Məhkəmə qərarları › İş №1(009)-62/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-62/2025

06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-62/2025 06.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: X7 iştirakları ilə, xx xxxxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, işsiz, Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr küçəsi, ev 32, mənzil 1-də qeydiyyatda olmaqla yaşayan, hal-hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda xeyli miqdarda 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,667 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Səbail RPİ-nin 39-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 iyun 2024-cü il tarixdə saat 17:45-də Bakı şəhəri, Səbail rayonunda yerləşən “Xəqani bağı” parkında saxlanılaraq Səbail RPİ-nin 39-cu PB-nin inzibati binasına aparılmış, orada həmin gün saat 18:20-dən başlayaraq şübhəli şəxs qismində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,667 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs X11 ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini tam təsdiq edərək göstərmişdir ki, 18 iyun 2024-cü il tarixdə saat 17:50 radələrində o, cibindəki psixotrop maddə olan metamfetmin(patı, şüşə) ilə birlikdə Bakı şəhəri, Səbail rayonunda yerləşən “Xəqani bağı(Malakan)” parkında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onun narkotik vasitə istifadəçisi olduğundan şübhələndiklərini bildirib onu Səbail RPİ-nin 39-cu PB-nin inzibati binasına dəvət etmişlər və birlikdə bölmənin inzibati binasına gəlmişdir. Orada üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə ediləcəyi və dövlət hesabına ona İlqar Musayev adlı vəkilin müdafiəçi təyin edildiyi barədə məlumat verilmişdir. O, heç bir etiraz etməmişdir. Polis idarəsinin inzibati binasının otaqlarından birində iştirakçıların və vəkilin iştirakı ilə onun üzərinə video çəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə keçirmişdilər. Baxış keçirilən zaman o, özü əynindəki boz rəngli şalvarının sağ yan cibindən içində psixotrop maddə olan metamfetmin(patı, şüşə) olan 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdit. Sorğu zamanı içində psixotrop maddə olan metamfetmin(patı, şüşə) olan 01 ədəd şəffaf rəngli sellofan bükümü 18 iyun 2024- cü il tarixdə səhər saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını və üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi psixotrop maddə olan metamfetmin(patı, şüşə) zərfə qablaşdırılmış zərfin üzərinə o da imza etmişdir. Təqsirləndirilən şəxs X5 sözündə əməlindən səmimi peşman olmasının və xəstəliyinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini tam təsdiq edərək ifadəsində göstərmişdir ki, o, 18 iyun 2024-cü il tarixdə Səbail RPİ-nin nin 39-cu PB-nin baş əməliyyat müvəkili Şahid2 ilə birlikdə daxil olmuş məlumat əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs saat 11:40-da Bakı şəhəri, Səbail rayonu, Xəqani bağında saxlayaraq Səbail RPİ-nin 39-cu PB-nin inzibati binasına gətirmişdirlər. Bundan sonra inzibati binaya vəkil X8 dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Bundan sonra onun, digərlərinin iştirakı və vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükümü çıxarıb təqdim etmişdir. Aşkar olunmuş həmin büküm açılan zaman, Təqsirləndirilən şəxs bükümün içərisindəki şəffaf rəngli kristallik kütlənin metamfetamin (patı) olduğunu bildirmişdir. Aşkar olunmuş maddə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in 49 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bütün hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş heroin bükümünü 18 iyun 2024-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata alıb üzərində saxladığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2, digər Şahid1 ifadəsində göstərdiyi xüsusatları öz ifadəsində bir daha təsdiq edərək anoloji ifadə vermişdir. İş materiallarında olan “şəxsi axtarış və götürmənin aparılması haqqında” 18 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən içində psixotrop maddə olan metafetamin olan 01 ədəd sellofan bükümdə çıxarıb təqdim etmişdir. Aşkar olunmuş həmin bir ədəd sellofan bükümdə Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisindən xüsusi görünüşlü və quruluşlu şəffaf rəngli psixotrop maddə olan metafetaminə oxşar kütlə olması müəyyən edilmişdir. İş materiallarında olan 09 iyul 2024-cü il tarixli diskə baxış protokoluna və video görüntüyə baxış keçirilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi bildirildikdə Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sağ yan cibindən olan bir ədəd şəffaf rəngli bükümü çıxarıb təqdim edir. Sorğu zamanı 01 ədəd bükümün içindəkinin isə psixotrop maddə olan metamfetamin olduğunu bildirir. Daha sonra həmin bükülü kağız zərfdə qablaşdırılır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/3301 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən çıxan maddə” vəs. soyadlar, imzalar olan zərfədki 01 ədəd bükümdə təmiz çəkisi 0,667 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına (Siyahı 1) daxildir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülmsəi və qalan kütlələrin geri qaytarılmasına dair 19 iyun 2024-cü il tarixli aktdan görünür ki, 0,667 qram qəbul olunmuş, 0.05 qram nümunə götürülmüş və 0,617 qram geri qaytarılmışdır. Həmçinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 3-16-16/2-6/3301 saylı 19 iyun 2024-cü il tarixli materialların məhkəmə ekspertizasının rəyinə əsasən aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil etmişdir. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən, X11 18 iyun 2024-cü il tarixdə saat 18:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində şübhə edilən şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiyə edilməsindən imtina edilməsi və qətimkan tədbiri seçilməsi haqqında 20 iyun 2024-cü il tarixli qərarlara əsasən, X11 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət təmin edilməmiş və həmin tarixdə X11 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək o, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-62/2025 saylı, 30 yanvar 2025-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs X11 barəsində axtarış elan edilmiş, o, tapılanadək iş üzrə icraat dayandırılmış, barəsində həbs qətimkan tədbiri seçilmiş və tutulduqdan sonra Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi qərara alınmışdır. Axtarışda olan şəxsin tutulması barədə 24 fevral 2025-ci il tarixli protokoldan görünür ki, X11 24 fevral 2025-ci il tarixdə, saat 12:00-da “Sahil” metrosunun qarşısında saxlanılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-62/2025 saylı, 28 fevral 2025-ci il tarixli qərarına əsasən, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3, 349.4, 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının Qanununun İ siyahısına görə psixotrop maddə olan metamfetamin 0.15 qramı şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı isə külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq X7 törətdiyi cinayət əməli, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutu və video görüntünü sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X1 məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda psixatrop maddə metamfetamini əldə edib özündə saxlayaraq daşıması cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən X11 barəsində tərtib olunmuş məhkumluq haqqında arayışdan görünür ki, X11, Səbail Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən, Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilərək X7 üzərində 08 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı X11 cəzasının çəkilməmiş 1 ay 8 gün hissəsini şərti olaraq vaxtından əvvəl azad edilmiş və 30 dekabr 2022-ci il tarixdə onun cəza müdəti başa çatmışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Hazırki cinayət hadisəsinin 18 iyun 2024-cü il tarixində baş verdiyini nəzərə alaraq məhkəmə qeyd edir ki, X7 əməlində residiv müəyyən olunmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Bu səbəbdən məhkəmə, X9 cəza təyin edərkən onun əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən 83.3.4. ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs X9 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əvvəllər digər cinayət əməlinin törədilməsinə görə məhkum olunmasını, məhkumluğunun ödənilməməsini və halhazırda əməlində residivinin müəyyən olunmasını, cəzasının fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan X7 islah olunması mümkün deyildir və islah olunması məqsədilə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, X7 18 iyun 2024-cü il tarixdən 20 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğunu, habelə 24 fevral 2025-ci il tarixdən 06 mart 2025-ci il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, həmin müddətin təyin olunmuş cəzadan çıxılmasını əsaslı hesab edir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X7 hərəkətlərində cinayətin residivi yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Belə olan halda, məhkəmə hesab edir ki, X7 cəzaçəkmə müddətinin əvvəli 24 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X7 əməlindən peşman olmasını, xəstə olmasını və yaşını olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1 - 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 şəxsi Ambulator X2 xx.xx.2024-cü il tarixli qərarla təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 6317 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN, Psixosimulyatorların və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X9 narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X9 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10 və 353.4.11-ci maddələrinin tələbləri baxımından iş üzrə maddi sübut olan Səbail Rayon Polis İdarəsində saxlanılan təhqiqata sərf edildikdən sonra qalıq qalmış 0.617 qram psixatrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 110 (yüz on) manatın X6 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsini və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevar 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxs X7 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356 cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, X7 18 iyun 2024-cü il tarixdən 20 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 24 fevral 2025-ci il tarixdən hesablansın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən X9 narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut olan Səbail Rayon Polis İdarəsində saxlanılan təhqiqata sərf edildikdən sonra qalıq qalmış 0,617 qram psixatrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasına ödəniləcək – 110 (yüz on) manat X6 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X7 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 288 (iki yüz səksən səkkiz) manat pul tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın Səbail filialındakı hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar