Məhkəmə qərarları › İş №1(009)-61/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-61/2025

27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-61/2025 27.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Qafarov Ağamalı Məmməd oğlunun sədrliyi Heydərova Elnarə Aydın qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, «Mc donalds» restoranında təmizlikçi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkın «Azneft» dairəsi yaxınlığında olan hissəsində roliklə hərəkətdə olarkən roliki geriyə doğru idarə etdirərək bu formada öz hərəkətinin ətrafdakı şəxslər üçün ictimai təhlükəli nəticələr verə biləcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə bilcəyi halda bunlara əhəmiyyət verməyərək həmin vaxt parkda oynayan xx.xx.2019-cu il təvəllüdlü Zərərçəkmiş şəxs vurmuş, nəticədə sonuncunun yerə yıxılıb başının daş döşəməyə dəyməsinə səbəb olaraq ona ehtiyatsızlıqdan baş beynin ocaqlı travması, kəllə tağının sınığı, travmatik subdural qansızma, uzun sürən komatik vəziyyətlə müşayiət olunan kəllə daxili travma kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək göstərdi ki, o, «Mc donalds» restoranında təmizlikçi işləyir. 10 iyul 2024-cü il tarixdə saat təxminən 21 radələrində dostları ilə bərabər Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkın «Azneft» dairəsi yaxınlığında fəvvarələri olan tərəfdə roliklə geriyə doğru hərəkətdə olarkən qəflətən az yaşlı uşağın qaçmasını görməyib, uşağa dəymiş və uşaqla bərəbər yerə yıxılmışdır. Uşağın başı yerə dəyərək partlamışdır. Sonra uşağın babası onun qaçacağını düşünüb ona yaxınlaşaraq tutub saxlamış, lakin onun qaçmaq fikri olmamış, hadisə yerinə polis əməkdaşları gəlmiş, uşaq xəstəxanaya aparılmış, o, isə polis əməkdaşları ilə getmişdir. Əməlindən peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini və zərərçəkmiş şəxsin şikayətçi olmamasını nəzərə alıb barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, hadisə Dənizkənarı bulvarın Azneft dairəsinə yaxın hissəsində baş vermişdir. 10 iyul 2024-cü il tarixdə təxminən axşam saat 21 radələrində onlar birlikdə Dənizkənarı bulvarda Azneft dairəsinə yaxın meydanda rolik sürərkən, Sabir roliki arxaya hərəkət edərkən azyaşlı qız uşağı onun qabağına qacarkən Sabirlə toqquşmuş, hər ikisi yerə yıxılmışlar. Bu zaman qız başından zədə almış, hadisə yerinə gələn polislər zərərçəkmiş qızı xəstəxanaya göndərmiş və Sabiri tutub aparmışlar. 11 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə cinayət işi başlamışdır. 10 iyul 2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Səbail rayonu, Dənizkənarı Milli Parkın «Azneft» dairəsi yaxınlığında olan hissəsidir. 11 iyul 2024-cü il tarixli təqdim etmə, götürmə və baxış keçirilməsi barədə protokoldan görününür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir cüt «Rollerblade» modelli, 42 ölçülü, ağ və qara rənglərdən ibarət olmaqla 4 ədəd diyircəkli təkərlə təchiz edilmiş rolik ondan götürülmüşdür. 11 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 13 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında Səbail rayon Prokuroru tərəfindən qəbul edilmiş 13 iyul 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə istintaqı aparılan 240020299№-li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilmiş və Təqsirləndirilən şəxs dərhal müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi” barədə 13 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Təhlükəsiz Şəhər Xidmətinin kemeraları tərəfindən çəkilmiş video görüntüyə məhkəmə istintaqı zamanı baxış keçirilmiş, görüntülərdə Təqsirləndirilən şəxs roliklə hərəkət edən zaman zərərçəkmiş Zərərçəkmiş şəxs necə vurması görünür. Təqsirləndirilən şəxs video görüntüdə olan şəxsin özü olduğunu etiraf edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, № 81 saylı Azərbaycan Respublikası SN-in «Məhkəmə Tibbi Ekspertiza və X2» tərəfindən verilmiş rəydən görünür ki, xx.xx.2024-ci il tarixində saat 21:22 radələrində X3 gətirilmiş, stasionarda aparılmış müayinələrdən və müalicədən sonra xx.xx.2024-cü il tarixində ailə üzvlərinin istəyi ilə başqa xəstəxanaya köçürülmüşdür. Son klinik diaqnoz: Baş beyinin ocaqlı travması. Kəllə tağının sınığı. Travmatik subdural qansızma. Uzun sürən komatoz vəziyyətlə müşayiət olunan kəllədaxili travma. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-ci il tarixində baş nahiyəsinin bərk sərt örtüyə (daş döşəməyə)dəyməsi nəticəsində əməl gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aitdirlər. Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 23 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə tərəfindən Səbail Rayon Məhkəməsinin elektron poçtuna gmail vasitəsilə ünvanladığı müraciətdən görünür ki, Rusiya Federasiyasının Kirov şəhərində yaşadığından məhkəmə iclaslarında iştirak edə bilmir və yazılı olaraq şikayətinin olmadığını bildirir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar aşağıdakıları qeyd edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi, şahid ifadəsi və digər sübutlarla tam sübüta yetirilmiş, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Məhkəmə, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə məhkəməyə gmail vasitəsilə ünvanladığı müraciət ərizəsində təqsirləndirilən şəxsdən yalnız şikayətçi olmadığını və bunun əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən cinayət işi üzrə icraata xitam verilməsinə dair müdafiə tərəfinin çıxışı ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən CM-nin 131.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi qanunun bu norması birmənalı olaraq zərərçəkmiş şəxslə barışmağı və ona dəymiş zərəri tamamilə ödəməyi bir şərt kimi nəzərdə tutmuşdur. İş üzrə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə məhəkəməyə daxil olmuş ərizəsində yalnız onun təqsirləndirilən şəxsə qarşı şikayətinin olmaması göstərilmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbləri tətbiq edilə bilməz. Məhkəmə hesab edir ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyən edilməmişdir. Lakin, məhkəmə onun İİ-ci Qarabağ müharibəsinin iştirakçısı olmasını, Laçının, Qubadlının, Cəbrayılın azad olunmasına görə meddallırı ilə təltif olunmasını, səmimi peşmançılığını, cavanlığını həmçinin zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin şikayətinin olmamasını nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 131.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs üzərinə cəzanın icrası zamanı müəyyən vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yeri üzrə ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə kömək edəcəkdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə“ növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs məxsus 1 cüt rolik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən çəkilmiş video görüntü 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 330 (üç yüz otuz) manat dövlət büdcəsindən tutularaq Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 3 saylı Vəkil Bürosunun, «Kapital Bank»-ın Səbail rayon filialındakı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 11 iyul 2024-cü il tarixindən 13 iyul 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılmasının 2 (iki) gününə 1 (bir) gün hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşadığı ünvan 2 ünvanını axşam saat 24:00-dan səhər saat 06:00dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan və Səbail RPİ-nin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 cüt rolik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınan Azərbaycan Respublikası DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən çəkilmiş video görüntü 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 330 (üç yüz otuz) manat dövlət büdcəsindən tutularaq Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 3 saylı Vəkil Bürosunun, «Kapital Bank»-ın Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ağamalı Qafarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar