Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-67/2021 13.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Ağa-Zəki qızının, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu 2-ci Alatava ev-52 ünvanında qeydiyyatda olan, ünvan 2ə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 25 sentyabr 2020-ci il tarixdə, saat 21:40 radələrində Bakı şəhəri, Səbail rayonu, Xəqani bağında yerləşən «Qonaq Baku» restoranının həyətində «bağça içi» adlanan hissəsində rəfiqəsi Şahid1 ilə bir masada əyləşib yemək yeyərkən spirtli içki qəbul edib yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətdə vətəndaşlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarına zidd olaraq, insanlar arasında bərqərar olunmuş davranış qaydalarına məhəl qoymadan həmin yerdə olan digər masalarda əyləşmiş müştərilərin gözü qarşısında qarşı masada öz rəfiqəsi Şahid4 ilə əyləşib yemək yeyən əvvəllər tanımadığı Zərərçəkmiş şəxs ona baxmasını bəhanə edərək sonuncunun üzərinə hücum edib onu nalayiq söyüşlərlə söyüb təhqir etmiş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib şəxsiyyətini başqalarının fövqündə qoyaraq şəxs üzərində zor tətbiq etməklə sol əli ilə onun saçından tutub dartaraq başını aşağı əyib sağ əli ilə baş və kürək nahiyəsinə çoxsaylı yumruq zərbələri vurmuş, rəfiqəsi Şahid1 və restoranın işçisi Şahid3 onları ayırmaq məqsədi ilə müdaxiləsindən sonra cinayətkar əməllərini davam etdirib şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edib masa üzərində su ilə dolu şüşə bokalı götürüb silah qismində istifadə etməklə yaxın məsafədən üz nahiyəsinə ataraq ona sağ gözün ağlı qişasına total qansızma ilə müşayiət olunan sağ göz orbitası ətrafının hematoması, sağ gözün bayır bucağının və döş qəfəsinin sağ yarısının ön səthinin sıyrıqları qismində sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirib qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 sentyabr 2020-ci il tarixdə tanışı Dürdanə və onun azyaşlı oğlu Yaqubla «Qonaq Baku» restoranına getmişlər. Restoranın həyətindəki ümumi zalda orta hissədə olan masada əyləşib yemək yeyirmişlər. Həmçinin o spritli içki qəbul etmiş, restoranda onlardan başqa adamlar da ayrı masalarda əyləşmişdir. Əyləşdikləri məkanda onların masaları ilə üzbə-üzdə divar boyu yanaşı masalar qoyulmuşdur ki, həmin masalarda adı ona polisdə məlum olan Gülnar və yanında onun tanışı qadın əyləşmişdir. Gülnarı o əvvəllər tanımamışdır və onunla heç bir münasibəti, ədavəti olmamışdır, restoranda onu birinci dəfə görürmüşdür. Saat 21:30 radələrində Gülnar əyləşdiyi masadan ona tərəf baxaraq gülümsüyərək əli ilə ona işarə edib yanına çağırmışdır. O əyləşdiyi masadan durub onun yanına getmiş və Gülnara yaxınlaşıb hansı səbəbdən çağırdığını soruşmuşdur, Gülnar bildirmiş ki, «biz oturandan sən bizim masaya baxırsan». O isə Zərərçəkmiş şəxs bildirmiş ki, onların masasına baxmır. Onun yanında əyləşən xanım onların (Nuranın və Dürdanənin əyləşdiyi) əyləşdiyi masaya baxır, o sakitlik olması məqsədi ilə Gülnarı qucaqlamış və qucaqlayaraq onun saçını sığallayaraq «sonra söhbət edərik» deyib onlardan aralananda Gülnar ona söz ataraq bildirmiş ki, «bizə Bakının bütün oğlanları və qızları baxır, sən kimsən ki, bizə baxasan» və onu söymüşdür. Həmin vaxt o öz əyləşdiyi masaya qayıdırmış və Gülnarın sözlərindən əsəbləşib əsəblərini cilovlaya bilməyib geri qayıdaraq Gülnara yaxınlaşıb sol əli ilə saçından tutub özünə tərəf çəkərək sağ əli ilə boynuna, başına, kürəyinə zərbələr vurmuşdur. Dürdanə ilə restoranın ofisiantı yaxınlaşıb onu Gülnardan ayırmışlar, sonra da o onların masalarındakı qabları dağıtmış və masa üzərində olan su ilə dolu şüşə bokalı götürüb Gülnarın əyləşdiyi masaya tərəf atmışdır, sonra öz masalarına gəlmiş və oradan da Dürdanə ilə çıxıb evlərinə getmişdir. Həmin vaxt restoranda çoxlu adamlar olmuşdur. Onlar həmin hadisəni görmüşlər. Hadisə vaxtı spirtli içki təsiri altında olmuşdur. Həmin hadisə təxminən 1-2 dəqiqə davam etmişdir. Gülnar da hadisə vaxtı spirtli içki təsiri altında olmuşdur, çünki əyləşdiyi masada olarkən əli ilə masadakı bokalı yerə atmış və onun kokteyl içdiyini görmüşdür. Onun hərəkətlərindən hiss olunurdu ki, spirtli içki təsiri altındadır. O onların masalarına yaxınlaşıb sakit şəkildə hansı səbəbdən ona baxmasını soruşub, sonra da onun saçını sığallayıb getmişdir. O Gülnara yaxınlaşıb ona nə səbəbə baxmasını soruşub aralaşandan sonra Gülnar ona nalayıq sözlər dediyi üçün ona hücum edib saçını yolmuşdur və vurmuşdur, lakin su bokalını onun sifətinə yox, ona tərəf atmışdır, bokal masaya dəyib sınmış və bokalın sınığı onun gözünə dəymişdir. Özünü ona görə qismən təqsirli bilirki, bokalı zərərçəkmişin üzərinə yox, məhz masaya tərəf atmış, məqsədi zərərçəkmiş şəxsə xəsarət yetirmək olmamışdır. Əməlindən səmimi peşmançılıq çəkdiyini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbiin olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 25 sentyabr 2020-ci il tarixdə rəfiqəsi Şahid4 ilə birlikdə həmin «Qonaq Baku» restoranına getmişlər. Restoranın salonunda olan masalar və həmin masalarda əyləşmiş müştərilər onların əyləşdikləri stolun qarşısında əyləşmişlər. Ona görə də həmin masalardakı müştəriləri onlar görmüşlər. Onlardan sağ tərəfdəki masada üzü onlara tərəf əyləşmiş tanımadığı xanım, sonradan adını bildiyi Nuran onlara baxmış, o da ona baxıb gülümsəmişdir ki, bəlkə tanışdır və əli ilə ona işarə etmiş ki, «tanışıq?». Nuranla üzbə-üzdə isə başqa xanım öz uşağı ilə əyləmiş, sonra Nuran onların əyləşdikləri masaya tərəf gəlmiş və əvvəl Şəhlaya çatıb nə dediyini soruşmuş, Şəhla da ona bildirmişdir ki, «nə baxırsan?», o da Şəhlaya cavabında bildirmişdir ki, «sənə yox, ona baxıram» və onu göstərmişdir, sonra Nuran ona yaxınlaşmış və ona baxdığını bildirib boynunu qucaqlayaraq bildirmişdir ki, «sən mənə baxa bilərsən, mən sənə baxa bilmərəm». Sonra da onun saçını sığallayıb geri qayıtmışdır. Nuranın əyləşdiyi masa onların qarşılarında olduğundan görmüşdür ki, masalarında spirtli içki içirlər və o qayıdanda yenə ona tərəf baxaraq təkrar demişdir ki, «sən mənə baxa bilərsən, mən sənə baxa bilmərəm». Lakin nə o, nə də Şəhla ona cavab qaytarmamışlar və ona qarşı hər hansı nalayiq ifadə, hərəkət etməmişlər. Sonra Nuran geri qayıtmış və nalayiq ifadələr işlədərək ona tərəf gələndə onunla bir masada əyləşən xanım onu saxlamaq istəsə də, saxlaya bilməmiş və Nuran ona çatıb sol əli ilə saçından tutub özünə tərəf dartaraq boynunu aşağı əymiş və sağ əli ilə boynundan, kürəyindən, başından vurmuşdur. Onunla bir masada əyləşən xanım və restoranın ofisiantı yaxınlaşıb onu Nurandan ayırmışlar və Nuran ayrılandan sonra onların masasında olan su ilə dolu şüşə bokalı götürüb onun sifətinə tərəf atmışdır. Həmin şüşə bokal onun sifətinin sağ tərəfinə dəymiş və bokalın şüşəsi sağ gözünün qıraq hissəsini cızmışdır. Sonra Nuranı rəfiqəsi və ofisiant ayırıb aparmışlar və o restorandan çıxıb getmişdir. O da dərhal bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Nuran onu ayırıb aparan ofisianta da nalayiq ifadələr işlətmişdir. Nuranı birinci dəfə görürmüş, onunla heç bir münasibəti olmamışdır, ədavəti, düşmənçiliyi də olmayıb. Nuranın üstlərinə gəlib onu döyməsi və sonra da onu aralayıb aparmaları qısa zaman kəsiyində baş vermişdir, təxminən 2 dəqiqə davam etmişdir, həmin vaxt restoranda Şəhla ilə ondan, Nurandan, onun rəfiqəsindən başqa tanımadığı müştərilər, restoranın işçiləri olmuşdur. Hadisə vaxtı tam ayıq olmuşdur, spirtli içki qəbul etməmişdir. Həmçinin məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, onunla barışdığını və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun rəfiqəsidir. 25 sentyabr 2020-ci il tarixdə Nuran onlara qonaq gəlmişdir. Həmin vaxt evdə oturub söhbət etdikdən sonra Nuran dəvət etmişdir ki, gedib şəhərdə gəzsinlər. Ona görə də həmin gün saat 18 radələrində oğlu Yaqub və Nuran taksi ilə Fəvvarələr meydanına gəlib orada olan zaman Nuranın təklifi ilə birlikdə saat 21 radələrində Xəqani bağında olan «Qonaq-Baku» restoranına girmişlər. Həmin restoranda oturub bir qədər spirtli içki qəbul etmişlər. Restoranda olan zaman oradakı digər masalarda başqa tanımadığı oğlan və qızlar da əyləşmişlər. Həmin restoranda canlı musiqi olmuşdur. Əyləşdikləri masanın sol yan tərəfində iki nəfər sonradan adını bildiyi Gülnar və Şəhla da əyləşmişlər. Onların heç birini əvvəldən tanımamışdır. Restoranda təxminən 1 saata yaxın əyləşmişlər ki, Nuran masadan qalxaraq Gülnarın əyləşdiyi masaya yaxınlaşıb onun boynunu qucaqlayıb qulağına nəsə bir söz deyib başından sıqallayaraq yenindən oturduqları masaya tərəf gəlmişdir. Nuranın üzünə baxdıqda onun üzündən əsəbi olması ifadə olmuşdur. Bunu görən kimi özü narahat olmuşdur ki, nəsə baş verdiyi üçün Nuran belə əsəbləşibdir. Elə Nuran əyləşdikləri masaya tərəf gəlib qəflətən geri çönərək əvvəl başını sığalladığı Gülnar adlı qıza yaxınlaşmış, bunu görən kimi dərhal masadan qalxıb onun ardınca gedərək dava-dalaş etməsinin qarsısın almaq istəmişdir. Lakin buna baxmayaraq Nuran Gülnarın yanına çatan kimi onun saçından tutub dartaraq əli ilə belindən bir neçə dəfə vurmuş və masanın üstündə olan bokalı atmışdır. O yaxınlaşıb Nuranı kənara çəkmişdir. Bu hadisəni həmin zaman orada olan tanımadığı şəxslər dəgörmüşlər. Bu hadisəni görən restoranın ofisiantı yaxınlaşıb onları ayırmışdır. Bundan sonra oradan çıxıb getmişlər. Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, işlədiyi «Qonaq Baku» restoranın həftənin bütün günlərində səhər saat 09-dan işə başlayıb axşam da saat 23 radələrinə kimi işləyir. «Qonaq Baku» restoranının ərazisi geniş olduğu üçün həmin restoranın bütün ərzaisində xidmət olur. Belə ki, onun vəzifəsi həmin restorana daxil olan müştərinin qarşılanması, onun restoranda yerləşdirilməsi və ona lazımı xidmətin göstərilməsinə nəzarətin edilməsindən ibarətdir. Xidmətdə olduğu restoran 25 sentyabr 2020-ci ildə səhər saat 09-da işə başlayıb, həmin gün saat 18 radələri olarmış ki, sonradan adını bildiyi Gülnar rəfiqəsi ilə restorana gəlmişlər. Onlardan təxminən yarım saat sonra da Nuran rəfiqəsi ilə birlikdə restorana gəlib orada istirahət edirmişlər. Nuran və Gülnarın əyləşdikləri masalar bir-birindən 4-5 metr aralı olmuşdur. Onlardan başqa orada digər masalarda da tanımadığı qonaqlar olmuşdur. Saat təxminən 21 radələrində dava-dalaş səs-küy eşitmişdir. Həmin səs küyə yaxınlaşan zaman artıq Nuranla Gülnarın aralarında baş vermiş dava-dalaş hadisəsi başa çatmışdır. Sonradan bilmişdir ki, Nuranla Gülnar bir-birinə masadan baxdıqlarına görə Gülnarın baxışı Nuranın xoşuna gəlmədiyi üçün Nuran əyləşdiyi masadan qalxıb Gülnarın masasına yaxınlaşaraq hansı səbəbən baxdığını soruşmuş, sonra Nuran Gülnarı əli ilə vurmuş və masanın üstündə olan su bokalını Gülnarın üzünə vurub xəsarət yetirmişdir. Həmin zaman aşağı düşüb baxdıqda orada qarışıqlıq olduğunu görüb, restoranda əyləşmiş digər müştərilərin də bundan istirahətlərinin pozduğu üçün onların sifariş etdikləri hesabların ödətdirib Nuranla Gülnarı oradan çıxarıb uzaqlaşdırmışdır. Nuranla Gülnarın arasında baş vermiş həmin hadisə nəticəsində işlədiyi restorana heç bir maddi ziyan dəyməmişdir. Məhkəmə iclasında iş üzrə hadisə yerində olan videomüşahidə kamerasından götürülmüş videogörüntülərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, görüntülər başladıqda yuxarı sol tərəfdə «09.25.2020» tarixi və başlama vaxtı «21:40:00» göstərilir. Həmin məkanda divar boyu skamya tipli və üzərində yumşaq materialdan döşək olan oturacaq və oturacaqların qarşısında masalar görünür, məkanın orta hissəsində də masalar vardır, masaların üzərində yemək qabları, suşüşələri , bokallar vardır. Masaların arxasında müştərilər əyləşmişlər. Divar boyu masada Zərərçəkmiş şəxs və rəfiqəsi Şahid4 yanaşı əyləşmişlər, onların qarşılarında yemək boşqabları, bakallar vardır, onlarla üzbə-üz masada bir oğlan və bir qız əyləşiblər, həmin masadan solda isə Təqsirləndirilən şəxs masa arxasında ayaq üstə dayanıb və Zərərçəkmiş şəxs və rəfiqəsi əyləşmiş masaya tərəfə baxır. Onun rəfiqəsi Şahid1 isə öz azyaşlı oğlu ilə onunla üzbə-üz əyləşmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bir-birlərinə tərəf baxırlar və sonra Təqsirləndirilən şəxs Gülnar və Şəhla tərəfə gəlir, Gülnar isə gülümsəyərək ona tərəf baxaraq Şahid4 ilə danışır. Nuran əvvəlcə Şəhlanın qarşısında dayanıb ona nəsə deyir və sonra Gülnara tərəf gedir, ona nəsə deyib sonra başını qucaqlayır, Gülnar da onu qucaqlayır və öpüşürlər, sonra Nuran Gülnarın saçını əli ilə sığallayır və sonra da geri qayıdır. Gülnar da pozulmuş saç düzümünü düzəldir, Nuran geri qayıdarkən üzünü Gülnargil tərəfə tutub nəsə deyir, həmin vaxt Gülnar rəfiqəsi Şəhlaya tərəf əyilərək gülümsəyib ona nəsə deyir. Nuran öz masasına çatmamış geri dönür və onların masalarının qarşısına gəlib Şəhlaya nəsə deyir və sonra da çevrilib Gülnar tərəfə gedir, həmin vaxt rəfiqəsi Şahid1 Nuranın yanına gəlib onu saxlamaq istəsə də saxlaya bilmir, Nuran Gülnara çatıb sol əli ilə onun saçından tutub özünə tərəf çəkərək onun başını və bədənini özünə tərəf çəkərək başını aşağı əyib sağ əli ilə onun boynundan, kürəyindən ardıcıl zərbələr vurur, və Şahid1, ofisiant Əliyev X6 aralayıb kənarlaşdıranda o masa üzərində su ilə dolu olan şüşə bokalı götürüb Gülnarın üzünə tullayır və şüşə bokal Gülnarın sifətinə dəyəndən sonra suyu masaya dağılır. Gülnar bokalın zərbəsindən sonra sifətini tutub aşağı əyilir, ofisiant Nuranı itələyərək oradan uzaqlaşdırır Diskdəki görüntülərin başa çatma anı 21:40:46-dır. Məhkəmə-tibbi ekspertizasının 529 nömrəli, 26 sentyabr 2021-ci il tarixli rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ gözün ağlı qişasına total qansızma ilə müşayiət olunan sağ göz ətrafının hematoması, sağ gözün bayıt bucağının və döş qəfəsinin sağ yarısının ön səthinin sıyrıqları ber küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 25.09.2020-ci il tarixdə qeyd olunan nahiyyələrə əl və şüşə bokalla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. 08 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. 09 dekabr 2020-ci il tarixli qərarla cinayət hadisəsinin gedişatını özündə əks etdirən 01 ədəd DVD disk cinayət işi üzrə maddi sübut hesab edilmişdir. 12 dekabr 2020-ci il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 221.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. 12 dekabr 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 02.11.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 03.12.2020-ci il tarixli Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti MKTB-nin 56 saylı MKİS tərəfindən təqdim edilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşadığı müddətdə barəsində şikayət daxil olmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsinə əsasən X4 tərəfindən ona vurulmuş ziyan ödənilmiş və onunla barışmışdır. Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, X2 törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş hadisənin videogörüntüsü və işin digər halları ilə silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, X3 düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, yəni bokalı zərərçəkmişin üzərinə yox məhz masaya tərəf atması, məqsədinin bokalla zərərçəkmiş şəxsə xəsarət yetirmək olmadığını göstərməsi zərərçəkmiş şəxsin ifadəsi, hadisənin videogörüntüsü və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxslərin belə məzmunda ifadə verməsini və özlərini onlara qarşı elan olunmuş ittihamda qismən təqsirli bilmələrini onların hüququ kimi qəbul edir və təqsirləndirilən şəxslərin dəlillərini əsaslı hesab etmir, onların həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxslərin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, həmçinin zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi barədə xahişini, barəsində verilmiş müsbət xasiyyətnaməni, ailəsinin həyat şəraitinin aşağı olmasını, hazırda fərdi əməklə məşğul olaraq ailəsinə maddi yardım göstərməsini, törətdiyi əməlin nəticələrinə dair məsuliyyətini dərk etməsini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini və məhkəmə iclaslarındakı davranışını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini tədqiq edərək və xarakterizə edən işin mühüm və diqqətəlayiq hallarını, törətdiyi cinayətin ağırlığını, ictimai təhlükəlilik dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, habelə ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmasını, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür. Ona görə də sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən iş yerini və daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə, haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verilməlidir. Ona görə də, məhkəmələr, zəruri olduqda, işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq, məhkumun üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən, əlavə cəzalar isə real icra olunduğundan, hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk (baş vermiş cinayət hadisəsinin videogörüntülərini özündə əks ektdirən) cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən iş yerini və daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk (baş vermiş cinayət hadisəsinin videogörüntülərini özündə əks ektdirən) cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Ağa-Zəki qızı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 720 (yeddi yüz iyirmi) manat dövlət büdcəsindən tutulub, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-67/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-67/2021
13.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver