Məhkəmə qərarları › İş №1(009)-67/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-67/2023

06.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-67/2023 06.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Qafarov Ağamalı Məmməd oğlunun sədrliyi, Heydərova Elnarə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Naxçıvan şəhərində anadan olan, AR vətəndaşı, ali təhsilli, subay, məhkum olunmuş, işləməyən, Naxçıvan MR, Naxçıvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhərində kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 09 iyul 2021-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs1 ona qarşı yaranmış etibarından sui-istifadə edib, sonuncuya məxsus 01 ədəd «HP» markalı diz üstü kompüterə təcrübə proqramı yazdıracağına yalandan vəd verib, həmin kompüteri ələ keçirdikdən sonra, mənfəət əldə etmək məqsədilə digər şəxsə sataraq, verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs1 1200 (min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmşdir. Bundan başqa o təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 21 iyul 2021-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs2 ona qarşı yaranmış etibardan sui istifadə edib, sonuncuya məxsus 01 ədəd «CANON EOS 6D Mark 2» markalı foto aparatı bir günlük ad günü tədbirində istifadə etdikdən sonra qaytaracağına yalandan vəd verib, həmin foto aparatı ələ keçirdikdən sonra mənfəət əldə etmək məqsədi ilə digər şəxsə sataraq, verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs2 məxsus 2000 (iki min) manat dəyərində 01 (bir) ədəd «CANON EOS 6D Mark 2» markalı foto aparatı ələ keçirib, zərərçəkmiş şəxsə 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ali təhsillidir, ailə vəziyyətləri və maddi vəziyyətləri ağır olduğu üçün düşünmədən bu əməlləri törətmişdir. Zərərçəkmiş şəxs2 universitet vaxtlarından tanımış, 6-7 il ərzində münasibətləri olmuşdur. Günlərin birində Rəşadla əlaqə saxlayıb nə işlə məşğul olduğunu soruşmuş, Rəşad ona fotoaparatla şəkil çəkib sataraq ailəsini dolandırdığını bildirmişdir. Rəşadla görüşmüş, birlikdə ona iş görməyi təklif etmiş və bir müddət bir yerdə olduqdan sonra Rəşada müraciət edərək anasının ad günü olduğunu, şəkillər çəkmək lazım olduğunu deyib bir günlüyə fotoaparatı ona verməsini xahiş etmişdir. Rəşad fotoaparatı ona vermiş, o, internetdən tanış olduğu Fürqət adlı şəxsə zəng vurub fotoaparatı olduğunu və onu satmaq istədiyini demiş, Fürqət fotoaparatın şəkillərinə baxdıqdan sonra onu ala biləcəyini bildirmişdir. O, Fürqətlə Bakı şəhərində görüşmüş və Rəşadın fotoaparatını 1250 (min iki yüz əlli) manata ona satmışdır. Aparatı satan zaman Fürqətə aparatın özünə məxsus olduğunu bildirmişdir. Fürqətdən aldığı pulu öz şəxsi məqsədləri üçün xərcləmişdir. Təqsirləndirilən şəxs daha sonra göstərdi ki, digər zərərçəkmiş Zərərçəkmiş şəxs1lə «Baku City» hotelə gedərkən tanış olmuş, Şamilə «Paşa Holdinqdə» işlədiyini və onu da orada işə düzəldə biləcəyini bildirmişdir. Bir-birilərinə telefon nömrələri vermiş, bir müddət sonra Şamil ona zəng edərək işdən çıxdığını bildirmiş və ona kömək göstərməsini xahiş etmişdir. O, Şamillə görüşmüş, təcrübə proqramına qatılmaq üçün ona kompyuter lazım oluduğu, kompyuterə təcrübə proqramı yazacağını və Şamilin bunu öyrənməsi lazım olduğunu bildirmiş, Şamil öz köhnə noutbukunu ona vermiş, noutbuk yaxşı işləmədiyinə görə aparıb onu 8-ci km tərəfdə təmir edilməsi üçün üstaya vermiş, bir müddətdən sonra həmin ünvana ustanın yanına getmiş, usta ona bildirmişdir ki, gec gəldiyi üçün kompyuter köhnə əşyalara qarışmış və tullantı kimi atılmışdır. Bunun əvəzində ustadan təxminən 130 (yüz otuz) manat pul almış və öz şəxsi məqsədləri üçün xərcləmişdir. İstintaqın gedişində fotoaparat sahibinə qaytarılmış, Zərərçəkmiş şəxs1 ziyanı ödənilmiş və hazırda zərərçəkmişlərin ona qarşı heç bir şikayətləri yoxdur. Ağır ailə vəziyyətlərini, əməlindən peşman olduğunu nəzərə alıb məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs Lənkaran Dövlət universitetində birlikdə təhsil aldığı vaxtdan tanımışdır. Elvin onunla əlaqə saxlayıb nə işlə məşğul olduğunu soruşmuş, o, fotoaparatla şəkil çəkib sataraq ailəsini dolandırdığını bildirmişdir. Elvin ona özünün medya şirkəti qurmq istəməsi barədə planlarını bildirmiş, 50000 (əlli min) manata kimi pulunun olduğunu, ona özü ilə birlikdə işləməyi təklif etmişdir. Bir müddət bir yerdə olduqdan sonra Elvin ona müraciət edərək anasının ad günü olduğunu, şəkillər çəkmək lazım olduğunu deyib bir günlüyə fotoaparatı ona verməsini xahiş etmişdir. Rəşad inanıb fotoaparatı ona vermiş, səhəri gün fotoaparatı götürmək üçün ona zəng etmiş o, isə müxtəlif bahanələr gətirmişdir. Daha sonra Elvin onun telefon zənglərinə cavab verməmiş o, isə Polis İdarəsinə şikayət etmişdir. Sonradan ona məlum olmuşdur ki, Elvin onun fotoaparatını başqa bir şəxsə satmışdır. İstintaqın gedişində fotoaparat özünə qaytarılmışdır. Ona dəymiş zərər tam şəkildə ödənildiyindən Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Elvinlə əvvəllər işlədiyi «Baku City» otelində tanış olmuşdur. Söhbət zamanı o, Elvinə BDU-nin «turizm otelçilik» fakultəsini bitirdiyini, müharibə iştirakçısı olduğunu, ingilis dili bildiyini bildirmiş, Elvin isə «Paşa Holdinqdə» işlədiyini və onu da orada işə düzəldə biləcəyini bildirmiş və bir-birilərinə telefon nömrələri vermişlər. Bir müddət sonra o, Elvinə zəng edərək işdən çıxdığını bildirmiş və ona kömək göstərməsini xahiş etmişdir. O, Elvinlə görüşmüş, Elvin təcrübə proqramına qatılmaq üçün ona kompyuter lazım oluduğu, kompyuterə təcrübə proqramı yazacağını və onun bunu öyrənməsi lazım olduğunu bildirmişdir. O, Elvinə inanıb öz köhnə noutbukunu ona vermişdir. Daha sonra Elvin onun zənglərinə cavab verməmiş və başa düşmüşdür ki, Elvin onu aldatmış və onun əmlakını ələ keçirmişdir. Bundan sonra o, polisə müraciət etmişdir. Hazırda ona dəymiş zərərin tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng vuraraq özünə məxsus olan fotoaparatı satmaq istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs watsap vasitəsi ilə ona fotoaparatın şəkillərini göndərməsini, uyğun olsa qiymətini danışıb almağını bildirmiş, o, da şəkilləri göndərmiş və onlar Bakı şəhərində 20 Yanvar metrosunun yaxınlığında kafelərin birində görüşmüş, o, fotoaparatı yoxlamış və aparatda texniki qusurların olduğunu Təqsirləndirilən şəxs bildirmişdir. O, Təqsirləndirilən şəxs fotoaparatın oğlurluq olbolmadığını soruşmuş, Elvin fotoaparatın özünə məxsus odduğnu bildirmiş və lazım olarsa qəbz verə biləcəyini demişdir. Bundan sonra Elvinə inanmış və fotoaparatın qiymətini 1250 (min iki yüz əlli) manata razılaşmışlar. Bir gün keçdikdən sonra ona 8-ci PB-nin əməkdaşı zəng vuraraq Təqsirləndirilən şəxs tərəfindən fotoaparat satılmasını soruşmuş o, isə sənədə baxıb kimin ona fotoaparatı satdığını bildirmişdir. Polis əməkdaşları onu PB-nə dəvət etmiş, o, da polis bölməsinə gedib hadisənin necə olması barədə ifadə vermişdir. Hazırda onunla Elvin arasında müqavilə bağlanmışdır və Elvin ona dəymiş ziyanı ödəyəcəyinə söz vermişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 mart 2022-ci il tarixli 9/1302 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd «CANON EOS 6D Mark 2» markalı, 2017-ci il tarixli Çin istehsalı, 26.2 megapikselli, çəkiliş surəti 6.5 k/s, kamera tipi «güzgülü», matrisin tipi «CMOS», video çəkilişi «Full HD», 50 mm-lik obyektivi olan, 64 GB-lıq yaddaş kartına malik fotoaparatın orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 2000,0 manat müəyyən edilir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 aprel 2022-ci il tarixli 9/2255 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 01 ədəd «HP» markalı, boz-qara rəngli, RAM 16 GB, yaddaş 1 terabayt, prosessor tipi İNTEL CORE İ7, 14 dioqanallı ekranı olan, 2019-cu il ÇRX istehsalı diz üstü kompyuterin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1200,0 manat müəyyən edilir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» tərtib edilmiş 26 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 mart 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında olan Səbail rayon prokuroru Natiq Əsədovun 26 mart 2022-ci il tarixli qərarından görünür ki, AR CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Səbail Rayon Məhkəməsinin 1(009)-287/2022 saylı, xx.xx.2022-ci il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan «götürmə və baxış keçirmə haqqında» tərtib edilmiş 15 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi «CANON EOS 6D Mark 2» markalı, 01 ədəd qara rəngli fotoaparata Səbail RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Şəmsəddin Balayev tərəfindən baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 01 ədəd qara rəngli fotoaparat iki hissədən, body (aparatın özü) və lensdən (obyektiv) ibarətdir, fotoaparat işlək vəziyyətdədir. Bodyinin üzərində «CANON», obyektivin üzərində isə «Yongnuo» və «50 mm» sözləri ilə rəqəmlər qeyd olunmuşdur. Təqdim olunan fotoaparat Zərərçəkmiş şəxs2 götürülərək cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan «əşyaların verilməsi haqqında» qəbzdən görünür ki, 19 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus olan «CANON EOS 6D Mark 2» markalı, 01 ədəd qara rəngli fotoaparat Səbail RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Şəmsəddin Balayev tərəfindən işlək vəziyyətdə Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. İş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 1(005)-119/2022 saylı 05 dekabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı 1 (bir) ay 10 gün həbsdə qaldığı müddət AR Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, ekspertizaların rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, cinayət nəticəsində vurulmuş ziyanın tamamilə ödənilməsi, qanunla nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar kimi, eyni zamanda məhkəmə onun ağır ailə vəziyyətlərini, səmimi peşmanlığını, cavanlığını nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması məqsədəuyğundur. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 25 mart 2022-ci il tarixdə tutulmuş və Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. 26 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Səbail RPİ-nin MSY-dən həbsdən azad edilmiş və onun barəsində“başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1- ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərkən, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əmməllərini onun barəsində Nərimanov Rayon Məhkəməsi tərəfindən çıxarılmış 05 dekabr 2022-ci il tarixli hökmdən əvvəl törətmişdir və ona görə də ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs 25 mart 2022-ci il tarixindən 26 mart 2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Naxçıvan MR ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan 01 ədəd «CANON EOS 6D Mark 2» markalı fotoaparatın saxlanılması üçün zərərçəkmiş şəxs X2 təhvil verilməsi - nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzəinin hesabına köçürüməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət -Prosessual Məçəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 1(005)-119/2022 saylı, 05 dekabr 2022ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 03 (üç) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaqla ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 25 mart 2022-ci il tarixdən 26 mart 2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 ( iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Naxçıvan şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd «CANON EOS 6D Mark 2» markalı fotoaparatın Zərərçəkmiş şəxs2 qaytarılması - nəzərə alınsın. Təqsirləndirilən şəxs 100 (bir yüz) manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa catdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ağamalı Qafarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar