Məhkəmə qərarları › İş №1(009)-66/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-66/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-66/2023 20.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Abşeron Rayon Məhkəməsinin 14 iyun 2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrumetmə və 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 20 sentyabr 2023-cü il tarixdə saat 10.15-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkoti vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd siqaretin gümüşü kağız bükülmüş bükümündə təmiz çəkisi 0,168 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib əynində olan boz rəngli cins şalvarın sağ yan cibində qara rəngli pul kisəsinin içərisində saxlayaraq daşımış, Səbail Rayon Polis idarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 sentyabr 2022-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsində yerləşən “Araz” marketin qarşısında saxlanılıb, Səbail Rayon Polis idarəsinə gətirilərək həmin tarixdə saat 19:10 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən qara rəngli pul kisəsində bir ədəd siqaretin gümüşü kağızına bükülmüş təmiz çəkisi 0,168 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitəni Bakı şəhəri ərazisində tanımadığı şəxslərdən əldə edərək istifadə edir. 27 sentyabr 2022-ci il tarixdə onu yaşadığı binanın həyətində saxlamışlar. Onun üzərində narkotik vasitə olmamışdır. Belə ki, narkotik vasitəni ona Səbail Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 vermişdir. Onun barəsində narkotik vasitənin istifadəsi ilə bağlı Səbail Rayon Məhkəməsində cinayət işi vardır. O, məhkəmədən gizlənmiş, məhkəmə iclaslarından yayınmışdır. Bu səbəbdən barəsində axtarış qərarı qəbul edilmişdir. 27 sentyabr 2022-ci il tarixdə məhəllədə uşaqlıqdan tanıdığı dostu Amal Nuruşlunu görmüşdür. Amal Nuruşlu onu məhəllənin yanında olan avtoyuma məntəqəsinə aparmış, sonra Şahid1 orada görmüşdür. Həmin vaxtı üzərində narkotik vasitə olmamışdır. Onu Səbail Rayon Polis İdarəsinə aparmışlar. Bədəni ağrıdığından rəisləri Qafar müəllimdən dərman istəmiş və ona “metadon” həbini vermişlər. Narkotik vasitəni ona Şahid1 vermiş, cibinə qoymasını demişdir. Videoçəkilişlə üstünə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Videoçəkiliş zamanı o, əynində olan şalvarın cibində pul kisəsinin içərisində saxladığı bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümünü çıxarıb masanın üzərinə qoymuşdur. Artıq o zaman başa düşmüşdür ki, onun üstünə narkotik vasitə qoymuşlar. Ağrıları olduğundan həmin vaxtı ancaq narkotik barədə düşünürdü. Ona görə onun üzərinə narkotik vasitə qoyduqlarını anlaya bilməmişdir. Ona heç bir təzyiq göstərilməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 13 sentyabr 2022-ci il tarixdə Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş axtarış qərarı Səbail Rayon Polis İdarəsinə daxil olduğundan Təqsirləndirilən şəxs barəsində axtarış işi açılmışdır. Həmin axtarış işi ilə bağlı Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirləri keçirməsinə başlanılmışdır. 27 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayonu, 20-ci sahə adlanan ərazidə yerləşən “Araz” marketin yaxınlığında olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı yoxlamaq məqsədi ilə Təqsirləndirilən şəxs olduğu yerə gedərək saxlanılmışdır. Saxlayarkən üzərinə baxış zamanı cibindən narkotik vasitə çıxmışdır. Təqsirləndirilən şəxs avtoyumanın qarşısında narkotik vasitəni cibindən çıxararaq yerə atmışdır. Sonra o, Elçinin atdığı narkotik vasitəni yerdən götürərək onun cibinə qoymuşdur. Təqsirləndirilən şəxs heç bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs ondan ağrıları olduğu üçün dərman istəmiş, o isə ona dərman vermişdir. İdarədə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Videoçəkiliş zamanı isə Təqsirləndirilən şəxs əynində olan cins şalvarın cibində olan pul kisəsinin içərisindən bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Aşkar edilmiş büküm açıldıqda narkotik vasitə heroin aşkar edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında müdafiə tərəfinin vəsatəti əsasında təkrarən dindirilmiş şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Amal Nuruşlu və X14 Ağayevin saxlanılmasında iştirak etmişlər. X16 Ağayevin narkotik vasitəni avtoyuma məntəqəsində yerə atdığını görmüşdür, o həmin vaxtı orada olmamış, buna görə də Təqsirləndirilən şəxs narkotik vasitəni yerə atdığını görməsə də, bu barədə ona Amal Nuruşlu məlumat vermişdir. Məhkəmə iclasında ilkin ifadə verərkən hadisəni təfərrüatı ilə xatırlamadığına görə Təqsirləndirilən şəxs narkotik vasitəni yerə atdıqdan sonra onun narkotik vasitəni yerdən götürüb onun cibinə qoyduğunu bildirmişdir. Lakin bu ifadəni verərkən nəzərdə tutmuşdur ki, Amal Nuruşlu ona hadisəni bildirdikdən sonra o, Təqsirləndirilən şəxs narkotik vasitəni cibinə qoymağını demişdir. Təqsirləndirilən şəxs tutularkən ona bədənində ağrıların olduğu barədə heç nə deməmişdir. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin kiçik inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, 13 sentyabr 2022ci il tarixdə Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş axtarış qərarı 25 sentyabr 2022-ci il tarixdə Səbail Rayon Polis İdarəsinə daxil olduğundan Təqsirləndirilən şəxs barəsində axtarış işi açılmışdır. Həmin axtarış işi ilə bağlı Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirləri keçirməsinə tərəflərindən başlanılmışdır. 27 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs saxlanılmış və saxlanılarkən narkotik vasitənin təsiri altında olan şübhəli şəxs kimi Səbail Rayon Polis İdarəsinə gətirilmişdir. Tutulmada o iştirak etməmiş, idarədə videoçəkilişdə iştirak etmişdir. İdarədə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibində olan pul kisəsinin içərisindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş tünd rəngli spesifik iyə malik narkotik vasitəyə bənzər maddəni çıxararaq masanın üzərinə qoymuşdur. Aşkar edilmiş büküm açıldıqda narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bildirmişdir ki, Təqsirləndirilən şəxs hansı şəraitdə, necə saxlanılması barədə məlumatı yoxdur, Şahid1 bu barədə ona məlumat verməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dəvət edilmiş şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin polis nəfəri X11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tərəfindən saxlanılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin axtarış qərarına əsasən Təqsirləndirilən şəxs saxlamışdır. Təqsirləndirilən şəxsi saxlayarkən məhəllənin girişində avtoyuma məntəqəsi vardır. X5 həmin vaxtı avtomobili idarə edirdi. Avtomobil mülki avtomobil idi. Şükür Əhmədov avtomobili götürməyə gedərkən Təqsirləndirilən şəxs üzərində olan bükümü qəfildən yerə atmışdır, daha sonra onun tələbi ilə Təqsirləndirilən şəxs həmin bükümü yerdən götürmüşdür. Şükür Əhmədovun gedib avtomobili gətirməsi arasında təxminən 2-3 dəqiqə keçmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis idarəsinə aparmışlar. O, Təqsirləndirilən şəxs üzərinə keçirilən baxışda iştirak etməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dəvət edilmiş şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin cinayət axtarışı üzrə kiçik inspektoru X5 ifadəsində göstərmişdir ki, 27 sentyabr 2022-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin polis nəfəri X11 və Səbail Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs tutmuşlar. Qeyd etmişdir ki, o, Təqsirləndirilən şəxs polis idarəsinə aparmışdır. Təqsirləndirilən şəxs tutulmasında iştirak etməmişdir. İdarədə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmaması həqiqətə uyğun deyil. Cinayət işində olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaqı hərəkəti keçirilərkən əynində olan boz rəngli cins şalvarın sağ cibində olan bir ədəd qara rəngli pul kisəsinin içərisindən bir ədəd “Spar” marketə məxsus kart və bir ədəd siqaretin gümüşü kağızı çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı o, təqdim etdiyi bükümün içəirsində heroin olduğunu, oun şəxsi istifadə üçün 27 sentyabr 2022-ci il tarixdə 20-ci sahə adlanan ərazidə “Qaraçı” ləqəbli şəxsdən 10 manata aldığını bildirmişdir. Götürülmüş narkotik vasitə bir ədəd kağız zərfə qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 28 sentyabr 2023-cü il tarixli, 6/5557 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 51” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs Ədər oğlunun üzərində aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər maddə qablaşdırıldı... Şübhəli şəxs: Təqsirləndirilən şəxs -imza, Vəkil-S.Əliyeva -imza, iştrakçılar- üç imza; Qablaşdırıldı: Əli İsmayılov -imza... ” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi -0,168 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,168 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq çəkisi 0,148 qram. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 92 (doxsan ikii) manatdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-163/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs nəzərdə tutulmaqla axtarış elan edilmişdir. 27 sentyabr 2022-ci il tarixdə saat 18:00-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 28 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. 28 sentyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-163/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. Respublika Narkoloji Mərkəzinin 18 noyabr 2022-ci il tarixli 6959 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 20 noyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,148 qram olan (ilkin təmiz çəki 0,168 qram) narkotik vasitə - heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhər Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-286/2023 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs nəzərdə tutulmaqla axtarış elan edilmişdir. 01 fevral 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18.00-da ünvan 4 ünvanında tutularaq Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Elektron Məhkəmə Sistemindən çıxarışa əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı var: xx.xx.2013-cü il təvəllüdlü X8 və X6. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 oktyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs: - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.5, 68.2 və 93.1.4cü maddələri tətbiq olunmaqla 02 il müddətə azadlıqdan məhrumetmə cəzası və 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə narkomaniyadan məcburi müalicə ləğv olunmuşdur. xx.xx.2013-cü il tarixdə cəza müddəti qurtardığına görə azad olunmuşdur. - Bakı şəhər Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi xx.xx.2022-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-163/2022 saylı, 24 noyabr 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 1(012)-89/2011 saylı 14 iyun 2011ci il tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş 3000 (üç min) manat miqdarında cərimə cəzası hazırki hökmlə təyin olunmuş 01 (bir) 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə birləşdirilmiş, ona 01 (bir) 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası və 3000 (üç min) manat miqdarında cərimə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 mart 2022-ci il tarixdən 04 mart 2022-ci il tarixədək, 25 may 2022-ci il tarixdən 27 may 2022-ci il tarixədək tutulduğu, 27 sentyabr 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətin bir günü iki gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasi və 3000 (üç min) manat miqdarında cərimə cəzası saxlanıılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 1(103)-659/2023 saylı qərarı ilə oğluna Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(009)-163/2022 saylı hökmü Təqsirləndirilən şəxs cəza təyin edilməsi hissəsində dəyişdirilmişdir. Təqsirləndirilən şəxs ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 03 (üç) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il 06 (altı) ay azadlıqdan məhrumetmə ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs 02 mart 2022-ci il tarixdən 04 mart 2022-ci il tarixədək, 25 may 2022-ci il tarixdən 27 may 2022-ci il tarixədək tutulduğu, 27 sentyabr 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət 01 (bir) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzasından çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası və 3000 (üç min) manat miqdarında cərimə cəzası saxlanılmışdır. Cəzasının ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməsi müəyyən edilmiş və cəzaçəkmə müddətinin əvvəli, qərar qəbul edildiyi gündən yəni 04 aprel 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə şahid ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edərək saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə onun əməlinin istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsini əsaslı sayır və qeyd edir ki, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməməsi, yəni aşkar olunan narkotik vasitə heroinin ona məxsus olmaması iş materiallarında olan sənədlər, üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmasını əks etdirən videoçəkiliş, ekspert rəyi, şahid ifadələri ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Müdafiə tərəfinin vəsatəti əsasında təkrarən dindirilmiş Şahid1 və əlavə şahid X11 ifadələrində Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olmasını təsdiq edərək bildirmişlər ki, Təqsirləndirilən şəxs narkpotik vasitəni görərkən üzərində olan narkotik vasitəni yerə atmış və sonra özü götürüb cibinə qoymuşdur.Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı bildirmişdir ki, narkotik vasitə onun üzərində olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi himayəsində iki azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Müəyyən edilmişdir ki, Ağayev X7 Rayon Məhkəməsinin 14 iyun 2011-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası və 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Azadlıqdan məhrumetmə cəzasını çəkib qurtarsa da, lakin 3000 (üç min) manat miqdarında cərimə cəzasını ödəmədiyindən məhkumluğu ödənilməmiş və 27 sentyabr 2022-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 sentyabr 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında əks olunmuş hüquqi mövqelərini və Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsinin tələblərini nəzərə alaraq bir daha qeyd edir ki, bir hökmlə qəti olaraq bir neçə cəzaya (həmin cəzaların hər birinin əsas cəza yaxud əsas və əlavə cəza olmasından asılı olmayaraq) məhkum edilmiş şəxsin məhkumluğunun ödənilməsi müddətinin axımı ümumi qaydaya müvafiq olaraq şəxs barəsində təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır və bu zaman qəti cəzanın parçalanmasına, hər bir cəza üçün məhkumluq müddətinin müstəqil, yəni cəzalardan birinə görə bu müddətin bir tarixdən, digərinə görə isə başqa tarixdən hesablanmasına yol verilə bilməz. Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini əvvəlki hökm üzrə yaranış məhkumluğu ödənilmədiyi dövrdə törətdiyindən onun əməlində cinayətlərin residivi var. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunduğunu, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 04 aprel 2023-cü il tarixli 1(103)- 659/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 1(009)-163/2022 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 03 (üç) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il 06 (altı) ay azadlıqdan məhrumetmə ilə əvəz edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən sonuncunun üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası və 3000 (üç min) manat miqdarında cərimə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli 04 aprel 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Hazırkı iş üzrə cinayət əməli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 noyabr 2022ci il tarixli 1(009)-163/2022 saylı hökmü çıxarılmazdan əvvəl, yəni 27 sentyabr 2022-ci il tarixdə törədilmişdir. Belə olan halda Bakı Apellyasiya Məhkəməsinin 04 aprel 2023-cü il tarixli 1(103)- 659/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının hazırkı hökmlə ona təyin olunacaq cəza ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cəza təyin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 1(103)-659/2023 saylı qərarına əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 02 mart 2022-ci il tarixdən 04 mart 2022-ci il tarixədək, 25 may 2022-ci il tarixdən 27 may 2022-ci il tarixədək və 27 sentyabr 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 02 (iki) ay 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 01 fevral 2023-cü il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasl Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza müstəqil icra olunmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 ekspert komissiyasının 18 noyabr 2022-ci il tarixli 6959 nömrəli rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,148 qram olan (ilkin təmiz çəki 0,168 qram) kustar üsulla hazırlanmış narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası Bakı Apellyasiya Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 1(103)- 659/2023 saylı qərarı ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 02 mart 2022-ci il tarixdən 04 mart 2022-ci il tarixədək, 25 may 2022-ci il tarixdən 27 may 2022-ci il tarixədək və 27 sentyabr 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) ay 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası və 3000 (üç min) manat miqdarında cərimə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 fevral 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,148 qram olan narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 510 (beş yüz on) manat Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar