Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-62/2023 17.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Neftçala rayonunun, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Neftçala rayon, Bankə qəsəbəsi, C.Mikayılov küçəsi, ev 49-da qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını açıq yolla talayaraq zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 31 iyul 2022-ci ildə, saat 05:30 radələrində ünvan 1 ünvanında yerləşən «Sahil» bağında Zərərçəkmiş şəxs əyləşdiyi oturacağın yanındakı daşın üzərinə qoyduğu «Samsung A20» markalı mobil telefonunu sonuncunun gözü qarşısında götürüb hadisə yerində qaçaraq, üzərində hər biri 10 manat dəyərində “Bakcell” və Azercell” mobil operatorlara məxsus nömrələr olan 300 manat dəyərində həmin mobil telefonu açıq yolla talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 320 manat dəyərində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 26 avqust 2022-ci ildə, saat 05 radələrində Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 2 ünvanında yerləşən «Nizami» parkında tanışı Zərərçəkmiş şəxs 3 manat dəyərində olan pul kisəsini içərisində olan 350 manatla birlikdə əlindən götürüb hadisə yerində qaçmaqla açıq yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 353 manat dəyərində maddi ziyan vurmaqla təkrar soyğunçuluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 31 iyul 2022-ci il tarixdə, təxminən saat 05:30 iki nəfər tanımadığı şəxslə onun arasında Nizami küçəsində münaqişə olduğundan zərərçəkmiş şəxs Pərvin ordan getmişdir. Sonra Pərvini «Sahil» bağında əyləşdiyini görmüş həmin vaxt Pərvinin mobil telefonunu daşın üzərindən götürmüş, Pərvinə qaytaracağını deyərək oradan getmişdir. Pula ehtiyacı olduğu üçün Pərvinə demədən həmin telefonu satmışdır. Bundan sonra, 26 avqust 2022-ci tarixdə, saat 05 radələrində «Sahil» bağında Pərvinlə spirtli içki qəbul etdikdən sonra «Nizami» parkına getmişlər. Orada Pərvin pul kisəsini çıxarıb pullarını sayarkən qəfildən pul kisəsini onun əlindən alaraq qaçmışdır. Pul kisəsində olan pulu götürdükdən sonra, təxminən saat 08:30-da «28 May» metrostansiyasının yaxınlığına getmiş və pul kisəsini Pərvinin gəlib götürməsi üçün ortaq tanışları olan Sveta adlı qadına verdikdən sonra Neftçala rayonuna gedib pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Əməlindən səmimi peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 3 ildir ki, tanıyır. xx.xx.2022-ci il tarixdə saat 05:30 radələrində o, Faridlə Nizami küçəsində yerləşən «Mc Donalds» restoranının yaxınlığına getmişdir. Həmin vaxt kənardan iki nəfər tanımadığı şəxs onun ünvanına nalayiq ifadə işlətdiyindən o, da onların ünvanına eyni ifadə işlətmişdir. Həmin vaxt Farid ondan bir qədər arxada olmuşdur. Bundan sonra o, üzü «Sahil bağı» istiqamətində getmiş və Faridin də gəldiyini görmüşdür. Malakan bağında Farid ona çataraq niyə onu həmin şəxslərin yanında tək qoyduğunu soruşduqda o, polisə xəbər vermək üçün getdiyini bildirmişdir. Farid onun parkda daşın üzərinə qoyduğu «Samsung» markalı mobil telefonunu götürərək oradan uzaqlaşmışdır. Arxadan çağırmasına baxmayaraq o, geri dönməmiş və sonradan bu hərəkətinə görə üzrxahlıq etmişdir. Farid mobil telefonunu ona qaytarmamışdır. Bundan sonra, 26 avqust 2022-ci ildə, təxminən saat 05 radələrində o, Faridlə birlikdə «Sahil» bağında pivə içdikdən sonra «Nizami» parkına getmişdir. Parka çatdıqda o, pul kisəsini çantasından çıxardarkən Farid qəflətən olan pul kisəsini əlindən alaraq oradan qaçmışdır. Bir qədər arxasınca qaçaraq onu səsləmiş, ancaq ona çata bilməmişdir. Pul kisəsinin içərisində «Unibank»-a məxsus 2 ədəd albalı kartı, 1 ədəd qızıl kart, «Umico» kartı və 350 manat pul olmuşdur. O, 9-cu polis bölməsinə gedərək bu barədə ərizə yazmışdır. Bundan bir neçə gün sonra Farid ona demişdir ki, onun pul kisəsini «28» May metro-stansiyasının yaxınlığında yerləşən mağazada Sveta adlı xanımın yanına qoymuşdur. O, pul kisəsini götürdükdə kisənin içərisində pul olmadığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, «28 May» metro stansiyasının yaxınlığında yerləşən telefon mağazasında satıcı işləyir. O, Pərvini və Faridi ayrı-ayrılıqda bir müştəri kimi tanıyır. 2022-ci ilin təxminən avqust ayının axırlarında, saat 10 radələrində Təqsirləndirilən şəxs mağazaya gələrək qara rəngli pul qabını ona vermiş və həmin pul qabını Zərərçəkmiş şəxs gəlib götürəcəyini bildirmişdir. O, həmin vaxta qədər onların biri-birini tanıdığını bilməmişdir. O, pul kisəsini iş yerində olan siyirməyə qoymuş və 3-4 gündən sonra Zərərçəkmiş şəxs gəlib həmin pul kisəsini ondan götürmüşdür. İş materiallarında olan 05 sentyabr 2022-ci il tarixli cinayət işi başlamaq və icraata qəbul etmək haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. İş materiallarında olan 26 avqust 2022-ci il tarixli "hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin Bakı şəhəri, Səbail rayonunda yerləşən «Nizami» parkı olması müəyyən edilmişdir. Hadisə yerinin şəkilləri çəkilərək baxış keçirilməsi barədə protokola əlavə edilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs qismində tanınma haqqında 07 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “təqdim etmə və götürmə haqqında” 07 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus 01 ədəd pul kisəsini istintaq orqanına təqdim etmiş və həmin pul kisəsi götürülərək bu barədə müvafiq protokol tərtib edilmişdir. İş materiallarında olan 07 sentyabr 2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmış və onların hər ikisi əvvəl verdikləri ifadələri bir daha təsdiq etmişlər. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 07 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilərək saxlandığı MSY-dən dərhal azad edilməsi və barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 07 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 08 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək törətmiş olduğu cinayət hadisəsini ünvan 1 ünvanında yerləşən «Sahil» bağında və Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 2 ünvanında yerləşən «Nizami» parkında əyani olaraq göstərmişdir. Bu barədə müvafiq protokol tərtib olunmuş və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 03 oktyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartatekasında heç bir məlumat yoxdur. İş materiallarında olan “ifadənin yerində yoxlanılması haqqında” 14 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi 28 may metro stansiyası istiqamətində, Səməd Vurğun parkının yanında 28 may küçəsi 52 ünvanında yerləşən “Əli Telecom”un qarşısında yoxlanılmış və o, istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Zərərçəkmiş şəxs məxsus “Samsung” markalı mobil telefonunu “Əli Telecom” mağazasında satdığını bildirmişdir. Bu barədə müvafiq protokol tərtib olunmuş və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 19 oktyabr 2022-ci il tarixli 9/6793 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan, qara rəngli, süni dəri materialından olan, 19 x 10 sm ölçülü, düymə ilə açılıb-bağlanan pul kisəsinin istifadə olunması nəzərə alınmaqla 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 3,00 manat müəyyən edilir. Tədqiqatın dəyəri 50 (əlli) manatdır. İş materiallarında olan 26 noyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilməklə ona həmin məcəllənin 180.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilməsi, Zərərçəkmiş şəxs məxsus 1 ədəd pul kisəsinin maddi sübut hesab edilərək Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 noyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs 15 fevral 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmişdir. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi, maddi sübut, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, əməlini etiraf etməsini, əməlindən peşman olmasını, zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, onun şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına təsirini, eləcə də cəzanın fərdiləşdirilməsi prinsipini, törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını nəzərə alaraq, məhkəmə onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, məhkəmə onun cəmiyyətdən xaric olunmadan və təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunmasını mümkün sayır. Bu səbəbdən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəza Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməlidir. Bu, qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək və yaşayış yeri olan ünvan 5 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Səbail Rayon Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 ədəd pul kisəsi Zərərçəkmiş şəxs geri qaytarılmalıdır. İş materiallarında olan fotoşəkillər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 sentyabr 2022-ci il tarixdən 07 sentyabr 2022-ci il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilsin və onun üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək və yaşayış yeri olan ünvan 5 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Neftçala rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə fotoşəkillər cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut -Bakı şəhəri Səbail Rayon Polis İdarəsində saxlanılan 1 ədəd pul kisəsi Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ 013501**********56944, SWİFT ACABAZ 22, Hesab AZ 20 ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-62/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-62/2023
17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver