasını demişdir. Bu zaman digər heç bir səbəb olmadan, nar şirəsi çəkmədiyi üçün onunla mübahisə edib, Kamranbəy bir neçə dəfə baş və sifət nahiyyəsinə yumruq zərbələri vurub, onu qəsdən xəsarətləndirmişdir. Həmin gün şikayət etməsə də, xx xxxxxx 2020-ci il tarixdə Kamranbəy onunela yenidən mübahisə etdiyi üçün o, DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermiş və Səbail RPİ-nin 8-ci PB-nə gəlib ərizə yazmışdır. X4 aralarında mübahisə xx xxxxxx 2020-ci il tarixdə saat 03 radələrində, yaşadıqları Bakı şəhəri Səbail rayonu Buxta küçəsi 3, mənzil 13 ünvanın mətbəxində baş vermiş, burada Kamranbəy onu baş və sifət nahiyyələrindən yumruq zərbələri ilə vurub qəsdən xəsarətləndirmişdir. O, Kamranbəyə müqavimət göstərməmiş, münaqişə etməmiş, sonuncuya heç bir xəsarət yetirməmişdir. Bu hadisə bir neçə dəqiqə ərzində davam etmişdir. Ümumilikdə Kamranbəyin son vaxtlar işləməməsi və mütəmadi olaraq spirtli içki qəbul etməsi onun narazılığına səbəb olmuşdur. Hesab edir ki, əlinin yara olması səbəbindən narı sıxa bilməməyi əsas səbəb deyildir, əsas səbəb ailə daxilində yaranmış məişəm narazılığından irəli gəlmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ərizə təqdim edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayəti və tələbinin olmadığını, iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş və ibtidai istintaq zamanı keçirilmiş Məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 650 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - alın nahiyyəsinin sağ yarısının, sağ və sol gözətrafı yumşaq toxumaların qançırları, sağ gözün ağlı qişasının bayır yarısına qansızına, sağ almacıq nahiyyəsinin şişkinlik fonunda qançırı, burunun şişkinliyi halında əziyi, sol əl pəncəsinin arxa səthində İ və İİ daraqsümükləri arası sahənin distal proyeksiyasının qançırı küt əşya (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx xxxxxx 2020-ci il tarixdə qeyd olunan nahiyyələrə yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlərin xarakterik xüsusiyyətlərinə, lokalizasiyasına, eləcə də müayinə olunanın verdiyi anamnestik məlumatlara əsaslanıb xəsarətlərin özü tərəfindən özünə yetirmə nəticəsində deyil, kənar şəxs tərəfindən yetirilmiş lokal zərbələr təsirindən törənə bilmələri barədə fikir söyləmək mümkündür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; həmin Məcəllənin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.4, 39.1.9, 40.2 və 41.7ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimaixüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə, iş üzrə zərərçəkmiş şəxsin və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayətinin və tələbinin olmamasını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslə şəxslə barışdığını və ərizə verərək barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.1, 40.3, 43.1.2, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 96 (doxsan altı) manat pul tutulub, “xxxx” QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 96 (doxsan altı) manat pul tutulub, “Kapital Bank” 1 saylı 3 saylı vəkil bürosunun Səbail filialındakı hesabına keçirilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar