Məhkəmə qərarları › İş №1(009)-64/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-64/2021

01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-64/2021 01.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Şücayət oğlunun iştirakları ilə, xx xxxxx 2021-ci il tarixdə saat 14:00-da, Bakı şəhərində Səbail Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 2001-ci ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, natamam ali təhsilli, işləməyən, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Mühasibatlıq fakültəsinin 2-ci kurs tələbəsi, əvvəllər məhkum olunmayan, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 7, mənzil 14-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Şücayət oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində texniki cəhətdən saz vəziyyətdə olan, sürücülük vəsiqəsi və etibarnamə ilə idarə etdiyi “Hyundai İX-35” minik markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti 3 ünvanda yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qarşısından keçən yol ilə “Şəhidlər Xiyabanına” doğru saatda 65-70 km sürətlə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni sürücü avtomobili yaşayış məntəqələri daxilində saatda 60 km/saatdan çox olmayan sürətlə idarə etməli və yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bu tələblərə əməl etməyərək onun hadisənin qarşısını almağa texniki imkanı olsa da bunu etməyib həmin qaydaları pozmaqla Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti 3 ünvanda yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qarşısından keçən yolda idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə yolu sağdan sola keçən piyada 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq Zərərçəkmiş şəxs dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan sağ İİİ-İV-V-Vİ- Vİİ-Vİİİ qabırğanın onurğayanı, sol V-Vİ-Vİİ qabırğaların orta körpücük xəttləri üzrə yerdəyişmiş sınıqları, hər iki ağciyərin aşağı payının geniş ölçülü cırılmaları və kəskin daxili qanitirmə (sol plevra boşluğuna 500 ml, sağ plevra boşluğuna 800 ml-dək qan) ilə müşayiət olunan döş qəfəsinin qapalı küt travması, sağ bazu sümüyünün orta 1/3-nin qapalı, sol bazu sümüyünün aşağı 1/3-nin, sol bud sümüyünün yuxarı 1/3-nin ön-iç səthinin, sol budun orta 1/3-nin ön-iç səthinin və sol bazunun aşağı 1/3-nin bayır səthinin əzilmiş-cırılmış yaraları, alın nahiyəsinin sol yarısında, burun nahiyəsində, üst dodağın bayır səthində, çənə nahiyəsində, sol saidin orta 1/3-nin ön səthində, döş qəfəsinin sol yarısının ön-yan səthində, sağ bel nahiyəsində, sağ diz oynağı nahiyəsinin ön səthində, sağ aşıq-baldır oynağının bayır topuq səthində çox saylı sıyrıqları xəsarətləri yetirmişdir ki, nəticədə Təqsirləndirilən şəxs ehtiyatsızlığından Zərərçəkmiş şəxs almış olduğu hər iki ağciyərin cırılması nəticəsində törənmiş kəskin daxili qanaxma və sklet sümüklərinin çoxsaylı sınıqları ilə müşayiət olunan hemotramatik şok xəsarətləri nəticəsində yolnəqliyyat hadisəsi yerində ölmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə yaşayır. Azərbaycan Dövlət İqtisad Universitetinin ikinci kurs tələbəsidir. xx xxxxxx 2019-cu il tarixdən atası Şücaət Abdullayevə məxsus və mülkiyyətində olan “Hyundai İX-35” markalı **-ZT-*** nömrə nişanlı avtomaşını etibarnamə əsasında idarə edir. xx xxxxxxxx 2020-ci il tarixdə idarə etdiyi “Hyundai İX-35” markalı **-ZT-*** nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Səbail rayonu, Parlment prospekti ilə üzü “Şəhidlər Xiyabanı” istiqamətinə doğru hərəkət etmiş və avtomaşında ondan başqa tələbə yoldaşları Şahid2, Fərid Əlizadə və Şahid3 da olmuşdur. Qabaq sərnişin tərəfdə sağ oturacaqda Şahid3, digər iki nəfər isə arxa oturacaqda oturmuşdular. Avtomaşını o, 65-70 km/saat sürətlə yolun hərəkət hissəsinin sağ hissəsi ilə idarə etmişdir. Hərəkətdə olarkən sol yan güzgüdən görmüşdür ki, arxadan maşın gəlir, onun diqqəti arxadan gələn maşında olduğu üçün o, yola diqqət etməmişdir. Elə bu zaman qarşıdakı işıqforun piyada keçidində onun idarə etdiyi avtomobilin qarşısına bir piyada kişi çıxmış və o, həmin piyadanı vurmamaq üçün maşının sükanını sağa doğru çəkmiş və əyləci basmış, lakin buna baxmayaraq idarə etdiyi avtomaşının qabaq sol yan hissəsi ilə həmin piyadanı vurmuş, zərbədən piyada bir neçə metr irəli, yəni qarşıdan gələn avtomaşınların hərəkət yoluna, qoşa xəttin üstünə yıxılmışdır. Bundan sonra o, maşını bir neçə metr irəli sürüb saxlamış, maşından düşüb tez həmin piyadaya doğru getmişdir. Kənardan çoxlu sayda adamlar toplaşmışdır. O, əli ilə həmin piyadanın boğazına toxunub nəbzinin vurub-vurmadığını yoxladıqda piyadanın nəbzinin vurduğunu görüb tez maşına tərəf getmiş, maşına minib həmin piyadanın yıxıldığı yerə gəlmiş, təcili yardımın gec gələcəyini başa düşüb vaxt itirməmək üçün piyadanı tanımadığı şəxslərin köməkliyi ilə maşının arxa oturacağına uzatmış və yaxınlıqdakı Mərkəzi Klinikaya aparmışdır. Maşını Klinikanın həyətində saxlayıb hay-küy salıb həkim çağırmağa başlamışdır. Təcili yardım məntəqəsinin qarşısında içəridən həkim gəlsin deyə və köməkləşib piyada oğlanı xəstəxanaya içəri salmaq üçün çığırmağa başlayan zaman həmin vaxt xəstəxanadan çıxan bir həkim maşında piyada oğlana baxmış və artıq oğlanın keçindiyini ona bildirmişdir. Həmin vaxt orada kimsə ona artıq adamın öldüyünü və hadisə yerinə qayıtmasını ona demişdir. Bundan sonra o, maşını sürüb hadisə yerinə gəlmiş və orada artıq polis əməkdaşlarının olduğunu görüb polis əməkdaşlarına hadisənin onun tərəfindən törədildiyini bildirmişdir. Vurduğu piyada oğlanın meyidinin isə maşınında olduğunu bildirmişdir. Bundan sonra onun iştirakı ilə hadisə yeri müayinə olunmuşdur. Bu barədə protokol tərtib edilmiş və protokolun doğruluğunu o, imzası ilə təsdiq etmişdir. Hadisə yerində ona məlum olmuşdur ki, onun maşınla vurduğu piyada oğlan AZTV-nin əməkdaşı Zərərçəkmiş şəxsdur. Hadisə zamanı onun idarə etdiyi avtomaşın texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Təxminən 9 aya yaxındır ki, avtomaşın idarə edir. Piyada kişini o, idarə etdiyi avtomaşının qabaq sol yan hissəsi ilə yolun hərəkət hissəsinin sağ kənarında olan işıqforun piyada keçidində vurmuş, həmin vaxt piyada Zərərçəkmiş şəxs yolu sağdan sola keçmişdir. Təqsirləndirilən şəxs, həmçinin son sözündə ilk dəfə az ağır cinayət törədilməsinin, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyinin, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisindən üzr istədiyinin, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayəti və tələbi olmadığının, əməlindən səmimi peşman olduğunun, törətdiyi cinayətin ehtiyyatsızlıqdan törədilməsinin, tələbə olduğunun və gənc olmasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidin ifadələri, habelə məhkəmə və istintaq protokolları, eləcə də iş üçün əhəmiyyət kəsb edən işin digər faktiki halları ilə tam sübuta yetirilmişdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun kiçik qardaşıdır. Onun qardaşı Zərərçəkmiş şəxs xx xxxxxx 1986-cı ildə Qəbələ rayonunda anadan olmaqla ali təhsillidir, ailəli olmuş və himayəsində iki azyaşlı uşağı vardır. Qardaşı AZTV-nin Qəbələ rayonu üzrə operator vəzifəsində işləmişdir. xx xxxxxxxx 2020-ci tarixdə onun qardaşı Sərxan AZTV-də keçirilən təlimlə bağlı olaraq 3 günlük Bakı şəhərinə gəlmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə axşam saat təxminən 19 radələrində Qəbələdə olarkən ona Bakı şəhərindən qohumlarından bir nəfər zəng vurub onun qardaşı Sərxanı Bakı şəhərində Milli Məclisin yanında avtomaşının vurduğunu və Sərxanın vəfat etdiyini demişdir. Bu məlumat onları çox sarsıtmışdır. Bakı şəhərinə gəlmək istəsələr də lakin karantin rejimi ilə bağlı olaraq sərhəddən keçə bilmədiklərinə görə gələ bilməmişlər. Gecə saatlarında Sərxanın meyitini rayona gətirmişlə və səhəri gün onlar Sərxanı dəfn etmişlər. Hadisə barədə maraqlananda ona məlum olmuşdur ki, Sərxan xx.xx.2020-ci il tarixdə Parlament prospektində Müdafiə Nazirliyinin qarşısında yolu keçmək istəyərkən piyada keçidində “Hyundai” markalı avtomaşın Sərxanı vurub. ”Hyundai” markalı avtomaşının sürücüsünün isə cavan oğlan olduğunu bilmişdir. Qardaşı Sərxanın rayonda keçirilən dəfn və yas mərasimində sürücünün tanımadığı qohumları da gəlmişdir və hüzrdə iştirak edib çıxıb getmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını ona qarşı şikayəti və tələbi olmamasını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə yaşayır. Azərbaycan Dövlət İqtisad Universitetinin ikinci kurs tələbəsidir. Təqsirləndirilən şəxslə o, ali məktəbdə eyni qrupda təhsil alır. xx xxxxxxxx 2020-ci il tarixdə saat təxminən 18 radələrində Samirin idarə etdiyi “Hyundai İX-35” markalı 90ZT-131 nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Səbail rayonu Parlament prospekti ilə üzü “Şəhidlər Xiyabanı” istiqamətinə doğru hərəkət etmişlər. O, maşında arxa oturacaqda tələbə yoldaşı Ayxanla birlikdə oturmuşdur. Onun digər tələbə yoldaşı Emin isə qabaq sağ oturacaqda oturmuşdur. Avtomaşınla hərəkətdə olarkən Parlament prospektində Müdafiə Nazirliyinin qarşısından keçib piyada keçidinə çata-çatda maşının qabağına piyada oğlan çıxmış, bu zaman Samir maşının sükanını sağa burub qaçırtsa da mümkün olmamışdır və Samir idarə etdiyi maşının qabaq sol yan hissəsi ilə həmin piyada oğlanı vurmuşdur. Samir maşını bir az qabağa sürüb saxlamış, onlar maşından yerə düşmüş, ətrafa diqqət edəndə yolun ortasında bir piyada kişinin uzanmış vəziyyətdə olduğunu görmüşlər. Samir 1-ci olaraq həmin kişiyə, daha sonra isə onlar həmin yerə yaxınlaşmışlar. O, təcili yardıma zəng vurmuş, lakin şokda olduğu üçün danışa bilməyib danışmaq üçün telefonu Eminə vermişdir. Emin də danışa bilmədiyi üçün sonra orada olan tanımadığı bir kişi telefonla danışıb hadisə barədə məlumat vermişdir. Samir isə əlini piyada kişinin boğazına qoyub nəbzini yoxladıqda onun nəbzinin vurduğunu görüb tez oraya toplaşan şəxslərin köməkliyi ilə piyada oğlanı Samirin idarə etdiyi maşının arxa salonuna qoymuşlar. Samir maşını birbaşa yaxınlıqdakı Mərkəzi Klinikaya sürmüşdür. Sonra Samirlə əlaqə saxlayanda xəbər tutmuşlar ki, Samirin avtomaşınla vurduğu piyada oğlan ölüb. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ifadələrində Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdirlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunmuş, məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin xx xxxxxxxx 2020-ci il tarixli 55 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar edildi: sağ İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ qabırğanın onurğayam, sol V-Vİ-Vİİ qabırğaların orta körpücük xəttləri üzrə yerdəyişmiş sınıqları, hər iki ağciyərin aşağı payının geniş ölçülü cırılmaları və kəskin daxili qanitirmə (sol plevra boşluğuna 500 ml, sağ plevra boşluğuna 800 ml-dək qan) ilə müşayiət olunan döş qəfəsinin qapalı küt travması, sağ bazu sümüyünün orta 1/3-nin qapalı, sol bazu sümüyünün aşağı 1/3-nin, sol bud sümüyünün yuxarı 1/3-nin ön-iç səthinin, sol budun orta 1/3-nin ön-iç səthinin və sol bazunun aşağı 1/3-nin bayır səthinin əzilmiş-cırılmış yaraları, alın nahiyəsinin sol yarısında, burun nahiyəsində, üst dodağın bayır səthində, çənə nahiyəsində, sol saidin orta 1/3- nin ön səthində, döş qəfəsinin sol yarısının ön-yan səthində, sağ bel nahiyəsində, sağ diz oynağı nahiyəsinin ön səthində, sağ aşıq-baldır oynağının bayır topuq səthində çox saylı sıyrıqlar olmuşdur. Qeyd olunan xəsarətlər həyati əlamətlərinə malik olmaqla, məhrumun ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, ölümlə bilavasitə səbəbli əlaqələri vardır, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx xxxxxxxx 2020-ci il tarixli avtomobil travması, o cümlədən piyadanın hərəkətdə olan avtomobilin qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunmuş, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 8/1860 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Hyundai İX-35” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidmətinin “TŞ 1-060” nömrəli videomüşahidə qurğusunun kameraları ilə qeydə alınmış piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntülərinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti 3 ünvanında Azərbaycan Respublikası Müdafiə Nazirlyinin qarşısından keçən yolda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınmışdır. İş materiallarından görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə hadisə yerinə baxış aparılmış, bu barədə protokol və sxem tərtib edilmişdir. xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx xxxxxxxx 2020-ci il tarixli, 2/13817 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs sərxoşluq hallarının tibbi müayinəsi zamanı ayıq vəziyyətdə olmuşdur. AE seriyalı 055108 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2029cu ilədək sürücülük hüququ müəyyən edilir. AD 282291 seriyalı X2 Şəhadətnaməsindən görünür ki, 90ZT131 qeydiyyat nişanlı “Hyundai İX-35” markalı, Universal tipli, 2013-cü il buraxılışlı, KMHJT81EBEU828407 ban nömrəli, qara rəngli avtomobil Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu, Badamdar qəsəbəsi ünvanda qeydiyyatda olan X4 adına xx xxxx 2018-ci il tarixdə rəsmiləşdirilmişdir. ƏN-V seriyalı 119206 nömrəli etibarnamədən görünür ki, 90ZT131 qeydiyyat nişanlı “Hyundai İX-35” markalı, Universal tipli, 2013-cü il buraxılışlı, KMHJT81EBEU828407 ban nömrəli, qara rəngli avtomobil X7 tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu, Badamdar qəsəbəsi ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs etibar edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. “Səbail 3” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətində alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olduğu müddət ərzində Təqsirləndirilən şəxs məhəllədə öz tərbiyəsi ilə hamının rəğbətini qazanmışdır, özünü sakinlərlə tərbiyəli və ağıllı aparmışdır. Yaşadığı məhəllədə öz tərbiyəsi ilə hamının rəğbətini qazanmışdır. Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İİ kurs tələbəsidir, bu vaxta qədər nizam-intizam qaydasını pozmamışdır, universitetdə intizamlı, əlaçı tələbə kimi tanınmışdır. Universitetin ictimai həyatında yaxından iştirak edərək, rəhbərliyin nüfuzunu qazanmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin cinayət tərkibi vardır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci, 59.1.10-cu, 59.1.11ci, 59.1.12ci və 59.2-ci maddələrinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisindən üzr istəməsini, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, könüllü təqsirini boynuna almasını, hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərmək üçün onu tibb müəssisəsinə aparmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxslə barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını, gənc olmasını, tələbə olmasını, yaşayış yeri və təhsil yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda. məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası təsbit olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu, 59.1.11-ci və 59.1.12-ci maddələrinə uyğun olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirini könüllü boynuna almışdır, hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərmək üçün onu tibb müəssisəsinə aparmışdır, zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslə barışmış, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbi yoxdur və məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.1059.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda təqsirləndirilən şəxsə 04 (dörd) il 05 (beş) aydan artıq cəza təyin oluna bilməz. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində və nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini, keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 100 (yüz) manatın Təqsirləndirilən şəxs tutulmasını, bir ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. İş üzrə maddi sübut 01 ədəd “DVD” formatlı CD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 432 (dörd yüz otuz iki) manat pul tutulub, 3 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar