Məhkəmə qərarları › İş №1(009)-65/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-65/2024

14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-65/2024 14.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Hüseyxanova Sevinc Eynur qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3cü yaşayış massivi, 35-ci küçədə yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 14 avqust 2024-cü il tarixdə saat 10.45-də məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs ona qarşı yaranmış etibardan sui-istifadə edib, 2023-cü ilin iyun ayında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən faktiki olaraq X4 adına rəsmiləşdirilmiş torpaq sahəsinin 0,02 ha hissəsinin özününkü olması baradə Zərərçəkmiş şəxs yalandan bildirməklə, həmin torpaq sahəsinin mülkiyyətə dair sənədlərini hazırlamaqla birlikdə ona satacağına dair vəd verib, inandıraraq bu adla sonuncudan 01 iyun 2023-cü il tarixdə yasadığı Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 35-ci küçədə yerləşən nömrəsiz fərdi yaşayış evin qarşısında 2000 manat, eyni adla 02 iyun 2023-cü il tarixdə həmin ünvanda 8000 manat, eyni adla 04 iyun 2023-cü il tarixdə həmin ünvanda 2000 manat, 13 iyun 2023-cü il tarixdə Qusar rayonundan Bəhruz Qulivev tərəfindən onun istifadəsində olan 409858****7590 nömrəli kart hesabına mədaxil edilmiş 500 manat pulu, 19 iyun 2023-cü il tarixdə isə yenidən yaşadığı, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 35-ci küçədə yerləşən nömrəsiz fərdi yaşayış evin qarşısında sonuncudan 500 manat pulu alıb, verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə aldatmaqla, ümumilikdə 13.000 manat məbləğində özgə əmlakını ələ keçirib, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2023-cü il tarixdə iyun ayının əvvəllərində maddi vəziyyətinin çətin olması ilə əlaqədar yaşadığı evin qarşısında daş hasarla hörülmüş 2 sot torpaq sahəsini satmaq istədiyini alqı-satqı ilə məşğul olan Eltun adlı şəxsə demişdir. Eltuna torpağını satdığını dedikdən 2-3 gün sonra Eltunun tanışı Məhəbbət ona zəng edib, torpağını almaq istəyən şəxsin olduğunu bildirmişdir. Elə həmin gün Məhəbbət, Bəhruz adlı alıcı və anası Seniya adlı xanım gəlib torpağa baxaraq, bəyənmişlər və çıxıb getmişlər. Bunun səhəri günü Eltun, Məhəbbət, Bəhruz və anası Seniya birlikdə yaşadığı evə gəlmişlər. Həmin şəxslər orada satılan torpaq sahəsinə yenidən baxmış, bəyəndikləri üçün sözügedən torpaq sahəsini almaq qərarına gəldiklərini ümumilikdə 2 sot torpaq sahəsini 17.000 manat müqabilində razılaşmışlar. Həmin vaxt onlar ilkin beh kimi ona 2.000 manat pul vermək istədikdə o, Bəhruza 10000 manat borcu olduğunu deyib, həmin pulu makler Eltun və Məhəbbətə saxlamaq üçün vermələrini, tam ödənişi etdikdə bələdiyyə sənədi ilə torpağı alqı-satqı edəcəyini bildirmiş, sonra Bəhruzgil çıxıb getmişlər. Səhəri gün yenidən evdə olduğu zaman səhər saatlarında Bəhruz, anası Seniya, Bəhruzun bacısı və tanışları olan Məhəbbətlə birlikdə onun yaşadığı evə gəlmişlər. Orada Bəhruz əlavə olaraq 8.000 manat pulu torpağı almaq məqsədi ilə onun anası Şöylətə vermişdir. Qalan 7.000 manat ödənildikdən sonra həmin torpaq sahəsinə alqı- satqı edəcəyini bildirmişdir. Həmin gün axşam o, Məhəbbət və Eltuna Bəhruzgil tərəfindən verilmiş 2000 manat behi də onlardan alıb özünə götürmüşdür. Sonradan Bəhruzun atası ona əlavə olaraq 2 dəfə hər birində 500 manat olmaqla 1000 manat pul vermişdir. Həmin pulun sonuncu dəfəsini Bəhruzun atası ona Badamdar qəsəbəsində bankomatdan çıxardıb vermişdir. Onu da qeyd etmək istəyir ki, Bəhruzgil ona göstərdiyi torpaq sahəsini almaq məqsədi ilə ümumilikdə 11000 manat pul vermişdirlər. O, Bəhruzdan tək görüşüb, torpaq sahəsində 2000 manat pul almamış, Bəhruzun həmin məbləği qeyd etməsi doğru deyil. Sonradan Bəhruz onun yaşadığı evə gələrək, həmin torpaq sahəsinə onların xəbəri olmadan Badamdar qəsəbəsibdə yaşayan Hüseyn adlı şəxs tərəfindən sərəncam sənədi əldə edildiyini bildirmişdir. Onun həmin torpağa dair yalnız bələdiyyə və vergi sənədi olmuşdur. Bəhruzdan aldığı pulu borclarına xərcləmişdir. O, həmin torpağın bir hissəsini yəni, 1.5 sotunu Hüseyn adlı şəxsə satmışdır. Ola bilsin ki, Hüseyn həmin şəxsə sənəd verib. Bu barədə başqa heç bir məlumatı yoxdur. Onun yaşadığı evə dair 5 sot və qarşısındakı 4 sot torpağına dair yalnız Bələdiyyə sənədi var. O, Hüseynin hansısa yolla onun torpaq sahəsinə X6 adına sənəd düzəltdiyini bilməmiş, bu barədə prokurorluğa şikayət etmişdir. Bəhruzu aldatmaq fikri olmamış, 7000 manat pulu ödədikdən sonra torpaq sahəsini ona satacaqdı. Bəhruzun torpaq sahəsi aldığı yer öz şəxsi həyətlərinin ərazisindən olmuşdur, dələduzluq məsələsi olmamışdır. Qeyd olunanları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyun ayının 1-də özünə torpaq sahəsi almaq üçün Səbail rayon Bələdiyyəsində işləyən tanışı Məhəbbət adlı həmkəndlisinə müraciət edərək, ona 2 sot torpaq sahəsi tapmasını xahiş etmişdir. Məhəbbət səhəri gün ona zəng edərək, görüşmək istədiyini bildirmiş, onu Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 1-ci yaşayış massivi ərazisindən yəni, yaşadığı ünvandan özünə məxsus avtomobili ilə götürmüş, almaq istədiyi torpaq sahəsinə baxmağa aparmışdır. Həmin vaxt Məhəbbətin avtomaşınında ev alqı-satqısı ilə məşğul olan Eltun adlı şəxs əyləşmiş, qardaşı Vüsal və anası Sonya ilə birlikdə Məhəbbətin avtomobilinə əyləşmiş, birlikdə Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0.02 ha boş torpaq sahəsinə gedib baxmışdır. Bundan sonra torpaq sahəsini bəyənmiş və qiyməti razılaşmaq üçün oradan çıxıb, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən Doğum evinin yaxınlığına getmişdir. Orada olan zaman Məhəbbət və Eltun ona, qardaşı Vüsala maşından düşməməyi bildirmiş, deməsinə görə torpağın sahibi olan Təqsirləndirilən şəxs və yanındakı Emin adlı şəxslə görüşmüşlər. Təxminən 10-15 dəqiqə sonra onlar avtomobilə qayıtmışlar. Həmin vaxt onlarla Samir də gəlmiş, yenidən onlar birlikdə Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü massivdə yerləşən Samir adlı şəxsin evinin qarşısında olan boş torpaq sahəsinə gəlmişlər. Orada torpaq sahəsini ölçdükdən sonra iki sotunu Samir ona 17.000 manata satacağını bildirmişdir. Razılaşdığı üçün xx.xx.2023-cü il tarixdə həmin torpaq sahəsində ilkin olaraq Samirə 2000 manat pul vermək istədikdə Samir pulu götürməyib, “mənim sənədləşmə işimə inanmırsansa pulu Eltun və Məhəbbətə verək saxlasın” deyə bildirmişdir. O da pulların 1000 manatını qardaşı Vüsalın iştirakı ilə Məhəbbətə və 1000 manatını isə Eltuna vermişdir. Səhəri gün yəni xx.xx.2023-cü il tarixdə yenidən Eltun ona zəng edərək, Samirin məhkəmədə işinin olduğunu və təcili pul lazım olduğunu deyib, ondan 10.800 manat pul istəmişdir. Eltuna telefonda göstərilən məbləğdə pulunun olmadığı üçün 8000 manat pul düzəldib, Məhəbbət və Eltunla birlikdə Səbail rayonu, 3-cü massivdə yerləşən Samirə məxsus evin qarşısında Samirin yanında 8000 manat pulu Samirin dediyi üçün anası Şahid1 torpaq almaq məqsədi ilə vermişdir. Onlardan sənədləşmənin həllini soruşduqda Samir, Eltun və Məhəbbət torpağın sənədlərinin qaydasında olduğunu qalan 7000 manat pulu verdikdən sonra torpağı sənədləşməsinə başlayacaqlarını demişlər. Təxminən 2 gün sonra yenidən Samir zəng edərək, yerin sənədləşdirilməsi üçün ondan 2500 manat pul istəmişdir. 8-10 iyun 2023-cü il tarixlərdə Samirin yaşadığı ünvana gedərək, Samirə orada üzərində olan 2000 manat pulu təklikdə vermişdir. Daha sonra yəni, xx.xx.2023-cü il tarixdə o, Qusar rayonunda işdə olduğu zaman əlavə olaraq Samirə torpaq almaq məqsədi ilə 500 manat da onun kart hesabına göndərmişdir. xx.xx.2023-cü il tarixdə yenidən Samir ona zəng edərək, pul istədikdə 500 manat pulu atası Qulu Quluyev ilə birlikdə Samirin Badamdar qəsəbəsində yaşadığı evə gedərək evinin qarşısında ona vermişdir. Sonradan Samir tərəfindən ona satılmış torpağın başqa şəxsə aid olduğunu öyrənmişdir. Buna görə də Samir adlı şəxsə dəfərlərlə zəng edərək, ondan 13000 manat pulunu geri tələb etdikdə Samir ona müxtəlif bəhanələr gətirdiyindən və həmin torpağın heç bir sənədi olmadığı üçün aldadıldığını başa düşmüşdür. Emin, Eltun və Samir notarial qaydada borc müqaviləsi bağlamağı demişdirlər. Lakin etiraz edərək, adiyyatı üzrə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə gələrək ərizə ilə müraciət etmişdir. Samir şifahi olaraq sənədlərinin qaydasında olduğunu desə də torpağa dair yalnız eskiz layihəsini göstərmişdir. Təqsirləndirilən şəxs indiyədək dəymiş zərərin heç bir hissəsini ödəmədiyini nəzərə alaraq məhkəmədən onun barəsində ən ağır cəzanın tətbiq edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə qohumu Bəhruzun atası Qulu ona zəng edərək, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisindən 2 sot torpaq sahəsi almaq istədiklərini bildirmişdir. Qohumu Bəhruza köməklik etmək üçün Eltun adlı maklerə zəng etmiş, Eltun onlara Samir adlı şəxsin torpaq sahəsi olduğunu bildirmişdir. Buna görə də həmin gün axşam saatlarında Qulunun oğlu Bəhruz, anası Seniya, o və Eltun görüşüb, birlikdə Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən Samirə məxsus evin qapısının qarşısında görüşmüşlər. Onlar birlikdə torpaq sahəsinə baxmış, orada Bəhruz torpaq sahəsini bəyədiyindən Samirlə 17000 manata almaq qərarına gəlmişdir. Bəhruz həmin vaxt 2000 manat Samirə beh vermək istədikdə Samir özü Bəhruza demişdir ki, həmin 2000 manat pulu ona 1000 manat və Eltona 1000 manat olmaqla versin, müvəqqəti saxlasınlar. Bəhruz elə də etmiş, hər birinə, yəni Eltonla ona 1000 manat pul vermişdir. Axşam Samir ondan 1000 manatı götürmüş, Samirin Eltondan da 1000 manatı götürdüyünü bilmişdir. Səhəri gün Qulu yenidən zəng edərək arvadını və oğlu Bəhruzu Samirin yaşadığı ünvana aparmağını xahiş etmişdir. Qulunun xahişinə etiraz etməyib, özünə məxsus avtomobillə Bəhruzu və anası Seniyanı torpağı satan Samir adlı şəxsin yaşadığı ünvana aparmışdır. Orada Bəhruz 8000 manat pulu Samirin anası Şahid1 torpaq almaq məqsədi ilə vermişdir. Sonradan nə Samiri nə də ki, Bəhruzun aralarında gedən söhbətlə bağlı heç bir məlumatı olmamışdır. Bundan sonra Qulu Quluyevin 1000 manat da Samirə pul verdiyini söyləmişdir. Bəhruzun torpaq almaq məqsədi ilə Təqsirləndirilən şəxs ümumilikdə 11000 manat pul verdiyini eşitmişdir. Həmin torpağa dair hər hansı bir sənəd olmasını görməmişdir. 2000 manat behə, 8000 manata, qalan 3000 manatdan isə 1000 manatın 500 +500 formasında verilməsinə şahiddir. Qalan 2000 manat pulun verilib-verilməməsindən xəbərsizdir. Səbail Bələdiyyəsində təqsirləndirilən şəxsin adına torpaq sahəsinin ayrılmasına dair hər hansı bir sənəd yoxdur. Verilən pulun müqabilində torpağın sənədləşdirilməsi söhbəti olmamışdır. Təqsirləndirilən şəxs torpaq sahəsinin layihəsi olduğunu demişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Şahid1 ifadəsində göstərmişdir ki, 2010-cu ildə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü massiv ərazisində bələdiyyədən 9 sot torpaq sahəsi almışdır. Sonradan həmin torpaq sahəsinin 2 sotunu Hüseyn adlı şəxsə satmışdır. Zərərçəkmiş şəxslə isə oğlu Samir 16000 manata torpaq sahəsini satacağını razılaşmış, lakin Bəhruz 11000 manat vermişdir. Samir də həmin pulu öz borclarına ödəmişdir. Samirin Bəhruza satdığı torpağa dair heç bir rəsmi çıxarış və ya müvafiq orqanın sərəncam sənədləri olmamışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Şahid4 ifadəsində göstərmişdir ki, 1 ilə yaxındır ki, ev alqı-satqısı ilə məşğul olur. Zərərçəkmiş şəxs tanımır, 2023-cü ilin may ayında Bayıl qəsəbəsində yerləşən parkda olduğu zaman qohumları vasitəsi ilə Təqsirləndirilən şəxslə tanış olmuşdur. Həmin vaxt Samir onun ev alqı-satqısı ilə məşğul olduğunu bilib, Badamdar qəsəbəsində torpaq sahəsi olduğunu və satmaq istədiyini ona demişdir. Bu zaman o, Təqsirləndirilən şəxs Badamdar qəsəbəsində torpaq sahəsinin satışı ilə məşğul olmadığını və Eltun adlı tanışının ona kömək edəcəyini bildirib, Eltunun telefon nömrəsini Təqsirləndirilən şəxs vermişdir. Bundan 1 ay sonra Eltun ona zəng edib, Samirin harada olduğunu soruşmuşdur. O da X25 qəsəbəsində yerləşən parkda gəzdiyini söyləmişdir. Daha sonra 2023-cü ilin iyun ayında Eltun Samir və yanlarında olan Məhəbbət adlı şəxs Samirlə söhbət edib, oradan uzalaşmışlar. Bundan 1 ay sonra onu Səbail Rayon Polis İdarəsinin 41- ci Polis Bölməsinə dəvət etmişlər. Orada məlum olmuşdur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs torpaq almaq üçün Samirə pul vermiş, Samir də sonradan Bəhruza satacağı torpağı rəsmiləşdirə bilməmişdir. Onun həmin şəxslər arasında olan alqı-satqıdan və verilmiş pul məbləğindən məlumatı olmamışdır. O, bu məsələdə sadəcə Samirə Eltun adlı tanışının telefonunu verib, onları tanış etmişdir. Başqa olanlardan xəbəri olmamış, sonradan baş vermiş məsələ barədə məlumat almışdır. O, həmin torpağa dair heç bir sənəd olmasını görməmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Şahid3 ifadəsində göstərmişdir ki, tanışı Məhəbbət vasitəsi ilə Zərərçəkmiş şəxs və Eminin vasitəsi ilə Təqsirləndirilən şəxs 2023cü ilin iyun ayında tanımışdır. Belə ki, 2023-cü ilin iyun ayında makler tanışı Emin onu Samir adlı torpaq satan şəxslə tanış etmişdir. Samir ona Badamdar qəsəbəsində 0.02 ha boş torpaq sahəsini 17000 manata satmaq istədiyini bildirmişdir. O, digər tanışı Məhəbbətin qohumu Zərərçəkmiş şəxs həmin ərəfədə torpaq almaq istədiyini eşidib, Təqsirləndirilən şəxs tanışı Şahid2la tanış etmişdir. X19 Hacıyevdən almaq istədiyi torpağı bəyəndiyini eşitmişdir. 2023-cü ili iyun ayında onlar birlikdə Bakı şəhəri, Badamdar qəsəbəsində “№1” kafenin qarşısında görüşdükdə Məhəbbət qohumu Bəhruz və qardaşı ilə birlikdə orada Təqsirləndirilən şəxslə görüşüb, torpağı bəyəndiyini demişdir. Bəhruz həmin vaxt 2000 manat Samirə beh vermək istədikdə Samir özü Bəhruza demişdir ki, həmin 2000 manat pulu ona 1000 manat və Məhəbbətə 1000 manat olmaqla versin.. Bəhruz elə də etmiş, hər birinə, yəni Məhəbbətlə ona 1000 manat pul vermiş, axşam Samir ondan 1000 manatı götürmüşdür. O, bilmişdir ki, Məhəbbətdən də 1000 manatı götürmüşdür. X20 Hacıyev arasında nə alış veriş olduğundan, nə almıb-verildiyindən xəbəri olmamışdır. O, həmin topağa görə Bəhruzun torpağı satan Təqsirləndirilən şəxs 11000 manat pul verdiyini Məhəbbətin dilindən eşitmişdir. Həmin pulun yalnız 1000 manatının verilməsində iştirak etsə də qalan pulun verilməsində iştirak etməmişdir. Onun həmin torpaqla bağlı alqı-satqıda iştirakı tanışı Eminin dediyi torpaq satan Təqsirləndirilən şəxs torpaq sahəsinin satılmasına heç bir maraq olmadan köməklik göstərmək olmuşdur. O, həmin torpağa dair heç bir sənəd olmasını görməmişdir. Samir guya torpağa dair bələdiyyə sənədi olduğunu desə də heç bir sənəd göstərməmişdir. O, Bəhruza hədə-qorxu gəlməmiş, X11 Xidmətinin işçisi kimi təqdim etməmiş nə də ki, problem yaradacağını Bəhruza deməmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımır. Təqsirləndirilən şəxs Badamdar qəsəbəsində işlətdiyi kişi paltarları mağazasından yəni, 10 ildən çoxdur ki, müştəri qismində gəlib-gedərkən tanımışdır. Belə ki, Samir ondan hərdən özünə nisyə olaraq paltar alsa da sonradan gətirib, pulunu ödəməmişdir. xx.xx.2018-ci il tarixdə o, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən, İcra Hakimiyyətinin sərəncamı əsasında verilmiş 6 sot torpaq sahəsini X5 alıb, etibarnamə ilə həyat yoldaşı X4 adma rəsmiləşdirmişdir. Həmin torpaq sahəsində üç mişar daşı hündürlüyündə 3 tərəfli hasarlama işi görsə də, digər bir tərəfi enişli olduğundan hasarsız olmuşdur. Aldığı torpaq sahəsinin giriş hissəsinin sağ yan tərəfində Təqsirləndirilən şəxs 2018-ci ildə yarımçıq ev inşa etmişdir. Eşitdiyinə görə Təqsirləndirilən şəxs anası Şahid1 və özünün adına heç bir rəsmi sənəd olmamışdır. O, həmin torpaq sahəsinə mişar daşları töksə də, heç bir tikinti işi aparmamışdır. Bundan sonra yəni, 2021 -ci ildə o, işləri ilə bağlı Türkiyə Respublikasına gedəsi olmuşdur. 2023-cü ilin yay aylarında ona bir nəfər şəxs zəng edib, onun arvadı Gülnarə Süleymanovaya məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən İcra Hakimiyyətinin sərəncamı əsasında verilmiş 6 sot torpaq sahəsinin 2 sot ərazisinin Zərərçəkmiş şəxs adlı şəxsə satılmasından xəbəri olub-olmamasını soruşduqda o, həmin şəxsə onun torpağının kiməsə yəni, Bəhruz adlı şəxsə satılmasından xəbəri olmadığını, bununla bağlı heç bir alqı-satqı etmədiyini və heç bir məbləğdə pul almadığını söyləmişdir. Sonradan torpaq sahəsinin qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs ona məxsus torpaq sahəsinin 2 (iki) sotunu öz torpaq sahəsi kimi təqdim edib, Zərərçəkmiş şəxs satdığını, bunun müqabilində Bəhruzdan 13000 manat pul alıb, onu aldatdığını eşitmişdir. O, Təqsirləndirilən şəxs anasından və özündən heç bir sənəd tələb etməmiş, Samirgilin torpağa dair heç vaxt sənədləri olmamış, Samirgilin dedikləri doğru deyil. Samirgilin sənədinin guya onun tərəfindən öz adına rəsmiləşdirməsi barədə söylədikləri yalandır. O, həmin vaxt yəni, 2023-cü ilin yay aylarında qeyd olunan ərazidə olmamışdır. Həmin vaxt xatırladığına görə Türkiyə Respublikasında olmuş, onun Təqsirləndirilən şəxs onlara məxsus 2 sot torpaq sahəsini Bahruz Quluyevə satması barədə olan danışıqlardan və bunun müqabilində alınmış puldan xəbəri, iştirakı olmamışdır. O, sonradan bu barədə xəbər tutmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Şahid5 ifadəsində göstərmişdir ki, qonşudan 6 sot torpaq almışdır. Təqsirləndirilən şəxs aldığı 2 sot yarım torpağa 6000 manat +1000 manat pul vermişdir. Qonşudan aldığı 6 sot torpaqdan sonradan Samirin Bəhruza satdığını bilmişdir. Samirdən aldığı torpağa 3600 kubik tökmüşdür. Sonradan o daşları qonşudan aldığı torpağa düzmüşdür. Samirlə o vaxt heç bir mübahisəsi olmamışdır. Dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə iclasına dəvət olunmuş məhkəmənin xx.xx.2024-cü tarixli iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X12 ifadəsində göstərmişdir ki, işin hallarından və zərərçəkmiş şəxsin ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs torpaq almaq məsqədilə Təqsirləndirilən şəxs 13000 manat vermişdir. Samir torpaq sahəsi ilə bağlı sənədlərinin olduğunu desə də, istintaq müddətində hər hansısa çıxarış, bələdiyyə sənədi təqdim etməmişdir. Bələdiyyədən daxil olmuş məktubdan görünür ki, həmin torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsi, icarə qaydasında torpaq sahəsinin ayrılmasına dair sənəd mövcud deyil. Həmin ərazi boş torpaq sahəsi olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən sənədlər təqdim edilmədiyi üçün qarşı tərəf pulunu tələb etmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasına dəvət olunmuş məhkəmənin xx.xx.2024-cü tarixli iclasında şahid Səbail rayonu Badamdar Bələdiyyəsinin hüquqşünası X24 ifadəsində göstərmişdir ki, Şahid1 bələdiyyəyə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində 7,2 sot zəbt edilmiş torpaq sahəsinin onun adına keçirilməsi üçün müraciət etmişdir. Belə ki, zəbt olunmuş və tikili tikilmiş ərazilər şifahi müraciət və könüllü əsasla şəxsin torpaq və əmlak vergisi ödədiyi təqdirdə zəbt edən şəxsə məxsus olur. Bakı şəhərində torpaq sahələri qanuni olaraq bələdiyyələr arası bölünmədiyi üçün bələdiyyənin mülkiyyət və sərəncam hüququ olmur. Şəxs hər hansı ərazi üçün könüllü müraciət etdikdə əraziyə yerində baxış keçirilir və akt tərtib edilir. Bu zaman torpaq sahəsinin şəxsin mülkiyyətində olması barədə heç bir sənəd verilmir, yalnız vergi ödəyicisi kimi uçota alınır. Həmçinin zəbt edən şəxs bələdiyyənin müvafiq qərarı olduqda torpaq sahəsini başqa şəxsə sata bilər. Cinayət işində olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, X16 tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 35-ci küçədə yerləşən torpaq sahəsinə baxış keçirilir. X2 Hüseyn Rəsul oğlunun ifadələrində özünə məxsus 6 sot torpaq sahəsi olduğunu bildirdiyi torpaq sahəsini ölçür və uzunluğunun 27 metr, eninin 20 metr olduğunu, Şahid5 6 sot torpaq sahəsinin olmadığını iddia edir. Cinayət işində olan digər videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, X16 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 35-ci küçədə yerləşən evinin qabaq hissəsini göstərir. Həmin hissəni 2015-ci ildə Şahid5 6000 manata satdığını, lakin sonradan Şahid5 onun evi ilə üzbəüz olacağı üçün torpaq sahəsinin yan tərəfindən 1,2 sot torpaq sahəsi aldığını bildirir. 10 avqust 2023-cü il tarixli qərarla fakta əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilməklə ibtidai istintaqı aparılmışdır. 10 avqust 2023-cü il tarixli qərarla cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. 29 avqust 2023-cü il tarixli qərarla X10 axtarışı elan edilmiş, yeri müəyyən edildikdə tutulması və barəsində cinayət təqibinin davam etdirilməsi üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin X17 təhvil verilməsi qərara alınmışdır. 29 avqust 2023-cü il tarixli qərarla cinayət işi üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Yasamal rayon ərazisində saxlanılaraq Səbail Rayon Polis İdarəsinə gətirilmiş və Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin X17 təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli protokola əsasən X16 ********* nömrəli cinayət işi üzrə xx.xx.2023cü il tarixdə saat 04.45-də Səbail RPİ-nin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulmuş və Səbail Rpi-nin X17 təhvil verilmişdir. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Polis İdarəsindən daxil olmus 69/2-61365 nömrali məktubda Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(012)-376/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində açılmış cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-376/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmişdir. 13 sentyabr 2023-cü il tarixli qərarla cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. 14 sentyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 14 sentyabr 2023-cü il tarixli qərarla Abşeron Rayon Məhkəməsinin icraatında olan iş üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi icraatda olan ********* nömrəli cinayət işi üzrə də qətimkan tədbiri kimi nəzərə alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-35/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə başlanılmış cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Səbail rayonu Badamdar Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Badamdar bələdiyyəsinin hazırda mövcud olan arxiv və kompüter bazasında Təqsirləndirilən şəxs va anası X13 alqı-satqı müqaviləsi və ya icarə qaydasında torpaq sahəsi ayrılmasına dair hər hansi bir məlumat yoxdur. Əlava olaraq qeyd edilmişdir ki, ev təərrüfatlarının bələdiyyə uçotuna alınması haqqında Şahid1 ərizəsinə əsasən, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 35 ci küçə ünvanında 720,00 kv.m tikili ərazisində 106,0 kv.m-dən ibarət fərdi yaşayış evi onun adına qeydə alınmışdır. Milli Arxiv İdarəsinin xx.xx.2018-ci il tarixli, 1386 №-li məktubundan görünür ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısının 1042№-li, xx.xx.1995-ci il tarixli Sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün hər birinə 600 (altı yüz) kv.m. torpaq sahəsi ayrılmışdır. Tikinti işləri ciddi olaraq təsdiq edilmiş tipləşdirilmiş layihə əsasında aparılmışdır. xx.xx.2022-ci il tarixli, 851320 №-li etibarnamədən görünür ki, X1 X8 etibar edərək ötürmüşdür. 07 aprel 1995-ci il tarixli 1042№-li sərəncamdan görünür ki, Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün X8 600 kvadrat/metr torpaq sahəsi ayrılmışdır. 26 fevral 2016-cı il tarixli 088730 №-li lisneziyadan görünür ki, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsinin lisenziyası X15 verilmiş və Şahid1 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ərazisində yerləşmişdir. 28 oktyabr 2023-cü il tarixli qərarla "xxxx" ASC-nin mobil tətbiqindən çıxarış edilmiş ********* nömrəli qəbz iş üzrə sübut əhəmiyyətli olduğundan iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Şahid1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, 15 il əvvəl icradan torpaq sahəsi almışdır. Ev tikib ailəsi ilə birgə yaşayır. 1 sot torpağı Şahid5 adlı şəxsə satmışdır. Həmin ərazidə torpağa heç bir sənəd verilmədiyi halda, 7 sot torpağı öz adına keçirib daha sonra yoldaşının adına keçirmişdir. 15 ildir torpaq vergisi və kommunal ödənişləri edir. Ərazi bələdiyyəsindən zəng edilmiş və ona sənəd verilməsi üçün bələdiyyəyə yaxınlaşmağı xahiş olunmuşdur. 7 il bundan öncə adı sənəd verilməsi üçün sistemdə qeyd olunmuşdur. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 15 avqust 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: - Abşeron Rayon Polis İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilərək barəsində ********* nömrəli cinayət işi başlanılmışdır. xx.xx.2023-cü ildə cinayət işi məhkəməyə göndərilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirməklə dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına sənədləşdirilmiş heç bir torpaq sahəsinin olmamasına baxmayaraq, o, Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək və aldadaraq ona qarşı xeyli miqdarda, yəni 13000 min manat məbləğində dələduzluq etmişdir. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməməsi, yəni, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirməklə dələduzluq cinayətini törətməməsi iş materiallarında olan sənədlər, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar aşkar olunmadı. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən saat 04.45-dən xx.xx.2023-cü il tarixədək həbsdə olması, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 35-ci küçədə yerləşən nömrəsiz fərdi yaşayış evi ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarı ilə Abşeron Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş xx.xx.2023-cü il tarixli həbs qətimkan tədbiri nəzərə alınmışdır. Hazırda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən saat 04.45-dən xx.xx.2023-cü il tarixədək həbsdə olması, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 35-ci küçədə yerləşən nömrəsiz fərdi yaşayış evi ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 930 ( doqquz yüz otuz) manat Bakı şəhəri 21 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar