Məhkəmə qərarları › İş №1(009)-62/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-62/2021

07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-62/2021 07.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmiyev Elnur Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1969-cu ildə Ermənistan Respublikasının Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamış və daşımışdır. İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 18:40 radələrində Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Səbail rayonu, Fuad Mirzəyev küçəsi, dalan 1 ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin inzibati binasına gətirilərək xidməti otaqda üzərinə baxış keçirilən zaman əlində saxladığı sellofan torbanın içindən 03 ədəd şəffaf selofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 25,783 qram; 2,885 qram; 15,346 qram, ümumi çəkisi 44,014 qram narkotik maddə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, müxtəlif yerlərdə avtomaşınları yumaqla məşğul olur. Artıq uzun müddətdir ki, narkotik vasitə olan marixuanadan çəkmək yolu ilə istifadə edir, narkotik vasitə marixuananı adətən Bakı şəhəri və ya başqa yaxın rayonlardan tanımadığı şəxslərdən əldə edir. xx xxxxxx 2020-ci il tarixdə saat 16:30 radələrində narkotik vasitə olan marixuana almaq məqsədi ilə Abşeron rayonu Xırdalan dairəsinin yaxınlığına getmiş, bir qədər orada dayandıqdan sonra üzdən tanıdığı və bir-iki dəfə marixuana aldığı şəxsi görüb sonuncuya yaxınlaşmış, 200 manat pul verərək selofan paketdə narkotik vasitə marixuana almışdır. Taksiyə əyləşib şəhərə gələrək evindən bir qədər aralıda düşmüş, ailə üzvləri şübhələnməsin deyə mağazadan 2 dəstə keşniş, 2 dəstə şüyüd və 3 dəstə nanə göyərtisi alıb torbanın içinə qoymuşdur. Yaşadığı evə gedərkən 2-3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını, səs-küy salmamağı və onlarla birlikdə 8-ci Polis Bölməsinə getməyi bildirmişlər. O, da polis əməkdaşlarının avtomaşınına əyləşib bölməyə getmişdir. Bundan sonra polis əməkdaşları və müdafiəçinin iştirakları ilə polis əməkdaşları ona üzərində olan əşyaları çıxarıb masanın üstünə qoymağı təklif edəndə o, əlində saxladığı selofan torbanın içindən içərisində narkotik vasitə mairxuana olan üç ədəd şəffaf selofana bükülmüş vəziyyətdə çıxarıb könüllü olaraq təhvil vermişdir. Həmin vaxt bükümlərin içərisində nə olduğu soruşulanda o, səmimi olaraq həmin bükümlərin içərisində narkotik vasitə marixuana olduğunu və həmin narkotik vasitəni xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayonunda tanımadığı şəxsdən 200 manata əldə etdiyini bildirmişdir. Törətdiyi əməldən peşmandır, ailəli olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi Fuad Mirzəyev küçəsində yaşayan Təqsirləndirilən şəxs həmin küçədə narkotik vasitələrin qəbulu, gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat daxil olmuş, həmin məlumatın yoxlanılması üçün əməliyyat qrupu təşkil olunmuş və xx xxxxxx 2020-ci il tarixdə saat 18:40 radələrində ünvan 4 ünvanın qarşısında zahiri əlamətləri alınmış məlumata uyğun gələn Təqsirləndirilən şəxs, onunla birlikdə əməliyyat qrupunda iştirak edən Səbail RPİ-nin 8-ci PB-nin əməliyyat müvəkkilləri Şahid3 və X5 iştirakları ilə piyada gedərkən müəyyən edilmişdir. Onlar sonuncuya yaxınlaşaraq özlərini təqdim etmiş, xidməti vəsiqələrini göstərmişlər. Bundan sonra üzərinə baxış keçirilməsi məqsədi ilə Təqsirləndirilən şəxs Səbail RPİ-nin 8-ci Polis bölməsinin inzibati binasına dəvət etmişlər. Bölmənin inzibati binasında dəvət olunmuş müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb masanın üzərinə qoyması təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində tutduğu göy selofan torbanı təqdim edərək həmin torbada narkotik vasitə qurudulmuş marixuananın olduğunu, həmin narkotik vasitə qurudulmuş marixuananı 2020-ci il noyabr aynın 7-də saat 17.30 radələrində Abşeron rayonu Xırdalan dairəsi yaxınlığında tanımadığı şəxsdən aldığını və yaşadığı ünvana apardığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd göy rəngli selofan torba açıldıqda içərisində 3 (üç) ədəd şəffaf selofan torbaya bükülmüş qurudulmuş vəziyyətdə olan bitkiyə bənzər maddənin olması aşkar olunmuşdur. Aşkar olunmuş bir ədəd göy rəngli selofan torbanın içərisində olan 3 (üç) ədəd şəffaf selofan bükümdəki narkotik vasitə olan qurudulmuş marixunaya bənzər maddə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üstü möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana özünə məxsusdur, onu həmin günü saat 17.30 radələrində Abşeron rayonu Xırdalan dairəsi yaxınlığında tanımadığı şəxsdən almışdır və özü istifadə etməsi üçün yaşadığı evinə aparırdı. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl və sonra sonuncuya qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin müvəkkilləri Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərk Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işində olan CD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin təhqiqatçısı X7 Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili X3, Səbail RPİ-nin 8-ci PB-nin əməliyyat müvəkkili Şahid1, Səbail RPİ-nin 8-ci PB-nin əməliyyat müvəkkili Şahid3 və Səbail RPİ-nin 8-ci PB-nin kiçik əməliyyat müvəkkili Şahid2 iştirakı ilə şəxsi axtarışı həyata keçirilir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əlində saxladığı selofan torbanın içindən içərisində narkotik vasitə mairxuana olan üç ədəd şəffaf selofanı bükülmüş vəziyyətdə çıxarıb könüllü olaraq təhvil verir, həmin vaxt bükümlərin içərisində nə olduğu soruşulanda o, səmimi olaraq həmin bükümlərin içərisində narkotik vasitə marixuana olduğunu və həmin narkotik vasitəni xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayonunda tanımadığı şəxsdən əldə etdiyini, həmin şəxsdən 200 manata 1 ədəd selofan paketdə içində 3 ədəd şəffaf selofan bükümdə narkotik vasitə olan marixuana aldığını bildirir. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx xxxxxx 2020ci il tarixli 7/791 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «…Şübhəli şəxs Təqsirləndirilən şəxs…» yazısı və imzalar olan kağız paketdəki 03 (üç) ədəd şəffaf selofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 25,783 qram; 2,885 qram; 15,346 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi -44,014 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. (Marixuananın ümumi çəkisi 44,014 qr, tədqiqata sərf edildi 0,15 qr (hər obyektdən 0,05 qr), qalıq 43,864 qr) Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat müəyyən edilmişdir. xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 44,014 qram narkotik vasitə qurudulmuş olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 43,864 qram narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Səbail rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Respublika Narkoloji Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 3315 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:40-da şübhəli şəxs qismində tutulmuşdur. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorunun xx xxxxxx 2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Abbasov X8 Saxlama Yerindən həbsdən azad olunmuşdur. xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 noyabr 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs: Bakı şəhəri Səbail Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15, 226-cı maddəsinin 1-ci hissəsi, 38 və 55-ci maddələri ilə narkomaniyadan məcburi müalicə olunmaqla, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci (CM 93.1.4) maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İşə əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(009)- 151/2013 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci (CM 93.1.4) maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda qurudulmuş marixuananı əldə edərək saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, ailəli olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, yəni 02 gün müddətində həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək ünvan 6 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisi nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 ekspert komissiyasının xx xxxxxx 2021-ci il tarixli 3315 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Səbail rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 43,864 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın.. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 6 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müvafiq Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisi nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 43,864 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 256 (iki yüz əlli altı) manat dövlət büdcəsindən tutulub , Bakı şəhəri 3 saylı vəkil bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar