Məhkəmə qərarları › İş №1(009)-63/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-63/2025

19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-63/2025 19.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsgərova Sübhə Hüsən qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma X5 rayon (Velotrek) ərazisi üzrə bağ fəhləsi işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal-1, ev 13, mənzil 47-də qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, 20-ci X9 küçəsi ev 4-də yaşamış, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 01 iyun 2019-cu il tarixdən Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma X5 rayon (Velotrek) ərazisi üzrə bağ fəhləsi vəzifəsində işlədiyi müddətdə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Dostluq parkı 10 ünvanında yerləşən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Respublika Velosiped Trekinin balansında olan BMX Veloparkından oğurluq etmək qərarına gəlib, 18 fevral 2023-cü il tarixdən 14 mart 2024-cü il tarixə kimi olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə BMX Veloparkında olan elektrik şitlərindəki 2,5x24,5 sm ölçülü ümumi dəyəri 1836 manat 73 qəpik təşkil edən mis tərkibli şinlərin 30 metr hissəsini, o cümlədən dövlət əhəmiyyətli elektrik xətlərinə aid olmaqla projektor güllənin işıqlandırılması üçün çəkilmiş 1 metrinin dəyəri 12 manat olan, ümumi dəyəri 24000 manat təşkil edən 2000 metr uzunluğunda üzəri qara izoliyasiyah, mis tərkibli, diametri 17 mm olan elektrik kabelini gizli olaraq talayıb, zərər çəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Respublika Velosiped Trekinə ümumilikdə xeyli miqdarda 25836 manat 73 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, özünü tam təqsirli bilərək, əməlindən peşmən olduğunu bildirərək və istintaqa verdiyi ifadəsini təsdiq edərək məhkəməyə ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərmişdir ki, özünü təqsirli bilərək iş üzrə verdiyi ifadəsində göstərmişdir ki, heç bir fiziki ya psixi xəstəliklərdən əziyyət çəkmir, 12 il olar ki, Səbail rayonu, Salyan şosesi Dostluq parkı 10 ünvanında yerləşən BMX Veloparkmda bağban kimi işləyir. Maddi sıxıntı ehtiyaclarından və yaranan borcları ödəyə bilmədiyi üçün 2023-cü ilin fevral ayının 18-dən 14 mart 2024cü il tarixə kimi olan müddət ərzində müxtəlif vaxtlarda işlədiyi BMX Veloparkmda quraşdırılmış projektor qüllələrinə yeraltı gedən diametri 25 millimetr olan mis kabelləri hər dəfəsində balta ilə müxtəlif ölçülərdə kəsərək müxtəlif əlvan metal qəbul edən məntəqələrə əsasən də 20-ci sahədə yerləşən əlvan metal qəbul edən məntəqələrə oğurladığı mis kabelin hər kilosuna 8 və 10 manat arasında satmışdır. O, oğurladığı mis kabelləri satdığı məntəqənin sahiblərinin adını və mobil telefon nömrələrini bilmir. İşlədiyi Veloparkdan ümumilikdə təxminən 800 və ya 850 metr mis kabel kəsib oğurlamışdır. Bundan əlavə elektrik şitlərdə olan 16 ədəd mis plataları oğurlayıb həmin məntəqələrə satmışdır. Oğurladığı mis kabellərdən və mis platadan ümumilikdə təxminən 6000-7000 manat pul əldə etmişdir. Əldə etdiyi pulları 2 azyaşlı övladlarının dərman xərclərinə, qidalarına xərcləmiş və borclarını ödəmişdir. O, etdiyi əməldən səmimi peşman olmuşdur. Oğurladığı kabellərin dəqiq ölçüsünü bilmir. Təxmin o qədər bildiyi üçün elə demişdir. Ancaq kəsdiyi məsafəni dəqiq bilir. Həmin ərazini ölçdükdən sonra bilmək olar. Ona oğurluq etməkdə heç kim kömək etməmiş, məsləhət verən olmamışdır, oğurluğu tək halda törətmişdir. Onun əvvəl oğurluq etmək niyyəti olmamış, lakin ehtiyac üzündən məcbur olub oğurluq etmişdir. Onun oğurluq etməyini görən və ya qarşısını almağa çalışan heç kim olmamışdır. Oğurluğu gizli şəkildə törətmişdir. Oğurladığı mis kabelləri və mis plataları satdığı şəxslərə elektrik işlədiyini və işdəyən zaman artıq qalan mis kabellərin olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Respublika Velosiped Trekinin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərmişdir ki, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Respublika Velosiped Trekinə BMX Veloparkdan kabellərin və mis şinlərin oğurlanması nəticəsində 25836,73 manat ziyan vurulmuşdur. Zərərçəkmiş hüquqi şəxs şikayətçidir və ona vurulmuş ziyanı tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, Səbail rayonu, Salyan şosesində obyekt icarəyə götürüb tullantı dəmir metal qəbulu işi ilə məşğul olur. Təqsirləndirilən şəxs bir neçə dəfə ərinmiş şəkildə mis metalı onun yanma gətirmiş və o, bir kilosunu 7 manata almışdır. Təqsirləndirilən şəxs ona özünü elektrik ustası kimi təqdim etmiş və işlədiyi evlərdə qalan tullantıları yığıb gətirdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs oğurluq etdiyini bilməmişdir. O, şəxsiyyət vəsiqəsinin surətini alaraq Kamrandan ərinmiş halda olan mis metalları qəbul etmişdir. İş materiallarında olan 11 iyun 2024-cü il tarixli “cinayət işin başlanması və icraata qəbul edilməsi” haqqında qərarından görünür ki, faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 11 iyun 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi” haqqında protokolundan görünür ki, hadisə yeri olan Bakı şəhəri, Səbail rayonu, X8 parkı 10 ünvanına Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, fotoşəkilləri, çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan 11 iyun 2024-cü il tarixli şübhəli olan şəxsin tutulmasına dair protokolundan görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2024-cü il tarix saat 19:05-də saxlanılaraq Səbail RPİ-nin İŞ-nə təhvil verilmişdir. İş materiallarında olan 12 iyun 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma” haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Respublika Velosiped Treki iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 12 iyun 2024-cü il tarixli “zərərçəkmiş şəxsin nümayəndəsini qismində tanınma” haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Nümayəndə1 iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsini qismində tanınmışdır. İş materiallarında olan 13 iyun 2024-cü il tarixli “təqsirlənidirilən şəxs qismində cəlb etmə” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 13 iyun 2024-cü il tarixli “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs dərhal saxlanıldığı MSY-dən azad edilməsi və barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan 13 iyun 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqda iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 13 iyun 2024-ci il tarixli ifadənin yerində yoxlanması protokolundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Dostluq parkı 10 ünvanında yerləşən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Respublika Velosiped Trekinin balansında olan BMX Veloparkından haradan və hansı qaydada oğurluq etdiyini, oğurladığı elektrik kabelləri və mis şinləri satdığı əlvan metal qəbul sexlərini hadisə yerlərində əyani göstərmiş, ifadənin yerində yoxlanılması zamanı müvafiq ölçmələr aparılmaqla Təqsirləndirilən şəxs tərəfindən 2000 metr elektrik kabeli və 30 metr mis şin oğurlanması müəyyən edilmişdir. İş materiallarında olan 27 avqust 2024-cü il tarixli məhkəmə-əmtəəşunaslıq ekspertizasının 9/5826 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin fevral-mart aylarına 01 ədəd 2,5x24,5 sm ölçülü mis şinin orta bazar qiyməti 15 manat, üzəri qara izoliyasiyah mis tərkibli diametri 17 mm olan elektrik kabelinin 1 metrinin orta bazar qiyməti 12 manat təşkil edir. İş materiallarında olan 11 sentyabr 2024-cü il tarixli axtarışda olan şəxsin könüllü istintaqa gəlmasi protokolundan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəldiyindən iş üzrə dayandırılmış icraat təzələnmişdir. İş materiallarında olan 24 sentyabr 2024-cü il tarixli Azərbaycan Respublikası DİNnin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 24 sentyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi” haqqında qərarından görünür ki, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadələri, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidlərin ifadələri, hadisə yerinə baxış, ifadənin yerində yoxlanılması, digər istintaq hərəkəti protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi və istintaq zamanı toplanmış digər sənədlər sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan 25 sentyabr 2024-cü il tarixli “təqsirlənidirilən şəxsə yenidən ittiham elan edilməsi” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan 21 oktyabr 2024-cü il tarixli “mülki iddiaçı qismində tanınma” qərarından görünür ki, zərərçəkmiş şəxs Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Respublika Velosiped Treki cinayət işi üzrə mülki iddiaçı qismində tanınması, Təqsirləndirilən şəxs cəmi 25836.73 manat və 167 ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 26.003,73 (iyirmi altı min üç manat yetmiş üç qəpik) manat məbləğində pul tutularaq ona ödənilməsi tələbinə dair mülki iddia ilə məhkəməyə müraciət etmiş, mülki iddia icraata qəbul edilərək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Respublika Velosiped Treki mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs cavabdeh qismində tanınmışdır. İş materiallarında olan 06 noyabr 2024-cü il tarixli Səbail rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs seçilərək axtarış elan edilmişdir. İş materiallarında olan 04 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası DİN Səbail Rayon Polis İdarəsinin 47/2-28888 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 03 dekabr 2024-cü il tarixdə Səbail rayon ərazisində saxlanaraq Səbail RPİ-nə gətirilmiş və MSY-nə təhvil verilmişdir. İş materiallarında olan məhkəmə elektron sisteminin çıxarışından görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X2 ataları Təqsirləndirilən şəxsdur. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını və himayəsinda az yaşlı övladlarının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-2 və 177.2.4cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs 11 iyun 2024-cü il tarixdən 13 iyun 2024cü il tarixədək tutulduğu cəmi 02(iki) gün müddət ona təyin olunacaq azadlığdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli 03 dekabr 2024-cü il il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın həcmi məsələsinə hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsinə görə bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ziyan vurulduqda əmlakına vurulmuş ziyana görə hüquqi şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş ödənilməmiş 25836.73 (iyirmi beş min səkkiz yüz otuz altı manat yetmiş üç qəpik) manat məbləğində maddi ziyan və 167 (bir yüz altmış yeddi) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 26003.73 (iyirmi altı min üç manat yetmiş üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Respublika Velosiped Trekinə ödənilməlidir. Cinayət işi üzrə maddi sübut yoxdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 manat (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 iyun 2024-cü il tarixdən 13 iyun 2024-cü il tarixədək tutulduğu cəmi 02(iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 03 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Respublika Velosiped Treki təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı ziyanın ödənilməsinə dair mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş, ödənilməmiş 25836.73 (iyirmi beş min səkkiz yüz otuz altı manat yetmiş üç qəpik) manat məbləğində maddi ziyan və 167 (yüz altmış yeddi) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 26003.73 (iyirmi altı min üç manat yetmiş üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Respublika Velosiped Trekinə ödənilsin. Cinayət işi üzrə maddi sübut yoxdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 manat (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 300 (üç yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar