Məhkəmə qərarları › İş №1(009)-67/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-67/2022

08.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-67/2022 08.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixatrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,582 qram təmiz çəkidə ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamini əldə edərək üzərində saxlamaqla daşımış və Səbail RPİ-nin NMB-nin əməkdaşlarının əvvəlcədən əldə etdikləri əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı 22 oktyabr 2021-ci il tarixdə saat 14:00 radələrində ünvan 2 ünvanında yerləşən “İçərişəhər” metrostansiyasınm arxasında şübhəli şəxs qismində saxlanılaraq Səbail RPİnin inzibati binasına gətiriləndən sonra üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki göy rəngli cins şalvarın arxa sağ cibindən qara rəngli dəri materialdan olan pul qabının içərisindən 1 (bir) ədəd kiçik ölçülü şəffaf poletilen torbada, içərisində təmiz çəkisi 1,582 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. Üzərində aşkar edilən qırıq şüşə ampula, 3 ədəd açıq vəziyyətdə olan tibbi şprislər və 2 ədəd tibbi şpris iynələri, 1 ədəd qara rəngli alışqan ona məxsus olmuşdur. “Kokos” adlanan narkotik maddə heroini iynə vasitəsilə damarına vurmaqla, qəbul edir. “Kokos”–u alışqan vasitəsilə həmin şüşə qabda bişirib şpris vasitəsilə inyeksiya yolu ilə qəbul etmiş və üzərindən aşkar edilmiş şprislər bu məqsədlə istifadə olunmuşdur. Lakin sellofan paketində aşkar edilən maddə metamfetamin deyil adi limon duzudur. Limon duzu ilə metamfetamin polis bölməsində dəyişdirilərək onun üzərinə yazılmışdır. O, səbəbdən məcbur olub sənədləri imzalamışdı. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 22 oktyabr 2021-ci il tarixdə idarəyə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün saat 14:00 radələrində ünvan 2 ünvanında yerləşən “İçərişəhər” metrostansiyasının arxasında zahiri əlamətləri Təqsirləndirilən şəxs ilə oxşar olan şəxsin piyada hərəkət etdiyini görüb ona yaxınlaşıb, özlərini təqdim edib ondan şəxiyyəti barədə məlumat verməsini izah etdikdən sonra saxlanılan şəxs özünün Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onun qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınmasında şübhəli olduğunu bildirib üzərinə şəxsi axtarış aparalması məqsədilə Səbail RPİ-nə getməli olduğunu izah edib onu avtomobillə Səbail rayon Polis İdarəsinin inzibati binasına gətirmiş və aidiyyatı üzrə təhvil vermişlər. Bundan sonra xidməti iş otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə dəvət edilmiş müdafiəçinin və şahidlərin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı üç ədəd açıq vəziyyətdə olan yaşıl rəngli tibbi şprislər və iki ədəd tibbi şpris iynələri, ağız hissəsi qiriq, içərisi hisli vəziyyətdə olan “kokos” adlandırdığı narkotik maddəni alışqan vasitəsilə bişirdiyi şüşə ampula, içərisində “şüşə” adlandırdığı çəkisinin 1,5 qram olduğunu dediyi metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 da Şahid2 ilə oxşar məzmunlu ifadələr verərək, onun göstərdiklərini tam təsdiq etmişlər. İş materiallarında olan cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 23 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başanılmış və ibtidai istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 oktyabr 2021-ci il tarixdə, saat 14:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 22 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, 22 oktyabr 2021-ci il tarixdə Səbail RPİ-nin TŞ-nin təhqiqatçısı polis polkovnik-leytenantı X4 tərəfindən Təqsirləndirilən şəxs üzərinə “Panasonic” markalı videokameradan istifadə edilməklə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın arxa sağ cibindən qara rəngli dəri materialdan olan pul qabının içərisindən 3 ədəd açıq vəziyyətdə olan yaşıl rəngli tibbi şprislər və 2 ədəd tibbi şpris iynələri, 1 ədəd qara rəngli alışqan, 1 (bir) ədəd kiçik ölçülü şəffaf poletilen torbada, içərisində təmiz çəkisi 1,582 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamin adlandırdığı maddə aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Şəxsi axtarışın gedişatını əks etdirən görüntülər “DVD” diskə köçürülməklə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəziin 23 oktyabr 2021-ci il tarixli 6/4722 nömrəli Ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs” yazısı olan 2 (iki) ədəd zərfdəki 1 (bir) ədəd kiçik ölçülü şəffaf polietilen polietilen torbada təmiz çəkisi 1,582 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 3 (üç) ədəd boş şprislərin və 1 (bir) ədəd baş hissəsi sınmış vəziyyətdə olan şüşə ampulun içərisində narkotik vasitə olan heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin çəkisini müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş 2 (iki) şpris iynələrin üzərində narkotik və psixotrop maddələrə məxsus izlər yoxdur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in, metamfetamin- “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in İ siyahısına daxildir. Tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 23 oktyabr 2021-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin TŞ-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən 1,582 qr metamfetaminə oxşar maddə, 1 ədəd ampul, 3 ədəd şpris qəbul edilmiş, 0,1 qram nümunə götürülmüş, 1,482 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2021-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon prokuroru vəzifəsini icra edən, ədliyyə müşaviri Ədalət Aslanovun 24 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmiş, Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad edilməsi və barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan “başqa yerə getməmək haqqında” 24 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 17 noyabr 2021-ci il tarixli protokoda görünür ki, 17 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən 1 ədəd CD diskə baxış keçirilmiş və həmin disk cinayət işinə əlavə edilmişdir. Diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 1 ədəd fayl var. Həmin fayl 14 dəqiqə 23 saniyədən ibarətdir. Həmin fayldan görünür ki, bir nəfər kişi cinsindən olan şəxsin üzərinə şəxsi axtarış aparılır. Üzərinə şəxsi axtarış aparılan həmin şəxs əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən 1 ədəd qara rəngli dəri materialdan olan qadın pul qabını və şalvarının arxa sol cibindən 1 ədəd qara rəngli tibbi maskanı çıxardıb masanın üzərinə qoyur. Sonra pul qabını açıb içərisindəki bir ədəd damalı dəftər vərəqinə bükülmüş bükülünü, üç ədəd açıq vəziyyətdə olan yaşıl rəngli tibbi şprisləri və iki ədəd tibbi şpris iynələrini, içərisində ağ kristal şəkilli, xırda hissəciklərdən ibarət maddə olan bir ədəd balaca şəffaf selofan torbanı və bir ədəd qara rəngli alışqanı masanın üzərinə boşaldır. Daha sonra damalı dəftər vərəqinə bükülmüş bükülünü, sonra şəffaf selofanı açaraq içərisindəki ağız hissəsi qırıq, içərisi hisli vəziyyətdə olan şüşə ampulanı könüllü olaraq çıxarıb təqdim edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 27 noyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Səbail rayon Məhkəməsinin 20.08.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Publik hüquqi şəxsin 30 noyabr 2021-ci il tarixli, 4786 nömrəli ambulator məcburi- narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 16 yanvar 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumi çəkisi 1,582 qram metamfetamin maddi sübut hesab edilmiş və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,482 qram metamfetamin saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən 1 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinin 11 fevral 2022-ci il tarixli 21-1/1451-15 saylı məktubundan görünür ki, Səbail Rayon Məhkəməsinin 1(009)-127/2020 saylı, 20.08.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 2.3-cü maddəsinə əsasən təqsirli bilinərək ilə 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 7(009)-106/2021 saylı, 16.12.2021- ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən Səbail Rayon Məhkəməsinin 1(009)-127/2020 saylı, 20 avqust 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 01 il azaldılmış, cəzasının çəkilməsi nəzərə alınaraq cəzadan tam azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertizaların rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, şahidlərin ifadəsi və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxsa cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 22 oktyabr 2021-ci il tarixdən 24 oktyabr 2021-ci il tarixədək, yəni 02 (iki) gün tutulduğu müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan 1,482 qram olan psixotrop maddə metamfetamin, 3 (üç) ədəd boş şprislər və 1 (bir) ədəd baş hissəsi sınmış vəziyyətdə olan şüşə ampul məhv edilməlidir. Şəxsi axtarış və götürmə prosessual hərəkətini əks ektdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 1 (bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 oktyabr 2021-ci il tarixdən 24 oktybar 2021-ci il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət, bir günə iki gün hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 210020281 saylı cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. 210020281 saylı cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan 1,482 qram psixotrop maddə metamfetamin, 3(üç) ədəd boş şprislər və l(bir) ədəd baş hissəsi sınmış vəziyyətdə olan şüşə ampul hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar